Страница 6 из 9 · 56%

– Haradan gəlirsən, Bəyim?

O, bir az özünü itirərək:

– Klubdan, – deyə astadan cavab verdi.

İkimiz də susduq. İkimiz də gərgin həyəcan içində idik.

Nəhayət, səsimə mümkün qədər mehriban ahəng verməyə çalışaraq:

– Nə oldu, Bəyim, – dedim, – fikirləşdinmi?

Qəribədir, o bu sualı gözləyirmiş kimi, tələsik və soyuq ifadə ilə:

– Bilirsənmi, Eyvaz, – dedi, – bizim evlənməyimiz baş tutan iş deyil.

– Nə üçün?..

– Mən lap uşaqlıqdan səni bir qardaş kimi istəmişəm.

Sonra həyəcanla üzümə baxaraq əlavə etdi:

– Xahiş edirəm, incimiyəsən.

Mən gülümsəyərək:

– Niyə inciyirəm ki? – dedim və yavaşca velosipedə minib, yoluma davam etdim...

Ətrafına ulduzlar düzülmüş Aypara ilə işıqlanan bahar gecəsi həyəcan və fərəhlə nəfəs alırdı. Gecə qızılgüllərin, yasəmənlərin ətri ilə dolu ilıq havası ilə üzümü oxşayaraq, qulağıma təsəlliverici səslər pıçıldayırdı. Gecənin mehribanlığında bir intəhasızlıq, bir ehtişam var idi.

Bayaqdan bəri, köklənmiş tar simləri kimi tarım çəkilən əsəblərim, elə bil ki, boşalırdı. Elə bil ki, cümlə dərdlərin loğmanı olan ana təbiət bizə bəxş etdiyi həyatın gözəllikləri haqqında fərəhli mahnılar bəstələyirdi.

Lakin sən o həyatın özü deyildinmi, Bəyim? Səndən əli üzülən bir adam necə iztirab çəkməyə bilərdi? Evinizin böyründən keçib gedirdim. Sən Ay işığında yarpaqları gümüştək parlayan iydə ağacının ardında, eyvanınızda dayanıb, bizim evə sarı baxırdın. Lakin artıq bunun mənə aidiyyəti yox idi. Mən indi göydəki ulduzlara necə baxırdımsa, sənə də eləcə baxırdım. Yox, mən düz demədim. Əgər sən bir ulduz olub, göylərdə parlasaydın, mən bütün gündüzü gecənin xəyalı ilə yaşayardım. Mən səni tuş tutub, bütün ömrüm boyu fərəh və səadət içində irəliləyərdim. İndi mən sənsiz harada qərar tutub dayana bilərəm? Əgər sən məni mənim yüzdə birim qədər sevsəydin, ömrüm nəhayətsiz bir səadət içində keçərdi. İndi ki, sevmədin, yenə də xoşbəxtəm. Çünki sən xoşbəxtsən! Əgər bu qədər müddətdə sən məni gələcək bir ər kimi sevə bilmədinsə, bu səninmi günahındır? Axı, sevgi də bu gecə, bu bahar kimi gəldiyi zaman bizim rəyimizi soruşmur. Əgər soruşsaydı, and içərəm ki, sən məni sevərdin. Axı, sən bilirdin ki, mənim yüz canım olsaydı, birini də səndən əsirgəməzdim.

Mən xəfif səslərlə dolu zəmilərin arasındakı cığırla gəlib dəyirmanın üst tərəfindəki söyüdlüyə, srağagün axşam Bəyimlə birlikdə oturduğumuz yerə çıxmışdım. Lakin indi bura mənə, obası köçüb getmiş bir yurd kimi yiyəsiz və qərib görünürdü.

Gumbultu ilə arxa tullanan qurbağaların səsində, aşağıda dəyirman çarxına tökülən suyun şırıltısında indi payız çiskinitək kədərli bir şey duyurdum.

Ürəyim elə yaman sıxılırdı ki... Mən özümdə sentimental bir qüssə deyil, tamamilə aydın, fiziki ağrı və iztirab hiss edirdim.

Axı mən bilirdim ki, həyat yalnız bizim bir qıza olan məhəbbətimizdən ibarət deyil... Mən bunu lap yaxşı bilirdim. Mən yaşamağı sevən, cəmiyyətimizə xeyir verməkdən hədsiz nəşə duyan zəhmətkeş bir adamam; atam da, babam da belə olublar. Mən sabun köpüyü kimi boş xəyallara, avara üzüntülərə nifrət edirəm. Lakin... Balzak deyir ki, «sevgi – gənclik ruhunun çiçəklənməsidir». Bu, doğrudan da, belədir. Mənim qəlbimdə bahar coşğunluğu ilə açılmış çiçəklər isə birdən-birə tufana düşmüşdü. Bu tufan o qədər güclü idi ki, özümdə hədsiz fiziki qüvvə hiss etdiyim halda, gələcək güləş yarışlarında birinci çıxmaq arzusu ilə hər səhər ağır daşları oynatdığım halda, uşaq kimi başımı itirmişdim. Ancaq zərbə nə qədər güclü olursa-olsun, onu mərdliklə qarşılamaq lazımdır! Mənim yeganə təsəllim bu olacaq! Əgər mən bunu, yəni, öz mərdliyimi itirsəm, demək, həqiqətən məhv olmuşam! Görəsən, Musa dayı bu saat nə edir?

Mən yoxuşu enib, dəyirmana yaxınlaşanda, Musa dayının novun yanındakı dikdirdə demi çəkdiyini gördüm.

– Salam, Musa dayı, burada niyə oturmusan?

– Elə-belə... Sən bu vaxt burada nə gəzirsən?

– Kənddən gəlirəm, dedim görüm dəyirmanda növbət var, ya yox? Səhər bir az dən üyütmək istəyirik.

– Olar...

Bizdən bir az aralıda iki çılpaq at xırıltı ilə otlayırdı. Sıx böyürtkən kolları arasında hərlənən çarxın səpələdiyi soyuq su zərrələri üzümüzə toxunurdu. Havada buğda ununun qoxusu duyulurdu.

Ağzındakı deminin odu közərir, Musa dayının tutqun üzünü və dərində qaralan gözlərini işıqlandırırdı. Mən danışmaq istəyirdim.

– Musa dayı, dünənki söhbətin axırı nə oldu?

O, demini ağzından götürüb, qaranlıqda tüpürdü:

– Bir şey ki, Qədirin başına girdi, fələk gəlsə, çıxara bilməz.

– Camaat da istəyir...

– Cəhənnəmə ki!.. Dədə-babadan yadigar qalan bir budur, qoy bunu da uçurub-dağıtsınlar. Özün bilirsən ki, mən heç vaxt elin xeyrindən-şərindən kənarda qalmamışam. Əgər bu su dəyirmanından indiyə qədər bir adam narazılıq eləmiş olsaydı, bu kənddən bir adam ayrı dəyirmana dən aparsaydı, sabah birinci mən özüm baltanı götürüb, o novu çilik-çilik elərdim. İndi ki, heç bir narazılıq yoxdur, niyə özünüzdən iş açırsınız?

– Vaxt gələcək ki, kənddə hər işi elektrik görəcək, Musa dayı.

– Görəcək, görsün də... Elə gərək bu dəyirmandan başlayasınız?

Musa dayı hirslə əlini yellədi.

Bir xeyli müddət sükutla keçdi. Birdən Musa dayı mənə tərəf dönərək:

– Sən o qonağına deynən ki, farağat otursun, – dedi. – Kəndi bir-birinə qatmasın. Onu göndəriblər MTS-ə, getsin işini görsün.

– Qonaq bizim xeyrimiz üçün deyir.

– Lazım deyil onun xeyri bizə.

Bu zaman dəyirmandan bir kəndli çıxaraq, üzünü qaranlığa tutub:

– Ay Musa! – çağırdı. – Gəl bizi yola sal.

Musa dayı dinməz-söyləməz qalxıb, ağır addımlarla uzaqlaşdı.

Qaranlıqda «dəh» deyə-deyə atları dəyirmana tərəf sürən kəndlinin səsi və ayaq tappıltıları eşidilirdi...

... Mən ulduzların altında dəniz kimi hərəkətə gələn zəmilərin arası ilə kəndə doğru gedə-gedə düşünürdüm: «Bəlkə, mənim bütün bu narahatlığım, bütün bu iztirablarım axmaq bir qısqanclığın nəticəsidir. Bəlkə, mən Don Kixot kimi havayıca özümdən çıxıram?»

Lap qulağımın dibindən kiçik qanadlarını ilıq və ətirli bahar havasına çırparaq bir quş da uçub keçdi. Yəqin ki, qızquşu idi. Qaranlıq zəmilərin arasında şərid kimi ağaran cığırla irəliləyib, balaca təpəni aşandan sonra Bəyimgilin evi göründü.

Birdən, pəncərədən düşən çıraq işığının qabağını kəsən yarpaqların kölgəsində iki nəfərin durduğunu gördüm. Onlar idi. Bəyimlə mənim əziz qonağım! Aradan neçə saniyəmi, yoxsa neçə saatmı keçdi, bilmirəm. Nəhayət, onlar əl tutuşaraq ayrıldılar. Qız dönüb evlərinin darvazasına tərəf qaçdı. Oğlan da çevrilib, yavaş-yavaş yola doğru getdi.

... Mən pillələri qalxıb evimizə girdiyim zaman Humayı otağın içində var-gəl edən gördüm. Onun üzündə xoşbəxt təbəssüm var idi. Bu, məhəbbətin elə böyük bir anı idi ki, insan öz riqqət və nəcibliyi ilə bütün dünyanı ehtiva etmək istəyir.

– Eyvaz, idarədə kim vardı? – deyə o, nəşə ilə soruşdu.

İri şabalıdı gözləri elə parıldayırdı ki, adamın lap xoşu gəlirdi...

– Mən idarəyə getməmişdim, – deyə içərimdəki gərginliyi boğmağa çalışaraq cavab verdim.

Xeyli müddət nə o danışdı, nə də mən dindim.

Birdən Humay heç gözlənilmədən:

– Eyvaz, – dedi, – mən evlənmək istəyirəm.

– Zarafat edirsiniz?

– Xeyr, ciddi sözümdür.

Mən öz-özümə təskinlik verdim:

«Nə olsun, burada təəccüblü nə var ki? Bir-birini istəyəndən sonra niyə evlənməsinlər?» Lakin kürəklərimin arası elə gizildəyirdi ki, elə bil, bədənimə titrətmə gəlirdi. Elə bil, ürəyim qırılıb min arşınlıq quyuya düşürdü.

– Deməli, bizim kəndin suyu şirin imiş, – deyib gülümsədim. – Yaxşı, xeyir işin təqsirkarı kimdir?

O, stul çəkib oturaraq ciddi ifadə ilə:

– Mən Bəyimlə evlənmək istəyirəm, – dedi.

Mən üsulsuz tərpənərək, qrafinin böyründəki stəkanı salıb sındırdım.

– Bax, bu qabın sınmağı yaxşı əlamətdir, – deyə zarafat etdim.

– Sonra dünyagörmüş təcrübəli adamlar kimi, təmkin və işgüzarlıqla əlavə etdim. – Bəyim ağıllı qızdır. Onunla yaxşı ailə qurmaq olar. Yəqin ki, siz öz aranızda bir qərara gəlmisiniz.

– Bəli, danışmışıq.

– Daha nə deyirsiniz? (Guya ki, o, bir söz deyirdi). Başqa şeylər asandır. Evlənməyiniz barədə mənə görə hər nə qulluğunuz olsa, hazıram. Gecəniz xeyrə qalsın.

– Çox sağ ol, Eyvaz!

Cəld yatağa girib, yorğanı başıma çəkdim. «Görəsən, Humay niyə mənə belə riqqətlə təşəkkür edir? Yoxsa qız ona bir söz-zad deyib? Eh, deyəndə nə olar ki? Yatmaq lazımdır».

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов