Birinci hissə, 10
Страница 2 из 3 · 33%
Şamxal çox oturmadı. Çayı içən kimi ayağa durdu. "Ağzınız şirin olsun", - deyə təşəkkür etdi. Çərkəzlə bərabər arabadan uzaqlaşmazdan əvvəl dönüb bir də Güləsərə baxdı. Qız onun Çərkəzə:
– Maşallah, bacın lap böyüyüb, - dediyini aydınca eşitdi.
Güləsər dağların kölgə saldığı cığırla güneyə doğru addımlayan Şamxalı və qardaşını xır yoluna qədər gözdən qoymadı. Anası onu səsləməsəydi, bəlkə də axşama qədər beləcə dayanacaqdı.
O, süfrəni və stəkan-nəlbəkini yığışdıranda da Şamxalın sözləri qulağından getmədi. "Sizin çayınız qəndsiz də şirin olar". Bu nə demək idi? Necə yəni çayınız qəndsiz də şirin olar? Yoxsa o başqa söz demək istəyirdi? Amma qəribə gözləri var. Adamın düz ürəyinin içinə baxır.
Qız sonralar dağda olanda da, hətta arana köçəndə də bu sözləri unuda bilmədi. O, hiss etdi ki, qəlbində nə isə baş qaldırır, bu xatirələr nə üçünsə onu sevindirir, özünə bir həmdərd axtarmağa, ürəyindən keçənləri kimə isə danışmağa sövq edir. Ancaq bu sirri kimə söyləyə bilərdi? Onu məsxərəyə qoymazdılarmı? "Gor qızın iştabından nə keçir?" - deyə ələ salmazdılarmı?
O, bəzən qara damda mitil yorğan-döşəyə bürünüb gözlərini his basmış kərənə zilləyir, torpaq divarın yarıqlarında cırıldaşan gecə böcəklərinin səsini dinləyir, bəzən göyün üzünə səpələnmiş ulduzlara orta bacadan tamaşa edərək xəyala dalırdı. Bacadan seyr etdiyi səmanın bir parçası onun xəyalı tək gah tərtəmiz olur, gah da küləyin qovub gətirdiyi dumana bürünüb tutqunlaşırdı. Bacadan evin ortasına düşən ay işığı azalır, onsuz da qaranlıq olan qazmaya ürək sıxıcı bir kölgə çökürdü. Güləsər gözünü yumub yuxulamağa çalışsa da bacarmır, yerinə qor dolmuş kimi səhərəcən qovrulurdu. Qız özünün də ayırd edə bilmədiyi hallar keçirirdi. Bəzən "o hara, mən hara?" -deyə özünü danlasa da, Şamxalın sözləri yenə qulaqlarında səslənir, xəyalı gözünün önündən getmirdi. Şamxal atını sulamağa aparanda bir bəhanə ilə səhəngi götürüb Kürə enir, uzaqdan da olsa oğlanı görməklə təsəlli tapmağa çalışırdı. Səhərlər yorğan-döşəyi salmaq adı ilə çardağın üstünə çıxıb hərlənir, Cahandar ağagilin həyətinə boylanmaqdan yorulmurdu. Hərdən təsadüf onları qarşılaşdıranda isə Güləsər yolunu dəyişdirib, Şamxaldan qaçır, özünü elə aparırdı ki, guya heç nə onu maraqlandırmır. Ancaq kürəyinə zillənən baxışları duyur, düz yolda ayaqları dolaşır və az qalırdı ki, büdrəyib yıxılsın. Belə hallarda Güləsər indicə ürəyinin partlayacağından qorxurdu. Bu iztirab və məchul hisslər ona əzab versə də, xoş və ləzzətli idi. Gənclik qəlbinin sirlərini məgər axıra qədər başa düşmək olurmu? Orada cücərən meyllərin, parıldayan qığılcımların, kül altında qalmış köz kimi işıldayıb sönən arzuların sayını-hesabını bilmək, hansının alovlanıb parıldayacağını, hansının vaxtsız sönəcəyini əvvəlcədən demək olurmu?!
