Страница 9 из 10 · 80%

Müxbir yazmağına ara verdi, bloknotunu cibinə qoydu:

– Usta Ramazanla görüşə bilərəmmi? Onun buruğuna getmək mümkündürmü? – deyə soruşdu.

– Nə vaxt istəsəniz!

– İndi mümkündürmü?

– Xeyr, indi məsləhət görmürəm. Külək bərkiyə bilər.

– Siz indi dəniz buruğundan gəlirsinizmi, əgər qorxuludursa, özünüz nə üçün gedirsiniz?

– Mən başqa... Mən fırtınalı günlərdə də təhlükədən çəkinməməliyəm. Bunun səbəbi məlumdur: sənətimiz belədir. Neftçinin borandan qorxub geri çəkilməyi, əsgərin silahı atıb səngərdən qaçmağına bərabərdir. – Qüdrət ayağa qalxdı, pəncərəyə yanaşıb dəniz sahilinə doğru baxdı. – Siz mənə sabah zəng eləyin, dəniz sakit olsa gələrsiniz, bərabər gedərik. Yarım saat əvvəl çox gözəl idi, indi daha külək qalxmışdır.

Bu anda qapı açıldı, əlində şapkasını öykələyən usta Ramazan hirsli addımlarla içəri girdi.

– Yoldaş müdir, – əgər mane oldumsa, üzr istəyirəm.

İsmayılzadə ona tərəf addımladı:

– Buyur, usta buyur!.. Elə yaxşı oldu gəldin. Müxbir yoldaş da səninlə görüşmək istəyirdi.

Müxbir diqqətlə ustaya baxdı. Ortaboylu, enlikürəkli qocanın xırdaca gözləri qızarmışdı:

– Buyursun, – deyə o, əvvəlcə İsmayılzadə ilə, sonra da müxbirlə görüşdü. – Ancaq işlərim dayanıb, özü də Bədirlinin dövlətindən... Canım, belə də iş olarmı?.. Biz geri qalanda şəxsi tənqidin atını sağa-sola çapırlar. Ancaq işin qabağına kötük itələyənlərə toxunmaq istəmirlər. Qardaşoğlu, – usta müxbirə üz tutdu, – məndən yox, belələrindən yaz, kömək elə bizə!..

Qüdrət, qoca ustanı sakit etmək üçün yenə gülümsəyərək, olduqca sakit bir səslə xəbər aldı:

– İşlər niyə dayanıb? Nəyin çatışmır?

Ramazan qazıma borularının iki gündən bəri körpüdə tökülüb qaldığını söyləyərək, yenə hirsli-hirsli əl-qolunu ölçdü:

– Vallah, hər xırda-xuruşdan ötrü sənə başağrısı vermək istəmirəm. Doğrusu, şikayətlə aram yoxdur. Bu gün lap canım boğazıma yığıldı.

Qüdrət yanında ustaya yer göstərdi.

– Buyur, əyləş!.. İşimizə aid olan heç bir şey mənim başımı ağrıtmır, usta. Bu saat Bədirli ilə danışaram.

O, telefonun dəstəyini götürüb zəng elədi. Cavab almadığı üçün stolun üstündəki şirmayı düyməni basıb katibəsini çağırdı:

– Bədirlini axtar, harada olsa, mənə zəng eləsin! – deyə tapşırdı.

Yuxusu gözündən tökülən uzunboy katibə, gözlərini ovuşdura-ovuşdura kabinetdən çıxdı.

– Bütün işlərimizi korlayan intizamsızlıqdır, usta. Hər kəs öz işinə məsul olsa, planı yüz nədir, iki yüz faiz də doldurarıq. Təsəvvür edin ki, bəzən bir baltanın vaxtında buruğa göndərilməməsi üzündən iki gün işləməyən briqadalar da var.

