Страница 7 из 13 · 46%

– Yox, doktor, – deyə Kamran onun sözlərinə inanmadığını dərhal büruzə verdi. – Bu da sizin müalicə üsullarınızdan biridir: xəstələrə psixoloji təsir göstərmək istəyirsiniz!

Yox, Kamran haqlı deyildi. Səidə xanım süni yollarla özünə sığal verib nə olduğundan cavan görünməyə çalışırdı, nə də xəstələrin əhvali-ruhiyyəsini yüksəltmək üçün bu vasitəyə əl atırdı. Mən onu kişilərdən daha tez tanıdığıma görə, bunun səbəbini də anlamaqda çətinlik çəkmirdim: o, bəzənib, düzənməklə, tavuz quşu kimi cilvələnməklə yalnız kişilərin deyil, qadınların da xoşuna gəlməyi sevirdi.

Kamran isə gözlərini ondan ayırmırdı. Baxışlarındakı həyat və eşq ifadəsi o qədər qüvvətli idi ki, elə bil bu günəcən hər şeydən əl üzmüş, nə isə tamam başqa, xəyali bir aləmdə yaşayan soyuq və ehtirassız xəstə deyildi. Mən artıq dünənki, srağagünkü Kamranla bu günkü Kamranın eyni adam olduğuna bir növ inanmırdım. İnana bilmirdim. O, birdən-birə nə üçün belə dəyişmişdi? Bəlkə səhhəti yaxşılaşdıqca, insanlardakı gözəl keyfiyyətləri də görməyə başlayır və yaxud onda məhəbbətə bənzəyən bir hiss oyanırdı? Bu cür düşünməyə mənim haqqım vardı: Səidə xanım bir qadın kimi hər bir kişidə həvəs və iştaha oyada bilərdi.

(Mən xatirələrimin bu yerinə çatanda dəftəri qəsdən açıq qoyub işə getdim. Dedim ki, görüm Kamran mənimlə razılaşacaq, ya yox. Axşam evə gələn kimi, portfelimi hələ stolun üstünə atmamış dəftərə baxdım. Kamran heç nə yazmamışdı: “Bəlkə hələ oxumayıb?” deyə düşündüm. O, məni görəndə müəmmalı bir təbəssümlə gülümsəyib başını buladı. Səbəbini soruşdum. Cavabında dedi ki, “qadınlar qorxulu tayfadır”).

Ancaq mən hələ sualımın heç birinə qəti cavab tapmamışdım. Bilirdim ki, ilk təəssürat nə qədər güclü olsa da, çox vaxt insanı birtərəfli, yanlış nəticələrə aparıb çıxardır. Mən öz-özümə söz verirdim ki, tələsməyim, Kamran haqqında nələr düşündüyümü onun özünə də, Səidə xanıma da hiss etdirməyim. Mən o vaxt yalnız soyuqqanlı bir tamaşaçı olmağa çalışırdım, sanki teatr səhnəsində böyük məharətlə yaradılmış bir tamaşaya baxırdım və öz münasibətimi heç nə ilə büruzə vermirdim. Bəzən hətta əksinə, o qədər dalğın və diqqətsiz görünürdüm ki, elə bil dünənki Kamranı əvəz eləyirdim. Bunun səbəbini özüm də başa düşmürdüm. Tək mən yox, yəqin başqa xəstələr də Kamranın qəfildən Səidə xanıma çılğıncasına vurulduğuna şübhə eləmirdilər. Cavan, şux və gözəl həkimin təzə və modalı paltar geyinməyinin, brilyant sırğa taxmağının, saçlarını on yeddi-on səkkiz yaşlı qızlar kimi daramağının səbəbini bunda görməyim də təbii deyildimi?

Səidə xanım gülə-gülə mənə yanaşıb halımı xəbər alanda, stul çəkib çarpayımın yanında mənimlə nəfəs-nəfəsə dayananda və qan təzyiqimi ölçəndə onun mənə necə şəfqətli bir qayğı ilə yanaşdığını ağıl və şüurumla dərk eləyib anlayırdımsa da, ürəyimin hansı dərin bir guşəsində isə ona qarşı qısqanclığa bənzər bir hissin qeyri-ixtiyari, həm də anlaşılmaz bir inadla oyanıb gücləndiyini duyurdum. Mən bu hissi elə içərimdəcə boğub öldürməyə nə qədər çalışırdımsa da, o, tərs kimi yerini daha da möhkəmlədib bütün ürəyimə hakim kəsilməyə can atırdı. Bu hissin pəncəsində əsir olmaq təhlükəsi artıq məni qorxutmağa başlayırdı. Kim bilir, bəlkə də bu, qısqanclıq deyil, məndən qat-qat gözəl bir qadının mənəvi qələbəsinə qarşı oyanan adi bir həsəd idi və mən bunu, sadəcə olaraq, etiraf eləməyi öz qüruruma sığışdırmırdım? Axı, Kamran mənim üçün kim idi? Hansı qeyri-adi bir duyğu Müdhətin məhəbbətini mənim ürəyimdən qopara bilərdi? Bəlkə mən onun bir daha geri qayıtmayacağını bildiyim üçün, özümdən asılı olmayaraq, mənim ilk məhəbbətim, sevimli balalarımın atası öz yerini bir başqasının məhəbbətinə tərk edirdi? İlk günlərdə bu xüsusda bir an, yalnız bir an xəyalımdan keçən fikir məni dəhşətə gətirirdi. Müdhətin son məktubundan bu sözləri xatırlayırdım: “Öz sevimli ərlərinin ölümündən sonra onların yolunda həyatını çürüdən gəlinlərə mənim hörmətim var, çünki bu cür fədakarlıq yalnız uca təbiətli insanlara xas bir nişanədir. Lakin heç bir ərin öz arvadından belə məhrumiyyətə qatlaşmağı tələb eləməyə mənəvi haqqı yoxdur. Əks təqdirdə bu ən adi xudpəsəndlik olardı. Mən bu sözlərimin səmimiliyinə səni inandırmaq üçün and içmirəm. Bilirəm ki, məni yaxşı tanıdığına görə belə şeylər haqqında yalnız düşündüyüm və inandığım kimi yazdığıma zərrəcən də şübhən olmayacaq. Məni bu saat ən çox həyəcanlandıran başqa bir şeydir: müvazinətini itirib, intixabında yanılmayasan. Sən məndən qat-qat uca və daha ləyaqətli bir həyat yoldaşı axtarmağa haqlısan...”

– Yox. Heç kəsi axtarmırdım və əslinə baxsan bu sözlərdə acı bir təhqir və töhmətdən başqa heç nə görmürdüm. Bəs necə olmuşdu ki, bu günəcən xoşbəxt insanların həyatını görəndə hədsiz dərəcədə sevinməyi bacaran mən, indi Kamranın Səidə xanıma vurulduğunu güman eləyib, onlara həsəd aparmağa başlayırdım? Bu çirkin hiss hardan və necə mənim ürəyimə yol tapmışdı? Bəlkə mən ifrata varır və özümü nahaq yerə günahlandırırdım? Bəlkə bunun səbəbi Müdhətin başına gələn müsibət, ailəmizin həyəcanları və mənim xəstəliyim idi?

Mən o günlərdə nə Kamrana sarı üz çevirirdim, nədə Səidə xanıma baxırdım. Mən istəyirdim ki, yenə əvvəlki Səmirə olum, onların həyatını nurlandıran məhəbbət macərasından fərəh duymağa başlayım və yalnız bundan sonra açıq alın, saf ürəklə hər ikisini təbrik eləyim.

Elə bu vaxt Səidə xanım qadınlar palatasında çarpayı boşaldığını bildirib, məni qonşu otağa köçürdü. Dostlaşdığım və ünsiyyət bağladığım xəstələrlə xudahafizləşmədim. Görünür, bu tezliklə hələ bir-birimizdən ayrılmayacağdıq. Hamıdan əvvəl Kamran sağalıb duracaqdı. Amma o da ən azı on-on iki gün burda qalmalı idi. Məni xərəkdə götürüb aparanda, Kamran əlini yuxarı qaldırıb məni uzaq səfərə gedən bir tanış kimi ötürdü və dalımca “görüşənə qədər” deyib ucadan səsləndi. O biri xəstələrin sözlərini aydın eşitmədim. Yəqin ki, onlar da mənə tezliklə sağalmağı arzulayırdılar. Səidə xanım böyrümcə gedə-gedə, yalnız sonralar mənasını başa düşdüyüm bir eyham da vurdu:

– Sizin köçməyiniz kamran yoldaşın ürəyindən olmadı.

Qızlarım tez-tez məni görməyə gəlirdilər, hər dəfə də Zəfərin onlara baş çəkib, hal-əhval bildiyini söyləyirdilər. Birinci dəfə qadınlar palatasına gələndə, bu barədə mənə heç nə demədilər, mən özüm onlara sual verdim. Kəmalə də, Rəhilə də susub gözlərini yerə dikdilər. Onların tutulduğunu görüncə, nə isə xoşagəlməz bir hadisə baş verdiyini hiss elədim. İsrarla soruşdum. Kəmalə dedi:

– Zəfər dayı bir həftədən çoxdur bizə gəlmir.

– Nə üçün? – soruşdum.

– Yəqin başı qarışıq olur... – Kəmalənin əsil həqiqəti söyləyib məni həyəcanlandırmaq istəmədiyini anlamaq çətin deyildi. Rəhilənin üzünə baxdım. Onun gözləri dolmuşdu. Kirpiklərində iri yaş damcıları titrəyirdi. Hönkürüb ağlamaq üçün balaca bir himə bənddi.

– Əgər mənim tez sağalmağımı istəyirsinizsə, – dedim, – məndən heç nəyi gizlətməyin. Düzünü bilməsəm, daha çox fikir eliyəcəyəm, bu da ki, mənə ziyandır.

Onlar oğrun-oğrun bir an gözləşdilər və mənim hər şeyi hiss elədiyimi görüb, o acı xəbəri gizlətməyin tamam faydasız olduğunu yəqin elədilər. Rəhilə qulağıma sarı əyildi. Heç kəs onun sözlərini eşitməsin deyə pıçıldadı:

– Zəfər dayını sragün tutublar...

Onun pıçıltısı gətirdiyi xəbərin dəhşətini azaltmadı. Mən sarsıldım. Rəhilənin hıçqırtısını eşidən xəstə qadınların gözləri bizə zillləndi. Mən qızımın başını qolumun arasına aldım:

– Bax, Raya, unutma ki, daha yekə qızsan... – dedim. – Sən indi on yaşına girmisən!

Görünür o, altı-yeddi nəfər xəstənin də həyəcanlanmağında özünün təqsirini başa düşüb, hıçqırtısına ara verdi, yaylığı ilə gözlərini örtüb palatadan çıxdı.

Mən artıq insanların taleyini oyun-oyuncaq sayanlara bələddim, ancaq dünən cəbhədə vururmuş, bədənində sağ yer qalmamış və bəlkə də xoşbəxt bir təsadüf nəticəsində çovutma bir gülləyə hədəf olmamış Zəfərin həbsə alınacağını xəyalıma belə gətirməzdim. Axı, burda adi bir məntiq axtarmaq özü də əbəs idi!

Rəhiləyə nisbətən təmkinli və həssas Kəmalə, mənim nə isə bir təsəlliyə ehtiyac hiss elədiyimi duyub, böyüklərə məxsus bir əda ilə dedi:

– Can ana, hələ bilmək olmaz, bəlkə bu gündə, sabahda buraxdılar. Axı, onun heç bir günahı yoxdur... Tez qalx, bizim ürəyimiz sənin yanındadır. Dünən əmim kəşfiyyatdan gəldi. Təzə buruğu bolluca neft verib... Çoxlu mükafat alıb... Bu gün səhər getdik, Balaqədeşdən şeylərimizi alıb gətirdik.

O, məni öpüb ayrıldı, bir azdan sonra Səidə xanım gəldi. O, həmişəki kimi məmnun təbəssümlə xəstələri salamladı. Qadınlara eyni nəzakət və əda ilə yanaşır, qonur, badamı gözlərini süzdürür, naz-qəmzə ilə danışırdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Dahi sənətkar

I**Molla Nəsrəddinin ölümü günündən on il keçir. Biz bu “ölüm” sözünü şərti olaraq işlədirik çünki o özündən sonra da əsrlər boyu yaşayan ölməz, dahi sənətkarlar qəbilindəndir.

194210 мин
Yazıçı və tarix

Birinci məqaləBizdə tarixi mövzulara böyük bir meyl oyanmışdır. Bu son dərəcə qanuni bir hadisədir. İndiyə qədər yaranmış əsərlər sayca çox az olsa da, bizim əsas yazıçı kadrlarımızın bədii yaradıcılıq şüurunu son zamanlarda tarix çox məşğul etməkdədir. Dövlət xadimlərinin, şairlərin, böyük xalq hərəkatı rəhbərlərinin həyat və mübarizəsi indi artıq bədii yaradıcılığımız üçün zəngin bir mənbə olmuşdur. Bu hadisənin özü xalqımızın şüurunda həqiqi bir intibah dövrünün başlandığına dəlalət edir. Xalqımız öz keçmişinin həqiqi bir məhəbbətlə əks olunmasını tələb edir. Xalqının mənəvi ehtiyacını az-çox duya bilən bir sənətkar isə, bu tələbə qətiyyən göz yuma bilməz. Yazıçı, hər şeydən əvvəl öz xalqının oğludur.

14 мин
Zəngin xəzinələr

Bu vaxta qədər nəşr edilmiş ayrı-ayrı bayatı kitabçaları nəzərə alınmazsa, M.H.Təhmasibin tərtib etdiyi “Bayatılar” məcmuəsi¹ ədəbiyyatımızın zəngin janrlarından birini tədqiq edib öyrənmək işində ilk ciddi addım sayılmalıdır. Bayatıların toplanışı və nəşri çoxdan başlanmış olsa da, bu sahədə görülən iş hələ də böyük bir səmərə verməmişdir. Halbuki, xalq şerinin bu sahəsini tədqiq edib öyrənmək, nisbətən daha maraqlı bir işdir. Elmi qüvvələrimizin səyini müəyyən bir yola salmaqla az bir zaman içərisində biz bu işi müvəffəqiyyətlə başa çatdıra bilərik. Xüsusən, bayatının xalqımız tərəfindən sevildiyi nəzərdə tutularsa, müxtəlif variantları müqayisə etmək, tutuşdurmaq və daha gözəl bir tekst əldə etmək üçün hər bir imkan vardır. Dürüst elmi nəticələr çıxarmaq istəyən hər növ folklorçu üçün bu birinci növbədə lazımdır.Lakin biz bu qısa qeydlərimizdə yalnız bir cəhəti göstərməklə kifayətlənəcəyik: bu əsərlərə münasibətimizi aydınlaşdıracayıq.

13 мин
Səadət və məhəbbət müğənnisi

I**Nizaminin əsərlərində səkkiz əsrə yaxın uzun bir dövrün ağır imtahanlarından çıxan və köhnəlməyən cəhətlər hansıdır?

194732 мин

Стихи других поэтов