Страница 9 из 13 · 62%

O, hava azlıq edirmiş kimi, dərindən nəfəsini dərdi və qeyri-müəyyən bir ifadə ilə qaşlarını dartıb, kirpiklərini qıpdı, amma heç bir söz demədi. Onun əvəzinə müəllim cavab verdi:

– Qorxusu yoxdur. Pillələri qalxanda nə isə ehtiyatsızlıq eləyib... Unudub ki, bu halda ürəyə əziyyət vermək olmaz. Səidə xanım dedi ki, uzanmağı məsləhətdir.

Müəllim yanılırdı. Bizim aramızdakı əsəbi söhbətdən xəbərsizdi...

Mən ayrı-ayrılıqda hamının kefini soruşdum. Xəstələrin içərisində ən çox nikbin danışan yenə də müəllim idi.

– Nə cür naxoşluq olur-olsun, hətta zəif insanlarda da daxili müqavimət qüvvəsi yaradır. Elmi terminologiya ilə desək immunitet. Ölüm. – buradakıların heç birindən qüvvətli deyil. Mən indi də bu fikirdəyəm ki, insan xarakterinin zəifliyi naqis tərbiyənin acı səmərəsidir. Bizim potensial imkanlarımız...

– Ay müəllim, ay əzizim, adamda bu potensial imkan nə qədər olar, axı? – deyə vaxtı ilə mənim yatdığım çarpayıdan solda uzanmış arıq, dik və sivri hülqümlü, az-az söhbətə qarışan və həmişə də iki-üç kəlmədən artıq danışmayan xəstə (sonra bildim ki, o, Balaqədeşin əmisi oğludur) bu dəfə uzun bir hekayət başladı: – Bir yol dözürsən, iki yol dözürsən, ay canım-cigərim, bu ürək yazıq neyləsin ki, hər gün ona iyirmi yol cəhənnəm əzabı verirlər? Əşi, niyə uzağa gedirsiniz? Bax, elə mənim doğmaca əmim oğlu camaata göz verib, işıq vermir. Vücudu iki qara köpüyə dəyməz, amma gül təki oğlanları dalbadal ləkələyib, bir-bir gedər-gəlməzə yolladır. Başqaları bir yana dursun, elə mənim özümü neçə yol dəniz qırağına apartdırıb? (“Dəniz qırağı” deyəndə, o, Dövlət Təhlükəsizlik Nazirliyini nəzərdə tuturdu). Nə var, nə var, içki məclisində kefim durulanda ehtiyatsızlıq eləyib demişəm ki, tutulanların içində günahsızlar da olub... Yaxşı, bir qələtdir qarışdırmışam, daha bundan ötrü adamı yüz yol öldürüb-diriltməyin nə mənası? Əgər orqan əksinqilabçılara qulaqburması vermək üçündürsə, daha mənim kimisindən nə istəyirlər? Heç mənim əksinqilabçıya oxşarım var?

Bu söhbət bizim üçün maraqlı deyildi, amma xəstənin sözünü də kəsən yox idi. Belə görünürdü ki, nikbinlikdə müəllim, bədbinlikdə isə o, palatadakıların bir-birinə zidd iki qütbünü təşkil edirdilər.

– Əgər burdan sağ-salamat çıxmaq istəyirəmsə, məndən xəbis adam yoxdur! – deyə bədbin xəstə üzünü divara sarı çevirib, birdən uşaq kimi hönkürdü.

Mən daha xəstələrin üzünə baxmayıb, qapının arasından necə sivişdiyimi bilmədim: insanların iztirabına dözmək üçün mənim ürəyim həddindən artıq zəif idi. Əgər bir azacıq da burda qalsaydım, yəqin ki, mən də ona qoşulub ağlayacaqdım...

O günün sabahısı qızlarımı gözləyirdim, amma qaynım Faiq gəldi. Bir dəstə ağ qərənfil gətirmişdi. Mən onun məqsədini başa düşürdüm. Xoşbəxt günlərimi yadıma salmaq istəyirdi. Müharibədən əvvəl sahil küçəsindəki evimizin balkonunda özüm gül-çiçək əkərdim. O vaxt Faiq mənim becərdiyim ağ qərənfillərdən dəstə düzəldib, sevgilisinə aparardı. İndi fikri, deyəsən, borcunu qaytarmaq idi. O, məni gülərüzlə salamladı.

– Səmirə, yallah, – dedi, – bu gün qızlar növbələrini mənə verdi: Əgər Səidə xanım razı olsa, bu saat onlar da gələcək. Aşağıda oturub gözləyirlər.

– Çox sağ ol, – dedim və qalxıb xəstəxana xalatında Faiqin köməyi ilə həyətə endim.

Qızlar məni görən kimi sevinə-sevinə üstümə atıldılar.

– Can ana! – deyə bir ağızdan qışqırdılar.

Mən sevinirdim. Hər ikisinin təzə tufli geyindiyini görmək mənim üçün xoş idi. Faiq də məndən az sevinmirdi. Skamyada dördümüz də yanaşı oturduq. Qayınanamın kefini-əhvalını soruşdum və o dəqiqə də peşman oldum: qızlarımın da, qaynımın da üz-gözünə qəm kölgəsi endi. Bunun səbəbini mənə izah eləmək lazım deyildi: hamısı Müdhəti xatırlamışdı: Bədirnisa xalanı Müdhədsiz təsəvvürə gətirmək çətindi. Onların kədərini dağıtmaq üçün söhbəti dəyişdim:

– Hə, Faiq, sən özün necəsən? Çoxdandır görüşmürük. Sən gələndə mən evdə olmuram, mən evdə olanda sən kəşfiyyata gedirsən.

– Elədir, – deyə qaynım hələ də kədərlə çulğalanmış gözlərini yuxarı qaldırmadan cavab verdi.

– Eşitdim, təzə buruğunuz qiyamət eləyir, – dedim.

– Düz eşitmisən, – dedi. – Biz öz borcumuzu ödədik. Sübut elədik ki, Şirvan düzündə böyük neft xəzinəsi var. Yoldaş Xəlilov, yəni “Azərneft” birliyinin rəisi, bizi yaman hədələyirdi, həmişə də Mollayevin adından hey deyirdi ki, avantüristsiniz... Guya biz qəsdən milyonları çölə tökən, dövlətin malına qəsd eliyən xalq düşməni imişik. Amma fantan vaxtı özü gəldi, içindən qırıla-qırıla hamımızı təbrik elədi, kəşfiyyat dəstəsinə mükafat verdi. Arada bir qonaqlıq də düzəltdi... – Faiq danışdıqca, qəzəbini gizlətmirdi. Xəlilovun ikiüzlülüyündən soyuqqanlı danışa bilmədiyini açıq-aydın görürdüm. – Onun sözlərindən belə başa düşdüm ki, mənim də, geoloqumuzun da həbsinə qərar verilibmiş... Kəşfiyyat quyusundan elə neft çıxır ki, onun yanında Suraxanı nefti yalandır. Zavodda işlənməmiş götür doldur baka, aviamotorun canına yağ kimi yayılsın. Yalan olmasın, benzin yerin altından lap hazır çıxır. Bu saat qırıcı təyyarələrimiz üçün bundan yaxşı hədiyyə olmaz. Bilirsən də, dünən qoşunlarımız Almaniyanın sərhədlərini keçdi! Qələbə günümüz yaxınlaşır. Nemeslərin vayını veririk!..

Adətən palataya qəzet gətirmirdilər, amma cəbhədə baş verən hadisələrdən hamımızın xəbərimiz vardı. Həkimlərdən, tibb bacılarından öyrəndiyimiz son məlumat ildırım sürəti ilə xəstəxanaya yayılırdı. Faiqin sözləri mənə bütün qəm-qüssəmi unutdururdu. Deməli, artıq qələbə günündən və müharibənin tezliklə qurtaracağından söhbət gedirdi. Müdhətin də, mənim də, uşaqlarımın da taleyi gülümsəyə bilərdi. Ümid nə gözəl şeydir!.. Müharibənin ağır günlərində zəruri sayılan sərt qayda-qanunlar yavaş-yavaş aradan qalxacaq, səhv buraxanların günahı bağışlanacaq, günahkarların cəzası yüngülləşəcəkdi. Mən belə düşünürdüm və inanırdım ki, çoxları da belə düşünməkdə haqlıdır!

Qızlarımın dərsindən söz saldım. Son rübdə ikisi də əla və yaxşı qiymət almışdı. Faiq də evdə olduğu günlərdə onları tez-tez yoxlayırmış. Mənim yanımdan qayıdan kimi yenə uzaq kəşfiyyata gedəcəkdi.

– Bütün dərs ilini də müvəffəqiyyətlə başa vuracaqlar. Buna heç şübhən olmasın, – deyə Faiq böyründə oturmuş Rəhilənin saçlarını sığalladı. Bu vaxt Faiq qardaşına necə də oxşayırdı. Mehriban, nəvaziş dolu baxışlarını Müdhətinkindən fərqləndirə bilməzdin. Qızlar da onun xətrini çox istəyirdilər. Müharibə qurtaran kimi evlənsəydi, mən bilirdim ki, qızlar onun toyunda nə qiyamət qoparacaqdılar. Xüsusən Kəmalə! (Böyük qızım oynamaqda məndən geri qalmır!)

Faiq cibindən bir dəstə pul çıxartdı:

– Uşaqlar üçün yox, burda xərcləmək üçün, – dedi, – Çölün düzündə mənə o qədər lazım olmur, Bilirsən də, ovçuyam, qırqovuldan, turacdan vurub gətirirəm, bəzən də Kürdən balıq tuturam... O dəfə ceyran ovuna getmişdik...

– Bəs qadağan deyil?-deyə soruşdum.

– Qadağandır, – dedi, – ancaq buna tək mən yox, heç kəs baxmır. Pilotlarımız ki, heç... Belə getsə, ceyranların nəsli kəsilər.

– Necə məgər? – soruşdum.

– Bir də görürsən təyyarəni aşağıdan sürüb, on-on beşini birdən biçib tökürlər. O dəfə özüm şahid oldum.

Mən Faiqin pulunu götürmədim. Bədirnisa xalaya verməyini məsləhət gördüm. O, həm qənaətlə, həm də ən zəruri şeylərə xərcləməyi bacarırdı. İndiki vəziyyətimizdə hər manatın yerini məndən də, Faiqdən də o yaxşı bilirdi.

Qaynım həmişəki kimi indi də Müdhətin yoxluğunu mənə hiss etdirməməyə çalışırdı. Getməyə hazırlaşanda yenə hamımıza ürəkdirək verdi:

– Nə olaydı, bircə tez qurtaraydı bu müharibə, birbaş Şuşaya gedəydik, – dedi, – çoxdandır, ürəyimiz açılmayıb. İsa bulağında mahnı eşitmək üçün burnumun ucu göynəyir. – O, sözünün axırında təkcə mənə üz tutdu:

– Heç fikir eləmə, Səmirə. Yaman günün ömrü az olar. Məsəl var: “Yetim yaza çıxacaq, qışın pisliyi özünə qalacaq”. Bax, bu qızlar da böyüyəcək, Müdhət də qayıdacaq, bədxah adamların yamanlığını özünə qalacaq...

Qızlar iki yandan onun qoluna girib, xiyabanla böyük darvazaya doğru getdilər. Qırx-əlli addımlıqdan dönüb mənə əl elədilər...

Bu dəfə pillələri ölüvay yox, çox gümrah qalxdım. Səidə xanım otağının açıq pəncərəsindən bizi müşahidə eləyirmiş. Dəhlizdə qabağıma çıxıb, adəti üzrə, gülə-gülə məni salamladı:

– Daha kefiniz kökdür, Səmirə xanım, – dedi. Şad xəbər eşitmiş adama oxşayırsınız. Qızların bəzənməyindən bildim ki, daha o günkü kimi qaşqabaqlı deyillər. Ən gözəl dərman elə budur!.. Şükür allaha, indi səhhətiniz lap düzəlib.

Sanki mən də bunu gözləyirdim:

– Madam ki, düzəlib, daha məni niyə saxlayırsınız? – dedim. – Bu gündən məni buraxın gedim evimizə... Sabahdan o uşaqlar qarının ümidinə qalacaq, dərslərinə baxan olmayacaq.

Səidə xanımın təbəssümü dodaqlarında dondu. Deyəsən mənim xahişim onun xətrinə dəydi. “Səni nə vaxt buraxmalı olduğumu özüm çox yaxşı bilirəm” demək istədiyini baxışlarının zəhmli ifadəsindən açıq-aydın oxuyurdum. Ancaq nə isə fikirləşib, mənə cavab vermədi, qoluma girib kabinetinə apardı:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Dahi sənətkar

I**Molla Nəsrəddinin ölümü günündən on il keçir. Biz bu “ölüm” sözünü şərti olaraq işlədirik çünki o özündən sonra da əsrlər boyu yaşayan ölməz, dahi sənətkarlar qəbilindəndir.

194210 мин
Yazıçı və tarix

Birinci məqaləBizdə tarixi mövzulara böyük bir meyl oyanmışdır. Bu son dərəcə qanuni bir hadisədir. İndiyə qədər yaranmış əsərlər sayca çox az olsa da, bizim əsas yazıçı kadrlarımızın bədii yaradıcılıq şüurunu son zamanlarda tarix çox məşğul etməkdədir. Dövlət xadimlərinin, şairlərin, böyük xalq hərəkatı rəhbərlərinin həyat və mübarizəsi indi artıq bədii yaradıcılığımız üçün zəngin bir mənbə olmuşdur. Bu hadisənin özü xalqımızın şüurunda həqiqi bir intibah dövrünün başlandığına dəlalət edir. Xalqımız öz keçmişinin həqiqi bir məhəbbətlə əks olunmasını tələb edir. Xalqının mənəvi ehtiyacını az-çox duya bilən bir sənətkar isə, bu tələbə qətiyyən göz yuma bilməz. Yazıçı, hər şeydən əvvəl öz xalqının oğludur.

14 мин
Zəngin xəzinələr

Bu vaxta qədər nəşr edilmiş ayrı-ayrı bayatı kitabçaları nəzərə alınmazsa, M.H.Təhmasibin tərtib etdiyi “Bayatılar” məcmuəsi¹ ədəbiyyatımızın zəngin janrlarından birini tədqiq edib öyrənmək işində ilk ciddi addım sayılmalıdır. Bayatıların toplanışı və nəşri çoxdan başlanmış olsa da, bu sahədə görülən iş hələ də böyük bir səmərə verməmişdir. Halbuki, xalq şerinin bu sahəsini tədqiq edib öyrənmək, nisbətən daha maraqlı bir işdir. Elmi qüvvələrimizin səyini müəyyən bir yola salmaqla az bir zaman içərisində biz bu işi müvəffəqiyyətlə başa çatdıra bilərik. Xüsusən, bayatının xalqımız tərəfindən sevildiyi nəzərdə tutularsa, müxtəlif variantları müqayisə etmək, tutuşdurmaq və daha gözəl bir tekst əldə etmək üçün hər bir imkan vardır. Dürüst elmi nəticələr çıxarmaq istəyən hər növ folklorçu üçün bu birinci növbədə lazımdır.Lakin biz bu qısa qeydlərimizdə yalnız bir cəhəti göstərməklə kifayətlənəcəyik: bu əsərlərə münasibətimizi aydınlaşdıracayıq.

13 мин
Səadət və məhəbbət müğənnisi

I**Nizaminin əsərlərində səkkiz əsrə yaxın uzun bir dövrün ağır imtahanlarından çıxan və köhnəlməyən cəhətlər hansıdır?

194732 мин

Стихи других поэтов