Usta əlindəki şapkanı dizinin üstə qoyub oturdu və Qüdrətin sözünə qüvvət verdi:

– Bəs mən nə deyirəm? Trestin adını batıran elə-belə şeylər deyil? Canım, gözüm, əgər işin öhdəsindən gələ bilmirsənsə, vicdanın olsun, gəl de ki, bacarmıram, yerimə bacaran adam qoyun. Əslinə baxsan, tənqid eləməkdən də yorulmuşuq. Belələrinə söz kar eləmir. Söyülməyə öyrəşməkdən də pis iş olar? Adamın üzündə gərək həya olsun, söz deyiləndə utansın, bilsin ki, bundan təkcə bir adama zərər dəymir, bu boyda məmləkətin işi axsayır.

Bakı neftçilərinin çox danışmağı sevmədiklərini və onların nəzərində iş görmək əvəzinə nitq söyləməyin nə qədər ağır bir söyüş olduğunu çoxdan bilən müxbir, ustanın yalnız iş xatirinə bu qədər uzun danışdığını görüb, onun dediklərini də cib dəftərçəsinə yazmaq istəyirdi, ancaq yazmağa başı qarışanda elə bil qocanın sözləri arasındakı rabitəni yaxşı qavraya bilməyəcəyindən qorxub, bütün diqqətini topladı və əlini çənəsinə dayayıb, yenə qulaq asmağa başladı. Ramazan isə, ürəyindəki yanğını söndürmək istəyirmiş kimi, sözlərinə ara vermədən deyirdi:

– Əgər mən işləyəndə gözümün qabağına fabriklərimizi, zavodlarımızı gətirməsəm, elə bil biyara gedirəm. Gərək saatla yox, vicdanla işləyəsən. Vicdanın yoxdusa, çəkil nöyütdən, get özünə ayrı peşə tap!

Müxbir zarafatla usta Ramazanın sözünü kəsdi:

– Məgər ayrı peşədə vicdan lazım deyil?

Ramazan eyni ciddiyyətlə ona da cavab verdi:

– Əlbəttə lazımdır. Ancaq mətləb burasındadır ki, nöyütdə vicdan da azlıq eləyir. Gərək damarlarında qanla bahəm nöyüt də axsın. Uzun sözün qısası, – qoca usta sözünün ahəngini yumşaldıb Qüdrətə üz tutdu, – uzun sözün qısası, xahişim budur ki, mənim işimi dayandırmasınlar, bu gecə nə təhər olsa qazıma borularını mənə çatdırsınlar.

Usta özü də uzun danışdığını hiss etdi, bir anlıq sükutdan sonra başını bulayıb, dediklərinə yekun vurdu.

– O qədər danışdırırlar ki, adamı...

Bu halda Qüdrətin stolu üstündəki şəhər telefonun zəngi cingildədi, İsmayılzadə dəstəyi götürdü:

– Yoldaş Bədirli, – dedi, istirahət yaxşı şeydir... Bəli... 155-ci buruğun qazıma borularını nə üçün indiyəcən sahildə qoymusunuz? Gəmi vermirlər? Almaq lazımdır. Almağı bacarmaq lazımdır, yoldaş Bədirli!..

İsmayılzadənin dodaqları səyrildi. Onun əsəbiləşdiyini yalnız bundan bilmək olurdu. Qüdrət saatına baxdı:

– İndi saat on iki olub. İki saat bəsdirmi? Bəs deyil? Azdır? Elə isə vaxtını yarım saat da azaldıram. Əgər bu iş üçün iyirmi adamı da yuxudan qaldırmaq lazım gəlsə, qaldırın. Bu gecə hava çox sərindir, qoy onlar bir neçə saat təmiz havaya çıxsınlar.

Qüdrət dəstəyi yerindən asdı və usta Ramazana tərəf döndü:

– Saatını düzəlt, usta, – dedi, əgər borular saat ikinin yarısına gəlib çatmasa, zəhmət çək, mənə zəng elə.

Ramazan cib saatını çıxarıb baxdı, ayağa qalxdı və razılıq edib getmək istədi. Qüdrət onun qolundan tutub saxladı:

– Sən öz xahişini dedin, usta, indi də mənim sualıma cavab ver.

– Buyur...

– Tahir Bayramlı necədir? Deyirlər yaman saz çalıb oxuyandır...

Usta Qüdrətin şagirdlərlə belə tez-tez maraqlanmasını bəyənir, “cavanlara fikir verdi, işi irəli gedəcək” deyə düşünürdü. İndi də əlinə fürsət düşdüyünü görüb, Tahiri az qala göyə qaldırmaq istədi.

– Diribaş oğlandır. Bizim kənd uşaqları yaman qabiliyyətli olurlar, bir oxumaq oxuyur ki, səsi düz Narginəcən gedir.

– İşi, işi necədir? Mən düz diaqnoz qoymuşam ya yox?

– Elə, işi də. Mən ki çox razıyam.

Qoca usta yalnız Tahirin deyil, işıqucu gördüyü hər bir şagirdinin üstündə mehriban bir ata kimi əsməyə çoxdan adət eləmişdi. Bunu büruzə verməsə də, ürəyi, təzə və bacarıqlı ustalar yetirmək eşqilə çırpınırdı. Onun fikrincə plan doldurmaq hər bir neftçinin vəzifəsi idi, amma cavanları tərbiyələndirmək, onları gələcək üçün, ölkə üçün yetişdirib boya-başa çatdırmaq əlavə diqqət və qayğı tələb edirdi. Ramazanın tanıdığı bacarıqlı ustalar arasında bu müqəddəs borcunu unudanlar və şagirdə artıq yük kimi baxanlar az deyildi. Hələ kənd cavanlarından dəstə-dəstə gəlib neft sahəsində işləyən və bir azdan sonra həvəsdən düşüb geri qayıdanlar da vardı. Ramazan bunun günahını buruq ustalarında görürdü: “Özlərindən başqa heç kəsi istəmirlər. Axı onlar ölüb gedəndən sonra niyə deməsinlər ki, bax, filan cavan ustanı filankəs yetirib?”

– Mən ki, çox razıyam, – deyə o, bir az da qəti və möhkəm ifadə ilə təkrar etdi. – Bir kərrə başa saldınmı o saat yadında qalır. Amma hayıf ki...

İsmayılzadə:

– Nə hayıf ki? – deyə sözünü kəsdi...

– Hayıf ki, bir gözü evlərindədir. – Qoca usta Qüdrətin qaşqabağını turşutduğunu görəndə sözlərinin ona pis təsir bağışladığını düşünüb tezcə də əlavə etdi. – Mən ona baxanda həmişə cavanlığım yadıma düşür. Mən də Tahir kimi bir az tərs idim. Hər yetənin sözünü götürməzdim.

Ramazan bu dəmdə Bakıya gəldiyi zamanları xatırladı. Atası rəncbər idi. Kəndin bəyindən yer alıb əkər, məhsulun yalnız altıdan birini özü götürərdi. Ramazan on yeddi yaşında idi. Günlərin birində bəyin bığıburma cavan oğlu at belində xırmana gəldi və Ramazanın atasını məhsulu gizlətməkdə təqsirləndirib, yamanlamağa başladı. Ramazan buna dözməyib, bəy balasına yağlı bir söyüş söydü. Onlar dalaşdılar. Bəy balası atını məhmizləyib getdi.

Ramazanın atası öyüd-nəsihət verib neçə dəfə “get, bəydən üzr istə” dedisə də, Ramazan buna razı olmadı “acından ölsəm də onun qabağında əyilməyəcəyəm” deyib durdu. Bəy o il torpağını icarəyə verməkdən boyun qaçırdı, onları naşükürlükdə təqsirləndirdi. Amma Ramazan yenə də inadından dönməyib, Bakıya fəhləliyə gəldi.

– Elə mən özüm də mədənə təzə gələndə, öz qabağımdan yeyən deyildim, – deyə Ramazan çal bığlarının altından qımışdı. – Amma yenə də fikrim-zikrim elə o köhnə daxmamızda idi. Ha çalışırdım ki, puldan-paradan düzəldib ora qayıdım.

İsmayılzadə nüfuzedici bir nəzərlə ustanın gözlərinin içinə baxıb, iki-üç dəfə başını buladı:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов