Birinci pərdə
Содержание
Страница 3 из 9 · 22%
Üçüncü şəkil
Muradalının evinin qabağında kiçik bağça. Bağçanın yanından yol keçir. Seyid Hüseyn və Muradalı.
Muradalı
Yenə şükür ki, qaçıb canını qurtarmısan, xalaoğlu... Deyirəm, görəsən, bu Şimali Azərbaycan olmasaydı, biz cənublular İran şahının zülmündən hara qaçardıq...
Seyid Hüseyn
Sənin-mənim kimilərinin qaçıb canlarını qurtarmaqları ilə yaralar sağalarmı?! Axı, milyonlarla körpəli-qocalı ailə hara qaçsın? Neçə min il tarixi olan igid bir xalqı iki yerə parçalayıb gücdən saldılar.
Muradalı
On ildir ki, o tayda qalmış anamın, bacımın üzünə həsrətəm. Atam bizim obaya divan tutan o ərbabı öldürüb, məni də götürüb bu taya qaçanda on iki yaşım var idi... Deyirlər, bizdən sonra ərbabın adamları ev-eşiyimizi, bağımızı viran eləyiblər. Yazıq anam da bacımı götürüb Təbrizə qaçıb. Orada başlarına nə gəldiyindən indi də xəbərim yoxdur. Bilirəm ki, sənin də xəbərin olmaz. Səni də bir tikə vaxtından atan götürüb Tehrana fəhləliyə getmişdi.
Seyid Hüseyn
Tehranda yazıq atam gündə on dörd saat xalı karxanasında fəhləlik eləyib məni oxudurdu. Sonra o cəhənnəm əzabına dözmədi...
Muradalı (ah çəkir)
Eh, xalaoğlu...
Elə bu vaxt mahnı eşidilir.
Araz axar lil ilə,
Dəstə-dəstə gül ilə.
Mən yarımı sevirəm,
Şirin-şirin dil ilə.
Muradalı
Daşdəmirdi. Yaman şən oğlandı...
Daşdəmir (gəlir)
Salam, Muradalı! Salam, Seyid! Muradalı əmioğlu, Banu bəyim buyurdu ki, qala rəisinin yavəri zabit Mixaylov onun sevimli atı “Meymunu” minib bir neçə saat gəzmək istəyir. Deyir, əgər, zabit gələrsə, “Meymunu” yəhərləyib versin onun sərəncamına.
Muradalı
Nə olar, Mixaylov yaxşı oğlandı.
Daşdəmir
Sonra sizə qəribə bir xəbər də gətirmişəm. İran şahının qardaşı, sizin Təbriz mahalının keçmiş hakimi bu taya qaçıb, rus padşahından sığınacaq istəyib, padşah da onun Şuşa qalasında sakin olmasına izn verib, dünən otuz iki arvadı ilə tirmə yəhərli Həmədan eşşəklərində şəhərimizə varid oldu. Özü də arvad kimi qırmızı qanavuzdan tuman geyinib, əlləri də xınalı... (Gülür) Gör sizin kimi oğlanlara kim zülm eləyirmiş! Biriniz onun başına bir güllə çaxmayıbsınız...
Seyid Hüseyn
Bizim taleyimizə baxın! Cənubi azərbaycanlıların cəlladı Şimali Azərbaycanda sığınacaq da tapır.
Daşdəmir
Özü də otuz iki arvadı ilə. Sizin canınız üçün, tirmə palanlı Həmədan eşşəkləri gəlib qabağımızdan keçəndə, şahzadənin arvadlarından biri rübəndini qaldırıb mənə gülümsədi... Mən də irişib, ona göz vurdum. Amma necə gözəl idi...
Muradalı
Deməli, o əclaf bizi o qədər biqeyrət hesab edir ki, gəlib burada, gözümüzün qabağında yaşamaq istəyir? Quduz it kimi öldürəcəm onu!
Daşdəmir (əlini xəncərinin qəbzəsinə apararaq)
Mən də sənə
[Mənbənin skanında burada mətn itib.]
Muradalı (həyəcanla)
Daşdəmir, sənə dediyim mütrüb qız, bax, budur. Qalada təzə peyda olub... Ey gözəl qız, keçin bura.
Qız, Muradalıya baxıb gülümsəyir və kor kamançaçının əlindən tutaraq bağçaya gətirir, sonra kor kamançaçı çalır, qız eyzən Muradalıya baxa-baxa oxuyub-oynayır.
Təhminə
Sənin boyun sərv kimi ucadır,
Sənin gözün şəvə kimi qaradır.
Muradalı əlini qızın çənəsinə çəkmək istəyir. Lakin rəqqasə işvə ilə gülümsəyib üzünü qaçırır.
Təhminə
Mən çöllərdə bir ceyranam,
Heç bir kəsə ram olmaram.
Ürəyim Savalandadır,
Canım da Savalandadır...
Qız oynaya-oynaya qavalı oğlanların qabağına tutur, onlar da pul atırlar.
Seyid Hüseyn
Ay qız, sən Savalan dağı haqqında mahnı oxumaqda, yoxsa, otaylısan?
Təhminə
Bəli ağa, İrandanıq.
Muradalı (qıza yaxınlaşaraq, pıçıltı ilə)
Aşiq olmuşam sənə, ay qız, gəl, bu gecə görüşək.
Təhminə (gülümsəyərək oxuyur)
Baxışların qılıncdan da itidir,
Gülüşlərin ürəyimi titrədir.
Aşiq olan sevdiyinə kəm baxmaz,
Düz ilqarı, düz peymanı gərəkdir.
Daşdəmir
Dostum Muradalı, bu keçməli can deyil! Afərin sənə!
Bu zaman “Yol verin! Şahzadə həzrətlərinə yol verin!” deyə səslər eşidilir və bunun ardınca kəcavədə əyləşmiş şahzadə, Məliküldövlənin müşayiətilə gəlib keçərkən, qızı görüb, kəcavəni dayandırır və bir qədər tamaşadan sonra Məliküldövləni işarə ilə çağırıb qulağına nə isə deyir. Sonra Məliküldövlə də işarə ilə qızı çağırıb qulağına nə isə deyir. Qız gülümsəyərək, razılıq mənasında başını tərpədir. Kəcavə yoluna davam edir.
Muradalı
Ay qız, o tumanlı meymunun adamı sənə nə deyirdi?
Təhminə
Şahzadəni əyləndirmək üçün bizi onun sarayına dəvət edirdi.
Muradalı
Getsən, öldürərəm!
Təhminə (çalıb-oxuyur)
Mən çöllərdə bir ceyranam,
Heç bir kəsə ram olmaram...
Və birdən qız ağzını Muradalının qulağına yaxınlaşdırıb nə isə deyir.
Muradalı (bərk şadlanaraq)
Oldu!
İşıq sönür. Gecə. Eyni bağça. Təhminə və Muradalı. Muradalı qızı qucaqlayıb öpür.
Təhminə
Yalvarıram, oğlan, mənə toxunma.
Muradalı
Nə üçün?
Təhminə
Çünki istəyirəm səni.
Muradalı
Yoxsa, sən istəmədiyin oğlanlarla olursan?
Təhminə
Mən bakirə qızam.
Muradalı
Səfeh-səfeh danışma. Bir sən qızsan, bir də nənəm.
Qızı yenə də qucaqlayır. Təhminə onun əlindən çıxıb, kənara sıçrayır.
Təhminə
And içirəm ki, elədir. Əgər, o fikrə düşsən, bir də məni görməzsən.
Muradalı
İstəyirsən şəriətin qanunu ilə səni burda qaldığımız müddətdə siğə eləyim özümə...
Təhminə (həyəcanla)
Mən siğəyə nifrət edirəm!
Muradalı
Onda... Onda, gəl alım səni, ol mənim arvadım. Aldatmıram, düz sözümdür.
Təhminə “yox” mənasında başını bulayır.
Muradalı (hövsələdən çıxaraq)
Bəs, sən deyirsən məni istəyirsən, axı?
Təhminə
Çox istəyirəm. Ancaq sabah, biri gün başıma nələr gələcəyini bilmirəm.
Muradalı
Başına nə gələcək... yenə də göbəyini əsdirə-əsdirə oynayıb, pul yığacaqsan dayna...
Təhminə (mütəəssir halda)
Nə üçün ürəyimə toxunursan, oğlan? Sən elə bilirsən rəqqasənin pul yığmaqdan başqa ayrı dərdi ola bilməz?
Muradalı
Yaxşı, əgər, ürəyinə toxundumsa, bağışla. Mən namərd deyiləm. And içirəm namusuma ki, sənin sirrini xəncərlə də mənim ürəyimdən çıxara bilməzlər. De görüm, dərdin nədi? Axı, mən də sənin kimi otaylıyam... Bizim də orda evimiz, bağ-bağçamız var idi.
Təhminə (birdən canlanaraq)
Bəs, niyə qoyub gəlmisən?
Muradalı
Bu gün səni sarayına dəvət eləyən o əclaf şahzadə kimilərinin zülmündən qaçmışıq...
Təhminə (qəsdən)
Nə üçün əlahəzrət şahzadəni belə yamanlayırsan, oğlan?
Muradalı (acıqlanır)
Sarsaq-sarsaq danışma, o əlahəzrət deyil, quduz canavardır! Dərisi iki qəpiyə dəyməyən o məlun yüzlərlə igid qanı tökdürüb. Yenə də deyirəm, əgər, puldan ötəri onun sarayına getsən, öldürərəm səni.
Təhminə
Mənə pul lazım deyil.
Muradalı (təəccüblə)
Bəs, nə lazımdır?
Təhminə
Sənin sədaqətin, igidliyin!
Muradalı
Nə üçün?
Təhminə (qəmli təbəssümlə)
Çünki sevirəm səni.
Muradalı
Yox, sənin, nə isə, bir sirrin var... Bəs, nə vaxt ürəyini mənə açacaqsan?
Təhminə (məhəbbətlə gülümsəyir)
Nə vaxt məni, doğrudan da, istədiyinə inansam.
