Страница 2 из 2 · 50%

Elçinin xəyalı görünür.

Bu sənsən, atandan intiqam almağa gəlmişsən, haqqın var. Gəl öldür məni, mən özüm də yaşamaqda bir məna görmürəm...

Elçin

Yadında saxla, atacan... Mənim günahsız olduğum gec-tez aydınlaşacaq...

Cavanşir

Ey məşum xəyal, hanı sənin qılıncın? Gəl yar sinəmi, qəlbimi qopart, qurdlara, quşlara at. Nə üçün dayanmışsan?

Elçin

Ah, ata... Görünür, mənim taleyim belə imiş...

Cavanşir

Ah, oğlum... (üzü üstə yıxılır)

Saran (gəlir)

Böyük ixtişaş qalxdı, hökmdar... Şəhər əhli cəngavərlərə qarışdı. Dost düşmənlə əlbir olub üstümüzə yeridi. Hamısının da narazılığı səndəndir.

Cavanşir

Məndən? Bu nə sözdür, qoca? Dünən hamı bizi təntənə ilə qarşılamadımı?..

Saran

Dünən başqa, bu gün başqa... Böyük hökmdar... dünən onlar sənin ədalətini görürdülər, bu gün isə...

Cavanşir

Bu gün nə?

Saran

Mən onların sözünü dilimə gətirməkdən belə qorxuram...

Cavanşir

Söylə, qoca, neçə vaxtdır ki, mən acı xəbərlər eşitməyə adət etmişəm...

Saran

Deyirlər ki, ac qaldıq, susuz qaldıq, düşmənlə vuruşmada heç nəyimizi əsirgəmədik. Amma Cavanşir bizi nahaq qırğına verdi.

Cavanşir

Nahaq qırğına?

Saran

Bir də deyirlər ki, o, əsl xaini gizlədib, günahsız oğlunu ölümə göndərdi...

Cavanşir

Əsl xain kimdir?

Saran

Əsl xain?

Bu anda yenə də Elçinin xəyalı görünür.

Cavanşir

Yenə odur...

Saran

Kim, hökmdar?

Cavanşir

Elçin...

Elçin

Gördünmü, ata... Vəfalı ürəklər yalnız bir dəfə, yalnız birini sevə bilər...

Cavanşir

Getmə, oğlum, getmə dayan...

Saran

Hökmdar, özünü ələ al... Qara xəyallardan əl çək...

Reyhan

Elçini hara apardılar? Yox... yox, o qayıdacaq. O, heç bir yana getmədi. Hər səhər, hər axşam mənimlə görüşməyə gələcək...

Saran

Qızım, Reyhan, artıq o yoxdur... Amansız ölüm onu bizdən ayırdı... Xainlər onu Ağvana çox gördülər...

Reyhan

O yoxdur? Bax, o buradadır... Ölümə gedən yalnız onun xəyalı idi. Əsl Elçin mənim ürəyimdədir. Əlindəki bu qan nədir? Bilirəm Elçinin qanıdır... Bir-birinə qovuşmaq istəyən iki ürəkdən biri susdu. Mənim ürəyim isə hələ də döyünür... Nə üçün? Qoy o da sussun... (Xəncərlə özünü vurur)

Cavanşir

Qızım, sən nə etdin, nə? Yoxsa mənim iztirablarım azlıq edirdi?

Reyhan

Sən mənə qızım dedin? Ata, Elçin günahkar deyildi. Elçinin məhəbbətinə, ulu göylərin qüdsiyyətinə and içirəm ki, əsil xain sənin vəzirin Söhrab idi.

Cavanşir

Ah, qızım, artıq ölüm ruzigarı əsdi. Mənim ömür gülüstanımı xəzana döndərdi. Nə üçün sən bunu mənə vaxtında demədin...

Reyhan

Bunu mənə atamın cəngavəri Polad yalnız indicə söylədi. Sənin sirlərini atama bildirən Söhrabdır. O xaindir...

Söhrab təngnəfəs halda özünü içəri salır.

Söhrab

Böyük hökmdar, ordu başçınız Qılınc sizə qarşı üsyan edərək buraya hücum çəkir. Gizlənin.

Cavanşir

Reyhanın o məsum dodaqlarından çıxan sözləri eşitdinmi?

Söhrab (qılınca sarılaraq)

Demək, belə...

Cavanşir

At yerə qılıncı... Sənin dilini dibindən kəsdirəcəyəm...

Söhrab

Bilirəm... Qoca köpək, ayağımın altından sən quyu qazmışsan... Vaxtında səni öldürsəydim...

Cavanşir onu öldürür.

Saran

Hamıya quyu qazan sən oldun, xain... Qazdığın quyuya axırda özün düşdün... Günah məndədir... Günahkar mən qocayam, mən səni vaxtında inandıra bilmədim. Məni bağışla... (Bayırda izdiham)

Qılınc

Biz ədalət istəyirik. Yüzlərcə igidin günahsız qanına bais olmuş xainə ölüm...

Səslər

Ölüm...

Qılınc

Kəndləri, obaları xarabaya çevirən, aclıq, fəlakət törədən satqına ölüm...

Cavanşir (qılıncını yerə ataraq)

Gəlin, nə üçün dayandınız? Gəlin öldürün. Mənəm günahkar...

Fərid

Böyük hökmdar, qılınca sarınan bu nankorların qiyamı odla, alovla söndürülməlidir.

Cavanşir

Yox, Fərid, yox, mən bütün ömrüm boyu elin iradəsinə qarşı durmamışam. İndi də ona qılınc qaldırmaram. Daha mənim taleyimin gözləri qapandı... İndi ətrafımdakı bu böyük dağlarda, dərələrdə, göylərdə parıldayan o günəş – hər şey, hər şey gözlərimin önündə zülmət kimi qaraldı. (Qılıncını yerdən götürür) Bax, bu da mənim odlu qılıncım. Bir zamanlar o şər qüvvələri biçib tökərdi. O vaxt mənim arxamda bütün Ağvan dayanmışdı, qollarımda bütün ölkənin qüvvəti vardı. Lakin indi. Yox, indi mən gücsüzəm. Bir uşaqdan belə gücsüzəm. Babalardan bizə miras qalmış gözəl bir misal var. Ağac əyiləndə sınar, igid utananda ölər. Mən utanmamaq üçün ölümü intixab edirəm. (Öz qılıncı ilə özünü vurur)

Qılınc

Ağvanın müqəddəs torpağına and içirəm ki, mən böyük sərkərdəyə əl qaldırmaq fikrində deyildim. Mən yalnız onun ədalətsiz hökmünə etiraz səsimi ucaltmaq, əsil xainin ölümünü tələb etmək istəyirdim. Qoy bütün el, oba bilsin ki, mən Cavanşirin önündə ehtiramla baş əyib, göz yaşlarımla yazdığım bu qəmli dastanımı ona ithaf edirəm...

Qorxmaz igid, cəsur aslan
Qüvvət verdin bizə hər an
Sənin bu mərd ölümünə
Ağlar könül, ağlar ürək
Yanan günəş, əsən külək
Ey insanlar, ey insanlar
Unutmayın heç bir zaman
Eli üçün qəlbi yanan
Cavanşirin şöhrətini
Siz də çəkin onun kimi
Yurdunuzun qeyrətini...

Cavanşirin meyitini aparırlar.

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов