Sevgililərin cəhənnəmdə vüsalı
Содержание
Страница 2 из 11 · 9%
İkinci şəkil
Səlim Babayevin evi. Səlim və Mədinə. Səlim əsəbi halda var-gəl edir.
Səlim (birdən dayanaraq)
Bu gün mənə xəbər veriblər ki, mənim bacım qızı Xumar o artist Ayazla görüşür. Hər tamaşasından sonra ona gül dəstələri təqdim edir. Səncə, bu nə deməkdir?
Mədinə
Ayaz çox gözəl aktyordur. Onu hamı sevir. Əgər, Xumar onu xoşlayırsa, ona gül dəstələri təqdim edirsə, bunda nə qəbahət var ki?
Səlim (əsəbi)
Deyirlər, guya, onlar bir-birilərinə eşq yetiriblər... Guya, bir-birilərini sevib evlənmək istəyirlər...
Mədinə
Ayaz yüksək əxlaqlı, elə gözəl sənətkardır ki, hər bir qız məmnuniyyətlə onun arvadı olmaq istəyər.
Səlim
Siz qadınların ağlınız gözünüzdədir. Hansı kişi ki, gözünüzə bir az cazibədar göründü, qurtardı. Olmaya, sən də ona aşiq
[Mənbənin skanında burada mətn itib.]
Səlim
Ola bilər... Böyük ideyanın qələbəsi böyük də qurbanlar tələb edir... Bəşəriyyətin yeganə xilas yolu olan kommunizm sülhlə yarana bilməz. Kommunizm fütuhatı bir sinif... bir kateqoriya insanların məhvini tələb edir. Stalin cəmiyyəti təzələmək, Yer planetində yeni dünya yaratmaq istəyir. (Saatına baxaraq) Mən işə getməliyəm. (Yarızarafat, yarıciddi) Sənin əksinqilabçı mülahizələrinlə məşğul olmağa vaxtım yoxdur.
Mədinə
Sizin iş metodunuz hər cürə mübahisənin düşmənidir. Siz mübahisə etmirsiniz, kəsirsiniz!
Səlim (gülümsəyir)
Düz sözə nə demək olar! Ona görə də, Xumara tapşır ki, mən o artistin adını belə tutmağı ona qadağan eləyirəm.
Mədinə
Mən ona belə söz deyə bilmərəm. O, Ayazı sevir... Çox sevir. (Həyəcanla) İnsafın olsun, o sənin bacın qızıdır. Yazıq bacın Şirinbəyim xanım vəfat eləyəndə, onu bizə – səninlə mənə tapşırmışdı. Mən on beş il onunla bir yerdə oxumuşam. Mən onun xatirəsinə xəyanət eləyə bilmərəm.
Səlim
Biz rəhmətlik bacıma xəyanət etmirik. Onun yeganə qızını böyüdüb, oxudub, ləyaqətlə boya-başa çatdırmışıq. İndi bacımın heç ruhu da razı olmaz ki, bu qızın axmaq bir hərəkəti ucundan mən özümü məhv eləyəm.
Mədinə
Axı, gənc, günahsız bir qızın, təmiz, əxlaqlı bir oğlanı, xalqın başına and içdiyi sənətkarı sevməsi səni nə üçün məhv edir?!
Səlim (qəzəblə)
Onun üçün ki, bir il bundan qabaq mən həmin Ayazın doğma xalası oğlunu güllələmişəm! Bildinmi?!
Mədinə
Nəyə görə?
Səlim
Ona görə ki, o, Bağırova sui-qəsddə günahlandırılırdı. Bağırova sui-qəsd etmək Stalinə sui-qəsd etmək deməkdir. Bütün sovet hökumətinə sui-qəsd etmək deməkdir! Aydındırmı? İndi siz istəyirsiniz ki, biz elə bir xalq düşməni ilə qohum olaq?! (Qışqırır) Biz xalq düşmənlərinin kökünü kəsmək istəyirik!
Mədinə
Qışqırma! Özün bilirsən ki, mən qorxan deyiləm! Səndən isə heç qorxmuram! Sən öz doğma qardaşın oğlu Qəhrəmanı, o cür gözəl, gənc alimi tutub güllələtdirdin. Qəhrəmanın anası, bax, bu otaqda dizin-dizin sürünüb, göz yaşları içində boğula-boğula sənə yalvardı...
Səlim
Mən başqa cür eləyə bilməzdim. Kəşfiyyat idarəsi Bağırova xəbər vermişdi ki, Qəhrəman mühazirə oxumaq üçün Türkiyəyə dəvət olunanda, ordakı müsavatçılarla sıx əlaqədə olub, onlardan təlimat alıb! Bağırov mənə dedi ki, bilirəm, o sənin qardaşın oğludur... ancaq güllələmək lazımdır!
Mədinə
Sən, heç olmazsa, Qəhrəmandan verilən donosun doğru olub-olmadığını da yoxlamadın...
Səlim
Madam ki, Bağırov demişdi, mənim yoxlamağıma ehtiyac yox idi! Mən Bağırovun göstərişini təftiş eləyə bilməzdim. Öz doğma oğlum olsaydı, yenə də güllələyərdim! (Saatına baxaraq) Get, Xumarı göndər bura. (Mədinə ağır addımlarla otaqdan çıxır. Səlim ətrafı vahimə ilə nəzərdən keçirir. Sanki kiminsə onu eşidəcəyindən qorxur) Mən “xalq düşməni” damğası basılan adamları tuturam, güllələyirəm, Sibirin uzaq, buzlu çöllərinə göndərirəm, lakin heç kəs bilmir ki, qorxudan, dəhşətdən gecələr gözümə yuxu getmir! Mən özümün də bir gün – bəlkə bu gün... bəlkə sabah... bəlkə bir ildən sonra tutulub güllələnməyəcəyimdən arxayın deyiləm... Arxayın deyiləm...
Adamların Bağırova sui-qəsd hazırladıqlarını, ya sovet hökuməti əleyhinə, Stalin əleyhinə olduqlarını zorla boyunlarına qoymaq üçün onlara verdirdiyim işgəncələr məni dəhşətə salır. Bir gün bu əzabların mənə də veriləcəyini düşünəndə, tüklərim biz-biz durur!
Xumar
Salam, dayı!
Səlim (mülayim təbəssümlə)
Salam. Bu təzə kostyum sənə gözəl yaraşır.
Xumar
Doğrudan?! Bunu mənə dünən Mədinə xanım alıb.
Səlim (eyni mehriban, zarafatyana ifadə ilə)
Bacıqızı belə qəşəng geyinməklə hara hazırlaşır?
Xumar
Rəfiqəm Cəmilə ilə dram teatrına getmək istəyirik. Təzə premyera var...
Səlim
Hansı əsərdir göstərilən?
Xumar
Şekspirin “Üçüncü Riçard” əsərinin tamaşasıdır.
Səlim (qəsdən)
Baş rolda kimdir?
Xumar (şən təbəssümlə)
Ayaz Turan.
Səlim
Mən çoxdandır teatra getmirəm... Deyirlər, o, yaxşı aktyordur.
Xumar (eyni şən açıq-saçıqlıqla)
O, çox böyük sənətkardır, dayı. Moskvada qastrolu zamanı Türkiyə səfiri onun yaratdığı Hamlet obrazına heyran olub. Deyirmiş, onu dünyanın ən böyük aktyorları ilə müqayisə etmək olar...
Səlim (tutqun)
Səfir kimə deyirmiş? Ayazın özünə?
Xumar
Xeyr, Ayazla tanış olan bir qadına.
Səlim
Kimdir o qadın?
Xumar
Bilmirəm. Ayazdan soruşmadım.
Səlim
Sən bu təriflərə görə ona aşiq olmusan?
Xumar (diksinir, özünü itirir)
Ah, dayı... Birdən, elə qəfil
[Mənbənin skanında burada mətn itib.]