Şamxal elo o gecə kəndə qayıtdı. Güləsəri meşəyə aparmadı. Qayığı birbaş Kürün ortasındakı balaca adaya sürüb, yulğun kolluğunda gizləndi. O, iz itirmək, camaat yatandan sonra şenliyə dönmək istəyirdi.
Güləsər əvvəlcə çox çırpındı. Adaya çatan kimi qaçıb özünü suya atdı. Üzüb keçmək istədi: Şamxaldan əvvəl Tapdıq qabağa keçdi. Qızı dartıb sudan çıxartdı. Güləsərin bədəni tir-tir əsməyə başladı. Qız qorxdu. İllərdən bəri ürəyində bəslədiyi arzuların puç olduğu qənaətinə gəldi- Şamxalın onu özünə yox, nökərlərinə götürüb qaçırdığını yəqin etdi. O, yenidən çırpındı. Canını qurtarmaq üçün var-qüvvəsini toplayıb dartındı. Oğlanın onu buraxmayacağını hiss etdikdə isə gözləri ilə Şamxalı axtardı, onu köməyə çağırmaq istədi. Şamxal bunu duymuş kimi qabağa keçib axşam ayazında tir-tir əsən Güləsərin qolundan tutdu. Qızın baxışlarında acizanə yalvarışla bahəm dərin bir məzəmmət, dil anlamaz, mərhəmətsiz bir adama qarşı coşan kin qarışıq gjley-güzar var idi.
Tapdıq çəkilib kənarda dayanandan sonra Güləsər bir az sakitləşdi. Şamxal qızı çəkib yulgun kollarının qalın yerinə apardı. Güləsərin canını yenidən titrətmə götürdü.
– Qurban olum, mənə dəymə. Üzüm ayaqlarıyın altına, ay Şamxal, məni biabır eləmə.
Qız qorxusundanmı, yoxsa imdad axtardığındanmı, nədənsə, heç özu də bilmədən onun qoynuna qısıldı. Şamxal islaq paltarı bədəninə yapışan qızın əzalarının titrədiyini hiss etdi. Yazıq qız çırpınır, həm qorxudan, həm də soyuqdan çənəsi şaqqıldayırdı.
Şamxal ələ keçirdiyi ovu yırtıcı bir ehtirasla parçalamaq fikrində deyildi. O, Güləsəri evinə aparmaq və həmişəlik özünə arvad etmək istəyirdi. İndiyəcən atasının bu işə qol qoymayacağını bildiyindən, sirrini heç kəsə açmamışdı. Ancaq indi işlər tərsinə dönmüşdü. Görünür, insan öz taleyindən qaça biiməzmiş!
On yeddi yaşı yenicə tamam olan Güləsər isə başına gələn əhvalatdan heç nə anlamır, elə buradaca, kolun dibində dəhşətli və eyni zamanda cazibədar bir maraqla gözlədiyi əhvalatın baş verəcəyindən qorxurdu. Hələ indiyə qədər bir oğlan əli toxunmayan bədəni Şamxalın təmasından daha şiddətlə titrəyirdi. Oğlan onu qucaqlayanda sudan kənara atılmış balıq kirni çapalayır, əl-qolu tutulanda isə dartınıb çırpınırdı.
Şamxal onun özünü həlak edəcəyini görüb, ehtiras və həyəcandan boğulan bir səslə dilləndi:
– Ay dəli, özünü niyə öldürürsən?
– Qurbanın olum, məni qaytar evimizə.
Qız onun sinəsinə qısılıb belindən qucaqladı. Şamxalı tutub saxlamaq, əl-qol atmağa qoymaq istəmədi. O da bunu hiss edib tərpənmədi.
Çuxasının ətəyi ilə Güləsəri bürüyüb özünə doğru çəkdi. Qızın uşaq koftasına yapışmış yumru döşlərinin, ürəyi çırpındıqca titrədiyini hiss etdi. Onun nəfəsi darıxdı. Qızın ayaqlarını yerdən üzüb yuxarı qaldırdı Təpimiş dodaqlarını onun yanaqlarında, üzündə gəzdirdi. İlk öpüşdən başı gicəllənən Giüəsər sustaldı.
– Mən səni biabır eləmək istəmirəm ki, niyə qorxursan?
– Ölüm ayaqlarıyın altında, mənə dəymə.
...Gecə yarıdan keçib, şenlik sakitləşəndən sonra onlar yenə qayığa oturdular. Bu dəfə Güləsər çırpınmadı. Şamxalın çuxasına bürünüb sakitcə əyləşdi. O, oğlanı yola gətirdiyinə və bir azdan evlərinə qayıdacağına sevinirdi. Şamxal insaflı imiş. Güləsər götürülüb qaçırılan qızların döyüldüyünü, zorla başlarına oyun gətirildiyini çox eşitmişdi.
Hətta onları aylarla gizlədib ortaya çıxarmırdılar da. Ancaq Şamxal ona güldən ağır acı bir söz də demədi. Bu sarıdan qızın ürəyi sakitləşmişdi,
Görəsən gecədən çoxmu keçib? Dədəm evə gəlibmi? Çərkəz hardadır? Mə qapıdan içəri girəndə nə deyəcək? Yəqin boynunu qucaqlayıb "Nə yaxşı gəldin, ay Güləsər, - deyib üzümdən öpəcək.
– Sənsiz lap darıxmışdım". Bəlkə, döşümdən itələyib heç içəri buraxmayacaq?!
Qızı dəhşət götürdü. Ağlına gələn qara fikirlər ildırım kimi çaxıb onu sarsıtdı. Axı, onun qolundan yad kişi yapışmışdı! Yəqin ki, bu saat şenliyin adamları onun götürülüb qaçırıldığını bilirlər. Ağıllarına cürbəcür fikirlər gəlir. Aman Allah, nə böyük rüsvayçılıqdır! İndi mənə kim inanar? Üzümü qaralayıb, eşşəyin belində tərsinə oturdub, kəndin içində gəzdirməzlərmi?
Qız hıçqırdı. Ancaq onu eşidən olmadı. Kürək çəkildikcə şütüyən qayıq xırdaca ləpələri yarıb suyu şapıpldadırdı. Şamxal qabaq tərəfə keçdi. Qayığın burnu sahil daşlarına dəyib xırçıldayanda, atılıb kənara çıxdı. Qarışıq fikirlərdən hələ də özünə gələ bilməyən Güləsəri astadan səslədi. Əlindən tutub sahilə çıxartdı. Qayıqda oturan Tapdıq pıçıltı ilə dilləndi:
– Mən də gəlimmi?
– Yox, özümüz gedərik.
– Birdən yolda-zadda...
– Heç nə olmaz, sən qayıt.
Tapdıq qayığı itələyib sahildən aralandı, suyun axarı ilə aşağıya doğru getdi, O, yarğanların kölgəsində gözdən itəndə Şamxal Güləsərin qolundan yapışdı. Qız yenə də titrədi.
Onlar kənd itlərini duyuq salmamaq üçün çəmənliyin ortasındakı cığırla getdilər. Güləsər qabağa düşmüşdü. Şamxal isə ağır-ağır adımlayırdı. Qız az qala qaçır, qurşağa çıxan otların arasıyla kölgə kimi irəliləyirdi- Sürüdən ayrı düşən qoyun da belə, müti halda canavarın qabağınca qaçır.
Onlar dəyirmanın üst tərəfındən keçib qaşdakı tut ağacının yaxınlında dayandılar. Kənd zulmət içində idi. Cırcıramalar səs-səsə verrnisdilər. Arabir sudan sıçrayan iri balıqların şappıltısı eşidilirdi. Dəyirmanın novuna tökülən suların şırıltısı arasında çaxçağın qulağa dəyən boğuq taqqıltılarına qarışırdı.
Şamxal təpələrin dalından yenicə doğan ay işığında qızı başdan-ayağa süzdü.
– İndi fikrin nədir? Hara getmək istəyirsən?
Qız dinmədi. Yerindəcə silkələnib dayandı. Danışmaq istədisə də bacarmadı. Yaş onu boğdu. Yaylığının ucunu ağzına salıb didişdirdi.
Şamxal onu evlərinə buraxan deyildi. Əgər qızı qaytarsa, sabah baş qaldırib, şenliyin arasında gəzə bilməzdi. Cavanlar onu məsxərəyə qoyub gülər, kənd arasında, doqqazda oturan kişilər salamını da almazdılar, "bivec,
– deyə ələ salardılar, - gül parçası kimi bir qızı da özünə ram edə bilməyib. Daha o nə kişidi?" Qaçırılan qızın bəkarətinin pozulmadan geri qayıtması oğlan üçün ölüm sayılırdı. Ona görə vəhşilik dərəcəsinə gəlsə də, heç kəs qaçırdığı qızı salamat buraxmaq istəmirdi. Burada ikinci bir cəhət də vardı. İsmətini itirmiş qız, ömürlük işgəncə də olsa, həmin adamla qalıb yaşayır, bir də geri, atasının evinə qayıtmırdı. Şamxal bunları çox yaxşı bilirdi və dediyindən də dönən deyildi. Ancaq Güləsəri də incitmək istəmirdi. Bir də, qızın ona meylli olduğunu duymuşdu. Elə buna görə də bir az arxayın tərpənirdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ismayil-sixli-deli-kur-birinci-hisse-10
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Axşam qaranlığı qatı bir kölgə kimi Qorinin üzərinə çökmüşdü. Yarımca saat bundan əvvəl zirvəsində günəşin son sarılıqlarını əks etdirən dağlar boyun-boyuna verib mürgüləyirdi. Buranın təbiəti şimala bənzəmirdi, nə bəyaz gecələr, nə də uzun sürən yay axşamları var idi. Birdən-birə zil qaranlıq çökür, birdən-birə də dan yerində şəfəqlər oynaşırdı.Semyonov artıq bunlara vərdiş etmişdi. Əvvəllər Peterburqun bəyaz gecələrinə vurğun olan Dmitri Dmitriyeviç indi də cənub axşamlarına məftunluq göstərirdi. O hər axşam pəncərə qabağında dayanıb qüruba tamaşa etməyi sevirdi. Bu gün də adəti üzrə, həmişəki yerində durub üfüqlərə baxırdı, bağ-bağat içində itən Qorinin kiçik daxmalarında yanan çıraqlar qaranlıqda parıldayan yalqız qurdları kimi işıldayırdı.
Dördüncü hissə, 2Damların və çardaqların üstündə axşamdan təzək yandırmışdılar. Gecədən xeyli keçməsinə baxmayaraq, hava durğun olduğundan kəsif tüstü layları kəndin üstünə çökmüşdü. Bir yarpaq, bir ot belə tərpənmirdi. Ağcaqanad sürüsünün vızıltısı bir-birinə qarışıb kəndə züy tuturdu. Hər şey susmuşdu. Anası Osmana axşamdan damın üstündə yer salmışdı. O, yatıb yuxuya qalmamaq üçün tezdən yorğan-döşəyə girmişdi, ancaq gözünə yuxu getmirdi.Mina xala oğlunun yanında oturmuşdu. Arvad Osmanın köynəyini dizinin üstünə qoyub yamayırdı. Düz üç gün hər yeri gəzmiş, qonum-qonşuya ağız açmış, hətta şəhərə gedənlərə yalvarmışdı ki, ona beş-altı metr parça alsınlar, sonra əlinə pul düşən kimi borcu qaytarar. Ona əl tutan olmamışdı. Axırda hər yerdən əlacı kəsildiyindən, oğlundan xəlvət qapılarındakı yeganə xoruzu tutmuş, qonşu kənddəki dükana gedib parça istəmişdi. Dükançı bir arşından artıq parça verə bilməyəcəyini söylədikdə isə "ağrım ürəyinə, xoruzu sənə verməkdənsə, kəsərəm, uşağım yeyər" – demiş və birbaş evə qayıtmışdı. O, oğlunun əynini təzələməyə çalışmış, yoldaşlarının yanında Osmanın utanmasını istəməmişdi. İstəmişdi ki, Osman qərib yerə ürəyi sınqın, əyni çılpaq getməsin. Ancaq nə edəsən ki, yoxdan Allah da bezardır.
Dördüncü hissə, 3Aleksey Osipoviç yastığa dirsəklənərək qonşu çarpayıda şirin yuxuya getmiş arvadına tamaşa edirdi. Vera əlinin ikisini də cütləyib başının altına qoymuş, dizlərini qarnına doğru azacıq qatlayıb yatmışdı. Yorğan sürüşüb düşdüyündən, çiyninin bir hissəsi və sinəsi açılmışdı. Nəfəsi ipək köynəyinin yaxasındakı tülü yelləndirirdı. Çırağın işığı aşağı çəkilmiş olsa da, arvadın saçlarına düşəndən aydınca görünürdü. Qırışlar onun alnına iz salmışdı. Gözlərinin altı kölgələnmiş, buxağında, sinəsində nazik zehlər əmələ gəlmişdi. Halbuki, beş-altı il bundan əvvəl yanağı, buxağı, elə sinəsi də qəşəng və sığallı idi. Saçları gur və dalğalı idi. Köksü qabarıq olsa da, bədəni nazik və oynaq idi. Hərəkətləri çevik, yerişi quş kimi yüngül idi. Ancaq indi ətə dolub ağırlaşmışdı. Hiss olunurdu ki, Vera yaşlaşmışdı.Onlar on ildən çox idi ki, evlənmişdilər. Çətin günlərdə bir-birinə həyan olmuş, evdə bir azca soyuqluq hiss edəndə nəfəsləri ilə onu isitmiş, qəribliyə düşəndə bir-birinə sığınmışdılar: ürəklərindən keçənləri gözlərindən oxumuşdular. Aleksey Osipoviç hələ indiyə qədər Veradan narazılıq, azacıq da olsa bir şikayət eşitməmiş, özü də arvadının könlünə toxuna biləcək bir hərəkət etməmişdi. Onlar bir-birini çox istəyirdilər. Uşaq vaxtı Şamaxı tərəfdə, Çuxuryurd yaylaqlarında bir yerdə böyümüşdülər. Vera ağ bənizli, qırmızı yanaqlı malakan qızları ilə bir yerdə ot biçininə gedəndə, bulaq üstə enəndə, ya da ayaqyalın çəmənlikdə qaçanda, Aleksey onu gözaltı süzərdi. Axşamlar isə tez-tez kəndin ortasına toplaşıb qarmon çalar, səhərə qədər oynayıb-oxuyar dan qızarana yaxın evlərə dağılışardılar. Aleksey Veranı tez-tez rəqsə çağırar, sonra da kölgəli küçələrlə evlərinə ötürərdi. Onlar belə hallarda kəndin arasındakı yolla asta-asta addımlayar, aylı gecələrdə qoşalaşan kölgələrinə tamaşa etməkdən doymazdılar. Onların kölgələri gah dağın döşünə sərilər, gah dərəni aşar, gah da yenicə ağardılmış kənd evlərinin divarında baş-başa verərdi. Aleksey Veranı ilk dəfə evlərinin yanında, məhz belə aylı gecələrin birində öpmüşdü. Vera onun hərəkətinə əvvəlcə təəccüb etmiş, xeyli Alekseyin üzünə baxmış, sonra özü də bilmədən onun boynunu bərk-bərk qucaqlamışdı. Kəndin alt tərəfindəki çəmənliyin otu biçilmişdi. Tayalar cərgələnmişdi. Vera baş yaylığını açaraq çəmənliyə qaçmışdı. Onlar qurumuş çiçək və otun ətrindən məst olaraq, tayaların birinin kölgəsində gizlənmişdilər.
Dördüncü hissə, 4Uşaqlar və Olqa Konstantinovna qonşu otaqda yatdıqdan sonra, Semyonov yazı masasının arxasına keçdi. Şalvarının yan cibindən təmiz bir dəsmal çıxartdı. Eynəyinin şüşələrini sildi və polisin dünən gecə gətirdiyi məktubu şamın işığında təzədən diqqətlə oxudu. Son sətirlərin üzərində xeyli dayandı. "Kipianinin nələr düşündüyünü öyrənib bizə gizlicə xəbər verəsiniz". Məktubu kənara atdı. "Gör nə qədər həyasızlaşıblar! İnsanın nələr fikirləşdiyini, onun təfəkkür tərzini belə nəzarət altında saxlamaq istəyirlər. Adamları sərbəst düşünmək hüququndan da məhrum etməyə çalışırlar. Az qalırlar ürəklərə belə xəfiyyələr göndərsinlər". O bir anlığa Kipianinin hərəkətlərini gözü qabağına gətirdi. Seminariyada işlədiyi müddətdə hələ ondan şikayət olmamışdı- Kipianini yalnız gürcülər deyil, bütün şöbələrin tələbələri sevirdi. O, gözəl müəllim idi. Vətənini dərin məhəbbətlə sevən bu adam həmişə onun taleyini düşünür, keçmişindən və gələcəyindən böyük ehtirasla danışırdı. Kipiani bütün vardığı ilə məktəbə və tələbələrə bağli idi. O özü ədəbi gecələr təşkil edir, şer oxuyur, uşaqlarə dram dərnyinə toplayır, ekskursiyalara aparır. İki il idi ki, tarix dərnəyi təşkil etmişdi. Belə bir adamı nə üçün gözüm-çıxdıya salmışdılar? Onu yenidən Sibirəmi göndərmək istəyirdilər? Axı mən ondan nə yaza bilərəm?Semyonov ayağa durdu. Küncdəki seyfdən iri bir qovluq çıxardıb masanın üstünə qoydu. Asta-asta vərəqlədi. Əvvəlcə əlinə qəzet səhifəsinə bənzər iri bir kağız keçdi. Mətbəədə çap olunmuş bu vərəq qara haşiyəyə alınmışdı. Bu, inqilabi iş üstündə Peterburq, Moskva, Kazan, Kiyev ali məktəblərindən qovulmuş müəllim və tələbələrin siyahısı idi. Daxili işlər nazirliyinin əmri ilə həmin adamlar polis nəzarəti altında saxlanılır və məktəblərdə işləmək hüququndan məhrum edilirdi. Son vaxtlar bu cür gizli siyahıları tez-tez göndərirdilər. Semyonov xırda hərflərlə yazılmış vərəqi nəzərdən keçirdi. Siyahıda özünün bir neçə tanışlarının da adına rast gəldi. Nəhayət, Kipianinin familiyasını tapdı. Onun adının qarşısında qələmlə işarə qoydu. Bir xeyli beləcə, əlində qələm, dayandı. Fikirli-fikirli saqqalını qaşıdı. "Demək, ondan hələ əl çəkməyiblər. Peterburq Texnoloji İnstitutundan qovulduqdan və Sibirdə cəza çəkdikdən sonra belə onu gözdən qoymurlar. Bəlkə elə doğrudan da Kipiani burada da gizli işlərlə məşğul olur, hökumət əleyhinə təbliğat aparır? Axı bu təbliğat nədən ibarətdir? Məgər ölkənin vəziyyətini düşünmək, onun ağır hal keçirdiyinə dözməmək, qurtuluş yolu axtarmaq hökumət əleyhinə çıxmaqmı deməkdir? Məgər hər bir namuslu vətəndaş vətəninin, millətinin səadətinə çalışmamalıdırmı? Gördüyü ədalətsizliklərə qarşı öz etiraz səsini ucaltmamalıdırmı? Bu ki, hökumət əleyhinə işləmək deyil, əksinə, onun işinə kömək etmək deməkdir. Bəs belə isə, nə üçün bir balaca sərbəst düşünmək istəyənləri təqib edirdilər. Qollarını qandallayıb elindən, obasından didərgin salırlar? Məgər biz buraya, Qafqazın ucqar yerlərinə bundan ötərimi gəlmişik?"