Muradalı
İnan mənə, Təhminə! Bir könüldən min könülə aşiqəm sənə. Əgər, səni bu qədər istəməsəydim, namərd oğlan olsaydım, indi xəncəri dirəyərdim böyrünə, istədiyimi eləyərdim. Sən getdikcə mənim daha çox xoşuma gəlirsən.
Təhminə (ona sarılaraq)
Ax, igid oğlan! Mən sənin səsində qeyrət, cəsarət hiss edirəm! Mən sənin sadiq kənizin olaram! Gecə-gündüz başına dolanaram.
Muradalı (həyəcanla)
Mən də, sən nə desən ona hazıram. Sən nəcib qıza oxşayırsan.
Təhminə (ona qısılaraq)
Ürəyim, canım oğlan, sən nə yaxşı söz dedin mənə.
Oğlanı öpür.
İşıq sönür
Kitabxana.az · https://kitabxana.az/ru/works/ilyas-efendiyev-xursidbanu-natevan-birinci-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ən çox xətrini istədiyim adamlardan biri də doktor İvan Sergeyeviç Quliyev idi. Ona görə ki, anamı həmişə o, müalicə edirdi. Özünün də, deyirdilər ki, ayağı sayalıdır. Doğrudan da, o, müalicəyə başlayan kimi anam sağalırdı. Ortaboylu, çənəsində balaca saqqalı olan, həmişə yaxşı geyinən, xoşsifət bir kişi idi, hələ mən bu dünyaya gəlməmiş Bayram babamın dostu imiş. Anamı, Nuru dayımı lap uşaqlıqdan o, müalicə edərmiş. Ona görə də anam, hətta Fatma nənəm də ona ev adamı kimi baxırdılar. O, Qarabulaqda çoxdan yaşadığı üçün azərbaycanca təmiz bilirdi. Həmişə bizə gələndə, mənə də, bacıma da, ya balaca oyuncaq, ya konfet gətirərdi. Bizim bayramımızda anam da həmişə öz bişirdiyi şirin şeylərdən doktora göndərərdi. Kürdobadan, ya babam naçalnik olduğu yerdən bizə ceyran, kəklik, turac gələndə, anam mütləq doktor üçün də pay göndərərdi...Anam bərk xəstə olanda doktor Quliyev gəlib mənimlə, bacımla zarafatlaşa-zarafatlaşa anamı müayinə eləyib deyərdi:
İmaşla Güllü necə qaçdılar...Dayım şəhərdən fışdırıq çala-çala kefikök gəldi, hətta mənə baxıb gülümsədi də. Sonra artırmada, stulda oturub:– Güllü, su gətir, – deyə çağırdı.
Bizim yaylağa köçməyimiz, o taylı qaçaqlar... Cavan Əhmədalının bir toğlunu tək yeməyi, Nuru dayımın törətdiyi işlər və onun acıq eləyib arana qayıtmağıYay isti gəldiyindən anam təkid edirdi ki, biz də Kürdoba yaylağına gedək. El çoxdan köçmüşdü yaylağa, demək, bizim ailə tək getməli idi. Fatma nənəm razı deyildi, «yollar doludur qaçaqla» deyirdi, anam da cavab verirdi ki, «bir ucu Kolqarabağı, bir ucu da Zəngəzur mahalı, hər yerdə kişini tanıyırlar, neyləyəcəklər bizə». Ancaq Fatma nənəm öz təşvişi barədə Nuru dayımın yanında bir kəlmə də danışmırdı, nənəm bilirdi ki, əgər danışsa, dayımın cini qalxacaq. Mən onu da hiss edirdim ki, nənəm yolların qorxulu olduğunu dedikdə, ən çox Nuru dayım sarıdan ehtiyat edir, bilir ki, əgər bir şey olsa, dayım dinc durmayacaq.Qarabulaqla Kürdoba yaylaqlarının arası üç yüz kilometrdən çox olardı. El köçü bu yolu qoyun-quzu, mal-qara otara-otara on-on iki günə gedib çıxırdı, ancaq biz üçatlı faytonla gedirdik. Atamla Nuru dayım isə faytonun yanınca atlı gedirdilər. Dayımın atı kürən, atamınkı isə boz idi. İkisi də cavan, qaçağan atlar idi. Dayım uzunboğaz çəkmə geyib, belinə üç patrondaş çəkərək zağlı, gödək beşaçılan, taxta beşaçılan, taxta qoburlu onatılan tapança götürmüşdü. Atam isə elə öz tacir paltarında idi, ancaq belində tapançası var idi. Atamın bu cür həşəri – boz ata minib tapança bağlaması mənə uyğunsuz görünürdü, çünki mən heç bir zaman onu Nuru dayım kimi at çapan, güllə atan görməmişdim.
QaracaMən Qaracanı görüb, onun yanına yüyürdüm, biz dərənin qırağına gedib sapandla daş atdıqda, mən ona dedim:– Gördün, Əhmədalı çılpaq-cilovsuz atı üzüaşağı çapanda heç yıxılmadı.