Xumar (həyəcan və qorxu içində yaxınlaşaraq, ayaqlarının altına yıxılmaq istəyir. Lakin Səlim onu usdufca özündən kənar edir)
Dayı! Dayıcan!
Səlim (soyuqqanlı)
Qurtardıq!
Xumar qalxıb ölgün addımlarla otaqdan çıxır. Səlim bir an fikrə gedir. İşıq sönür, yananda Səlim telefonla danışır.
Mayisin səsi
Eşidirəm, yoldaş komissar.
Səlim
Artist Ayaz Turanı ciddi nəzarət altına alın.
Mayisin səsi
Başa düşdüm, yoldaş komissar.
Səlim
Bu gün aldığım bir məlumata görə, Moskvada qastrol zamanı Türkiyə səfiri onu tərifləyirmiş, çox ehtimal ki, bu, artistin pantürkizm ilə olan əlaqələri ilə bağlıdır. Tez qurtarın onun işini!
Mayisin səsi
Baş üstə, yoldaş komissar!
İşıq sönür
Kitabxana.az · https://kitabxana.az/ru/works/ilyas-efendiyev-sevgililerin-cehennemde-vusali
Другие произведения автора
Mən ürəyimin dərinliklərində Qaçaq Xanmurad kimi bir qəhrəman olmağı arzulayırdım. Gecələr yerimə girəndən sonra da bu barədə uzun xəyallara dalırdım. Özümü, neçə atlı-tüfəngli adamı təkbaşına qoyun sürüsünün içindən çıxmağa məcbur eləyən Qaçaq Xanmurad kimi bir igid təsəvvür edirdim. Lakin Qaçaq Xanmuradın bu dəfə anama danışdığı bir əhvalat mənim bu şirin xəyallarımı alt-üst elədi. Qaçaq Xanmurad o tayda (yəni Arazın o tayında) bir düşmənindən necə qisas aldığını nağıl edirdi. O, nəşə ilə danışırdı ki, çiskinli, qaranlıq bir gecədə öz dəstəsilə qəfildən həmin düşməninin alaçığını mühasirəyə alaraq, uşaqdan böyüyə hamını necə gülləbaran eləyib qırıblar...Anam həssas qadın idi. Kiçik bir sarsıntı onun bənizini dərhal soldururdu. İndi bu əhvalatı eşidəndə də rəngi ağardı və o, həyəcanla soruşdu:
Yenə şəhərdəBir neçə gündən sonra babam anamgilə xəbər verdi ki, onu «A» qəzasına rəis təyin eləyiblər. Ona görə də köçüb getdik şəhərə, evimizə...Sonra Bayram babam kürkünün üstündən iki patrondaş çəkdi, gödək beşatılanını doldurdu, ağac qoburlu onatılanını belinə bağlayaraq məşhur kəhər atına minib, Qızılbaşoğlu Alının müşayiətilə «A» qəzasına yollandı. Fatma nənəm babamın ardınca su atdı. Babamı yola salmağa atamla anam da gəlmişdilər. Novruz bayramından keçməsinə baxmayaraq, çöllər hələ ki, qar idi. Anam babamın ardınca baxaraq dedi:
Nuru dayımın qayıtmağı...Bir dəfə atam mal gətirmək üçün Bakıya getmişdi. Qayıdanda gördük ki, Nuru dayım onunla gəldi. Sonra atam anama danışırdı ki, neft mədənlərində işləyən qohumlarını görmək üçün Binəqədiyə gedibmiş. Birdən cır-cındır içində olan Nuru dayım çıxır qabağına. Qərəz, məlum olur ki, dayım atasının evindən satdığı şeylərin pulunu kefə sovurandan sonra lüt qalıb, gəlir neft mədəninə, Fatma nənəmgilin kürd qohumlarından olan fəhlələrin yanına. Fəhlələr də onu yedirib-içirdirmişlər.