Страница 4 из 4 · 75%

Mən usta Pirvəlidən ayrılıb, geriyə döndüm, mədəni budkaya getdim, radist ilə usta Heybətin buruğunu tutub radioqram verdim: “Adamları bu dəqiqə sahilə çıxardın!”

Lakin yenə də ürəyim sakit olmadı. Budkadan usta Pirvəlinin yanına gələnəcən, iki yerdə külək az qala məni vurub dənizə salmışdı. Ağac məhəccərdən ikiəlli yapışmasaydım, kos kimi suya düşməyim labüd idi.

Qoca usta işi dayandırmışdı. Tez-tez uzaqlara baxır, dodağının altında, pıçıltı ilə, bəlkə də ixtiyarsız olaraq “nahaq getdi, lap nahaq” deyib, astadan köksünü ötürürdü. O, birdən həyəcanını biruzə verdi:

– Camal, oğul, – deyib, mənə üz tutdu. – Mənim məsləhətimə qulaq as, əmr elə, qoy onun dalınca “Bakı fəhləsi” katerini yollasınlar.

Onun fikrini başa düşmək çətin deyildi. Demək istəyirdi ki, indi xırda-xuruş qayıqlara buruğa yan almaq olmaz. Fəhlələr ölüm-zülüm bu qayıqlara minə bilsələr də, sağ-salamat üzüb sahilə çıxa bilməzlər.

– Düz buyurursan, usta, – dedim. – Tez olun, yığışın, gedək, təcili tədbir görək.

Hamımız qayığa doluşduq və kapitanı tələsdirib, sahilə yola düşdük. Biz hələ mənzilə çatmamış, körpüdən yüz əlli, iki yüz metr bəridə “Bakı fəhləsi” ilə qarşılaşdıq. Görünür, qazma idarəsinin işçiləri bizdən cəld tərpənib, uzaqdakı buruqlara təcili kömək yollamışdılar...

Bu dəmdə mən istər-istəməz usta Pirvəliyə baxdım. Onun qaşqabağı daha yerlə getmirdi. Hətta arabir gülümsəyirdi.

– “Bakı fəhləsi” gedəndən sonra, daha qorxusu yoxdur... Xəzərin öhdəsindən bircə o gəlir!..

IV

Usta Pirvəlinin də, mənim də sevincim yersizmiş. Dəniz son iyirmi beş ildə görünməmiş bir fəlakət törədib, açıq dənizdəki buruqlardan bir neçəsini, o cümlədən də usta Heybətin 109 nömrəli kəşfiyyat buruğunu uçurmuşdu. Hava xidməti idarəmizdən alınan məlumatda deyilirdi ki, külək on üç bala çatır, “Bakı fəhləsi”ndən göndərilmiş radioqram daha dəhşətli idi: Usta Heybətin briqadasından iki nəfər ölümcül yaralanmış, özü isə həlak olmuşdu...

Bu xəbər tək məni yox, bütün qəsəbəni, çox keçməmiş bütün Bakını sarsıtdı.

Ustanın cənazəsini, yaralıları və o biri fəhlələri gətirən “Bakı fəhləsi” körpüyə yaxınlaşanda mən də sahildə idim. Dəniz qırağında iynə salmağa yer yox idi. Heybətli səslə uğuldayan Xəzərdə sanki yerlə göy birləşirdi, amma qəsəbə sakinləri ardı-arası kəsilməyən bir izdiham kimi sahilə axışırdılar. Qazma idarəsinin əməkdaşları, rayon rəhbərləri, evlər yıxan küləyə sinə gərərək gözlərini yavaş-yavaş körpüyə yan alan gəmiyə zilləmişdilər.

Bu səhnəyə ürək ağrısı duymadan tamaşa eləmək çətindi. Elə bil hamının qəddi bükülmüşdü. Ancaq hələ də çoxları usta Heybətin ölüm xəbərinə inana bilmirdilər. Əllərində xərək, bir-birinin ardınca gəmiyə adlayan sanitarlar, əvvəlcə yaralıları, sonra, lap axırda üz-gözündə qan laxtalanmış və gözlərini əbədi yummuş usta Heybəti gətirməsəydilər, yəqin ki, sahildəki izdiham, qocanın ölüm xəbərini adi bir şayiə sayacaqdı.

– Ə, bir yol verin!.. – deyə camaatı aralayıb, axırıncı xərəyə doğru yönələn adamı tək mən yox, sağımda, solumda dayanmış o biri yoldaşlar da gördülər. Nəfəs-nəfəsə kütləşmiş yüzlərcə insanı asanlıqla yarıb irəliləyən, burdakıların hamısından iki daban uca, bahadır cüssəli kişini qəsəbə sakinləri usta Heybətdən az tanımırdılar. O məndən də qabağa keçdi və xərəyin önünü kəsdi:

– Dayanın! – dedi.

Sanitarlar bu əmrdən çıxa bilməzdilər. İrəlidə dayanmış nazik, uzun sanitar, ehtiramla, yalvarış dolu bir nəzərlə onun üzünə baxdı və yalnız özünün eşidə biləcəyi pıçıltı ilə xahiş elədi:

– Pirvəli dayı, yol ver!

Lakin o, yol vermədi. Sanitarlar xərəyi yerə qoymağa məcbur oldular.

Hamının gözü Pirvəliyə zillənmişdi. Nə isə deyəcəyini gözləyirdilər. Lakin usta Pirvəli heç nə demədi, xərəyin yanında diziüstə qapandı, rəqibinin cənazəsini qucaqladı və tük ürpərdən bir səslə hönkürdü.

Bu vaxt bütün izdihamdan şivən qopdu.

Adətdir... pəhləvanlar ağlayanda, bütün el-oba ağlayır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов