Quyu
Страница 9 из 14 · 57%
Xalıq köynəyinin qollarını dirsəyəcən çırmalayıb çöməldi. Əlini vedrəyə salıb suyun isti-soyuqluğunu yoxladı. Yumurta sarısına oxşayan sabunu Minnət qarının ağappaq başına sürtdü.
– Güləndam, su tök!
Su başından süzülüb bürüş-bürüş bədəninə töküldükcə Minnət qarı kirpiksiz gözlərini tez-tez yumub açırdı. Qarı yekə teştin içində uşağa bənzəyirdi.
Xalıq onun sallaq döşlərini sabunladı.
– Sənə qurban olum, ay ana, – dedi. – Mənə bu döşlərindən süd vermisən. Südünü mənə halal elə.
Məcid kişi quyunun başındakı torpağın üstündə oturub palçıqlı əllərini ovxalaya-ovxalaya Xalığa baxırdı. Deyəsən, kişi kövrəlmişdi. Onun qalın dodaqları hərdən səyriyirdi və Umuda elə gəlirdi ki, atası bu dəqiqə ağlayacaq.
Kişinin bu halını Piri də gördü. Sədrin əvəzinə özü qürrələndi.
– Anasını bu qədər istəyən adam görməmişəm, – dedi. – Hər həftə özü çimizdirir qarını... Düz on ildi...
Piri bu sözləri Məcid kişiyə deyib cavab gözlədi. Ancaq Məcid kişi onun dediklərini qulaqardına vurdu. Yavaş-yavaş qalxdı, yoğun, uzun kəndirin bir ucunu ağzı əyri vedrənin qulpuna bağladı, o biri ucunu Umuda verdi.
– Bir yanını qaçacaq qoymusan. Ortadan partdasan da qoymaram əkiləsən.
– Ta əkilmərəm, dədə.
– Quyu dərinləşib, torpağı çölə ata bilmirəm. – Kişi ehmal-ehmal quyuya düşdü. – Vedrəni ver bəri görüm.
Umud vedrəni quyuya salladı. Başını döndərib yenə Xalığa baxdı. Xalıq Minnət qarını ağappaq məhrəba ilə qurulayırdı.
Piri yaxınlaşıb quyuya baxdı... Umud hiss elədi ki, quyuya baxmaq bəhanədi, Piri onunla danışmaq istəyir.
Piri dəyirmi gözlərini Məcid kişinin peysərinə zilləyib Umuddan soruşdu:
– Necə gedir?
– Nə?
– Motosiklet.
– Pis deyil.
Məcid kişi ipi tərpətdi:
– Ə, nə key-key durmusan? Çək görüm!.. Boynun qırılsın, oğul yiyəsi!
Umud kəndiri əllərinə dolaya-dolaya vedrəni yuxarı dartıb nəm torpağı kənara boşaltdı.
Piri mızıltı ilə soruşdu:
– Xoşuna gəlir?
– Nə?
– Motosiklet.
Məcid kişi yenə qışqırdı:
– Ə, nooldun?! Əllərini pişik yeyib?! – Başını quyudan çıxardıb Piriyə təpindi. – Əl-ayağa dolaşma burda, sən maşın sürəndə biz qıraqdan qəmiş olmuruq ki?!
Piri gülümsəyib dala çəkildi:
– Gedirəm, Məcid dayı, gedirəm, – dedi. Əlini Umudun kürəyinə vurub pıçıldadı. – Sür də, kefini çək, cavan oğlansan.
Xalıq qarını döşəkağına büküb həmin yerinə qoydu.
– Yat, ana – dedi. – Yuxun şirin olsun!
Xalıqla Piri tut ağacından aralanan kimi Məcid kişi başını quyudan çıxartdı. Əllərini quyunun kənarına qoyub zəndlə Minnət qarıya baxdı.
– Bununçun quyu yox ey, qəbir qazmaq lazımdı, – dedi. Aşağı əyilib vedrəni yaş torpaqla doldurmağa başladı.
Yarımca saatdan sonra Umudun kürəyi zoqquldadı, ovcu gör-gör göynədi. Kəndir dəmir kimi idi, Umudun uzun barmaqlarında zol-zol iz qoymuşdu.
– Dədə, hələ çox qazacağıq?
– Qazacağıq deyəndə bir az yekə çıxır. Guya sən də qazırsan?
– Dartıram ki.
– Dartmaqnan qazmağın zəmin-asiman təfavütü var.
– İstidə kefin qalxıb, dədə, zarafat eləməyə vaxt tapmısan.
