Birinci hissə, 10
Страница 3 из 3 · 67%
– Özün bilən yaxşıdır. Tərtəmizsən. Əlim-ayağım dəyməyib. Ancaq sənə kim inanacaq?
Elə Güləsəri də sarsıdan bu idi.
Şamxal onun tərəddüd etdiyini görüb, qələbəsinə əmin oldu və heç nə soruşmadan qızı kirimişcə qabağına salıb evə gətirdi.
Qara damda təkcə oturub, vahimə içində qardaşını gözləyən Salatın gecə yarıdan sonra şıqqıltı eşidib, həyətə çıxdı. Səksəkəli halda:
– Adam, kimsən? - Deyə soruşdu.
Şamxal astaca dilləndi:
– Mənəm.
– Ay qağa, adam da...
– Səs salma!
Salatın qardaşının yanında başqa bir adamın da gəldiyini görüb susdu. Onlar çardağın qabağında dayandılar.
– Tez ol, çırağı yandır, bunu içəri apar. Yazıq tir-tir əsir. Üst-başı sudur.
Salatın çuxaya bürünüb kölgədə dayanan qızı tanımadı.
– Bu kimdir?
– Güləsər.
– Güləsər? Ay qağa, nə elədiyındir?
– Uzun danışma. Nə deyirəm ona bax!
Salatın çırağı yandırıb qabağa keçdi. Şamxal yerindəcə donub qalan qızı itələyib içəri saldı. Sonra bacısını səslədi:
– Quru paltarın varsa, ver dəyişsin.
Onlar içəri keçdilər, Salatın soyuqdan gömgöy göyərmiş qıza baxdı. Güləsər uçum-uçum uçunurdu. Lakin soyuqdan çox, qarşıdakı məchulluq onu titrədirdi.
– Ay qız, bu nə işdi?
Güləsər uşaq kimi kövrəldi və birdən Salatının boynuna sarılıb hönkürdü. Onlar xeyli beləcə dayandılar. Güləsər ağlayıb ürəyini boşaltdı.
– Qurban olum, mənə bir yol göstər.
– Nə yol? Daha gəlib çıxıbsan,
– O mənə heç nə eləməyib. Bəlkə gec deyil, evimizə gedim?
Salatın həyadan qızardı. Qızlıq ismətinin bakirəliyini saxlamağın çox çətin olduğunu bildiyindən, Güləsərin halına acıdı. Bir də, o geri qayıtsa daha pis olmazdımı? "Kasıb qız idi, bir gecə saxlayıb buraxdılar", - deyə yazığı daşqalaq etməzdilərmi? Aralığa qan düşməzdimi? Bir dlişmənçilik dy bu yandan başlamazdımı? Bunları fikirləşən Salatın yaşlı qadınlar kimi Güləsərə öyüd-nəsihət verməyə başladı:
– Heç yana getmək lazım deyil. Şenliyi özünə güldürməkmi istəyirsən?
Salatın hirslənmişdi. Qardaşının heç kəslə məsləhətləşməyib, özbaşına arvad alması ona yaman toxunmuşdu. "Bu gədə lap ağlını itirib. Axırda kişinin ürəyi partlamasa yaxşıdır", - deyə xəyalında onu asıb-kəsirdi. Digər tərəfdən, ürəyinin lap dərinliyində baş qaldıran bir hiss onu sevindirirdi. Qardaşı evlənirdi. Məgər o bu günü çoxdan arzulamırdımı? Tez-tez Şamxala sataşıb "nə vaxt gəlin gətirirsən?" - deyən o deyildimi? Bəs indi niyə hirslənir? Gülüb oynamaq əvəzinə niyə qaşqabağını tökür? Bu suallara Salatın özü də cavab tapa bilmirdi. Bəlkə qardaşının belə xəlvəti evlənməyi, cah-cəlalla toy etməyib, qız götürüb qaçması ona toxunurdu? Axı, Salatın Şamxalın toyunda dovunca oynamağı əhd etmişdi! Onun arzuları niyə puç olurdu? Bəlkə Güləsəri bəyənmirdi? Yox, Güləsər onun çoxdan xoşuna gəlirdi. On-az görüşsələr də, bir-birinə çox yaxın idilər.
– Yaxşı, bəsdi. Yad yerə ha gəlməyibsən?
– Axı mən belə istəmirdim.
– Nə bilirsən, bəlkə bu yaxşıdır.
– Qurban olum, məni danlama.
Salatın birdən-birə ayılan kimi oldu. Dolaşıq fikirlərdən yaxasını qurtarıb, Güləsərin üzündən öpdü.
– Belə xoş gəlibsən. Qədəmin yüngül olsun. Allah sizi qoşa qarıtsın! Bir də ki, ay şeytan, naz eləmə, özüyün ürəyindəndir. Pişiyin könlü samanlıqdaydı, it də vurdu samanlığa saldı. Daha nə istəyirsən?
Elə bil Salatını birdən-birə dəyişdirdilər, azca bundan əvvəlki donuq qız haraya isə çıxıb getdi. Əvəzinə şıtıx, qaş-gözünü oynadıb gülən ayar bir qız gəldi. O tez sandığı açdı. Quru paltar çıxartdı.
– Aman Allah, gör necə də titrəyirsən? Aaz, gömgöy kəsilibsən. Tez ol, əynindəkini soyun. Al, Allah eləməmiş naxoşlayıb-elərsən, biabırçılıq olar. Tez-tez.
Bu yüngüllük və şıtıxlıq Güləsərə də təsir etdi. Onun da çöhrəsi açıldı. Qaşlarını oynadıb gulümsündü. Salatın çırağın işığında onun yaşlı gözlərinin dərinliklərində parlayan qığılcımlan duydu. Qız koftasını soyunanda Salatın Güləsərin alt paltarının da islaq olduğunu gördü. Onun yenicə ətə dolan ağ sinəsinə baxdı. Yaş köynək qızın yumru döşlərinə yapışmışdı. Bəzi yerlərdə ətlə paltar arasında hava qalmışdı. Ağ zolaqların arasında açıq-çəhrayı rəngə çalan bədəni görünürdü.
Salatının ürəyi çırpınırdı. Gicgahlarındakı damarlar nəbzinin ahənginə uyğun olaraq vurmağa başladı. Elə bil qızın sifətinə isti buğ verdilər. Yanaqları allanıb pörtdü. Birdən Güləsər də dayandı. Əlindəki donu sinəsinə tutub geri çəkildi.
– Sən Allah, üzünü o yana tut. Qoy köynəyimi dəyişdirim.
Onlar bir-birinin bədənini çox görmüşdülər. Elə uşaqlıqdan Kürdə yan-yana çimir, bir-birindən çəkinmədən soyunub suya atılırdılar. Hətta bəzən bir-birini suya basanda zarafata salıb döşlərini sıxırdılar. Amma indi Salatın qıza baxanda qardaşı Şamxalı gözünün qabağına gətirdi və özünü itirdi.
– Yaxşı, soyun, - deyə ondan aralanıb yük yerinə yaxınlaşdı. Dəhlizdə ayaq tappıltısı eşidildi. Salatın yüyürüb qardaşının qabağını kəsdi:
– Gəlmə, qoy qız paltarını dəyişsin.
O, qardaşını geri qaytarıb taxtın üstünə yorğan-döşək saldı. Yastıqları qoşalayıb yan-yana qoydu. Küncdə dayanıb ona tamaşa edən Güləsərin üzündən öpdü. Çıxıb getmək istədi. Qız buraxmadı. "Getmə, qorxuram", - deyə titrədi. Salatın onu taxtın üstündə oturdub, qoşa yastıqlara baxdı:
– Heç nə olmaz, - deyə qımışdı və qızın üzündən bir də öpdü, cəld otaqdan çıxdı.
