Birinci pərdə
Страница 4 из 4 · 75%
Kərim (təhqirdən incimiş kimi)
Küçədəki avaralarla yaxınlığım yoxdur.
Fərhad
Mən indi həqiqəti daha inadla axtarmağa çalışacağam.
Kərim
O sizin öz işinizdir.
Fərhad
İstəyirsiniz alın, oxuyun, bəlkə xəttini tanıdınız. Bəlkə dostlarınızdandır?
Kərim
Mənim dostlarım belə sarsaq iş tutmaz.
Fərhad
Bilirsinizmi nə yazır?
Kərim
Bilmirəm, bilmək də istəmirəm!
Fərhad
Hər halda xəbəriniz olsa yaxşıdır. (Oxuyur) “Hələlik gec deyil. Meyitin yerə sərilməmiş, çıxıb getməyin məsləhətdir”.
Kərim (qeyri-ixtiyari maraqlanaraq)
Sizcə bunu kim yaza bilər?
Fərhad (acı-acı gülümsəyərək)
Məni hədələyən, görünür o qədər də ağıllı adam deyil. Onun səbirsizliyi mənim şübhəmi daha da artırdı. Günahsız adam istintaqdan nə üçün qorxsun?
Kərim
Doğrudan da, “Qarğa, məndə qoz var” buna deyiblər.
Fərhad (qapını açaraq)
Əmin Bəxtiyarov kimdirsə, buyursun! (Kərimə) Baş mühəndisiniz necə işləyir?
Kərim
Bacardığı qədər.
Fərhad
Bir az da dəqiq desəniz?
Kərim
Narazı deyiləm.
Fərhad
Dostsunuz, eləmi?
Kərim
Vicdanla çalışan adamların hamısını özümə dost bilirəm.
Fərhad
Əmin Bəxtiyarovu da?
Kərim
Bəli. Sualınızın ahəngində nə isə bir istehza duyulur. Bunun mənasını başa düşmədim.
Fərhad
Tələsməyin.
Əmin (gəlir)
Mən hazır, yoldaş Kamalov.
Fərhad
Buyurun, əyləşin.
Əmin
Təşəkkür eləyirəm. mən ayaq üstə də dura bilərəm.
Fərhad
Fabrikdəki yanğına dair izahatınızı oxudum. Qələminiz pis deyil. Əlbəttə daha müfəssəl yazmaq olardı... Müdiriniz sizdən razılıq eləyir... Bunlar öz yerində... Siz, vətəndaş Bəxtiyarov, nədən bilirsiniz ki, Rəfiqə xanım Nərimanabad ipək fabrikinin sabiq baş mühəndisi Cəlal Qaşqayı sevirmiş?
Əmin
Mən bunu harda, kimin yanında demişəm?
Fərhad
Sizə təəccüblü görünməsin. Zahirən baxanda, bu sualın əsil mətləbə dəxli yoxdur. Sizdən əvvəl də şahidlərdən biri məni günahlandırdı. Amma bir düyünü açmaq üçün bu, mənə hava, su qədər lazımdır... Hə, bu barədə nə deyə bilərsiniz?
Əmin
Heç bir şey, yoldaş Kamalov... Əslinə baxsanız, Cəlal Qaşqayın məhəbbət macərası mənə çox gülməli görünür.
Fərhad
Necə məgər?
Əmin (gülə-gülə)
Qaşqay sir-sifətdən o qədər eybəcərdir ki, ona vurulan qızın səmimiyyətinə inanmaq çətindir.
Fərhad
Deyilənə görə, siz fəlsəfə ilə məşğul olmağı sevirsiniz.
Kərim
Əmin alman filosofu Kantdan hər gün təzə-təzə misallar gətirir. Yaxşı da yaddaşı var, mən ona qibtə eləyirəm.
Fərhad (Əminə)
Əgər fəlsəfədən başınız çıxırsa, gərək sadə bir həqiqəti biləsiniz: gözəllik də nisbidir. Çox ola bilər ki, Cəlal Qaşqay sizə çirkin görünsün, amma bir başqasına gözəl. Bu mümkündürmü?