– Bir qazan bozbaşdan sonra nənəm də zarafat eləyər. Oğul ona deyərəm ki, işi bərkə düşəndə zarafat eləsin...Hə, necədi? Borş bişirmək yaxşıdı, yoxsa Minnət qarı üçün quyu qazımaq?
– İkisi də bir zibildi... – Umud ipi əlində dəstələyə-dəstələyə dolu vedrəni qaldırdı. Ona elə gəldi ki, vedrə get-gedə ağırlaşır.
Umud tut ağacının kölgəsinə həsrət-həsrət baxdı. Qınayan olmasaydı, Minnət qarının yanında başını mütəkkəyə atıb ölü kimi yatardı. Umud ağrıdan keyimiş çiynini ovxaladı. Qulaqlarının dibinə süzülən təri köynəyinin qolu ilə sildi. Tubunun gülümsəməyi və qabaqda parıldayan qızıl dişləri yadına düşdü. Yəqin Tubu indi qobunun qırağında dayanıb şəvə saçlarını boynunun ardında düyünləyir. Sonra Tubu asta-asta suya girəcək. Əzələli qollarını ehmal-ehmal tumarlayacaq. Kaş Umud gözlərini yumub-açınca özünü qobunun kənarında görəydi, Gəndalaş kolunun dalında gizlənib Tubunun tunc bədəninə oğrun-oğrun baxaydı.
Piri eyvandan qışqırdı:
– Məcid dayı, yuxarı qalxın!
Bu gur səsi eşidəndə elə bil Umudun başına bir vedrə sərin su tökdülər.
Yemək vaxtı Piri Umudla üzbəüz oturmuşdu. Piri yaman narahat idi, daha dünənki təkin acgözlüklə yemirdi. Nəzərlərini Umuddan çəkmirdi, elə bil onun, ağzından söz qaçıracağından qorxurdu. Xalıq hər dəfə tikəsini çeynəyib udandan sonra köks ötürürdü:
Məcid kişi dözə bilməyib soruşdu:
– A, sədr qanın qaradı, deyəsən. Yoxsa işlər əyilib?
Xalıq lap dərindən köks ötürdü.
– İşlər nə vaxt düz gedib ki, Məcid dayı? Başımı cəncələ salmışam. Alimlik mənim harama yaraşırdı axı? Elmi işim tökülüb qalıb. Əlimə qələm ala bilmirəm. Rəhbərim də Kirovabaddan xəbər göndərib ki, durma, gəl. Alağın qızğın vaxtında kənddən çıxa bilərəm mən yazıq? Gərək raykom katibini birtəhər aldadıb sabah özümü verəm Kirovabada. Ayrı əlacım yoxdu.
Xalıq Kənd Təsərrüfatı İnstitutunu qiyabi qurtarmışdı. Sonra da alim olmaq xəyalına düşmüşdü. Amma ara-bərədə pıçıldayırdılar ki, onun elmi işini institutun müəllimi yazır. Bir dəfə Kamran da hirslənib Umudun yanında sədrin qarasınca danışmışdı: “Xalıq fermada qoyun qoymadı qalsın. Ayda ikisinin dərisini boğazından çıxarıb apardı Kirovabada. İnstitutu Xalıq yox, qoyunlar qurtardı. İndi də qoyunlar onu alim eliyəcək”.
Xalıq vur-tut ikicə kələm dolması yeyib boşqabını kənara itələdi. Güləndamın qrafində gətirdiyi ayrandan bir stəkan içib dodaqlarını marçıldatdı.
– Mənə fikir verməyin, – dedi. – Siz yeyin. Bu gün Cəlalın qızı başımın üstünü kəsdirməyib, asudəyəm.
Məcid kişi yeyə-yeyə yan-yörəyə göz gəzdirdi:
– Dünəndən bəri Əsli gözümə dəymir. Allah eləməmiş...
Xalıq başını tərpətdi:
– Naxoşlayıb Əsli. Davlenisi qalxanda halı özündə olmur.
