Birinci pərdə
Страница 2 из 4 · 25%
Rəfiqə
İndi mən neyləməliyəm?
Əmin
Sevinməli, bizi də sevindirməlisiniz. Heç olmasa, zərif libaslarınızdan birini geyib, qonaqları qarşılar, “buyurun” deyə bilərsiniz... Həyat insana bir dəfə verilir, Rəfiqə xanım, incə bir təbəssüm...
Rəfiqə (işgüzar əda ilə)
Mən işə qayıtmalıyam!
Kərim (qapı ağzında qızının son sözlərini eşidərək)
Rəfiqə, mən səni buraxmayacağam. Sən heç dincəlmədin də!
Rəfiqə
Gözümə yuxu getmir... Məni bağışla, ata. Bilirəm, qonaqlığın mənsiz də şən keçəcək.
Kərim
Axı, sən xəstəni ölümdən qurtarmısan. Demək, mahir cərrah olduğunu bir də sübut eləmisən...
Rəfiqə
Müvəffəqiyyətli əməliyyat – işin yalnız bir hissəsidir. Əsl həkim ona deyərlər ki, xəstəni ayağa qaldıranacan gözü üstündə olsun.
Kərim
Əlbəttə, əlbəttə, gözümün işığı...
Rəfiqə
Ona görə də mən getməliyəm!
Səriyyə (gəlir)
Kərim dayı, gəl özün bax, gör düyünü korlamamışam ki: o dəfəki kimi olmasın.
Kərim (Rəfiqəyə)
Bir hovur məni gözlə. Bu dəqiqə gəlirəm. (Səriyyə ilə gedir)
Əmin
Bayaq bir söz eşitdim. Nə üçünsə Bakıdan buraya gətirilmiş bir dustağı ölümcül vəziyyətdə sizin xəstəxanaya aparıblar... Sizin yardığınız adam odur?
Rəfiqə (sanki acıq verərək)
Özüdür ki, var!
Əmin
Doğrudanmı? Kimdir, tanıyırsınızmı?
Rəfiqə
Bəli, tanıyıram.
Əmin
Çoxdan?
Rəfiqə
Çoxdan!
Əmin
Əgər sirr deyilsə, deyin görüm kimdir, bəlkə mən də tanıyıram.
Rəfiqə
Siz buraya sevinib-gülmək üçün toplaşırsınız. Atamı təbrik eləyəcəksiniz, bir-birindən gurultulu sağlıqlar deyəcəksiniz, dostluqdan, sədaqətdən danışacaqsınız. Xəstənin kim olduğunu desəm, tək sizin yox, atamın da qanı qaralacaq. Bilməsəniz yaxşıdır.
Əmin
Demək sirrdir? (Ağır pauzadan sonra) Nə deyirəm ki? Hər halda xəstəyə belə qayğı göstərməniz xoşuma gəlir. Lakin...
Rəfiqə
Lakin nə?
Əmin
Lakin bilmirəm, nə üçün mənə qarşı buz kimi soyuqsunuz? (Rəfiqə getmək istəyir) Dayanın, Rəfiqə xanım. Yalnız bir dəqiqə.
Rəfiqə
Buyurun.
Əmin
Bəlkə... yox, deyəcəyəm.
Rəfiqə
Buyurun, deyin.
Əmin
Mən istərdim ki, bundan qat-qat zəngin bir süfrə bizim fərəhli günümüzdə açılaydı...
Rəfiqə
Ah... Məni görmək istəyən qonaq sizsiniz?
Əmin
Bəli, mənəm, Rəfiqə xanım. Mən bu görüşə gələrkən, “Olum, ya ölüm!” sözlərini xatırladım.
Rəfiqə
Əgər atam bunu əvvəldən desəydi, xəstəxanaya daha tez qayıdardım.
Əmin
Nə üçün? Axı, nə üçün bu qədər rəhmsizsiniz? Sizdən fərəhli bir cavab gözləyirdim. Düşünürdüm ki, “hə” deyəcəksiniz, mənə qol-qanad verəcəksiniz!..
Rəfiqə
Çətin. Gecikmişəm. Yaşım ötüb!
Əmin
Siz məni ələ salırsınız?
Rəfiqə
Tamamilə ciddi deyirəm. İndi məni yalnız bircə şey maraqlandırır; xəstələrin müalicəsi. Başqa həvəslərim çoxdan sönüb.
Əmin (az qala kövrələrək)
Bu mümkün deyil, Rəfiqə xanım. Siz istəsəniz də, istəməsəniz də ən təbii bir insan arzusunu boğub öldürə bilməzsiniz. Kimi isə sevməli, kiminlə isə ailə həyatı qurmalısınız.
Pauza
İnanın ki, illərin həsrəti mənim qəlbimi yandırıb yaxır. Sizin yolunuzda hər növ fədakarlığa hazıram.
Rəfiqə
Üzr istəyirəm. Xəstənin vəziyyətini bir an belə unuda bilmirəm.
Əmin
Təəssüf, çox təəssüf... (Məyus səslə) Ah, Rəfiqə xanım, sizin diliniz cərrah bıçağından da itidir!
Rəfiqə (o biri otağın qapısına yanaşaraq)
Atacan, mən qaçdım... (Mənalı-mənalı) Bu qədər də düyüyə baxmaq olar? (Gedir)
Əmin
Buz ki, buz! Onun qəlbi üçün qışla baharın fərqi yoxdur.
Kərim (gəlir və Rəfiqənin dalınca qışqırır)
Qızım, hara?.. Yəqin xəstəyə baş çəkməyə getdi. Yoxsa, mənim şad günümdə... (Kədərli) Deyəsən bu xəstə o birilərinə heç bənzəmir...
Əmin
Düz buyurursunuz, Kərim dayı. Bu gün işdən çıxanda xəstəxananın yanında dayanıb, Rəfiqə xanımın yolunu gözləyirdim. Bir həkimə rast gəldim. Dedi ki, Rəfiqə xanımın başı bərk qarışıqdır. Cərrahiyyə otağına bir nəfər məhbus gətiriblər, onu operasiya eləyir. Siz eşitməmisiniz?
Kərim
Məhbus?
Əmin
Bəli.
Kərim
O kimdir, elə?
Qonaqlar dəstə-dəstə gəlir və əl verib görüşürlər.
Kərim (həyəcanlı fikirlərdən ayrılmağa çalışaraq)
Buyurun, hər kəs bəyəndiyi yerdə əyləşsin.
Bədəl (yarımsərxoş halda, azca səndirləyərək)
Mən bu gün üçüncü dəfədir qonaqlığa çağırılıram. Ancaq düzünü deyim ki, hələ də yemək-içməkdən gözüm doymayıb. Bu fani dünyada Əfqanıstanınsa padşahı ola bilmədik.
Fərman
Bədəl dayı, tutaq ki, oldun, neylərdin?
Bədəl
Çox şey. Vacib işlər o qədərdir ki...
Fərman
Məsələn?
Bədəl
Əvvəlcə, bu içkidə bir qayda-qanun qoyardım.
Fərman
Axı, necə, nə sayaq?
Bədəl
Bax, sizin heç biriniz içməyin qaydasını bilmirsiniz. Mən padşah olsaydım, fərman verərdim ki, bir səhər içsinlər, bir günorta, bir axşam, bir də hər vaxt...
Fərman
Lap gecələr də?
Bədəl
Dedim hər vaxt!.. Gecə də vaxtdır, ya yox?
Fərman
Ay Bədəl, bundan ötrü Əfqanıstanın padşahı olmağa dəyməz.
Bədəl
Niyə dəymir?
Fərman
Ona görə ki, səni bircə günün içində taxtdan salarlar.
Əmin
Böyük alman filosofu Kantın transendental fəlsəfəsinə görə padşahlıq – absolyut ideya məfhumuna ziddir. Hakimiyyət müvəqqətidir. Müvəqqəti hakimiyyətdən nə çıxar?
Bədəl
De gəlsin, qardaş oğlu, bu cür kəmsavadlara bir filosof lazımdır ki, hamısını cəhalət yuxusundan oyatsın.
Əmin
Yox, Bədəl dayı, indi hər yerdə axmaq padşahların qoparağını götürürlər.
Bədəl
Qulaq asın, axmaq padşah barəsində sizə bir əhvalat danışım.
Səslər
Danış... Danış... (Hamı Bədəlin başına yığılır)
Əmin (telefonun dəstəyini götürür)
Xəstəxananı verin... Gözləyirəm... Kimdir danışan?.. Növbətçi həkim? Əgər mümkündürsə, bir sualıma cavab verin. Bu gün Rəfiqə Rəhimlinin yardığı xəstə kimdir?.. Məhbus olduğunu bilirəm. Məni adı, familiyası maraqlandırır. Bəli, bəli...
