Su dəyirmanı
Страница 4 из 9 · 33%
– Əlbəttə, su dəyirmanının unu!
– Ola bilməz! – deyə Humay qəti etiraz etdi. – Görünür, o kənddə dəyirmanı yaxşı işlədə bilmirlər.
Musa dayı cavab vermədi. Bu da onun bərk dilxor olduğunu göstərirdi.
Humay Musa dayıya deyirdi:
– Sənin su dəyirmanının bir gündə üyütdüyünü elektrik dəyirmanı iki-üç saatda üyüdər!
– Düzdür, – deyə Qədir təsdiq etdi.
Musa dayı ona acıqlı-acıqlı baxaraq soruşdu:
– Ömründə bir dəfə bizim camaatdan dəyirman barədə şikayət eşidibsənmi?
– Qəribə söz danışırsan, – deyə sədr qızışdı. – Çox da şikayətlənən olmayıb. Vaxt aparmağına nə deyirsən?
Sonra Humaya üz tutdu:
– Doğrusu, indiyə qədər ağlımıza gəlməyib. Heç bilirsən camaatın bu taxıl üyütməyə nə qədər vaxtı gedir? Sən demişkən, böyük kənddir. Birdən elə olur ki, adam iki-üç gün növbəyə durur. Bir də, axı elektriklə işləsə, bu bir dəyirmanlıq su da havayı axmaz.
– Havayı niyə axır? Bəs o nədir? – deyə Musa dayı təzə salınan bağı göstərdi.
– Oraya ildə cəmi iki-üç dəfə su lazım olur. Amma sən il on iki ay havayı axıdırsan suyu. Qabağında elə bir yer də yoxdur ki, əkib-becərəsən. Axı, yayda bu suyun hər damcısı bir qızıla bərabər olur.
Musa dayı yaşıl qanovuzdan tikilmiş tənbəki kisəsini açıb, demisini hirsli-hirsli dolduraraq:
– İndi dediyin nədir? – deyə Qədirdən soruşdu.
– Dediyim budur ki, incinerin sözü ağlıma batır. Dəyirmanı tokla işlətmək lazımdır.
– Mən ölsəm də, o novun suyunu sovmaram, – Musa dayı acıqlı halda dəyirmandaşının o biri tərəfinə keçdi.
– Camaat deyəndən sonra sovarsan, – Qədir furajkasının dalını qaldırdı.
Bu vaxt Bəyim içəri girib salam verdi, atasından soruşdu:
– Çay qoymuşuq, sənə də gətirimmi?
– İstəmirəm! – deyə Musa dayı qəzəblə cavab verdi.
Bu, görünməmiş bir iş idi. Əslində, davakar bir adam olan Musa dayının öz qızına güldən ağır söz dediyini hələ indiyə qədər eşidən olmamışdı. Bəyim qızararaq əvvəlcə Humaya, sonra da atasına baxıb, cəld dəyirmandan çıxdı.
– Bizə acığın tutub, daha qızın üstünə niyə qışqırırsan, – deyə Qədir Musa dayını məzəmmət etdi.
Bayaqdan bəri kənardan söhbətimizə qulaq asan yaşlı bir kəndli:
– Ay Musa, – dedi, – nahaq acıqlanırsan. Düzdür, bu dəyirmanı sənin rəhmətlik atan usta Qubad tikib, ancaq daha indi elektrik zamanıdır.
Musa dayı hirslə yana tüpürdü və qocaya cavab vermədi.
Biz dəyirmandan çıxıb gedəndə, Qədir qaqqıldayıb ucadan gülərək:
– Siz öləsiniz, – dedi, – bu Musa kişi dəsgahlı adamdır. Elə bilirsiniz, o, tokla işləməyin xeyrini başa düşmür?
– Əgər başa düşürsə, niyə etiraz edir? – deyə Humay təəccüblə soruşdu.
– Əvvəla, ona görə ki, bayaq o qoca deyən kimi, bu dəyirmanı onun atası tikib...
– Nə olsun atası tikib, indi ki, camaatındır.
– Nə qədər də olsa, ata yadigarıdır, ayrıla bilmir. İkinci əsas məsələ də odur ki, dəyirmanda işləməyin gəliri çoxdur. Axı, Musa kişi bir az tamahkar adamdır... Közü öz qabağına eşməyi xoşlayır. Ancaq sən ona qulaq asma. Balaca bir layihə hazırla, əvvəlcə özümüz baxaq, sonra da verək camaatın müzakirəsinə.
Axşam düz səkkizin yarısında mən arxası üstə çarpayıda uzanaraq, qəzet oxuyan Humaydan soruşdum:
– Bu gecə təzə film göstəriləcək, getmək istəyirsinizmi?
– Nə filmdir?
– «Canlı meyit».
– Gedək, – o, həvəslə ayağa qalxaraq, qəzeti stolun üstünə qoydu.
Bizim «Mədəniyyət sarayı» deyə gurultulu bir ad verdiyimiz üç yüz adamlıq balaca klubumuz kəndin aşağı tərəfindəki açıqlıqda yerləşir. Klubun qabağında saldığımız kiçik bağçanın ağacları indi adam boyu qalxıb, çiçək açmışdır. Ağacların altı yaşıl yoncalıqdır. Ərik ağaclarının çəhrayı çiçəkləri arasında Sabirin yarımbüstü görünür. Biz bu balaca klubumuza o böyük şairin adını qoymuşuq.
Divarları təzə əhənglənmiş klubun qabağına çoxlu adam toplanmışdı. Demək olar ki, bütün cavanlar burada idi. Oğlanlar bizim yerlərin dəbinə uyğun boğazlı çəkmə geymiş, günlüyü uzun furajka qoymuş, köynəklərinin üstündən enli qayış çəkmişdilər. Bizim cavanların hamısı yaxşı geyinməyi, bahalı zabit kəməri bağlamağı, ən gözəl xromdan uzunboğaz çəkmə tikdirməyi sevirdilər.
Qız-gəlinlər sarı, qırmızı, yaşıl parçalardan əlvan paltar geyib, təzə ipək kəlağayı örtmüşdülər. Bir dəstə gəncin ortasında dayanmış dostum Şahlar furajkasını yan qoyaraq, yenə nə isə məzəli bir şey nağıl edir, gənclər də gülməkdən uğunub gedirdilər. Təzə mahud frenc geymiş Musa dayı da bir qədər aralıda iki kişi ilə dayanıb, demisini tüstülədirdi. Bütün tərsliyinə baxmayaraq, o, ömründə bir kino buraxmazdı. Bizi görərkən qaşqabağını töküb, üzünü o yana çevirdi.
Humay buna əhəmiyyət verməyərək:
– Salam, Musa dayı! – deyə gülümsədi.
– Salam! – Musa dayı üzünü döndərmədən, sərt ifadə ilə cavab verdi.
Biz onların yanından keçib kassaya yaxınlaşanda, Bəyimi üç yoldaşı ilə gördük. Bəyim bilet alıb, geri dönəndə, bizi görüb, nə üçünsə qızardı. Sonra gülümsəyərək:
– Eyvaz, – dedi, – bilet almısınız?
Mənim cavabımı gözləmədən təkrar kassaya tərəf dönüb:
– İkisini də verin, – deyə pul uzatdı.
– Sən dayan, Bəyim, – mən mane olmaq istədim.
Lakin o, biletləri alaraq, kassadan aralandı.
– Nə üçün siz zəhmət çəkirsiniz? – deyə Humay ona müraciət etdi.
Bəyim Humayın üzünə baxmadan, ciddi və utancaqlıqla:
– Bir zəhməti yoxdur, – deyib biletləri mənə uzatdı.
Onun əynində krepdeşindən lap son dəblə tikilmiş qolları uzun don, balaca və yaraşıqlı ayaqlarında qara lak tufli, zərif ipək corab var idi. Bir qədər geri sürüşmüş ağ kəlağayısı altından qara saçlarının zərif qıvrımları görünürdü. Gözləri gözəl və ağ üzündə bir cüt qaragilə kimi parıldayırdı.
Bizim kənddən çıxmış ziyalılar çoxdur. Onların içində həkim, mühəndis, hətta elmlər namizədi də vardır. Yay zamanı onlar istirahət üçün çox vaxt öz kəndimizə gəlirlər. Hər axşamçağı biz həmin bu klubun qabağına toplaşır, ordan-burdan söhbət edirik, tar çalırıq, hətta bəzən teatr tamaşaları da hazırlayırıq. Belə zamanlarda hamının diqqətini cəlb edən qızlardan biri, bəlkə də birincisi Bəyim olur. Demək istəyirəm ki, o, çox oğlanlarla tanışdır. Lakin mən heç bir vaxt onu indiki vəziyyətdə görməmişdim. Ən gözəl, ən adlı-sanlı oğlanlarla belə, çox sərbəst deyib-danışan Bəyim indi qəribə bir gərginlik içində idi. Mənə elə gəlirdi ki, o, baxışlarını qəsdən ancaq mənim üzərimdə saxlamağa çalışırdı.
Humayın üzündə isə ciddi və doğrusunu deyim ki, bir az təşəxxüslü ifadə var idi. Biz tamaşa zalına daxil olduqda, o, geri çəkilərək qızları qabağa buraxdı və qəsdən məni özü ilə Bəyimin arasına saldı. Bəlkə, qısqanclıqdan doğan bu müşahidələr mənim gərgin və narahat hisslərimlə bağlı aldanışdır? Biz dinməzcə oturub baxırdıq. Ekranda gördüyüm aləm məni əsəbiləşdirirdi. Orada, nə isə, insanın nəfəsini daraldan, boğucu bir şey var idi. Mən Protasovun faciəsini görmək istəmirdim. Mənə nə olub? Nə üçün hər şey əsəblərimə toxunur?
– Bəyim, – deyə əyilib onun qulağına pıçıldadım, – sabah axşam səni dünənki yerdə gözləyəcəyəm.
O, gülümsəyərək, başını buladı. Bəli, gülümsəyərək... Bu, daha yaxşı idi. Bu, bahar fırtınası başlamazdan əvvəl çaxan şimşək kimi gözəl və cazibədar idi.
– Niyə gəlmək istəmirsən, Bəyim?
– Bir dəfə getdik, bəsdir. Daha nə var? – dedi.
Sonra birdən qulağıma tərəf əyilərək pıçıltı ilə soruşdu:
– Sənin qonağının adı nədir?
– Humay...
O, gülümsəyib dedi:
– Humay ki, qız adıdır.
Onun bu yarıqaranlıqda çətin seçilən üzü mənə hər zamankından daha gözəl, daha təravətli göründü. Mən ürəyimdə həm ağrı, həm də sevgi hiss edirdim. Yoxsa qısqanırdım? Yox! Min dəfə yox! Mən özümə bu qədər yaxın olan səadətin birdən-birə quş kimi uçub getməsini istəmirdim. Mənə elə gəlirdi ki, yanımda döyüntüsünü duyub-eşitdiyim ürək təkcə onun deyil, bütün həyatın qəlbidir! Mən isə həyatı, yaşamağı sevirəm. Mən onun əlindən tutaraq, demək istəyirdim: «Bəyim!.. Əzizim! Bu dünyada hər kəsin bir ulduzu var. Mənim taleyimə də sən düşmüsən. Sən olmasan, mən yaşaya bilmərəm».
... Biz kinodan çıxanda, saysız-hesabsız ulduzlarla əhatə olunmuş Aypara kəndin yuxarı tərəfindəki bağların üzərində idi. Uzaqdan dəyirmanın səsi və qurbağaların qur-quru eşidilirdi. Adamlar dəstə-dəstə söhbət eləyə-eləyə evlərinə gedirdilər.
Bəyim özünəməxsus sadə, mehriban və şən bir dillə Protasovu zəiflikdə, «bir arvaddan ötrü başını itirməkdə» təqsirləndirir, «kişi gərək möhkəm olsun» deyirdi. O nə üçün belə deyirdi? Nəyə işarə edirdi? Humay isə, Bəyimin əksinə olaraq, Protasovun arvadını təqsirləndirirdi. Bütün bu mühakimələr məni əsəbiləşdirirdi. Mənə elə gəlirdi ki, Humayla Bəyimin danışıqlarında nə isə ürəyimi, izzəti-nəfsimi yaralayan bir şey var...
Kitabxana.az · https://kitabxana.az/ru/works/ilyas-efendiyev-su-deyirmani
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ağabəyim ağa və Saday bəy.*Ağabəyim ağa**
Üçüncü şəkilSəltənət bəyim və Hüseynqulu xan gəlirlər.*Hüseynqulu xan**
Dördüncü şəkilİbrahim xanın iqamətgahı. İbrahim xan və Mirmöhsün ağa səhnəyə daxil olurlar.*Mirmöhsün ağa**
Beşinci şəkilİbrahim xanın iqamətgahı. İbrahim xan və Ağabəyim ağa.*İbrahim xan**