İndi dayım elə şən idi ki, elə bil, Parisdən kefdən gəlmişdi. Laklı uzunboğaz çəkmə, qalife şalvar, qiymətli buxara dərisindən təpəsi gen qabardin papaq, qolları enli üst köynəyi, körpüləri qızıl Qafqaz kəməri, nazik, qumral bığları, onsuz da, gözəl olan dayıma fövqəladə yaraşıq verirdi. O, Tiflisdə, Bakıda, daha nə bilim haralarda çəkdiyi keflərdən anama səhnələr danışırdı. Ən maraqlı söhbətlərdən biri də anamgilin ögey qardaşı, yəni Fatma nənəmin qabaqkı ərindən olan oğlu Cəlilə rast gəlməsi idi. Nuru dayımın danışmağına görə, Cəlil indi Bakının adlı-sanlı mühərrirlərindən, ziyalılarındandır. Fatma nənəm onun bu söhbətinə kənardan diqqətlə qulaq asaraq, Cəlil barədə heç nə soruşmurdu. Mən də buna təəccüb edirdim. Mən başa düşmürdüm ki, Fatma nənəm Nuru dayımı bu qədər istədiyi halda, nə üçün öz dualarında, söhbətlərində bir dəfə də olsun o vaxt atasının üstünə atıb getdiyi oğlu Cəlilin adını dilinə gətirmir?
Anamın bir rəfiqəsi vardı...Atam hər dəfə Bakıya gedib-gələndə Müsavat hökumətinin ideoloqu Məhəmməd Əmin Rəsulzadənin nitqlərindən danışardı. Küçələrdə uşaqlar Azərbaycan haqqında, vətən haqqında nəğmələr oxuyardılar, anamla rəfiqələri eyzən zabitlərdən söhbət edərdilər. Bizim şəhərimizdə müsavat zabitləri ilə bərabər, türk zabitləri də var idi. Bunlar Azərbaycana gələn türk hərbi hissəsinin zabitləri idi. Onlardan Hatəm bəy və Tofiq bəy adlı iki nəfəri bizim qonşuluğumuzdakı ikimərtəbəli binada yerləşmişdilər, yazın gur vaxtı olduğu üçün axşamçağılar bağçadakı qızılgüllükdə stul qoydurub, orada əyləşərdilər. Bəzən çay, bəzən şərab içərək bərkdən danışıb gülərdilər. Anam və rəfiqələri bizim bağımızda gəzib söhbət edərdilər.Anamın Məhbub xanım adlı çatmaqaş, qaraşirin, uzun qarasaç, incəbel bir rəfiqəsi var idi. O, bizə gələn bütün cavan qadınlardan gözəl və zinətli geyinərdi. Mən həmişə ona baxanda nağıllarda eşitdiyim şahzadə gözəllər yadıma düşərdi. Şən, deyib-gülən bir gəlin idi. Onun da tumanı anamınkı kimi uzun idi. Tumanının ayağına əşrəfi deyilən qızıl, qanavuz arxalığının yaxasına isə qızıl düymə düzülmüşdü. Belində enli, qızıl kəmər vardı. Atası Məşədi Həbib şəhərimizdəki böyük hamamın və motorla işləyən un dəyirmanının sahibi idi. Anam bizi hamama aparanda qabaqcadan xüsusi nömrə hazırlanardı. Biz çimib çıxandan sonra gəlib Məhbub xanımgildə çay içərdik (onların evləri hamamın böyründə idi). Məhbub xanımın anası Xurşid xanım iricüssəli, kök, yaraşıqlı bir qadın idi, həmişə Novruz bayramında üç-dörd vedrə sututan iri mis qazan dolusu səməni bişirib, bütün qonşulara paylayardı. Qışda da iki-üç dəfə hədik, ya da əriştə bişirib yenə də qonşulara paylayardı. Anam atama deyirdi ki, «Xurşid xala bundan həzz alır». Məhbub xanımı Aşqabadda yaşayan əmisi oğlu Talıba vermişdilər, ancaq anamın söhbətlərindən bilirdim ki, oğlan qıza qarşı soyuq imiş, ona görə də tezliklə ayrılmışdılar.