İkinci fəsil
Страница 8 из 10 · 70%
Üç ay belə keçməmiş Fəridənin ölüm xəbəri bütün məhəlləyə yayıldı. Sergeyin necə dərin bir həyəcan keçirdiyini yalnız ata-anası deyil, qonşuları da duyurdular. O, təziyə yerinə gələndə, özünü saxlaya bilməyib, hönkürtü ilə ağladı. Tanışlar bunun səbəbini Fəridə ilə Sergeyin ta uşaqlıqdan yaxın qonşu olmaqları ilə izah edirdilər. Əsil həqiqəti yalnız Fəridə ilə Sergey bilirdi. Qız bu sirri özü ilə bərabər qəbrə apardı.
Sergey Timofeyeviç otuz iki yaşına çatıncaya qədər evlənmədi. Lakin nəsillərinin kəsilməyi ona ağır gəldi. Axırda indiki arvadını aldı və ona öz məhəbbət macərasını açıb söylədi.
Vasilyev Fəridənin əhvalatından sonra da azərbaycanlılarla aranı vurmadı. O, Fəridənin ata-anasını yox, zəmanəni təqsirləndirirdi. Hələ indi də onlarla salaməleykümünü kəsməmişdi. Əldən-ayaqdan düşmüş qocalar, Sergey Timofeyeviçin xətrini istəyir və onunla birlikdə, qızlarını vaxtsız öldürən köhnə dünyaya lənət yağdırırdılar.
Sergey Timofeyeviç Azərbaycan xalq nəğmələrini çox sevirdi. O, hətta özü də arabir qəmgin bayatılardan titrək səsilə oxuyurdu. Bəlkə də elə bunun üçün fürsətdən istifadə edib, Tahiri oxutdurmaq və Tahiri dinləmək istəyirdi. O çox çətin sezilən rus tələffüzü ilə təmiz azərbaycanca Tahirlə Cəmilə müraciət etdi:
– Ay uşaqlar, boş oturmağın faydası yoxdur, qoy Tahir oxusun, biz də qulaq asaq.
Cəmil sazı ondan alıb Tahirə uzatdı:
– Usta düz deyir. İşsiz oturanda yadına həmişə kənd düşür.
Qan Tahirin başına vurdu. “Xəbərçilik eləyir” – deyə düşünüb, narazı bir halda başını buladı və sazı ondan alıb torbanı açdı.
– Nə oxuyum, usta?
– Nə istəyirsən, oxu.
Vasilyev onların böyründə oturdu və sazını kökləyən Tahirə baxa-baxa sükuta qərq oldu.
Tahir sazını sinəsinə basanda yenə evi və kəndi xatırladı. Dağlar, dərələr yadına düşdü. Bulaqdan su gətirməyə gedən qızlar, gəlinlər təsəvvürünü çulğaladı və o, həsrətlə köksünü ötürüb, sazını çala-çala zilə çəkdi:
Qədəm qoyub yar yanına gələndə,
Elə gəl, elə get, yol inciməsin.
Şəkər ləblərindən mənə busə ver,
Dodaq tərpənməsin, dil inciməsin.
Tahirin səsini eşidən o biri fəhlələr də müxtəlif tərəflərdən yavaş-yavaş gəlib onlara yanaşdılar. Tahir onların heç birini görməyib, xəyalı uzaqlarda, yenə oxumağa başladı.
Bülbül fəğan elər, gül həvəsindən,
Qoşa nar asılıb yar sinəsindən,
Elə gəl, elə get bağ-bərəsindən,
Bülbüllər hürküşüb, gül inciməsin.
Gözəllər içində son qızıl güllər,
Dolansın başına şeyda bülbüllər.
Əsmə, səba yeli, titrəmə çöllər,
Cığalar tərpənib, tel inciməsin...
Hər tərəfdən “sağ ol!” səsləri yüksəldiyi zaman, Tahir ixtiyarsız olaraq dönüb geriyə baxanda fəhlə yoldaşlarını gördü:
– İndi də ikinci nömrə qurtardı... – deyə gülümsədi. – Bəs usta harada qaldı?
7
Qüdrət İsmayılzadə yeddi-səkkiz gündən bəri evində gecələməmişdi. Azərneft birliyində səhər-axşam yeni buruqların layihəsi müzakirə olunur, İsmayılzadə ilə geoloqlar arasındakı münaqişələr get-gedə qızışır, çox vaxt səhər saat dörddə-beşdə qurtarırdı.
Qüdrət, yeni dəniz buruqlarında aparılan qazıma işlərinin sürətilə qətiyyən kifayətlənmədiyi üçün, Azərneftdəki gurultulu mübahisələr qurtarandan sonra da evinə qayıtmır, işi ləngidən səbəbləri öyrənmək məqsədilə, ayrı-ayrı briqadalara bilavasitə özü baş çəkir, elə oradaca tapşırıqlar verir, o günün sabahısı da təyin etdiyi vaxtda gəlib, tapşırıqlarının doğrumu, yanlışmı yerinə yetirildivini yoxlayırdı. Trest nəzdindəki qazıma idarəsinin iş sürəti artmışdısa da, Qüdrət bunu yalnız işdəki dönüşün ilk mərhələsi hesab edirdi. Hələ də, bəzən ən cüzi bir səbəb nəticəsində ayrı-ayrı buruqların işi dayanır, verilən gündəlik tapşırığın yarısı da ödənilmirdi. Ona görə də Qüdrəti öz kabinetində tapmaq olmurdu. Katibəsi telefon zənglərinə: “yoxdur, dənizə gedib” sözlərindən başqa bir cavab verə bilmirdi. İki-üç saatdan bəri katibənin yanında oturub, İsmayılzadənin yolunu gözləməkdən yorulmuş bir nəfər müxbir kor-peşman geri qayıtmağa hazırlaşanda, dəniz buruqlarından yenicə qayıdan Qüdrətlə qapıda üz-üzə gəldi:
– Yoldaş İsmaylzadə, mən sizi görmək istəyirdim, – dedi.
– Buyurun, buyurun! – Qüdrət, adəti üzrə yenə də gülərüzlə kabinetini göstərib, özü sürətlə yazı stolunun dalına keçdi. – Mənə görə qulluğunuz?
Müxbir, vəsiqəni çıxardıb göstərəndən sonra dəniz kəşfiyyatı ilə maraqlandığını söylədi. İsmayılzadə yorğun olsa da, müxbiri əliboş qaytarmaq istəməyib, onun suallarına çox ətraflı cavab verdi. Müxbirin, neft istehsalı haqqında son dərəcə səthi bir təsəvvürə malik olduğunu o dəqiqə hiss edən Qüdrət, tamam sadə məsələlərdən danışmağa başladı:
– Abşeronun əbədi odlar diyarı olduğu ta qədimdən məlumdur. Hələ tarix – miladidən çox-çox əvvəl atəşpərəstlik meydana çıxdığı zaman bizim qədim babalarımız bir sıra atəşgahlar qurub, oda sitayiş edərlərmiş. Yunanlar buraya basqın edəndə, həmin atəşgahları uçurdub xarabaya döndərmişdilər. Bu hadisə yeddinci əsrdə vaqe olmuşdur. Sonralar Suraxanı kəndində tikilmiş atəşgah indi də durur. Yerdən çıxan qazı qədim adamlar ilahi bir şey hesab edirdilər. Ancaq elm aydınlaşdırdı ki, bu, mövhumi bir şey deyil, güc və qüdrətdir. Kustar üsulu ilə nefti çıxaran yerli əhali ondan adi bir yanacaq kimi istifadə edirdi. Ərəb tarixçilərindən birinin yazdığına görə bakılılar hələ səkkizinci əsrdə, odun yoxluğundan neftli torpağa od vurub yandırarmışlar. Mötəbər mənbələrin verdiyi məlumatdan bəllidir ki, 1735-ci ildə bu günkü Balaxanıda neft verən 52 quyu varmış. Bizim qədim babalarımız arasında son dərəcə mahir neft ustaları olduğunu təsdiq edən tarixçilər göstərir ki, quyu üsulu ilə alınan nefti dəvə karvanları ilə uzaq ölkələrə aparırlarmış... Əlbəttə, bütün bunlar, neft istehsalının o zamankı səviyyəsinin nə dərəcədə aşağıda olduğunu təsəvvür etməyə imkan verir.
Müxbir nəzakətlə Qüdrətin sözünü kəsib, soruşdu:
– Abşeronda ilk buruq nə vaxt qoyulmuşdur?
– Sənaye üsulu ilə Bakıda qazılan ilk buruq 1869-cu ilə təsadüf edir. Bu işi Mirzəyevin mədənində başlamışlar. Lakin ilk qüvvətli fantan Balaxanıda, 1873-cü ildə olmuşdur. Bu zamandan etibarən qazma işləri sürətlə artmış, bir çox yerdə zəngin neft yataqları işə salınmışdır. Bunlar indi bizə çox sadə və gülməli görünür. Birinci fantan vuran quyunun dərinliyi yalnız 29 metrdi...
Müxbir təəccübdən böyüyən gözlərini Qüdrətə dikib qaldı.
– Təəssüf ki, – deyə İsmayılzadə yorğunluğunu gizlədə bilməyib əsnədi, – çox təəssüf ki, neftin tarixini hələ də layiqlə tədqiq edən olmamışdır... İnqilabdan əvvəl Abşerona soxulan xarici kapitalistlər yalnız vəhşi istismara fikir vermiş, xalqımızın adət və ənənələrini, tarixini, xüsusən neftin ilk qəhrəmanlarını öyrənməklə qətiyyən maraqlanmamışlar. Sovet alimlərinin bu sahədə gördükləri iş az olmasa da, hələ kafi deyildir. Abşeronun hər parçası zəngin neft yataqları ilə bərabər böyük və maraqlı əfsanələrlə doludur...
– Dəniz kəşfiyyatının tarixindən bir söz deyə bilməzsinizmi?
– Dəniz kəşfiyyatının tarixi o qədər böyük deyildir. Ona görə də bu sahədəki təcrübəmiz hələ çox azdır. İndiyəcən qazılan quyuların əksəriyyəti yaxşı səmərə verməmişdir. Ancaq geologiyanın çıxardığı nəticəyə görə Xəzər dənizində zəngin neft yataqları vardır. Son illərdə qoyulmuş bəzi buruqlar da bunu aydın sübut etməkdədir. İndi artıq bizə məlumdur ki, Abşeronun çox yerində iyirmi beş qatdan neft götürə bilərik.
Müxbir onun dediklərini qısa qeydlər şəklində cib dəftərçəsinə yazaraq, yenə sual verdi.
– İndiki quyular ən dərin horizonta gedib çatırmı?
– Xeyr, bu hələlik mümkün deyildir. Ancaq biz bu yolda çalışırıq. Bundan başqa, axırıncı neft təbəqəsinin hansı dərinlikdə olduğunu təyin etməmişik. Biz dərin horizontlardan neft çıxarmağa cəhd edirik, bunun üçün yeni ixtiralar üzərində işləyirik. Geoloqlarımız ən dərin təbəqələrin kəşfi üçün lazımi tədqiqat aparırlar.
– İndi Bakıda ən dərin quyu neçə metrdir?
– Dörd min... Lakin bu quyu hələlik təkdir...
– Dənizdə, yoxsa quruda?
– Quruda.
– Dənizdə mümkün deyildirmi?
– Xeyr!
Qüdrət bunun səbəbini ətraflı danışdı. Dəniz buruqlarının qazılmasında rast gəldikləri texniki çətinliklərdən bir neçə misal belə gətirdi. O, Bakı neftçilərinin bu sahədəki qəhrəmanlıqlarından bəhs edəndə, müxbirin təsəvvüründə gələcək neft sahələrinin xəritəsi aydın şəkildə canlanmağa başladı.
– Dənizi zəbt edəcəyimizə zərrə qədər də şübhə ola bilməz! – deyərkən, Qüdrətin səsində müxbiri dərindən həyəcana gətirən bir inam vardı. – Hər bir işdə olduğu kimi, burada da insan iradəsinin qalib gələcəyi mənə gün kimi aydındır.
– Mən də buna şübhə etmirəm! – deyə müxbir İsmayılzadənin alışıb-yanan gözlərinə baxdı. Bir an ona elə gəldi ki, dənizə hücum edən ordunun sıralarında özü də gedir.
Qüdrət papiros yandırdı. Müxbir yenə soruşdu:
– Bu saat dənizdə ən dərin buruq harada qazılır?
İsmayılzadə, usta Ramazanın kəşfiyyat buruğunu nişan verdi:
– Onun dərinliyi üç min metr olacaqdır... Qoca usta indiyədək bu məsafənin yalnız üçdə birini qət etmişdir. Təxminən min iki yüz metrlikdə birinci neft təbəqəsinə rast gələcək. Lakin o, bu təbəqəni vurub keçməlidir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mehdi-huseyn-ikinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
I**Nizaminin əsərlərində səkkiz əsrə yaxın uzun bir dövrün ağır imtahanlarından çıxan və köhnəlməyən cəhətlər hansıdır?
Nizamiİştirak edənlərNizami Gəncəvi*
Birinci şəkilGəncə, Nizaminin eyvanı qarşısında bağça. Hər tərəf sakitdir. Mütəmadiyən ötən bülbülün nəğməsindən başqa bir səs eşidilmir. Sürətli addımlarla gələn Qivami sağa-sola baxınır. O, kədərlidir.*Qivami**
İkinci şəkilQədim Bərdə yaxınlığında bir ovlaq. Göz işlədikcə uzanan dərədə şəhər görünür. Gözəl saraylar yaşıllıq içindədir. Qivami ağacın kölgəsindəki çeşmə başında oturub pəsdən zümzümə edərək, şərab içir. Arabir əsən xəfif külək, onun qıvrım saçlarını oxşayır.*Qivamidən iki-üç addım kənarda Yusif uzanıb yatmışdır. Günorta vaxtıdır.*
Стихи других поэтов
Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı
Kim olaFələyin əlindən qılan ah-ü zar,Biri mənəm, biri, ya rəbb, kim ola.
TürklərOl qoçaq iranlılar,Ol igit osmanlılar,
Yandırdın MəniYanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül