Страница 6 из 14 · 36%

...Umud başını kəndalaş kolunun altından çıxardıb qobunun o tayındakı pambıq sahəsinə baxdı. Traktor susub dayanmışdı, qızlar da görünmürdü. Yaxınlıqda qurbağalar hürküşüb şappaşupla suya atıldılar. Umud üzünü o tərəfə döndərdi və heyrətdən ağzı açıla qaldı. Azacıq aralıda bir qız paltarını soyunub böyürtkən kolunun üstünə sərmişdi. Uzun, şəvə saçlarını boynunun ardında düyünləyirdi. Qızın tunc bədəni günün altında parpar parıldayırdı. Yupyumru döşlərinin rəngi bədəninin rəngindən azacıq açıq idi, ağımtıl idi. Görünür, günəş oranı çox döyəcləyə bilməmişdi. Çiyinləri əzələli, sinəsi qabarıq idi. Ancaq bu “əzələ” məsələsi Umudu heç açmadı. Çünki əzələ qızı qızlıqdan çıxarırdı. Onu bir az kişiləşdirirdi, oğlanlaşdırırdı. Umuda elə gəlirdi ki, əsl qız Solmaz kimi olmalıdır. Sifəti ağ, yanaqları al, qaşları nazik, uzun, bədəni də pambıq kimi yumşaq. Solmazın bədəninin bərk-boşluğundan Umudun xəbəri yox idi, amma təpədən dırnağa Solmaza baxanda, nədənsə yadına bir topa çiyidsiz pambıq düşürdü.

Qız saçlarını boynunun ardında düyünləyib qurtardı. Əlini gözlərinə kölgəlik edib göyə baxdı. Qız başını yuxarı qaldıranda onun dəyirmi sifəti apaydın göründü. Umud qızı tanıdı: Tubu! Xeyransanın qızı Tubu! Umud dünən gecə Xalığın dediyi sözləri xatırladı: “Elə Tubunu da alarsan. Yumurta kimi qızdı”. Umud ha baxdı, ha baxdı, bədəni təzətər badımcan rənginde olan Tubunu yumurtaya heç cür oxşada bilmədi.

Tubu ehmallıca suya girdi və elə bil orada batdı. Umud nəfəsini içinə çəkib qulaq kəsildi, ancaq hənirti-filan eşitmədi. Dizləri üstə dikəlib irəli boylandı. Tubu qobunun tən ortasında üzü Umuda tərəf dayanmışdı. Çiynini, boynunu sığallayırdı. Su Tubunun qoltuğunun altınacan idi, yumru döşləri görünmürdü. Umud qorxdu ki, Tubu başını qaldırıb onu görər. Dirsəkləndi, hiss etdi ki, qolu tir-tir titrəyir, bədənini güclə saxlayır. Qıçları da boşalmışdı, elə bil özününkü deyildi. Birnəfəsə dağa çıxıb yorulmuş adam kimi ürəyi bərk-bərk çırpınırdı. Gicgahlarında, qarnının altında qəfil ağrı qopdu. Sonra elə bil onun damarlarını kəsib qanını buraxdılar. Canını xoş bir süstlük bürüdü. Bu süstlük Umudun sinəsinin ortasından başlayıb bütün bədəninə yayıldı. İstədi təzədən dikəlib Tubuya baxsın, “Lənət kor şeytana” deyib arxası üstə uzandı.

Nə yaman böyüyüb canıyanmış. Ətə-qana gəlib. Tubu bapbalaca, çəlimsiz, qarabəniz bir qız idi. Özü də Solmazla bir sinifdə oxuyurdu. Adamayovuşmazlığının ucbatından heç kim onu dindirib danışdırmazdı. Tubunun üç yaşı olanda atası Fərzəli bir gecə səhərə qədər qusub-qusub ölmüşdü. Tubunun bu dünyada anası Xeyransadan başqa, heç kimi yox idi. Oğlanlar məktəbdə danışırdılar ki, Tubunun atası yoxdu deyə həmişə qaşqabağı açılmır və Tubunun atalı uşaqlardan zəhləsi gedir. Deyirdilər ki, Tubu yaraşıqsızdı, böyüyəndə ona elçi düşən olmayacaq, yazıq qız Xeyransanın daxmasında qarıyacaq. Gəl Tubuya indi bax. Gör necə qız olub. Mexanizator! Özü də ordenli!