Şamxal içəri girəndə Güləsər özünü elə itirdi ki, zifaf gecəsində necə hərəkət etməli olduğu haqqında vaxtı ilə gəlinlərin ona öyrətdiklərini unutdu. Durub Şamxalın ayağını basdalamadı və beləliklə də bütün ömrü boyu evdə "üstünlük qazanacağı" ehtimalını əldən verdi. Şamxal onun titrəməsinə, qısılıb küncə çəkilməsinə əhəmiyyət vermədi. Sakitcə:
– Soyun yat, ayaq üstə niyə durmusan? - dedi.
Güləsər yorğanın arasına necə və nə vaxt girdiyini bilmədi.
Çıraq söndü.
Bacadan süzülən ay işığı torpaq döşəmənin ortasına ağ bir ləkə saldı. Güləsər yad və isti bir bədənin təmasından diksinib titrədi...
Dan yeri sökülürdü. Şenliyin xoruzları səs-səsə verib banlaşırdılar. Şərq tərəfdə üfüq ağarışır, göyün üzü qızarırdı. Bu qızartı getdikcə çoxalır, Kürün sularını belə alovlandırırdı. Çəmənliklərdə və yolların kənarında səkən quşlar yeni bir səhərin açıldığını duyub oxuyurdular...
Kitabxana.az · https://kitabxana.az/ru/works/ismayil-sixli-deli-kur-birinci-hisse-10
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Axşam qaranlığı qatı bir kölgə kimi Qorinin üzərinə çökmüşdü. Yarımca saat bundan əvvəl zirvəsində günəşin son sarılıqlarını əks etdirən dağlar boyun-boyuna verib mürgüləyirdi. Buranın təbiəti şimala bənzəmirdi, nə bəyaz gecələr, nə də uzun sürən yay axşamları var idi. Birdən-birə zil qaranlıq çökür, birdən-birə də dan yerində şəfəqlər oynaşırdı.Semyonov artıq bunlara vərdiş etmişdi. Əvvəllər Peterburqun bəyaz gecələrinə vurğun olan Dmitri Dmitriyeviç indi də cənub axşamlarına məftunluq göstərirdi. O hər axşam pəncərə qabağında dayanıb qüruba tamaşa etməyi sevirdi. Bu gün də adəti üzrə, həmişəki yerində durub üfüqlərə baxırdı, bağ-bağat içində itən Qorinin kiçik daxmalarında yanan çıraqlar qaranlıqda parıldayan yalqız qurdları kimi işıldayırdı.
Dördüncü hissə, 2Damların və çardaqların üstündə axşamdan təzək yandırmışdılar. Gecədən xeyli keçməsinə baxmayaraq, hava durğun olduğundan kəsif tüstü layları kəndin üstünə çökmüşdü. Bir yarpaq, bir ot belə tərpənmirdi. Ağcaqanad sürüsünün vızıltısı bir-birinə qarışıb kəndə züy tuturdu. Hər şey susmuşdu. Anası Osmana axşamdan damın üstündə yer salmışdı. O, yatıb yuxuya qalmamaq üçün tezdən yorğan-döşəyə girmişdi, ancaq gözünə yuxu getmirdi.Mina xala oğlunun yanında oturmuşdu. Arvad Osmanın köynəyini dizinin üstünə qoyub yamayırdı. Düz üç gün hər yeri gəzmiş, qonum-qonşuya ağız açmış, hətta şəhərə gedənlərə yalvarmışdı ki, ona beş-altı metr parça alsınlar, sonra əlinə pul düşən kimi borcu qaytarar. Ona əl tutan olmamışdı. Axırda hər yerdən əlacı kəsildiyindən, oğlundan xəlvət qapılarındakı yeganə xoruzu tutmuş, qonşu kənddəki dükana gedib parça istəmişdi. Dükançı bir arşından artıq parça verə bilməyəcəyini söylədikdə isə "ağrım ürəyinə, xoruzu sənə verməkdənsə, kəsərəm, uşağım yeyər" – demiş və birbaş evə qayıtmışdı. O, oğlunun əynini təzələməyə çalışmış, yoldaşlarının yanında Osmanın utanmasını istəməmişdi. İstəmişdi ki, Osman qərib yerə ürəyi sınqın, əyni çılpaq getməsin. Ancaq nə edəsən ki, yoxdan Allah da bezardır.
Dördüncü hissə, 3Aleksey Osipoviç yastığa dirsəklənərək qonşu çarpayıda şirin yuxuya getmiş arvadına tamaşa edirdi. Vera əlinin ikisini də cütləyib başının altına qoymuş, dizlərini qarnına doğru azacıq qatlayıb yatmışdı. Yorğan sürüşüb düşdüyündən, çiyninin bir hissəsi və sinəsi açılmışdı. Nəfəsi ipək köynəyinin yaxasındakı tülü yelləndirirdı. Çırağın işığı aşağı çəkilmiş olsa da, arvadın saçlarına düşəndən aydınca görünürdü. Qırışlar onun alnına iz salmışdı. Gözlərinin altı kölgələnmiş, buxağında, sinəsində nazik zehlər əmələ gəlmişdi. Halbuki, beş-altı il bundan əvvəl yanağı, buxağı, elə sinəsi də qəşəng və sığallı idi. Saçları gur və dalğalı idi. Köksü qabarıq olsa da, bədəni nazik və oynaq idi. Hərəkətləri çevik, yerişi quş kimi yüngül idi. Ancaq indi ətə dolub ağırlaşmışdı. Hiss olunurdu ki, Vera yaşlaşmışdı.Onlar on ildən çox idi ki, evlənmişdilər. Çətin günlərdə bir-birinə həyan olmuş, evdə bir azca soyuqluq hiss edəndə nəfəsləri ilə onu isitmiş, qəribliyə düşəndə bir-birinə sığınmışdılar: ürəklərindən keçənləri gözlərindən oxumuşdular. Aleksey Osipoviç hələ indiyə qədər Veradan narazılıq, azacıq da olsa bir şikayət eşitməmiş, özü də arvadının könlünə toxuna biləcək bir hərəkət etməmişdi. Onlar bir-birini çox istəyirdilər. Uşaq vaxtı Şamaxı tərəfdə, Çuxuryurd yaylaqlarında bir yerdə böyümüşdülər. Vera ağ bənizli, qırmızı yanaqlı malakan qızları ilə bir yerdə ot biçininə gedəndə, bulaq üstə enəndə, ya da ayaqyalın çəmənlikdə qaçanda, Aleksey onu gözaltı süzərdi. Axşamlar isə tez-tez kəndin ortasına toplaşıb qarmon çalar, səhərə qədər oynayıb-oxuyar dan qızarana yaxın evlərə dağılışardılar. Aleksey Veranı tez-tez rəqsə çağırar, sonra da kölgəli küçələrlə evlərinə ötürərdi. Onlar belə hallarda kəndin arasındakı yolla asta-asta addımlayar, aylı gecələrdə qoşalaşan kölgələrinə tamaşa etməkdən doymazdılar. Onların kölgələri gah dağın döşünə sərilər, gah dərəni aşar, gah da yenicə ağardılmış kənd evlərinin divarında baş-başa verərdi. Aleksey Veranı ilk dəfə evlərinin yanında, məhz belə aylı gecələrin birində öpmüşdü. Vera onun hərəkətinə əvvəlcə təəccüb etmiş, xeyli Alekseyin üzünə baxmış, sonra özü də bilmədən onun boynunu bərk-bərk qucaqlamışdı. Kəndin alt tərəfindəki çəmənliyin otu biçilmişdi. Tayalar cərgələnmişdi. Vera baş yaylığını açaraq çəmənliyə qaçmışdı. Onlar qurumuş çiçək və otun ətrindən məst olaraq, tayaların birinin kölgəsində gizlənmişdilər.
