Содержание
  1. I. M.F.Axundov dramaturgiyası öz dövrünün aynası kimi
  2. II. M.F.Axundov dramaturgiyasının ideyalılığı
  3. III. M.F.Axundov dramaturgiyasının sintetik səciyyəsi

Страница 4 из 4 · 75%

II. M.F.Axundov dramaturgiyasının ideyalılığı

Axundov dramaturgiyası tənqidi realizm prinsipləri əsasında yüksələn bir dramaturgiyadır. O hər bir əsərində müəyyən bir fikri, müəyyən bir ideyanı ardıcıl olaraq yürütməyə meyl etdiyindən, feodalizmi, despotizmi, dini tənqid və inkar yolu ilə getmişdir. Bu səbəbə görə də Axundov fəlsəfəsi ilə, Axundov dramaturgiyası arasında sədd çəkməyə meyl edənlər çox yanılırlar.

Əsl həqiqətdə bu fərq yoxdur. Bu fərq təkcə ifadə formalarındadır.

Xüsusən Axundovun rus çarizminə qarşı müsbət əlaqə bəslədiyini iddia edənlər heç bir əsasa malik deyillər. Guya M.F.Axundov naçalniki idealizə edir, guya onu müsbət boyalarla verməyə çalışır. Bu, Axundova qara bir böhtandır.

“Ancaq rus adı gələndə bağrım yarılır. Onların qılınc-tüfəngi o qədər məni qorxutmur ki, silisti, apar-gətiri canıma vəlvələ salır”.

“Qarabağlıların, gömrükxana qaroullarının və kazakların qorxusundan quş quşluğu ilə Arazın o tayına səkə bilmir”.

Bu sözləri “Hacı Qara” pyesinin müxtəlif personajları desə də, Axundovun məqsədi birdir: çar məmurları, çar bürokratizmi o qədər də tərifli bir şey deyildir. Bu idarə üsulundan xalqın yoxsul hissəsi daha çox zülm görmüşdür. Hacı Qaranın ağıllı nökəri Kərəməli görün nə deyir:

– Mən bir yol buradan Səlyana biletsiz getmişdim, murov o qədər döydürdü ki, indi də ağrısı yadımdan çıxmayıbdır.

Axundov çar senzurası şəraitində bundan kəskin nə deyə bilərdi?

Çar məhkəməsinə qarşı çevrilən bu sözləri xatırlayın:

“A kişi, səni görək könlün şad olub üzün gülməsin ki, bizi nahaq yerə müsibətə saldın, kim bilsin indi silistdən havaxt qurtaracağıq! Urusun silisti beş ilə qurtarmaz. Taxılımızı kim yığacaq, xərmənimizi kim döyəcək. Ax, ax...”

M.F.Axundov əsərin, demək olar ki, hər yerində mütləqiyyət idarə üsulunun çirkinliklərini (şübhəsiz öz imkanları daxilində) açıb göstərir.

Xüsusən bəzi tənqidçilərin Axundov tərəfindən müsbət planda göstərilmiş zənn etdikləri naçalnik bu cəhətdən çox maraqlıdır.

M.F.Axundov naçalnik simasında ən qəddar bir zülmkarı və çarın ən qəddar bir tərəfdarını göstərmişdir.

“Tatar tayfası tamam yalançı olar” deyən həmin bu hərifdir. “Padşahın əmrindən çıxan, Allahın əmrindən çıxan kimidir”, “Allahın əmrindən çıxana o dünyada qəzəb yetişər, padşahın əmrindən çıxana bu dünyada” sözləri də naçalnik tərəfindən deyilir.

Aydındır ki, Axundov böyük bir məharət və taktla bu müstəmləkəçinin çirkin simasını əks etdirərkən, müəyyən dərəcədə özünün də arzu və diləklərini ifadə etməyə meyl göstərmişdir. Yəni naçalnik sona qədər həyatda olan naçalniklərə bənzəmir. Burada müəllif eyni zamanda “necə olmalıdır” sualına da cavab vermişdir.

Axundov hamını əməyə bir ehtiram göstərməyə çağırır. Zəhmət hər şeyin əsasıdır – Axundovun istər müftəxor bəylərdən və istərsə xəsis Hacı Qaradan tələbi budur.

Axundov dramaturgiyası başdan-başa yüksək ideyaların təbliğinə həsr olunmuşdur. Əgər biz, Plexanov demişkən, ədəbiyyatın ideyalılığına düşmən olsaydıq, Axundovu asanlıqla taqsırlandıra bilərdik. Mirzə Fətəli Axundov məhz ona görə böyük sənətkardır ki, onun ideyaları əsərlərin ətinə, qanına hopmuşdur. Onun fikirləri, qayələri əsərlərdə əks olunan hadisələrin təbii cərəyanından qanuni olaraq doğur. O öz qəhrəmanlarını bu və ya başqa bir müsbət fikrin ruporuna çevirmir. Onun yüksək bədii lövhələri və obrazlarının daxili məntiqi o qədər realistikdir ki, bizim hər birimiz buradan çox aydın fikri nəticələr çıxarda bilərik. Proqressə, mədəniyyətə, zəhmətə, namuslu olmağa çağıran Axundov, bütün əsərlərində zamanının ən proqressiv fikri zirvələrinə yüksələ bilmişdir.

Axundovun realizmindəki ideyalılıq, xüsusən qadın məsələsində özünü daha bariz göstərməkdədir. Siz onun heç bir əsərində “qadınlar azad olmalıdır” sözlərinə təsadüf edə bilməzsiniz. Lakin Axundov elə bədii qadın obrazları yaratmışdır ki, onların təsiri “qadın azadlığı” təbliğatçılarının sözlərindən min qat güclüdür.

Axundovun yaratdığı qadın obrazlarından ən qüvvətlisi bizcə “Mürafiə vəkilləri” komediyasındakı Səkinə xanımdır. Bu, iradəli, ağıllı, sözünün üstündə möhkəm duran bir Azərbaycan qadınıdır. Onun bəzi xüsusiyyətləri “Hacı Qara”dakı Sona xanıma bənzəyir. Lakin Səkinə xanım ondan çox qüvvətlidir. Çünki Səkinə xanım ondan da ağır vəziyyətə düşür, düşmənləri ilə mübarizədə böyük mərdlik göstərir.

Misallar gətirək:

“Zibeydə – Olmaz, əzizim, qardaşım qızı! Təbrizin mötəbər adamlarını bizə düşmən elərsən.

Səkinə xanım – Cəhənnəmə düşmən olsunlar, gora olsunlar. Ağa Həsəndən zəhləm gedir.

Zibeydə – Niyə?

Səkinə xanım – Nadürüst adamdır.

Zibeydə (ikiəlli üzünü cırıb) – Bıy, zəmanəniz çevrilsin, ay qızlar, üzlərində bir tikə həya və şərm qalmayıbdır. Səkinə, mən sənin kimi qızıl-qırmızı qız görməmişəm. Bizim də axı qızlıq zəmanəmiz var idi; həyadan baş qaldırıb böyüyümüzün üzünə baxa bilməzdik. Sizin üzünüzün susuzluğundandır ki, Təbrizdə vəba və taun əskik olmur.

Səkinə xanım – Xeyr, vəba və taun haramzada kişilərin nadürüstlüyündəndir. O nadürüst oğlu altmış min tümən adını eşidib onun üçün məni istəməyə talib olubdur. Yoxsa o məni-sevdiyindən ki, almaq istəmir. Əgər o məni alan idi, niyə qardaşım sağlığı heç bir ağız açmadı”.

Səkinə xanım öz bibisi ilə belə danışmaqla kifayətlənməyib, onu almaq istəyən Ağa Həsənlə daha qızğın mübarizəyə girişir.

“Ağa Həsən – Yaxşı, sənə mən bir oyun tutum ki, tamam dastanlarda deyilsin, ölənədək dadı damağından getməsin.

Səkinə xanım – Get, get, səndən qorxan, səndən əskikdir. Əlindən gələni beş qaba çək”.

Mirzə Fətəli Axundov bu qızın simasında Azərbaycan qadınlığının ən qüvvətli və cəsur nişanələrini məharətlə toplayıb ümumiləşdirməklə, bir tərəfdən realistik obraz yaratmağa müvəffəq ola bilmişdir, o biri tərəfdən isə arzu və diləklərində azad olan, istədiyi kimi hərəkət edən, bütün maneələri aradan qaldıran, təmiz ürəkli, saf və qoçaq bir qızın zəngin təbiətini əks etdirməklə o biri qadınlara da yol göstərmişdir.

Axundovun ideyalılığı hər şeydən əvvəl yüksək bədiilik yolu ilə ifadə olunmuşdur. Onun əsas dramaturgiya üslubu tənqidi realizm olduğu halda, əski quruluşu, əski münasibətləri uçurmağa çalışdığı halda, eyni zamanda yol da göstərmişdir. Əlbəttə, bizim zəmanəmiz üçün böyük dramaturqun göstərdiyi yol çox ibtidaidir, lakin tarixi planda alınarsa, Axundovun böyüklüyü və inqilabçılığı bizi heyrətə salmaya bilməz.

M.F.Axundov bu nöqtədə həqiqətən zamanının ən qabaqcıl demokratları ilə bir sırada durmuşdur.

III. M.F.Axundov dramaturgiyasının sintetik səciyyəsi

Hər bir böyük sənət sintetikdir. Adətən Puşkinin bədii nəsrini sintetik nəsr adlandırırlar. Böyük realistlərin əsərləri ümumiyyətlə sintetik səciyyə daşıyır.

M.F.Axundov dramaturgiyası bu cəhətdən müstəsna deyildir. Sintetik əsərlərin hər biri özünə görə müəyyən xüsusiyyətlərə malikdir.

Amma bir həqiqət də vardır ki, sintetik sənət dərin ideyalı və epoxial sənətdir. Biz M.F.Axundov dramaturgiyasının bu iki mühüm cəhətindən bəhs etdik və aydın oldu ki, onun altı komediyası bütün bir dövrü əks etdirməklə bərabər, demokratik maarifçilər üçün tipik olan ən yüksək ideyaları ifadə etmişdir.

Axundov sənəti ictimai həyatın başlıca hadisələri üzərində qurulmuşdur. Bu sənət, lazımsız təfərrüatın uzun-uzadı təsvirindən uzaq olub, yalnız tipik, maraqlı, təşrihedici, qarşımızda böyük bir aləm açan hadisələri və insanları təsvir etmişdir. Biz Axundovun pyeslərində elə bir dialoq tapa bilmərik ki, orada müəllif götürdüyü hadisələrin, insanların daxili inkişafını verməsin. Bu onunla izah olunur ki, bizim dahi sənətkarımız formanı və janrı hadisə və insan obrazlarının inkişafına tabe edə bilməyi bacarmışdır.

“Müsyö Jordan” komediyasında, Məstəli şah (əsərin bu ikinci qəhrəmanı) yalnız dördüncü pərdədə meydana çıxır. Adi dramaturgiya qanunları nöqteyi-nəzərindən bu çox təəccüblü görünür. Lakin Axundov sənəti öz xüsusi qanunları ilə yaşayan yüksək bir sənət olduğundandır ki, Məstəli şah o biri qəhrəmanlarından daha bariz bir şəkildə canlanmışdır. Məstəli şah Şahbaz bəylə qadınlar arasındakı ixtilafı həll etmək üçün zəruri olduğu zaman meydana çıxır, öz işini görür və yenə səhnədən çəkilir.

Yaxud “Mürafiə vəkilləri” əsərində vəkillər sonradan-sonraya çıxırlar.

Axundov dramaturgiyası yalnız komediyalardan ibarət olsa da, ciddi və kəskin ictimai konfliktlər dramaturgiyasıdır. Əsərlərdəki hər bir təfərrüat bu əsas konfliktlərlə bağlanır. Komediyaların əsas mehvəri qalan cəhətləri özünə tabe edir və burada Axundovun ustalığı bütün əzəməti ilə bizim qarşımızda canlanır.

M.F.Axundov özündən sonra gələn dramaturqlarımız üçün həqiqi bir müəllim vəzifəsini görmüşdür. Biz çox haqlı olaraq iddia edirik ki, Nəcəf bəy Vəzirov, Əbdürrəhim Haqverdiyev, Cəlil Məmmədquluzadə və Cəfər Cabbarlı kimi böyük dramaturqlarımız birinci növbədə Axundov ənənələrinin əsası üzərində yüksəlmişlər.

Bu ədəbi qələbələr üçün müasir ədəbiyyatımız birinci sırada M.F.Axundov dühasına borcludur.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Qara gözlər

I**Qərargah, top mərmilərinin xarabaya döndərdiyi kiçik bir Ukrayna kəndində idi. Səhərdən bəri aramsız atılan güllələr vıyıltı ilə uçuşaraq harada isə yerə düşür, kim bilir, bəlkə də insan ətinə dəyir, gurultu ilə başladığı halda inilti ilə qurtarırdı.

194550 мин
Kərəm əfsanəsi

Mən bu hekayədə köhnə bir igiddən danışacağam. Bir zamanlar böyük rus ədibi Maksim Qorki də onun mərdliyindən ilham almış, onun Qaf dağı kimi əyilməz, məğrur təbiətini tərənnüm eləmişdi. Bu igidi el arasında Qaçaq kərəm adı ilə tanıyırdılar.Kərəm öz dəstəsilə bərabər dağlarda, dərələrdə yuva salmışdı. Onun qan düşməni İsrafil ağa da, özü kimi qüvvətli, cəsur bir adam idi. Yalnız bir fərqləri vardı: Kərəm çar divanından qaçaq düşmüşdü, İsrafil ağa isə çar himayəsində yaşayırdı.

19599 мин
Şeytanın barmağı

Təmsil*Çox qədim zamanlarda yoxsul bir kəndli vardı. Onun cındırından cin hürkürdü. Özü də arıq və cılızdı. Ha əlləşirdisə, kasıblığın daşını ata bilmirdi, hətta taxılını döymək üçün də başqalarından qoşqu heyvanı istəməyə məcbur olurdu. Qonşusundan ikicə günlüyə aldığı öküzləri vələ qoşub, arpasını döydü, dənini ikitəkərli arabaya yükləyib, dağ ətəyindəki kəndin dəyirmanında üyütməyə apardı. Bir çətən külfəti acından batırdı. Fikri bu idi ki, necə olursa-olsun, bu axşam özünü dəyirmana yetirsin, yalvar-yaxarla dənini üyüdüb, gecə ikən də evinə qayıtsın. “Sən saydığını say, gör fələk nə sayır!” – deyiblər. Kəndli nə qədər tələsirdisə, öküzlər bir o qədər səbirli yeriyir, bəzən də üzə durub yolun ortasında dayanır, tənbəl-tənbəl quyruqlarını tərpədir, kəndlinin hay-hüyünü sanki eşitmirdilər. Kəndli qan-tər içində idi. Qırışlarla örtülmüş alnında tumurcuqlanan tər damcılarını əlinin tərsilə silməkdən yorulmuşdu. Günün istisindən az qala yazığın başı çatlayırdı. Öküzləri qırmancla döyəcləməkdən təngə gəlmişdi. Yolun kənarında kölgəli bir yer də yox idi ki, arabanı açıb, dincini alsın. Heç yerdə otdan, göyərtidən də gözünə dəymirdi ki, öküzləri bir az otarıb, sonra yola düşsün. Bu halda, tərs kimi, öküzlərdən biri soncuq atmağa başladı, arabanı o yan-bu yana dartaraq, yoldan qırağa çıxartdı, çökəyə tərəf sürüdü. Araba kəlləmayallaq aşdı. Kəndli özü də zərblə ağzıüstə yıxıldı və istər-istəməz “lənət sənə kor şeytan!..” – dedi.

19594 мин
Rəqiblər

I**– Necə, necə? Nə buyurdunuz? Usta Heybəti öldürsəniz də ürəyiniz soyumaz?

196423 мин

Стихи других поэтов