Umud fikirləşdi ki, əsgərlikdə olanda kəndin bütün adamlarını xatırlayıb, amma Tubu onun yadına bircə dəfə də düşməyib. Umud iməkləyə-iməkləyə kəndalaş kolunun dalına keçdi. Saralmaqda olan yarpaqların arasından qobunun o tayına baxdı. Gözlərini iri böyürtkən topasının üstündəki pal-paltara zillədi.

Tubu asta-asta qobudan çıxıb, arxası Umuda tərəf dayandı. İslanmış saçlarını burub sıxdı, təzədən boynunun ardında topladı. Tubu qollarını tərpətdikcə, əyilib-qalxdıqca bayaqkı çırpıntı az qalırdı Umudun ürəyini saplağından qırsın.

Bir azdan Tubunun tunc bədəni bozumtul kombinezonunun altında görünməz oldu.

Tubu sahənin ortasındakı traktora tərəf üz tutdu. Uzaqdan oğlana oxşayırdı. Yerişi də oğlan yerişi idi. Gedəndə qollarını yana atırdı.

Umuda elə gəldi ki, Tubu adlı bir tuncbədən qız qobunun gömgöy suyundan çıxandan sonra Tubu adlı bir oğlana dönüb getdi...

Umud kəndə qayıdanda gün günorta yerindən xeyli adlamışdı. İstidən Umudun ayaqlarının altı bişməcə olmuşdu, dərindən nəfəs almağa qorxurdu, havanı ciyərlərinə çəkəndə elə bilirdi təndirin dəmini udur. Umud yeyin-yeyin gedirdi. Xalıqgilin həyətindəki tut ağacının kölgəsi üçün burnunun ucu göynəyirdi.

Pirinin tozlu maşını hündür darvazanın qarşısında dayanmışdı.

Umud həyətə girdi. Eyvanda gözünə adam dəymədi. Güləndam samanlığın kölgəsində bardaşqurma oturub yun çırpırdı. Minnət qarı bayaq döşəkcəyə necə düşmüşdüsə, eləcə də qalmışdı. Patron da əvvəlki yerində idi. Məcid kişi kürəyini tut ağacının yoğun gövdəsinə söykəyib, dizəcən çırmalı qıçlarını yana uzatmışdı. Qabağındakı ağ süfrənin üstündə göy-göyərti, pendir, çörək, pomidor, bir kasa da qatıq vardı. Umud çatan kimi quyuya baxdı.

– Niyə belə az, dədə?

Məcid kişi başını yuxarı qaldırıb yorğun gözlərini ağacın budaqlarında gəzdirdi.

– Havanı görmürsən? – Göy soğandan bir dişdəm aldı. – Quyu qazmağı yadırğamışam, bala. Həm də ki, güc o güc döyül. Canımda təpər qalmayıb. Ac döyülsən?

Umud süfrənin qırağında əyləşdi. Məcid kişi kasanı götürüb onun qabağına qoydu.

– Qatıq yanğı söndürən şeydi.

Umud kasadakı qatığı tez-tez qaşıqladı. Pomidora, pendirə də əl atdı. Məcid kişi iki barmağı ilə çal bığını sığallayıb köks ötürdü.

– Havayı işdi bu.

– Nə, dədə?

– Mən bu quyunu əmələ gətirincə Minnət qarı bezin qırağın çəkəcək. – Başı ilə Minnət qarıya işarə elədi. – Quyu qurtarana qalmaz bu.

Umud Minnət qarının tükləri ağappaq, dərisi qıpqırmızı yumru başına baxdı. Daha yeməyə həvəsi olmadı. Gözlərini eyvanda gəzdirdi. Kaş Solmaz bu dəqiqə o eyvanda olaydı. Bayaq Əslinin durduğu kimi, dirsəklərini məhəccərə qoyub Umuda baxaydı. Umud onda pələngə, aslana dönərdi. Bu günün istisində canına heyfi gəlməzdi. Beli əlindən yerə qoymazdı. Quyunu Minnət qarı üçün yox, Solmaz üçün qazardı. Suyu mət kimi şipşirin, göz yaşı kimi dupduru quyu... Umud quyusu...