Pirinin rəngi dəyişdi, enli burnu az qaldı qarşısındakı boşqaba dəysin. Gözünün quyruğu ilə Umuda baxıb, tez də nəzərlərini yayındırdı. Pirinin səksəkəli, xoflu baxışından Umudun boğazı tıxandı, tikəsini zorla udub fikirləşdi ki, yəqin indi Pirinin ürəyi yel vurmuş yarpaq təkin titrəyir. İndi Umuddan qorxduğu kimi heç kimdən qorxmur. Qorxu pis şeydi. Allah göstərməsin, adam qorxudan sağalmaz azara da düşə bilər. Əgər Umud xəlvətə salıb Xalığın qulağına pıçıldasa ki, ay sədr, bir sirr mənim ürəyimi dağıdır, istəmirəm ki, cavan yaşımda ürəyim partlasın, ona görə də bu sirri sənə açmalıyam. Bu sirr də ibarət olsun ondan ki, dünən günün günortaçağı porsuq Piri sənin şəxsi evində, şəxsi arvadınla... o söz. Umud inanırdı ki, Xalıq bu əhvalatı eşitsə, porsuq Pirini də, Əslini də Kamranın Kirovabada göndərilən dilsiz-ağızsız qoyunlarına döndərər.
Xalıq sözünə davam elədi:
– Əsli neyləsin? Ər dərdi, uşaq dərdi, ev-eşik dərdi. Neçə ildi kurort üzü görmür. Allahın Naftalanına da göndərə bilmirəm onu, çünki camaatımız sözbazdı. Göndərsəm, deyəcəklər, sədrin arvadı kefdədi, amma biz burda kirpiyimiznən od götürürük. – Xalıq fikirli-fikirli başını sinəsinə endirdi. Ağ buxağı qat-qat olub çənəsinin altından çıxdı. Xalıq gözləri yol çəkə-çəkə dedi: – Qoy Tofiq universiteti qurtarsın, onu prokuror eləyim, ondan sonra tüpürəcəyəm sədrliyə. Əslini də qoltuğuma vurub...
Deyəsən, Əsli söhbəti Pirinin lap amanını qırdı. Piri tələm-tələsik söz arasında söz qatdı:
– Sədr, prorab Zahidi də tutdular.
Xalıq ona baxmadan qaşlarını çatıb:
– Bilirəm, – dedi.
Məcid kişi əlini boşqabdan çəkib soruşdu:
– O nə prorabdı hələ?
Xalıq başını buladı:
– Əşi, avaranın biri ürcah olmuşdu bizə. Üç ildi bu kənddə bir hamamı tikdirib qurtara bilmirik. Beş prorab dəyişdirmişik. Axırı Ağcabədidən bu Zahidi göndərdilər bura. Cəmi üçcə gün işlədi. Sən demə, pyaniskanın biriymiş. Vurub yıxılırdı kolların arasına, tapa bilmirdik... Öz işçisindən rüşvət alanda yaxalayıblar. Cəmi-cümlətanı otuz manatın üstündə getdi güdaza.
Pirinin qırışığı indicə açılırdı. Gödək barmaqlarını qatlayıb şaqqıldatdı.
– Az alanları yaman tez tuturlar, – dedi. – Çox alanlara heç ilişmirlər.
Xalıq tərs-tərs ona baxdı və bu anda Umudun Xalığa yazığı gəldi. Umud gördü ki, Xalığın da bənizi Əslinin bənizi kimi solğundur. Gördü ki, Xalığın saçları ağarıb, seyrəlib. Xalıq vaxtından tez qocalır. Umud Əslinin hənalı başını, Pirinin tüklü kürəyini xatırladı və durub Pirinin kürəyinə təpik ilişdirməkdən özünü güclə saxladı.
Umud qalxdı:
– Gedək, dədə!
Onlar eyvandan çıxanda Xalıq arxadan dedi:
– Məcid dayı, istidə özünüzü üzməyin. Səhər gün çıxmamış, bir də axşam sərinində işləsəniz bəsdi.
Məcid kişi pilləkənin aşağısında dayandı:
– A sədr, – dedi. – Quyu yavaş-yavaş palçığa çıxır. Ayaqyalın qaza bilmirəm. Bəlkə evdə rezin çəkmədən-zaddan ola?!
Kitabxana.az · https://kitabxana.az/ru/works/isi-melikzade-quyu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Altmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?
Evin kişisiÇəkmənin mıxı laxlayıb dikəlmişdi, Qaçayın dabanın deşirdi, Qaçay sağ ayağının pəncəsini tez qoyub, tez də götürürdü. Bədəninin bütün ağırlığı bir qılçının üstünə düşmüşdü. Ona elə gəlirdi ki, göynəyən, zoqquldayan dabanından qan axır. Mıx ətinə batdıqca sanki onun xırçıltısını da eşidirdi. Oğlanın ixtiyarı çatsaydı, elə burada – yolun kənarında oturub, ayağına bir nömrə böyük olan zil qara çəkmələrini çıxardar, gücü gəldikcə qolazlayıb atardı. Qaçay inanırdı ki, mayor Sahibov onu bu vəziyyətdə görsə acıqlanar: “Milisioner gərək qıvraq olsun! Ombasını çəkən adamdan nə milisioner?”. Qaçay qəddini düzəldib, yanyörəsinə baxdı: ətrafda kimsə görünmürdü. Çəpərlərdə gizlənən cırcıramaların yeknəsəq, bezikdirici səsindən başqa səs eşidilmirdi. Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi. Oğlan dabanının ağrısını bir anlığa unutdu. Boynunun, çiyninin istidən yandığını indicə hiss etdi. Yadına cürdək suyu düşdü. Bu dəqiqə artırmada dayanıb onun yolunu gözləyən bacısını xatırladı. Bilirdi ki, Ağca uzun lüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: “Kəkotulu çay da dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?”. Qaçay səhərdən axşamacan həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq kobudlaşmış, qaralmış əllərinə, solğun bənizinə, dərinliyində güclə seziləcək bir kədər gizlənən iri qonur gözlərinə baxacaq və belə anlarda fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın... Ağcadan bir dənədi”.Qaçay addımlarını yeyinlətdi. Daha dabanı ağrımırdı, deyəsən, keyimişdi. Ancaq nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı. O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı? Sazaqdan donmuş barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi...
Küçələrə su səpmişəm...Xəlil qapıdan girəndə arvadı təəccübləndi; Xəlilin vacib işi olmasaydı günortalar evə gəlməzdi. Teybə çox vaxt axşam xörəyindən saxlayıb çörəyin arasına qoyar, onu qəzetə yaxşı-yaxşı bükərdi. Xəlil də səhər evdən çıxanda həmin bükülünü qoltuğuna vurardı. Aparmaq üçün fərqli xörək olmayanda Xəlil günorta hamamın yanındakı yeməkxanaya gedərdi. Bir də ki, onun yeməyi nə idi? Uşaq kimi, dörd yarpaq dolması onu xirtdəyəcən doyuzdurardı. Teybə yeddi il idi ki, onunla bir damın altında yaşayırdı və bu yeddi ildə Xəlilin istirahət günlərindən başqa günortalar evdə tikə kəsdiyini görməmişdi.Teybə ərinə nəzər saldı və qorxdu. Xəlilin arıq, uzunsov sifəti bozarmışdı. Damağındakı “Kazbek”in islanmış kötüyünü çeynədikcə batıq ovurdları tərpənirdi. Qıyılmış xırda gözləri otağın künc-bucağında nəsə axtarırdı. O, papirosun kötüyünü dişləyib tüpürdü.
Dədə palıdKürün sağ yaxasında yaşıl zolaq kimi uzanıb gedən meşədə Bağır düz iyirmi il idi ki, gözətçi işləyirdi. Ən uca, ən qoca palıdın otuz-qırx addımlığında balaca bir koma qaralamışdı və Bağır bu komada olanda ən uca, an qoca palıdın hənirini eşidirdi. Hərdən Bağıra elə gəlirdi ki, bu meşədə qoca palıddan savayı acac yoxdur və Bağır iyirmi ildir ki, yalnız bu ağacın keşiyini çəkir.Bağır bu palıdı hər gün görürdü; səhərdən axşamacan onun yanından bəlkə yüz dəfə ötürdü. Onun kölgəsində süfrə açırdı, dincəlirdi. Bürkülü gecələrdə bəzən elə buradaca – palıdın çətiri altındakı taxta çarpayıda yatırdı. Bu palıd Bağırçın dünyanın özü qədər qədim idi, əbədi idi. Bağır bu palıdın bozumtul, çat-çat gövdəsinə kürəyini bəlkə min dəfə, milyon dəfə söykəmişdi, ancaq elə bil palıdın təpəsinə baxmamışdı, fikir verməmişdi. Yəqin ki, baxmışdı, amma Bağır bu gün, bu yay səhərində gördüyünü əvvəllər görməmişdi.
Стихи других поэтов
Gecə gündüz dad-fəryad eylərəmMəni bu hicrana salan yar hanı
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.
Əlli il yaşadımƏlli il! Bəsimdir orta bir ömür,Taleyin hökmü də vaxtını bilir.
Qəzəl: Aftabi-aləmi-candır ruxi-zibayi-dostAftabi-aləmi-candır ruxi-zibayi-dost,Rövnəqi-bağı-candır hüsni-bihəmtayi-dost