Kərim Rəhimli həyəcanla dinləməyə başlayır. Qonaqların səs-küyü sözlərin aydın eşidilməyinə mane olur.
Kərim
Bir az sakit!..
Pauza
Əmin
Necə, necə? (Məyus) Çox sağ olun.
Kərim
Kimdir?
Əmin
Cəlal Qaşqay... İlk məhəbbət heç zaman unudulmur.
Kərim
Doğrudan odur?
Əmin
Bəli, sizin keçmiş mühəndisiniz Cəlal Qaşqay!
Bədəl
Əgər mən Əfqanıstanın padşahı olsaydım... Yaxşı, kimi gözləyirik, Kərim qağa? Deyirəm başlayaq. Onsuz da bilirəm ki, tamada məni seçəcəksiniz... Oturun, əziz qonaqlar! Xahiş eləyirəm qədəhlərinizi doldurasınız... Buraya yığışmaqdan məqsədimiz yəqin ki, hamınıza məlumdur. Bu gün hörmətli müdirimiz Kərim Rəhimli yüksək mükafat almışdır. Onun görkəmli xidmətlərinə verilən bu qiymət hamımızı hədsiz dərəcədə sevindirir. Sağ ol, Kərim qağa.
Usta Əliş
Biz çox gözəl bilirik ki, ipək fabrikimizin yaranmağında Kərim dayının fədakar zəhməti doğrudan da təqdirəlayiqdir.
Fərman
O, saçlarını da fabrikdə ağardıb.
Bədəl
Vətən və xalq yolunda canını və qanını əsirgəməyən insanlara eşq olsun!
Əmin
Əlavəm var. Onu da deyim ki, əlli dördüncü ilin yanğını... (Bu anda qapı ağzında Fərhad Kamalov görünür. Əmin Bəxtiyarov sükut edərək, onun üzünə baxır. Tədricən hamının gözü Kamalova zillənir. Aralığa uzun bir sükut çökür)
Fərhad
Üzr istəyirəm, qapınız açıq olduğu üçün zəngi basmadım. Mənə vətəndaş Rəhimli lazımdır.
Kərim
Rəhimli mənəm. Buyurun, əyləşin.
Fərhad
Heç kimin sevincinə mane olmaq fikrində deyiləm. Mən sonra da gələ bilərəm.
Kərim
Yox, yox, əyləşin, qonağım olun.
Fərhad
Mən sizə zəng eləmişdim.
Kərim
Bilirəm, Fərhad...
Fərhad
Bəli, bəli, Fərhad Kamalov.
Kərim
Bağışlayın. Mənimlə təcili görüşməkdən məqsədiniz nədir?
Fərhad
Mən respublika prokurorluğundan gəlmişəm.
Kərim
Axı, mən...
Fərhad
Siz yeni şəhər Nərimanabadın ipək fabrikində müdir vəzifəsində çalışırsınız, deyilmi?
Kərim
Bəli.
Fərhad
Deməli, mən yanılmamışam.
Kərim
Xeyr, yanılmamısınız...
Fərhad
Sizdən bəzi suallara cavab almalıyam.
Pauza
Kərim (pərtliyini gizlətmək üçün Kamalova yaxın gələrək, onun qolundan tutur)
Buyurun, əyləşin... Yəqin bugünkü qəzetləri oxumusunuz.
Fərhad
Bəli, oxumuşam. Sizin haqqınızda Ali Sovetin Rəyasət Heyəti fərman verib.
Kərim
Bu münasibətlə yığışıb, bir-iki saat şadlıq eləmək istəyirik. Buyurun, siz də bəyəndiyiniz yerdə əyləşin. Kasıbın olanından...
Fərhad
Təşəkkür eləyirəm. Bu mümkün deyil. (Qonaqları göstərərək) Belə bilsəydim gəlməzdim. Hələlik. (Getmək istəyir)
Kərim
Əgər mümkünsə, dayanın... Oxu atıb yayı gizlətmək nahaqdır. Bilmək istəyirəm ki, hansı suallara cavab verməliyəm.