Umud düşündü ki, Əsli onun ürəyindən keçənləri bilsə, bu dəqiqə eyvana çıxıb qansız dodaqlarını büzər və elə qışqırar ki, bütün kənd onun səsini eşidər: “Xalqa it hürər, bizə də çaqqal! Qudurasan səni! Solmazı qapımdakı tulaya verərəm, amma kənkan Məcidin oğluna verməyəm!” Sonra Əsli ağappaq yumruğunu hənalı başının üstündə silkələyib, eynən oğlu Tofiqin neçə il bundan qabaq dediyi kimi deyər: “Anqır, tayını tap!”

Umud Əslinin yumruğunu görürmüş kimi gözlərini eyvandan çəkdi. Ağ daşdan hörülmüş hündür barıya baxdı. Umud balaca olanda bu barı da alçaq idi. Onda Xalıq kolxoz sədri deyildi. Umud böyüdükcə barı da kərpic-kərpic qalxdı. Sonra Xalıq kolxoz sədrinin yumşaq stulunda oturdu və barı qəflətən boy atıb iki Umud hündürlüyündə oldu. Küçədən keçən adam yalnız bu həyətdəki ağacların təpəsini, bir də ikimərtəbəli evin taxtapuşunu görə bilərdi. Yaşlılar bu evin hələ də pas atmayan dəmir damına baxanda usta Turabı xatırlayıb köks ötürərdilər: “Allah sənə rəhmət eləsin, doqquzbarmaq!”

Məcid kişi deyirdi ki, Xalığın tikdirdiyi barı Əlincə qalasına oxşayır. Umud Əlincə qalası barədə az-çox eşitmişdi. Bilirdi ki, bu qala onun ata yurdu Qarabağdan çox-çox uzaqda, Azərbaycanın o biri başındadır və bu qalanı indiki naxçıvanlıların əcdadlarının əcdadları tikiblər. Umud onu bilirdi ki, bu qalanın qənşərində neçə-neçə düşmən ordusunun beli sınıb, neçə-neçə yağının əcəli tamam olub...

Məcid kişi elə bərkdən öskürdü ki, Umud bircə anda Əlincə qalasından Xalığın qalasına düşdü.

– Əndamı yanmış Güləndam bura niyə bir içim su qoymadı? Ciyərim pörşələnir. – Məcid kişi başını tənbəl-tənbəl döndərib samanlığın kölgəsində yun çırpan Güləndamı səslədi. – Güləndam! Ay Güləndam!

Güləndam ağız-burnunu cuna qıyqacla bərk-bərk sarımışdı. Əlini qaldırıb-endirdikcə nazik yun çubuğundan kəsik-kəsik vıyıltı qopurdu.

Məcid kişi Güləndamın qarasınca deyindi:

– Qulağının dibində top atsan da qımıldanmaz. Zalımın qızı adam döyül, qarışqadı. Gün çıxandan gün batanacan Xalığın qapısında əlləşməkdən savayı, fikri-zikri yoxdu. Görəydim Cəfərqulu, heç olmasa, gecələr bunun səsini eşidirmi?

Cəfərqulu Güləndamın əri idi. Xalıq sədr olandan bəri gecələr kolxoz idarəsində qarovul çəkir, gündüzlər isə Xalığın buyruğuna baxırdı. Xalıq sədr olandan bəri Güləndam da ev-eşik üzü görmürdü. Xalıq ona əməkgünü yazırdı. Əsli də hərdən görüm-baxım eləyirdi. Güləndamla Cəfərqulu bu işıqlı dünyaya yeddi qaraca uşaq gətirmişdi. Onların da ruzusunu, Cəfərqulu demişkən: “Göydən Allah, yerdən Xalıq yetirirdi”.

– A gədə, Güləndamın boğazına diri ilan salsan da işini yarımçıq qoyan döyül. Dur gör bulların suyu hardadı.

– Mən bu öyə bələd döyüləm, dədə.

– Dilin də yoxdu? Qalx yuxarı. Əslidən soruş. Denən dədəmin ciyəri kababa dönüb.

Umud heç getmək istəmirdi, çünki Əslidən utanırdı. Tərs kimi Piri də yan-yörədə görünmürdü, yoxsa Piridən su istəmək olardı, Piri bu evdə yad deyildi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Şehli çəmənlərin işığı

Altmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?