Dördüncü hissə, 4Uşaqlar və Olqa Konstantinovna qonşu otaqda yatdıqdan sonra, Semyonov yazı masasının arxasına keçdi. Şalvarının yan cibindən təmiz bir dəsmal çıxartdı. Eynəyinin şüşələrini sildi və polisin dünən gecə gətirdiyi məktubu şamın işığında təzədən diqqətlə oxudu. Son sətirlərin üzərində xeyli dayandı. "Kipianinin nələr düşündüyünü öyrənib bizə gizlicə xəbər verəsiniz". Məktubu kənara atdı. "Gör nə qədər həyasızlaşıblar! İnsanın nələr fikirləşdiyini, onun təfəkkür tərzini belə nəzarət altında saxlamaq istəyirlər. Adamları sərbəst düşünmək hüququndan da məhrum etməyə çalışırlar. Az qalırlar ürəklərə belə xəfiyyələr göndərsinlər". O bir anlığa Kipianinin hərəkətlərini gözü qabağına gətirdi. Seminariyada işlədiyi müddətdə hələ ondan şikayət olmamışdı- Kipianini yalnız gürcülər deyil, bütün şöbələrin tələbələri sevirdi. O, gözəl müəllim idi. Vətənini dərin məhəbbətlə sevən bu adam həmişə onun taleyini düşünür, keçmişindən və gələcəyindən böyük ehtirasla danışırdı. Kipiani bütün vardığı ilə məktəbə və tələbələrə bağli idi. O özü ədəbi gecələr təşkil edir, şer oxuyur, uşaqlarə dram dərnyinə toplayır, ekskursiyalara aparır. İki il idi ki, tarix dərnəyi təşkil etmişdi. Belə bir adamı nə üçün gözüm-çıxdıya salmışdılar? Onu yenidən Sibirəmi göndərmək istəyirdilər? Axı mən ondan nə yaza bilərəm?Semyonov ayağa durdu. Küncdəki seyfdən iri bir qovluq çıxardıb masanın üstünə qoydu. Asta-asta vərəqlədi. Əvvəlcə əlinə qəzet səhifəsinə bənzər iri bir kağız keçdi. Mətbəədə çap olunmuş bu vərəq qara haşiyəyə alınmışdı. Bu, inqilabi iş üstündə Peterburq, Moskva, Kazan, Kiyev ali məktəblərindən qovulmuş müəllim və tələbələrin siyahısı idi. Daxili işlər nazirliyinin əmri ilə həmin adamlar polis nəzarəti altında saxlanılır və məktəblərdə işləmək hüququndan məhrum edilirdi. Son vaxtlar bu cür gizli siyahıları tez-tez göndərirdilər. Semyonov xırda hərflərlə yazılmış vərəqi nəzərdən keçirdi. Siyahıda özünün bir neçə tanışlarının da adına rast gəldi. Nəhayət, Kipianinin familiyasını tapdı. Onun adının qarşısında qələmlə işarə qoydu. Bir xeyli beləcə, əlində qələm, dayandı. Fikirli-fikirli saqqalını qaşıdı. "Demək, ondan hələ əl çəkməyiblər. Peterburq Texnoloji İnstitutundan qovulduqdan və Sibirdə cəza çəkdikdən sonra belə onu gözdən qoymurlar. Bəlkə elə doğrudan da Kipiani burada da gizli işlərlə məşğul olur, hökumət əleyhinə təbliğat aparır? Axı bu təbliğat nədən ibarətdir? Məgər ölkənin vəziyyətini düşünmək, onun ağır hal keçirdiyinə dözməmək, qurtuluş yolu axtarmaq hökumət əleyhinə çıxmaqmı deməkdir? Məgər hər bir namuslu vətəndaş vətəninin, millətinin səadətinə çalışmamalıdırmı? Gördüyü ədalətsizliklərə qarşı öz etiraz səsini ucaltmamalıdırmı? Bu ki, hökumət əleyhinə işləmək deyil, əksinə, onun işinə kömək etmək deməkdir. Bəs belə isə, nə üçün bir balaca sərbəst düşünmək istəyənləri təqib edirdilər. Qollarını qandallayıb elindən, obasından didərgin salırlar? Məgər biz buraya, Qafqazın ucqar yerlərinə bundan ötərimi gəlmişik?"