Rəqiblər
Страница 2 из 4 · 25%
– Qazma idarəsində oturan tiplər, bizim sözümüzü bu qulaqlarından alıb o qulaqlarına verirlər. Siz niyə onlara demirsiniz ki, burdakı camaat öz atalarının xeyri üçün işləmir? Bax, Pirvəli dayı süründürməçilərin əlindən zəncir çeynəyir. Nə deyirsən, usta?.. Hə, deyir ki, məni cin atına mindirməsinlər, özüm telefonu götürüb, aləmi bir-birinə qataram!..
Dünəndən bəri mən də bu fikrə gəlmişdim ki, daha bu gündən sonra usta Pirvəli heç nədə güzəştə getməyəcək, əlinə fürsət düşən kimi, buruğun işini bir balaca ləngidənlərin hamısını qılınclayacaq, lap mənim özümə də aman verməyəcək. Qürbət Kərimə dedim ki, bu saat yoxlayım, görüm, nə üçün belə səhlənkarlıq eləyiblər. Dübarə daxili telefonla qazma idarəsinə zəng elədim, bununla da kifayətlənməyib, qayıqlarımız dayanan körpüyə getdim. Fəhlələr başqa avadanlıqla bərabər gematiti də gəmiyə yükləyirdilər. Mən onları salamlayıb gülə-gülə dedim ki, usta Pirvəlini tanımırsınız, niyə dünən söz verib onun yanında bu cür yalançı çıxmısınız? Onların bəzisi gülür, amma çoxusu işdən ayrılmayıb, eyni sürətlə yük qaldıran iri kranın çanağına avadanlıq hissələri bağlayırdılar. Gəminin kapitanı deyəsən, hamıdan çox tələsirdi. Bunun səbəbini özü açıb söylədi:
– Usta Pirvəli mənə ağır söz demir, ancaq elə tərs-tərs baxır ki, atamın goruna söysə, min pay bundan yaxşı olar... Dünən günah bizdə olmadı, yoldaş rəis, gəminin motorunda bir balaca təmirat aparmalıyıq. Pirvəlinin gematitini srağagündən gətirmişdilər. Ondan tək mən qorxmuram, Allah göstərməsin, əlinə girəvə düşsə, əcdadımızı qəbirdən çıxardar...
Mən bir saatdan çox gözlədim. Nəhayət hər şeyi yükləyib qurtardılar. “Nə olar, olar, cəhənnəmə ki!” – deyib, özüm də buruğa yola düşdüm.
Orada vəziyyət Qürbət Kərimin dediyi kimi deyildi. İşi dayandırmamışdılar. Heç kim də avara oturub gematit gözləmirdi. Usta Pirvəli bir növ profilaktik tədbir görmüşdü. Yəni sabah ona gərək olan ağırlaşdırıcı materialı indidən tələb eləmişdi. Bizi qarşılayan qürbət məni görəndə, pərtləşib gözlərini yerə dikdi. Hələ bir qızardı da... Yəqin ki, yalan danışdığına görə onu danlayacağımı güman eləyirdi. Ancaq mən, bu cür işləyən ustalara ürəyimdə haqq verirəm, çünki qazma sürəti çox vaxt təchizatın gecikməyi nəticəsində azalır. Mən Qürbət Kərimə bir söz demədim. Elə bil aramızda bu barədə heç söhbət olmamışdı.
Qürbət mənə təşəkkür elədi:
– Çox sağ olun, yoldaş rəis, – dedi. – Ehtiyatımız qurtarırdı. İndi ürəyimiz yerinə gəldi.
Usta Pirvəli gözümə dəymirdi. Hesabla gərək mən sevinəydim, ancaq istər-istəməz məndə onu görmək və dünənki söhbətdən sonra yumşalıb-yumşalmadığını öyrənmək arzusu oyanmışdı. Qürbət Kərimdən soruşdum:
– Bəs ustanız hanı?
– Papiros çəkməyə gedib...
Fikrimə gəldi ki, “Məni uzaqdan görüb, qəsdən gizlənib... Hə, deməli acığı soyumayıb...” Gözlərimi dolandırıb onu axtardım. Yox, görünmürdü. Buruğu gəzdim, fəhlələrlə salamlaşdım, hal-əhval bildim. Deyəsən burda usta Pirvəlidən başqa hamısı mənim xətrimi istəyirdi. On iki illik təcrübədən bilirdim ki, bilavasitə istehsalatda çalışan fəhlələr arasında yaltaq və riyakar adamların sayı yox dərəcəsində azdır. Əgər onlar sənə “Yoldaş rəis, sağ olun” deyirlərsə, bu yalnız ürəkdən gələn bir sözdür. Bu cəhətdən mən usta Pirvəlinin briqadasını nümunəvi sayıram, burda çalışan fəhlələrin heç biri mənim də, başqa yoldaşlarımın da qüsurunu mərd-mərdanə üzümüzə deməkdən çəkinməz. Buradakıların bəzisi məni çoxdan tanıyır. Ali məktəbi qurtarandan sonra buruq ustası olmuşdum. O vaxt yalnız onlar mənə yox, mən də onlara isinişmişdim. Belə insanların etimadını qazanmaq çətindir, amma hədsiz dərəcədə xoşdur...
Köhnə adətim üzrə, buruqda hər şeyə nəzər saldım. Baltanın qət elədiyi məsafə ilə maraqlandım. Usta Pirvəlinin dili vardısa, dilçəyi də vardı. Bu günün normasından iki yüz metr də artıq qazmışdılar. Buruğun hər səliqə-sahmanı öz yerində idi. Bu cür briqadaları görəndə, adamın yorğunluğu yadından çıxır, papirosu bir-birinin oduna yandırmırsan, iştahan açılır, hər tərəf sənə gözəl, şairanə görünür, insanlara rəğbətin birə-on artır. Evə gələndə, arvad-uşaq da kefi kök olduğunu hiss eləyib sevinir.
Mən briqadanın işində irad tutulası heç nə tapmadım. Uşaqdan-böyüyə hamı öz yerində idi. Mexanizmlər yağ kimi işləyirdi. Usta Pirvəlinin məndən küsülü kimi ayrılıb getməyi, indi mənə daha çox yer eləyirdi.
– Sizə baxanda, adamın ürəyi dağa dönür, ay uşaqlar, – dedim. – Bəs usta Pirvəli gecə evinə getməmişdi?
Mən bunu Qürbətdən soruşdum, amma açarçı Yəhya cavab verdi:
– Yox.
– Niyə ki?
– Dünən axşam nəsə çox pərt idi. Gələn kimi hamımızı çağırdı. Cibindən qəzet çıxartdı. İyirmi ikinci qurultayın açılışı gününə dair birinci səhifədə iri hərflərlə yazılmış sətirləri ucadan oxudu. Dedi: “Raport-zad verməyəcəyik. Gurultu-partıltı qoparmayacayıq. Boynumuza öhdəçilik-filan da götürməyəcəyik. Amma qurultay açılan vaxt gərək normamızı ikiqat ödəmiş olaq. Kimin sözü var?”. Biz heç nə demədik. Onun da, bizim də çox danışmaqla aramız yoxdur. Biz həmişə beləyik: Bizim əvəzimizə rəqəm danışır!.. – Yəhya harasa baxdı, dərindən nəfəs aldı: nəyə isə təəssüf eləyirdi. – Bilmirəm, ustaya nə olub, dünən axşamdan qaşqabağı heç açılmır... Elə hey öz-özünə deyinir: “Nahaq, lap nahaq... gərək bu barədə danışmayaydım. Bu cür axmaq iş tutduğum heç yadıma gəlmir”. Bir yol özündən xəbər aldım ki, usta, nə axmaq iş, nahaq nəyə deyirsən? Gözümün içinə baxdı, sonra başını buladı, dedi ki, heç, bir səhv elədim, keçənə güzəşt deyərlər...
Bu söhbət əsnasında buruğa motorlu bir qayıq yan aldı. Hamımız o tərəfə baxdıq. Gələn usta Heybət idi. Ürəyim guppuldadı. Bir yol tapıb, rəqiblərin görüşməyinə mane olmalıydım. Qorxurdum ustalar cavanların yananda savaşarlar. Mən fəhlələrdən aralanıb, usta Heybəti özüm qarşıladım.
– Hara belə, usta?
– Yüz doqquza gedirəm. Dedim, bir Pirvəlinin də qulluğuna salam verim, ürəyimi boşaldım.
Mən özümü bilməməzliyə vurdum.
– Nə barədə?
Heybət mənmi böyrümdən adlayıb, fəhlələri salamladı:
– Ə, ağıllı ustanız hardadır? – dedi və mənə tərəf döndü... – Ay yoldaş rəis, gəl, sən də şahid ol. Pirvəliyə bir neçə yağlı sözüm var... Ə, hanı bu Pirvəli ağa?
Bu anda qoca usta elə bil yerin dibindən çıxıb, Heybətin qabağında dikəldi:
– Əleykəssalam, mən burdayam, – dedi. – Ağıllı, ya dəli, olanım budur. Mənə çoxdan ağalıq verilib.
Cavanlar gülüşdülər. Ustalarının hər sözündən xoşlandıqlarını görməmək mümkün deyildi. Deyəsən onlar bu söz güləşdirməkdə usta Pirvəlini qalib sayırdılar. Heybət də bunu görüb, azca tutulan kimi oldu. Pirvəlinin qolundan bərk-bərk yapışıb, mədəni budkaya doğru çəkdi, bir-iki addım gedib, yenə mənə sarı boylandı:
– Gəl, sən də şahid ol!.. – dedi.
Mən onların söhbətindən xeyir gözləmirdim. “Savaşsalar aralaşdıraram” fikri ilə mən də getdim. Yaxşı ki, növbənin fəhlələri o saat dağılışdılar və ustaların görüşünə maraq göstərmədilər.
Taxta divarları qəzet və jurnallardan kəsilmiş rəngbərəng şəkillərlə bəzədilmiş budkanın sağ küncündə, divara yaxın döşəmədə elektrik sobası qoyulmuşdu. İçəri isti idi. Üstünə qalın abı kağızdan süfrə salınmış balaca stolun qırağında elektrik çayniki pıqqıldayırdı. Lüləsindən fışqırtı ilə çıxan buxar, divarın kağızında əl boyda yeri islatmışdı. Usta Pirvəli çaynikin qapağını götürdü. Buxarın istisi üzünü yandırmasın deyə, başını yana sarı əydi. Sobanın böyründəki əl çantasından çay çıxartdı və bir ovuc götürüb, çaynikə atdı, yenə qapağı örtdü.
– Buyurun, bəyəndiyiniz yerdə oturun, – deyə stolun arxasındakı skamyada əyləşdi.
Mən də usta Heybətlə yanaşı onunla üzbəüz oturdum.
Söhbəti usta Heybət başladı:
– Orda-burda niyə kölgəmi qılınclayırsan, balam? Nə vaxtdan bəri dalda danışmağa öyrəşmisən?
Usta Pirvəli özünü eşitməməzliyə vurdu. Aşağı əyilib, çantasından təzəcə ütülənmiş, sarı haşiyəli çay dəsmalını götürdü və səliqə ilə qatlayıb, çaynikin üstünü örtdü. Mənə elə gəldi ki, qonaqlarına çay verməmiş söhbətə girişmək heç könlündən deyildi. Ancaq Heybət tələsirdi. O, heç birimizə müraciət eləmədən, yenə eyni incik halda soruşdu:
– Bilmək olmaz ki, mənim günahımın adı, nədir? Yaxşı, bu çayniki az qurdala. Mən bura çay içməyə gəlməmişəm, termosum doludur...
– Mən çayı özüm üçün qoymuşdum, sənə zorla içirtməyəcəyəm!.. – deyə Pirvəli də rəqibinin üzünə baxmadan tütün qutusunu çıxartdı, kəhrəba rəngli saçaqlı tütündən bir xışma götürüb, qəzet kağızında uzun və yoğun bir papiros eşdi. – O ki, qaldı kölgəni qılınclamağıma, bu barədə tamam yanılmısan, özün dura-dura kölgəni niyə qılınclayıram?
– Niyə, axı, nə səbəbə?
– Tələsmə, bu saat hamısını deyəcəyəm. – Pirvəli, qəsdən ağır-ağır, təmkinli bir əda ilə danışırdı, elə bil bununla da usta Heybətin səbir kasasını daşdırmağa çalışır və bundan qəribə bir zövq almaq istəyirdi. Papirosunu çaxmaqla yandırıb, iki-üç dəfə dərindən qullab vurandan sonra, yenə eyni arxayınlıqla sözünə davam elədi: – Bilmirəm sənə kim nə deyib, amma öz dilimdən eşitsən yaxşıdır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mehdi-huseyn-reqibler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İştirak edənlərNizami Gəncəvi*
Birinci şəkilGəncə, Nizaminin eyvanı qarşısında bağça. Hər tərəf sakitdir. Mütəmadiyən ötən bülbülün nəğməsindən başqa bir səs eşidilmir. Sürətli addımlarla gələn Qivami sağa-sola baxınır. O, kədərlidir.*Qivami**
İkinci şəkilQədim Bərdə yaxınlığında bir ovlaq. Göz işlədikcə uzanan dərədə şəhər görünür. Gözəl saraylar yaşıllıq içindədir. Qivami ağacın kölgəsindəki çeşmə başında oturub pəsdən zümzümə edərək, şərab içir. Arabir əsən xəfif külək, onun qıvrım saçlarını oxşayır.*Qivamidən iki-üç addım kənarda Yusif uzanıb yatmışdır. Günorta vaxtıdır.*
Üçüncü şəkilBərdə şəhərində geniş bir həyət. Bir tərəfdə uca saraylar, o biri tərəfdə isə, Əbdəkin evi görünür. Hava yeni-yeni işıqlanır. Əyri-üyrü küçə ilə Toğrul və Çingiz gəlir.*Çingiz**
Стихи других поэтов
Və nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
تا شهنشاهِ جهان گردید مهمانِ وزیرمتّفق دید آسمان بختِ جوان با رایِ پیر
BaramaUstalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,
Gəraylı: Məndən özgə gözəl yarımMəndən özgə gözəl yarımQədr-izzət bilən olmaz