Su dəyirmanı
Страница 8 из 9 · 78%
– Yeni dəyirman barəsində sədrlə də aramızda mübahisə var. Mən bu fikirdəyəm ki, köhnə dəyirmanın balaca, qaranlıq otağı bizim düşündüyümüz elektrik dəyirmanı üçün yaramaz. Binanın özünü də təzələmək lazımdır.
– Şübhəsiz! Sədr buna niyə etiraz edir ki? – deyə Rəşid soruşdu.
Qədir qırmızı, ətli ovurdlarını şişirdərək nə isə fikirləşdi. Sonra gözlərini qıyıb başını yana əydi:
– Axı, dəyirman gəlin-zad deyil ki, bəzək-düzək vuraq. Maşınları yaxşı işlədi, bəsdir. Bir də filan qədər xərc töküb, təzə bina tikmək nəyə lazımdır?
– Məsələ bəzək-düzəkdə deyil. On il bundan qabağa qədər biz, bax, onun içində olurduq. – Rəşid həyətin sağ tərəfindəki balaca kərpic binanı göstərdi. – Ancaq güzəranımız yaxşılaşandan sonra baxdıq ki, daha ora bizə əl vermir. Təzə aldığımız çarpayıları qoymağa yer tapmırıq. Ona görə də bu evi tikdik.
– Doğrudur, – deyə Humay hərarətlə təsdiq etdi. – Hətta mən deyirəm ki, dəyirmanın əsas binasından başqa, dən üyütməyə gələnlər üçün də bir-iki otaq tikək. Balaca bir qiraətxana düzəldək. Bəs necə?.. İşi görmə, gördün əsaslı gör! Yarımçıqdan mətləb çıxmaz.
– Bəs dəyirmanın köhnə binası nə olsun? – deyə Qədir ondan soruşdu.
– Nə olacaq? Uçurdub daşından istifadə edərik. Yerində də Eyvaz gözəl bir bağça salar.
Qədir dedi:
– Əşi, sən ölməyəsən, onda Musa bizi topa tutar!
Rəşid gülümsəyərək:
– Mən sizin fikrinizə tamamilə şərikəm, – deyə Humaya müraciət etdi.
Sonra o, Qədirə tərəf döndü:
– İstəsəniz, yeni dəyirman binası üçün sizə yaxşı bir layihə düzəldərəm.
– Daha nə deyirsiniz? – Humay sədrə baxdı.
Qədir ağ dəsmalla tərini silərək:
– Görürəm ki, sən Musa kişiyə qənim kəsilmisən, – deyə Humayla zarafat etdi. – Qoyun bir heyətlə məsləhətləşim, görüm nə deyirlər?
– Heyət təsdiq edəcək.
– Təsdiq eləsə, mənim də bir sözüm yoxdur.
Sonra o, məzəli bir ifadə ilə boynunun ardını qaşıyaraq əlavə etdi:
– Ancaq dəyirmanın binası söküləndə, gərək mən alapaça ürgəni minib kənddən qaçam.
Hamımız gülüşdük. Gəlib stəkanları yığışdıran Bəyim:
– Qədir dayı, bax, atama sataşma ha! – deyə onu hədələdi.
– Canım üçün, Bəyim, Bədirxandan o qədər qorxmuram, nə qədər ki, atandan qorxuram.
Humay etiraz etdi:
– Bədirxan xala çox mehriban arvaddır.
– Yaman! – Qədir başını buladı. – Qoy pambığın suyu başlasın. Gör necə mehriban olur!..
Bəyim qab-qacaq düzərək, anasının çəkdiyi plovu gətirib stolun üstünə qoydu. Qardaşı və Qədir nə qədər təklif etdilərsə də, özü gəlib bizimlə oturmadı. Kəndimizin köhnə adətlərindən bir çoxu hələ öz hökmündə idi. Qadınlar, xüsusən ərlik qızlar kişi məclisində oturub, çörək yeməzdilər ki, «ayıbdır».
Kəklik xala gözəl yeməklər bişirməsi ilə məşhur idi. Toylarda asılan qazanlara gərək o, heç olmazsa, bir nəzər salıb, göstəriş verə idi.
Biz çörək yediyimiz zaman Musa dayı eyvana çıxıb ədəblə, lakin quru və sərt bir ifadə ilə:
– Hamınız xoş gəlmisiniz, – dedi.
– Keç, əyləş, əşi, – Qədir qaşıqla dolu düyünü ağzına apararaq, böyründəki kürsünü göstərdi.
– Siz yeyin, mən çay içəcəyəm...
– Deyəsən, ürəyinin yanğısı hələ sönməyib.
Musa dayı Qədirin nəyə işarə vurduğunu hiss edərək, cavab verməyib, dilxor halda otağa keçdi. Qədir çiyinlərini qısaraq xısın-xısın güldü. Rəşid də gülümsədi.
Sonra mən Bəyimin iri nazik stəkana necə səliqə ilə çay töküb içəri apardığını gördüm.
Çörəkdən sonra biz soyuq Qarabağ dovğası içib, ordan-burdan söhbət edirdik. Bəyim söhbətdə iştirak etmir, üzərinə iydə budağı əyilmiş məhəccərə söykənib, həyətə baxırdı. Görəsən, nə düşünürdü?
Köklüyünə baxmayaraq, məclisdə hamımızdan az yeyən Qədir dəsmalla üzünün tərini silib Rəşidə deyirdi:
– Bu Humayı Allah bizə yaxşı yetirib. Gərək toku möhkəm işə salaq. O boyda dəmirçixanamız var, dəhnəmiz var.
– Bütün bunları elektrikləşdirmək üçün siz, hər şeydən əvvəl, mühüm bir tədbir görməlisiniz, – Rəşid əvvəlcə Qədirə, sonra da Humaya baxdı.
Qədir soruşdu:
– Nə tədbir?
– «SES»-i gücləndirmək lazımdır.
– Doğrudur, – deyə mühəndis təsdiq etdi. – İndiki «SES»-in elə böyük işlərə gücü çatmaz.
Qədir gözlərini qıyaraq fikirləşdi. Sonra qəti dedi:
– Böyüdərik. Su var, pul var, mühəndis də var. Daha nə lazımdır? Sərin düşdü, durun enək bağçaya. Musanın ağacları bu il yaman bar gətirib. Eyvaz, aşağı bağlardakı heyvalara qarışqa daraşıb, görmüsənmi?
– Sabah hamısını əhəngləyəcəyik.
Biz bağçaya endiyimiz zaman Humay ayaq saxlayıb, Bəyimə nə isə dedi. Qız lap güclə sezilən bir təbəssümlə altdan-yuxarı ona baxaraq dinmədi.
... Rəşidin verdiyi o kiçik qonaqlıqdan xeyli keçmişdi. Tökülmüş çiçəklərin yerində yaşıl meyvələr görünürdü. Zəmilər biçilirdi, tayalar vurulurdu. Ot çalımı çoxdan qurtarmışdı. Yük maşınları tez-tez dəyirman dərəsinə enərək, daş, qum, ağac boşaldıb qayıdırdı. Yetmiş ildən bəri ara vermədən səslənən su dəyirmanı ömrünün son günlərini yaşayırdı. Daim sükut içində olan Musa dayının demisi ağzından düşmürdü. Bu az müddətdə qonağın şöhrəti bütün rayona yayılmışdı. Onu tez-tez qonşu kəndlərə aparırdılar. Məsləhət alırdılar. İşi nə cür qurmuşdusa, MTS-in maşınları saat kimi işləyirdi.
Bir axşam çörək yeyəndən sonra o:
– Eyvaz, – dedi, – istəyirəm Musa dayının yanına elçi göndərəm, ağlın nə kəsir?
Mən fikirləşdim: «Görəsən, bu dəyirman əhvalatından sonra Musa dayı bizim qonağın elçisinə nə cavab verər?» Və dedim:
– Əlbəttə, göndərmək lazımdır.
– Ancaq bilmirəm kimi göndərək?
Mən heç bir kəsi xatırlaya bilmirdim. Qəribə idi, elə bil ki, kəndimizdəki adamların adları tamam yadımdan çıxmışdı.
– Bədirxan xalanı göndərsək, necə olar?
– Hə... gör heç ağlıma gəlirmi?.. Yaxşı tapmısınız. Musa dayı ilə bacarsa, ancaq anam bacarar. Su üstündə tez-tez dalaşsalar da, bir-birinin xətirlərini istəyirlər. Ay ana, bir bura gəl görək...
Humay həyəcanla ayağa qalxdı. Anam o biri evin qapısını açıb içəri girdi. Mən ona dedim:
– Elçi getmək lazımdır.
Arvad təəccüblə üzümə baxdı:
– Kimin üçün?
– Humay üçün.
– Humay kimin kürəkəni olmaq istəyir?
– Musa dayının?
– Hansı Musa dayının?
– Dəyirmançı...
– Nə olar, Bəyim qızların padşahıdır.
Sonra anam Humaydan soruşdu:
– Bircə de görüm, atan nə iş görür?
– Müəllimdir.
– Hə... Bəs anan?
– Anam yoxdur, ögey anam var.
– Qardaş-bacın necə, var?
– Xeyr, təkəm.
– Ay arvad, – dedim, – belə anket doldurmaqda fikrin nədir?
– Nə olacaq, kimin üçün elçi getdiyimizi gərək bilək, ya yox?
– Doğrudur, doğrudur, – deyə Humay cəld təsdiq etdi.
– Yaxşı, ana, indi nə vaxt gedirsən?
– Nə vaxt məsləhətdir?
– Lap elə sabah!
– Nə olar...
– Ancaq bir az ehtiyatlı danış. Musa dayının xasiyyətini bilirsən.
– Mənə tərslik eləyə bilməz. Qızın «hə»sini almısınız?
– Eh... Göydə!.. Bəs onsuz olar? – deyə mən təəccüblü bir ruh yüksəkliyi ilə cavab verdim. Lakin bununla belə, otağın havası mənə azlıq edirdi. Humayla anamı evdə qoyub, bayıra çıxdım.
Gecə isə həmişəki tək sakit və əzəmətli idi. On dörd gecəlik Ay düz Bəyimgilin evlərinin dalındakı qoşa çinarın üstündə dayanmışdı. Yarpaqları Ay işığında gümüş kimi parıldayan iydə ağacının ardındakı eyvanda heç kəs yox idi. «Bir dünyanın işinə bax, Bəyim! Səni başqasına istəmək üçün mən öz anamı elçi göndərirəm... Nə olar ki?.. Yəqin mənim yerimə sən də belə edərdin. Adam düşmən gülləsinin yarasına dözür. Halbuki sən mənim bu dünyada ən çox istədiyim, sevdiyim bir insansan!..»
Səhər bütün günü Bəyimi görmədim. Yalan nə deyim, qəsdən görməməyə çalışdım. Nə qədər də olsa, ağırdır. Görməyəndə yenə birtəhər dözmək olur. Bu bağdan girib, o birindən çıxdım. İki dəfə Şahların mənimlə danışmaq istədiyini hiss edərək, cəld uzaqlaşdım. Nə deyəcəyini gözlərindən bilirdim. Dünyada bu sual-cavabdan da pis şey varmı?!
Axşamçağı camaat işdən qayıdandan sonra anamı geyindirib-gecindirib qonşumuz Tükəz xala ilə birlikdə Musa dayının evinə göndərdik.
Humay yaman həyəcan keçirir, bir yerdə dayana bilmirdi.
– Siz nahaq yerə narahat olursunuz, – mən ona təsəlli verirdim.
– Qızın rəyi olandan sonra kim nə deyə bilər?
– Musa dayı məni görəndə üzünü o yana çevirir. Heç ağlım kəsmir ki, razılıq versin. Ancaq yenə də, adam göndərmək lazım idi, – deyə o, gözlərində ciddi və ağıllı bir ifadə olduğu halda otaqda gəzinirdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ilyas-efendiyev-su-deyirmani
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ağabəyim ağa və Saday bəy.*Ağabəyim ağa**
Üçüncü şəkilSəltənət bəyim və Hüseynqulu xan gəlirlər.*Hüseynqulu xan**
Dördüncü şəkilİbrahim xanın iqamətgahı. İbrahim xan və Mirmöhsün ağa səhnəyə daxil olurlar.*Mirmöhsün ağa**
Beşinci şəkilİbrahim xanın iqamətgahı. İbrahim xan və Ağabəyim ağa.*İbrahim xan**