Fərhad
Mən sizi tələsdirmirəm. Sabaha qədər gözləyə bilərəm. (Gedir)
Kərim
Qonaqlardan üzr istəyirəm... (Kamalovun dalınca gedir)
Ambardar
Zalım oğlu keyfimizə soğan doğradı... Deyilənə görə Bakıdan Cəlal Qaşqayı gətiriblər. Yolda onu bərk ağrı tutub, xəstəxanaya aparıblar... Fabrikin həngaməsi təzədən başlanacaq.
Əmin
Həyəcanınız yersizdir. Burada nəyi isə dolaşıq salıblar. Kərim dayı büllurdan da saf adamdır. (Çıxır)
Kitabxana.az · https://kitabxana.az/ru/works/mehdi-huseyn-alov-birinci-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Xəfif və bürkülü bir dumana bürünmüş Bakı da, sakit-sakit ləpələnən mavi Xəzər də heç vaxt mənim üçün bu qədər əziz olmamışdı. Gəmi sahildən uzaqlaşdıqca, mən doğma şəhərimi necə sonsuz bir məhəbbətlə sevdiyimi həqiqi mənada elə bil yalnız indi dərk eləməyə başlayırdım. Ondan ayrılıb getdiyimə bir növ inanmırdım. Mən bir daha buraya qayıdıb-qayıtmayacağımı bilmirdim. Qalın kül altında qalmış gözləri qəfildən əsən külək necə üzə çıxarırsa, gözlənilməz ayrılıq da insanın ürəyinin hansı guşəsində isə gizlənmiş məhəbbəti o cür üzə çıxardır.Mən gəminin göyərtəsində sıxlaşmış adamların arasında dəmir məhəccərə söykənib şəhərə baxırdım. Yarımdairə halında boyunbağı kimi sahili çevrələmiş və göz işlədikcə uzanıb gedən Bakının əzəmətini sanki yalnız indi duyurdum. Mən bu şəhərdə doğulmuşdum. Atam-anam da buralı idi. Mən onların yeganə övladı idim. Gəmi sürətini artırıb sahildən uzaqlaşdıqca, həyatımın səhifələri gözlərim qarşısında ağır-ağır vərəqlənirdi. Atam bütün ömrü boyu neft mədənlərində işləmişdi. Adicə fəhlə idi. Özü savadsız olsa da, məni oxudub boya-başa çatdırmaq üçün hər əziyyətə qatlaşmışdı. Gözlərimi dünyaya açandan sonra özümü də, ata-anamı da şəhərin dağlı məhəlləsindəki birmərtəbəli, alçaq və təkpəncərəli daxmada görmüşdüm. İndi mən istər-istəməz o məhəlləni, o daxmanı axtarırdım. Otuz üçüncü ilə kimi yaşadığımız bu qaranlıq daxma, əlbəttə, çoxdan sökülmüşdü. Əgər ona toxunmamış olsaydılar da, buradan, dörd-beş kilometrlik məsafədən onu görmək mümkün deyildi. Yeni, uca binalar içərisində təkəm-seyrək daxmalar, indi şəhərin gözəlliyinə xələl gətirən bozumtul-qara ləkələr kimi əriyib gedirdi. Ancaq mən öz daxmamızı elə bil indi də görürdüm, onu mən həyatımın son dəqiqələrində belə unuda bilməyəcəkdim, çünki mən divarlarımın dibi həmişə rütubətçəkən, taxta-şalbanlarını qurd yeyib deşik-deşik eləmiş bu qədim daxmada bütün ömrümün ən dərdsiz-qəmsiz illərini yaşamışdım. Bax, elə bu dəqiqə də, işdən yorğun-arğın qayıdıb döşəmədəki həsir üstündə uzanan atamı, onun cadar-cadar olmuş ayaqlarını yumaq üçün aftafa-ləyən gətirən anamı görürdüm. Özü də elə bil onların ölümündən on bir il keçməmişdi... Ah, ey mənim əziz qocalarım, yaxşı ki, siz Çəmbərəkəndin sarımtıl torpağı altında rahat yatırsınız, qızınızın bu acı sərgüzəştindən xəbər tutmursunuz... Əgər siz bu günəcən sağ qalsaydınız, hər vaxt xoşbəxtliyini arzuladığınız Səmirənin dərdi ikinizi də vərəmlədib öldürdü...
Çölün düzündəNağıllarda deyildiyi kimi, az getdik. Üz getdik, dərə-təpə düz getdik, ən axırda heç vaxt görmədiyimiz və bilmədiyimiz bir çölə gəlib çıxdıq. Adi səyahət olsaydı, xəritə götürərdim, hansı şəhərləri, hansı yaşayış məntəqələrini, hansı yollardan keçib getdiyimizi öyrənərdim, ancaq indi nə xəritəm vardı, nə də bizi ötürən adamlardan bunu soruşa bilirdim.Bizi Krasnovodskdan yük qatarına doldurmuşdular. Az qala sərnişinlər qarın-qarına oturmuşdular. Görünür, bizim bəxtimizdən havalar hələ o qədər də isti deyildi, buna baxmayaraq, bəzən bürküdən nəfəsi darıxanlar və ürəyi gedənlər də olurdu. Vaqonun qapısı ağzını kəsmiş gözətçi heç vaxt bizim yanımıza gəlmir, nəyə ehtiyacımız olduğunu soruşmurdu. İçəridə, ayaq tərəfdə qoyulmuş alümin bakı gündə bir dəfə su ilə dolduran bələdçidən başqa biz heç kəsi görmürdük. Yemək ehtiyatı çoxdan qurtarmış mənim kimi adamlar ona pul verib bir parça çörək, pendir, ya başqa bir şey aldırmaq istədikləri vaxt, o, boynumuza bir xeyli minnət qoyur, ancaq insafən həmişə mütləq bir şey tapıb gətirir, pulumuzun da xırdasını düppədüz özümüzə qaytarır, təklif elədiyimiz bəxşişi götürmürdü.
Çölün düzündən bülbül ötürSaata baxdım. Əqrəb beşi göstərirdi, ancaq hələ də gün doğmamışdı. Üfüqdəki qızartılar nəhəng bir yanğını xatırladırdı. Bizim gəldiyimiz torpaq yoldan burula-burula qalxan toz dumanı, düşərgəmizə sürətlə yaxınlaşırdı. Əlbəttə, maşın gəlirdi. Bərk acmışdım. “Yəqin çörək gətirirlər” deyə sevindim.Qadının xorultusundan başqa heç bir səs eşidilmirdi. Toz dumanı isə üfüq boyu uzanaraq, göy üzünü bozumtul bir pərdəyə bürüyürdü.
GünlərSəhər tezdən hələ gün doğmamış şeypur səsinə yuxudan oyanan adamlar, çörək paylarını alıb, dəstə-dəstə tarlaya və arx qazılan yerə işləməyə gedir, yalnız axşam, qaranlıq düşəndə qayıdırdılar. Düşərgədə heç kimə imtiyaz verilmirdi. Hərə bir sahədə öz bacarığını göstərirdi. İşdən yalnız xəstələri azad eləyirdilər. Son günlərdə Sədi Kamalın xahişi ilə divar qəzeti buraxmaq üçün və dram dərnəyinin məşqlərində iştirak etmək üçün ayrılmış bir neçə nəfəri işdən üç-dörd saat tez buraxırdılar. Mən Niyazovun, vəd elədiyi tikintini gözləyə-gözləyə, mətbəxdə, şorba bişirən qadınlarla bərabər kartof soyurdum. (Əlbəttə, mən “şorba” sözünü şərti işlədirəm, çünki bu xörəyi adicə bulanıq sudan fərqləndirmək üçün hamıdan, o cümlədən də məndən zorba qazanın künc-bucağında üzən xırda-xuruş kartof parçalarını görmək bacarığı tələb olunurdu). Düşərgəmizdə hələ Niyazovdan narazılıq eləyən yox idi. O, bizə firavan həyat vəd eləmirdi və biz də ondan bu cür həyat gözləmirdik. Günlərin birində xəbər çıxdı ki, hardasa, kim isə Niyazovun ünvanına yeddimərtəbəli söyüş yağdırıb, düşərgə əvəzinə istirahət evi açdığına görə qəzəblənmiş və qoca vaxtı xəriflədiyini söyləmişdir. Bu xəbəri əvvəlcə şayiə adlandıranlar oldu, ancaq iki-üç gündən sonra Sədi Kamalın dilindən başqa bir söz eşitdik:– Niyazovu burdan götürürlər. Yerinə də bilirsinizmi kimi yollayıblar?
Стихи других поэтов
Könül qulluq ilə kamil ustada,Kamala yetmədik, işin xam qaldı
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
Bir məndən başqaGuya dəyişir aləm deyirlər,Təzə dövr gəlir qanla-qadayla…
Qurban mən olumGözəllər yola çıxandaYoluna qurban mən olum.