Əmin
Bəlkə də... Ancaq mən inana bilmirəm ki, Cəlal Qaşqaya gözəl deyən əcayib bir insan tapılsın. Kantın transendental fəlsəfəsinə görə, gözəllik məfhumu obyektiv kateqoriyadır!..
Fərhad (Kərimə)
Baş mühəndisinizin hər gün Kantdan gətirdiyi misallar da belədirsə, mən onun fəlsəfi biliyinə qibtə eləmirəm.
Pauza
Bu barədə mübahisə eləmək fikrində deyiləm... Dünən axşam sizin qapınızın ağzında dayanmışdım. İçəri girməyə tərəddüd eləyirdim. İstər-istəməz sizin söhbətinizi eşitdim. Əlbəttə, vətəndaş Bəxtiyarov, siz bilsəydiniz ki, bu gün həmin sözləri yadınıza salacağam, şübhəsiz bir az ehtiyatlı tərpənərdiniz, deməzdiniz ki, “ilk məhəbbət heç bir vaxt unudulmur”.
Əmin
Bəlkə də demişəm. Bundan o nəticə çıxır ki, mən Qaşqayı, Rəfiqə xanımı nəzərdə tuturdum?
Fərhad
Siz elə o dəqiqə Cəlal Qaşqayın adını çəkdiniz. Deyək bu da o qədər böyük sübut deyil... Siz bu barədə yazmısınız da.
Əmin
Harda, nə vaxt?
Fərhad (kağız qovluğundan zərf çıxardır)
Siz buna sevgi məktubu deyəcəksiniz, ancaq mən müstəntiq olduğum üçün, mənim nəzərimdə bu adi bir sənəddir. (Kağızı Əminə göstərir) Xəttinizə söz ola bilməz. Aydın. Səliqəli. Siz yazmısınız, yox?
Əmin (təəccüb içində donub qalır)
Düzdür, mən yazmışam.
Fərhad
Elə isə etiraf eləyin ki, mənim sualıma doğru cavab verməlisiniz.
Əmin
Bu məktub hardan əlinizə düşüb? Mən onu sizə yox, Rəfiqə xanıma yazmışam.
Fərhad
Tamamilə doğrudur.
Əmin
Nə üçün mənim zərfimi açıb oxumusunuz? Sizin bu hərəkətiniz sovet adamının mənəvi prinsiplərinə ziddir.
Fərhad (gülümsəyərək)
Məktubu mən açmamışam. Hardan aldığımı isə deyəcəyəm. Tələsməyin. Cavab verin.
Əmin
Axı nə cavab verim? Rəfiqə xanım hara, Qaşqay hara? Bu mənfur simanın adını dilimə gətirəndə qəzəbimdən titrəyirəm. Doğma dövlətimizin iqtisadi qüdrətini zəiflətmək üçün fabrikimizi yandıran bir xəbislə Rəfiqə xanımın adını yanaşı çəkmək? Sizdə insaf yoxdurmu? Mənim nəzərimdə Qaşqay xəyanət mücəssəməsi, Rəfiqə isə gözəllik və səadət nümunəsidir!
Kərim (özünü saxlaya bilməyərək)
Sağ ol, Əmin. Əhsən! (Fərhada) Yoldaş Kamalov, mən tamamilə rəsmi deyirəm: qızım Rəfiqə Qaşqayı nəinki sevmir, hətta ona nifrət eləyir!
Fərhad
Vətəndaş Rəhimli! Rəfiqə xanım heç birinizi vəkil eləməyib.
Kərim
Canım-gözüm, bu nə danışır! Olmaya sizi vəkil eləyib?
Fərhad
Məni də yox. Amma bu zərfi mənə verən odur!
Kərim
Necə?!.
Fərhad
Bəli, bəli. Qızınız öz məhəbbətini sizdən gizlədir, amma məndən gizlətmir! (Əminə) Mənim fikrimcə sevgi məktubu yazmaq qəbahət deyil... Elə düşünməyin ki, hüquqşünaslar ülvi duyğulardan məhrum, kobud, daşürəkli insanlardır. Xeyr. Mən istərdim ki, Rəfiqə xanım kimi nadir təbiətli qızlarımız sevib bəyəndiyi adamlara qovuşsunlar... Amma sizin bu məktubunuzdan görünür ki, o sizi sevmir. Bəli, bəli, sevmir, vətəndaş Bəxtiyarov. Alın, oxuyun!..
Əmin
Lazım deyil. Mən öz sözlərimi yaxşı xatırlayıram.
Fərhad
Elə isə qoy Rəhimli eşitsin. (Məktubu oxuyur) “Rəfiqə, əzizim, mən bu soyuqluğunuzu görəndə, Cəlal Qaşqaya lənət yağdırıram. O hələ də bizim aramızda bitmiş tikan koluna bənzəyir”. Eşidirsinizmi? Doğrudur, bu sözlər o qədər orijinal deyil, siz bunları “Əsli və Kərəm” dastanından iqtibas eləmisiniz, amma fikrinizi anlamaq mümkündür: Rəfiqə xanım sizi yox, Qaşqayı sevirmiş!
Əmin
Siz bu məktubu alıb oxuyanda heç utanmadınızmı? Başqasının sirləri ilə maraqlanmaq... Bu dövrümüzün etikasına uyğundurmu?
Fərhad
Dövrümüz... Etika... Nə qədər mənalı sözlərdir. Amma siz, vətəndaş Bəxtiyarov, unutmayın ki, müstəntiq həqiqət naminə hər bir sirlə maraqlanmalıdır. O bəzən xirtdəyəcən çamurluğa da batmağa məcbur olur. Lənətə gəlmiş xüsusi mülkiyyət hissi cinayət də törədir, cani də... Müstəntiq, caninin keçdiyi yolları gərək addım-addım, qarışqarış gəzsin. Budur onun müqəddəs devizi!.. O, qan izinə rast gələndə, hədədən, ölüm təhlükəsindən çəkinib, yolundan geri dönə bilməz! Mərdlik və səadət – budur onun ən böyük tanrısı!..
Kərim
Tutaq ki, mənim qızım Cəlal Qaşqayı sevirmiş. Sonra? İndi ki, sevmir...
Fərhad
Siz nə qədər səbirsizsiniz, vətəndaş Rəhimli. Təsadüfən, ananız sizi yeddi aylığınızda doğmayıb? (Gülür)
Kərim
Zarafatın yeri deyil!.. Hələ bir gülürsünüz də!
Kərim
Yox, yox!.. O mənim alın tərimlə, qanımla, illər boyu, gecəli-gündüzlü, istirahət bilmədən yaratdığım fabriki yandıran qəddar bir canini sevə bilməz!
Fərhad
Siz ata da olsanız, bu ixtiyarı qızınızdan ala bilməzsiniz... Özünüzü nə üçün aldadırsınız?
Kərim
Ah, bu qızlar... Atalar yaxşı deyib: “Qız yükü, duz yükü”.
Fərhad
Mən olub-keçmiş hadisələri yadınıza salmaq üçün, hamınızı 1954-cü ilə qaytarmalıyam. Qulaq asın, sizi bu ərizənin məzmunu ilə tanış eləyim. (Kağız qovluğundan əllə yazılmış bir material çıxardır, aramla oxumağa başlayır) Mən atalar sözü ilə başlamaq istəyirəm: “Doğruya zaval yoxdur, çəksələr min divana”. O vaxt mən ipək fabrikində baş mühəndis idim. Əmin Bəxtiyarovla mənim aramda ciddi münaqişə başlanmışdı. Təsadüfən, bir hadisə bu toqquşmanı daha da şiddətləndirdi. Bəxtiyarov Əsmər adlı bir qızla görüşürdü...
Kitabxana.az · https://kitabxana.az/ru/works/mehdi-huseyn-alov-birinci-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Xəfif və bürkülü bir dumana bürünmüş Bakı da, sakit-sakit ləpələnən mavi Xəzər də heç vaxt mənim üçün bu qədər əziz olmamışdı. Gəmi sahildən uzaqlaşdıqca, mən doğma şəhərimi necə sonsuz bir məhəbbətlə sevdiyimi həqiqi mənada elə bil yalnız indi dərk eləməyə başlayırdım. Ondan ayrılıb getdiyimə bir növ inanmırdım. Mən bir daha buraya qayıdıb-qayıtmayacağımı bilmirdim. Qalın kül altında qalmış gözləri qəfildən əsən külək necə üzə çıxarırsa, gözlənilməz ayrılıq da insanın ürəyinin hansı guşəsində isə gizlənmiş məhəbbəti o cür üzə çıxardır.Mən gəminin göyərtəsində sıxlaşmış adamların arasında dəmir məhəccərə söykənib şəhərə baxırdım. Yarımdairə halında boyunbağı kimi sahili çevrələmiş və göz işlədikcə uzanıb gedən Bakının əzəmətini sanki yalnız indi duyurdum. Mən bu şəhərdə doğulmuşdum. Atam-anam da buralı idi. Mən onların yeganə övladı idim. Gəmi sürətini artırıb sahildən uzaqlaşdıqca, həyatımın səhifələri gözlərim qarşısında ağır-ağır vərəqlənirdi. Atam bütün ömrü boyu neft mədənlərində işləmişdi. Adicə fəhlə idi. Özü savadsız olsa da, məni oxudub boya-başa çatdırmaq üçün hər əziyyətə qatlaşmışdı. Gözlərimi dünyaya açandan sonra özümü də, ata-anamı da şəhərin dağlı məhəlləsindəki birmərtəbəli, alçaq və təkpəncərəli daxmada görmüşdüm. İndi mən istər-istəməz o məhəlləni, o daxmanı axtarırdım. Otuz üçüncü ilə kimi yaşadığımız bu qaranlıq daxma, əlbəttə, çoxdan sökülmüşdü. Əgər ona toxunmamış olsaydılar da, buradan, dörd-beş kilometrlik məsafədən onu görmək mümkün deyildi. Yeni, uca binalar içərisində təkəm-seyrək daxmalar, indi şəhərin gözəlliyinə xələl gətirən bozumtul-qara ləkələr kimi əriyib gedirdi. Ancaq mən öz daxmamızı elə bil indi də görürdüm, onu mən həyatımın son dəqiqələrində belə unuda bilməyəcəkdim, çünki mən divarlarımın dibi həmişə rütubətçəkən, taxta-şalbanlarını qurd yeyib deşik-deşik eləmiş bu qədim daxmada bütün ömrümün ən dərdsiz-qəmsiz illərini yaşamışdım. Bax, elə bu dəqiqə də, işdən yorğun-arğın qayıdıb döşəmədəki həsir üstündə uzanan atamı, onun cadar-cadar olmuş ayaqlarını yumaq üçün aftafa-ləyən gətirən anamı görürdüm. Özü də elə bil onların ölümündən on bir il keçməmişdi... Ah, ey mənim əziz qocalarım, yaxşı ki, siz Çəmbərəkəndin sarımtıl torpağı altında rahat yatırsınız, qızınızın bu acı sərgüzəştindən xəbər tutmursunuz... Əgər siz bu günəcən sağ qalsaydınız, hər vaxt xoşbəxtliyini arzuladığınız Səmirənin dərdi ikinizi də vərəmlədib öldürdü...
Çölün düzündəNağıllarda deyildiyi kimi, az getdik. Üz getdik, dərə-təpə düz getdik, ən axırda heç vaxt görmədiyimiz və bilmədiyimiz bir çölə gəlib çıxdıq. Adi səyahət olsaydı, xəritə götürərdim, hansı şəhərləri, hansı yaşayış məntəqələrini, hansı yollardan keçib getdiyimizi öyrənərdim, ancaq indi nə xəritəm vardı, nə də bizi ötürən adamlardan bunu soruşa bilirdim.Bizi Krasnovodskdan yük qatarına doldurmuşdular. Az qala sərnişinlər qarın-qarına oturmuşdular. Görünür, bizim bəxtimizdən havalar hələ o qədər də isti deyildi, buna baxmayaraq, bəzən bürküdən nəfəsi darıxanlar və ürəyi gedənlər də olurdu. Vaqonun qapısı ağzını kəsmiş gözətçi heç vaxt bizim yanımıza gəlmir, nəyə ehtiyacımız olduğunu soruşmurdu. İçəridə, ayaq tərəfdə qoyulmuş alümin bakı gündə bir dəfə su ilə dolduran bələdçidən başqa biz heç kəsi görmürdük. Yemək ehtiyatı çoxdan qurtarmış mənim kimi adamlar ona pul verib bir parça çörək, pendir, ya başqa bir şey aldırmaq istədikləri vaxt, o, boynumuza bir xeyli minnət qoyur, ancaq insafən həmişə mütləq bir şey tapıb gətirir, pulumuzun da xırdasını düppədüz özümüzə qaytarır, təklif elədiyimiz bəxşişi götürmürdü.
Çölün düzündən bülbül ötürSaata baxdım. Əqrəb beşi göstərirdi, ancaq hələ də gün doğmamışdı. Üfüqdəki qızartılar nəhəng bir yanğını xatırladırdı. Bizim gəldiyimiz torpaq yoldan burula-burula qalxan toz dumanı, düşərgəmizə sürətlə yaxınlaşırdı. Əlbəttə, maşın gəlirdi. Bərk acmışdım. “Yəqin çörək gətirirlər” deyə sevindim.Qadının xorultusundan başqa heç bir səs eşidilmirdi. Toz dumanı isə üfüq boyu uzanaraq, göy üzünü bozumtul bir pərdəyə bürüyürdü.
GünlərSəhər tezdən hələ gün doğmamış şeypur səsinə yuxudan oyanan adamlar, çörək paylarını alıb, dəstə-dəstə tarlaya və arx qazılan yerə işləməyə gedir, yalnız axşam, qaranlıq düşəndə qayıdırdılar. Düşərgədə heç kimə imtiyaz verilmirdi. Hərə bir sahədə öz bacarığını göstərirdi. İşdən yalnız xəstələri azad eləyirdilər. Son günlərdə Sədi Kamalın xahişi ilə divar qəzeti buraxmaq üçün və dram dərnəyinin məşqlərində iştirak etmək üçün ayrılmış bir neçə nəfəri işdən üç-dörd saat tez buraxırdılar. Mən Niyazovun, vəd elədiyi tikintini gözləyə-gözləyə, mətbəxdə, şorba bişirən qadınlarla bərabər kartof soyurdum. (Əlbəttə, mən “şorba” sözünü şərti işlədirəm, çünki bu xörəyi adicə bulanıq sudan fərqləndirmək üçün hamıdan, o cümlədən də məndən zorba qazanın künc-bucağında üzən xırda-xuruş kartof parçalarını görmək bacarığı tələb olunurdu). Düşərgəmizdə hələ Niyazovdan narazılıq eləyən yox idi. O, bizə firavan həyat vəd eləmirdi və biz də ondan bu cür həyat gözləmirdik. Günlərin birində xəbər çıxdı ki, hardasa, kim isə Niyazovun ünvanına yeddimərtəbəli söyüş yağdırıb, düşərgə əvəzinə istirahət evi açdığına görə qəzəblənmiş və qoca vaxtı xəriflədiyini söyləmişdir. Bu xəbəri əvvəlcə şayiə adlandıranlar oldu, ancaq iki-üç gündən sonra Sədi Kamalın dilindən başqa bir söz eşitdik:– Niyazovu burdan götürürlər. Yerinə də bilirsinizmi kimi yollayıblar?
Стихи других поэтов
Könül qulluq ilə kamil ustada,Kamala yetmədik, işin xam qaldı
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
Bir məndən başqaGuya dəyişir aləm deyirlər,Təzə dövr gəlir qanla-qadayla…
Qurban mən olumGözəllər yola çıxandaYoluna qurban mən olum.