198526 мин
Evin kişisi

Çəkmənin mıxı laxlayıb dikəlmişdi, Qaçayın dabanın deşirdi, Qaçay sağ ayağının pəncəsini tez qoyub, tez də götürürdü. Bədəninin bütün ağırlığı bir qılçının üstünə düşmüşdü. Ona elə gəlirdi ki, göynəyən, zoqquldayan dabanından qan axır. Mıx ətinə batdıqca sanki onun xırçıltısını da eşidirdi. Oğlanın ixtiyarı çatsaydı, elə burada – yolun kənarında oturub, ayağına bir nömrə böyük olan zil qara çəkmələrini çıxardar, gücü gəldikcə qolazlayıb atardı. Qaçay inanırdı ki, mayor Sahibov onu bu vəziyyətdə görsə acıqlanar: “Milisioner gərək qıvraq olsun! Ombasını çəkən adamdan nə milisioner?”. Qaçay qəddini düzəldib, yanyörəsinə baxdı: ətrafda kimsə görünmürdü. Çəpərlərdə gizlənən cırcıramaların yeknəsəq, bezikdirici səsindən başqa səs eşidilmirdi. Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi. Oğlan dabanının ağrısını bir anlığa unutdu. Boynunun, çiyninin istidən yandığını indicə hiss etdi. Yadına cürdək suyu düşdü. Bu dəqiqə artırmada dayanıb onun yolunu gözləyən bacısını xatırladı. Bilirdi ki, Ağca uzun lüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: “Kəkotulu çay da dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?”. Qaçay səhərdən axşamacan həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq kobudlaşmış, qaralmış əllərinə, solğun bənizinə, dərinliyində güclə seziləcək bir kədər gizlənən iri qonur gözlərinə baxacaq və belə anlarda fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın... Ağcadan bir dənədi”.Qaçay addımlarını yeyinlətdi. Daha dabanı ağrımırdı, deyəsən, keyimişdi. Ancaq nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı. O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı? Sazaqdan donmuş barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi...

1 ч 10 мин
Küçələrə su səpmişəm...

Xəlil qapıdan girəndə arvadı təəccübləndi; Xəlilin vacib işi olmasaydı günortalar evə gəlməzdi. Teybə çox vaxt axşam xörəyindən saxlayıb çörəyin arasına qoyar, onu qəzetə yaxşı-yaxşı bükərdi. Xəlil də səhər evdən çıxanda həmin bükülünü qoltuğuna vurardı. Aparmaq üçün fərqli xörək olmayanda Xəlil günorta hamamın yanındakı yeməkxanaya gedərdi. Bir də ki, onun yeməyi nə idi? Uşaq kimi, dörd yarpaq dolması onu xirtdəyəcən doyuzdurardı. Teybə yeddi il idi ki, onunla bir damın altında yaşayırdı və bu yeddi ildə Xəlilin istirahət günlərindən başqa günortalar evdə tikə kəsdiyini görməmişdi.Teybə ərinə nəzər saldı və qorxdu. Xəlilin arıq, uzunsov sifəti bozarmışdı. Damağındakı “Kazbek”in islanmış kötüyünü çeynədikcə batıq ovurdları tərpənirdi. Qıyılmış xırda gözləri otağın künc-bucağında nəsə axtarırdı. O, papirosun kötüyünü dişləyib tüpürdü.

197154 мин
Dədə palıd

Kürün sağ yaxasında yaşıl zolaq kimi uzanıb gedən meşədə Bağır düz iyirmi il idi ki, gözətçi işləyirdi. Ən uca, ən qoca palıdın otuz-qırx addımlığında balaca bir koma qaralamışdı və Bağır bu komada olanda ən uca, an qoca palıdın hənirini eşidirdi. Hərdən Bağıra elə gəlirdi ki, bu meşədə qoca palıddan savayı acac yoxdur və Bağır iyirmi ildir ki, yalnız bu ağacın keşiyini çəkir.Bağır bu palıdı hər gün görürdü; səhərdən axşamacan onun yanından bəlkə yüz dəfə ötürdü. Onun kölgəsində süfrə açırdı, dincəlirdi. Bürkülü gecələrdə bəzən elə buradaca – palıdın çətiri altındakı taxta çarpayıda yatırdı. Bu palıd Bağırçın dünyanın özü qədər qədim idi, əbədi idi. Bağır bu palıdın bozumtul, çat-çat gövdəsinə kürəyini bəlkə min dəfə, milyon dəfə söykəmişdi, ancaq elə bil palıdın təpəsinə baxmamışdı, fikir verməmişdi. Yəqin ki, baxmışdı, amma Bağır bu gün, bu yay səhərində gördüyünü əvvəllər görməmişdi.

19791 ч 40 мин

Стихи других поэтов