Yeddinci fəsil
Страница 5 из 9 · 44%
Lətifə yerindən qalxa bilmirdi. Salonun yarısı boşaldığı halda, onun gözləri yenə də səhnədə idi. Elə bil Tahir onun gözlədiyini duyub, bir də oxuyacaqdı.
Bu anda o, Zivərin səsini eşitdi:
– Kimi gözləyirsən?
Lətifə fikirdən ayrıldı. Tez ayağa qalxdı. Onlar qol-qola girib eşiyə çıxdılar və bu zaman uzun dəhlizdə qəribə bir hadisənin şahidi oldular: usta Ramazan Tahirə yaxın gəlib onun qabağını kəsdi, Tahir əlini irəli uzadıb, usta ilə görüşmək istərkən, qoca sevincini gizlədə bilməyərək, əli ilə onun böyrünə vurdu:
– Allah sənin bəlanı versin! – dedi, – istəyirdin mənim briqadam belə oxuyanını itirsin.
Sən demə qoca qapının dalında ayaq üstündə durub Tahirin qoşmasını dinləyir və onun eşiyə çıxmasını səbirsizliklə gözləyirmiş... Tahir qızları görmürdü. Kim bilir, bəlkə də görür, amma özünü görməməzliyə vururdu? Lətifə gülümsəyirdi. Tahirin, usta ilə görüşündən sonra mütləq bəriyə tərəf baxacağını və onu görəndə salam verəcəyini düşünürdü. Amma usta Ramazan şagirdilə bərabər çıxıb yola düzəldi. Tahir gözünün ucu ilə də olsa Lətifəyə baxmadı. “Demək, bundan sonra qaçmayacaq”.
Birdən Zivər onu özünə tərəf çəkdi. Qızlar qaranlıqda gözdən itdilər.
Cəmil isə qızların bir hərəkətini belə gözdən qoymurdu. Konsert salonunu tərk etdikləri dəqiqədən başlayaraq, onları addım-addım izləyirdi. Əlbəttə, onu maraqlandıran yalnız Lətifə idi. Özünü qızlara göstərmədən, səssizcə addımlarla yeriyir, Zivərin Lətifədən ayrılmağını gözləyirdi. Bu dəfə o nə üçünsə Zivərin Lətifəgilə getməyəcəyinə tamamilə əmin idi.
Qızlar qol-qola tutuşub, asfaltın düz ortasilə yeriyirdilər. Amma nə Lətifə dinib-danışır, nə də Zivər ondan bir söz xəbər alırdı.
Onlar nəhayət daş pilləkənə çatanda Cəmil, yolu işıqlandıran böyük fənərin altında özünü göstərməmək üçün kənar yol tutdu və qaranlıq yerlə, uzaqdan-uzağa onlara baxa-baxa yeriməyə başladı.
Qızlar daş pillələri dırmandılar, sona çatanda ayaq saxladılar. Bu zaman Bayıl üzərini çuğlamış ağ buludlar arasından siyrilib çıxan ay, onların üstünə süd kimi ağ bir işıq saldı.
Birdən Cəmil Zivərin səsini eşitdi:
– Nə olub sənə, ay qız? Niyə qanın qaradır?
Lətifə dinmədi. Başını Zivərin çiyninə söykədi.
– Bayaqdan fikir verirəm. Demə ki, Zivərin gönü qalındır. Axı o səni görmədi. Usta onun başını qatmışdı. Mən bilirəm ki, o səni çox istəyir. Günah özündədir. Xətrinə dəymisən.
Lətifə yenə dinmədi.
– Yaxşı oğlandır. Səməndər mənə deyib. Ürəyi təmiz, yoldaşlıqda vəfalıdır. Amma gözəl oxudu. Deyəsən hava da özünündür. Sözləri necə idi?.. Hayıf yadımda qalmayıb.
Səbirsizlikdən az qala Cəmilin ürəyi yerindən qopurdu: “Gör qızı nə tovlayır! Görək Lətifə özü nə deyəcək?” deyə nifrətlə Zivərə baxırdı.
Yenə Zivərin səsi eşidildi:
– Bu nədir, sən ağlayırsan?
Qaranlıq bucaqda durub, onlara qeyri-adi bir intizarla baxan Cəmil, Lətifənin hıçqırıqlarını aydın eşidirdi.
“Aha, Tahiri sevirmiş...” Cəmil, elə bil gicgahlarında vuran damarların zərbindən bir az geriyə çəkildi və burada gizlənib oğrun-oğrun baxdığını kiminsə görəcəyindən qorxurmuş kimi, tez uzaqlaşdı. Ümumi yaşayış evinə gələndə, yoldaşları hələ yatmamışdı. Səməndərlə Biləndər bir-birinin sözünü kəsərək Tahiri tərifləyir, konsertdə hamıdan çox onun müvəffəqiyyət qazandığını söyləyirdilər.
– Doğru deyirsiniz, bu gün Tahirin gəlhagəli başlanıb, – deyə Cəmil adəti üzrə ciddi və sakit bir tərzdə əlavə etdi.
Səməndər bir Tahirə, bir də Cəmilə diqqətlə nəzər salıb, zarafat tərzində, bic-bic gülərək dedi:
– Aşna, elə bilmə ki, görmədim ha!
Cəmil diksinərək gözlərini Səməndərə zillədi:
– Nəyi?
– Lətifənin dalınca getməyini...
Cəmil dinmədi. Yalnız gözlərini aşağı salıb, xəfif bir halda köksünü ötürdü. Amma Səməndəri işin nəticəsi maraqlandırırdı:
– Olmaya atqaz elədi?
Hamı sükut içində Cəmildən cavab gözləyirdi. Tahir həyəcanını üzə vurmurdusa da, ürəyindən qara qanlar gedirdi: “Deyirəm axı, niyə Cəmil birdən yox oldu. Deməli, Lətifəni ötürürmüş”. Yerində mıxlanmış kimi duran Cəmil, nəhayət Tahirə yanaşdı:
– Sən xoşbəxtsən, əzizim, – dedi, – mən yoldaşlıqda sədaqəti hər şeydən uca tuturam. O səni istəyirmiş. Aranıza girmək namərdlik olar!
– Axı nədən bilirsən? – deyə Səməndər qalxıb çarpayıda dik oturdu.
Cəmil ürəyində baş qaldırmaq istəyən həsəd hissini boğa-boğa dedi:
– Öz gözümnən gördüm, öz qulağımnan eşitdim.
Onun səsindəki titrəyişi cavan fəhlələr deyil, özü də duyub, sükuta qərq oldu. Tahir bu etirafı eşidəndə qulaqlarına inanmadı. Cəmildən yenə nə isə soruşmaq istədi. Ancaq onun könlünə toxunacağından qorxub dinmədi...
5
Aslanov, Qüdrətin nə məsələ üçün gəldiyini öyrənəndən sonra, Azərneft rəisi ilə Mirzəyevi də yanına çağırtdırdı. Onlar gəlincəyə qədər Minayevin layihəsi ilə tanış olub, qoca mühəndis Talıbzadənin rəyini gözdən keçirdi. Qüdrət, belə hallarda katibə izahat verməyi artıq bilirdi. O, uzun illərin təcrübəsi sayəsində neft sənayesinin bütün təfərrüatına bələd olduğundan, ən yaxşı mütəxəssislər belə onun məsləhəti ilə hesablaşırdılar. Qüdrət, bu ixtiranın xüsusən dərin quyular qazmaq üçün nə qədər əhəmiyyətli bir hadisə olduğuna əmin idisə də, lakin yenə də katibin rəyini bilməyə tələsirdi. Yalnız bir alətin taleyini deyil, onunla Mirzəyev arasındakı ixtilafı bu rəy həll edəcəkdi. Amma katib bu xüsusda heç bir söz demədi. Görünür, fikrini söylərkən hər iki tərəfin iştirakını lazım bilirdi. O indi tamam başqa bir məsələdən söz saldı:
– Dünən rayonlardan birində idim. Kəndlərimizdə kütləvi bir hərəkat başlanmışdır: hamı elektrik işığında oturmaq istəyir. Bəzi kolxoz sədrləri heç kəsdən kömək almayıb, özləri stansiya tikdiriblər. Həmin rayon mərkəzinə bitişik yüz əlli təsərrüfatı olan bir kənd var... (Katib qəsəbənin də, kəndin də adını söylədi) Qəsəbədə elektrostansiya xarab olduğundan, kənd onlara işıq verir. Qəribədir ki, sadəcə bir təsadüf nəticəsində bu fikir başlarına gəlib. Qəsəbədəki teatrda yeni bir tamaşa göstərirlərmiş, həmin kolxozun üzvləri də salonda oturub, pərdənin qalxmasını gözləyirlərmiş. Birdən işıqlar sönür. Məlum olur ki, elektrostansiya sabaha qədər işıq verə bilməyəcək. Biletləri qaytarmalı olurlar. Kolxoz sədri deyir ki: “camaat, bir az gözləyin, mən işığı düzəltdirərəm...” Elə oradaca kolxozun üzvlərindən birinə əmr verir ki, tez kənd elektrostansiyasını şəhərlə calaşdırsınlar. Bir saat belə keçməmiş teatr onlardan işıq alır, tamaşanı göstərir. Ondan sonra kolxoz bütün qəsəbəyə elektrik xətti çəkdirməyi boynuna götürür. İndi nə vaxt qaranlıq olsa, kənd onları işıqla təmin edir.
Qüdrət, Aslanovun bu əhvalatı nə üçün söylədiyini bir dürlü başa düşmürdü. Deyəsən katib onun təəccüblə baxdığını duyub, yenə sözünə davam etdi:
– Bu il, başqa bir sıra kolxozlar da öz planlarında elektrik stansiyaları qurmaq məsələsini nəzərdə tutublar. Ancaq kolxozların bir neçəsində hələ bu təşəbbüsü həyata keçirə bilmirlər, çünki onlara vaxtında mühəndis-texniki yardım göstərmək mümkün olmur. Bakı müəssisələri bu hərəkata kömək eləsələr necə olar? Olmazmı ki, ayrı-ayrı kolxozları şefliyə götürüb, bütün kəndlərimizdə balaca elektrostansiyalar düzəldək? Məsələn, sən ilk dəfə bu təşəbbüsü boynuna götürsən necə olar? – Katib Qüdrətə yanakı baxıb gülümsündü: – Elə düşünəbilərsən ki, öz trestin geridədir, partiya sənə aid olmayan bir işi də boynuna yükləyir... Məsəl var: “Çobanın könlü olsa, təkədən pendir tutar”. Bir qədər düşünsən, görərsən ki, belə lazımdır.
Katib susdu. Ayağa qalxıb ağır-ağır gəzinməyə başladı.
Katib:
– Dünən cavan fəhlələrin yeməkxanalarına baxırdım, – dedi, – çoxdandır onlar göyərti, alma-armud üzü görməyiblər. Bakının meyvəsi ilə onları doydurmaq çətindir. Yaxşı olmazmı ki, belə şeylərlə də kolxoz sizə kömək eləsin? Lap sizin rayonda dükan açıb meyvəcat satsın?
Qüdrət də istər-istəməz qımışdı: “Aha, indi bildim bu müqəddimə nə üçündür”.
– Hə, necə fikirdir? – deyə Aslanov soruşdu.
Qüdrət bir qədər düşündü. Zehnində haqq-hesab elədikdən sonra cavab verdi:
– Mümkündür. Geridə qalmış olsam da, bir-iki kəndi boynuma götürərəm.
Bu anda qapı açıldı... Katibin köməkçisi içəri girib, çağırılmış adamların gəldiklərini xəbər verdi. Katib:
– Çağırın, çağırın! – deyə yenə gəzindi.
Bir an sonra Azərneft rəisi ilə Mirzəyev daxil olub salam verdilər. Aslanov onlarla əl tutuşdu. İri və sərt gözlərini bir xeyli onların üzündə gəzdirdi və əllərini dalında çarpazlayıb yenə kabinetdə var – gəl etdi.
Rəislə Mirzəyev yanaşı oturdu.
– Hə, bu proektlə tanışsınızmı? – deyə katib birdən duruxub Azərneft rəisinə baxdı, əlilə layihə kağızlarını göstərdi.
Mirzəyev ayağa qalxdı:
– Məsələ burasındadır ki, Qüdrət İsmayılzadə yoldaş...
– Mən Qüdrəti soruşmuram. Minayevin proektini soruşuram.
– Xeyr, tanış deyilik.
– Nə üçün, görünür belə xırda işlərlə məşğul olmağa vaxt tapmırsınız, hə? – Katib “xırda” sözünü deyəndə, səsinin ahəngində istehza nidası vardı. – Mən hələ istehsalat nöqteyi-nəzərindən demirəm, sırf elmi cəhətdən götürsəniz də olduqca mühüm ixtiradır. Gələn il üçün mükafata namizəd axtarırsınız, bundan yaxşı namizəd?
Kitabxana.az · https://kitabxana.az/ru/works/mehdi-huseyn-yeddinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Məni inşaat materialları institutunda öz işimə qaytarmışdılar. Burda rəfiqələrimin yalnız biri qalmışdı: Rima. Məlikə ilə Tura isə ali məktəblərdə dosent vəzifəsində çalışırdılar. Direktorumuz Səmədovu işdən çıxarıb, yerinə baş elmi işçi, dosent Mirzəliyevi qoymuşdular. O məni gülərüzlə qarşılayıb, qolumdan tutmuş və birbaş köhnə otağımıza gətirmişdi. O, hər gün olmasa da, iki-üç gündən bir məni yanına çağırtdırır, dissertasiyam üzərində çalışarkən necə çətinliyə rast gəldiyimlə maraqlanır:– Heç qəm yemə, qızım, – deyirdi, – geri qalmağında sən müqəssir deyilsən. Hamımız sənə kömək edəcəyik, amma sən utanma, nə lazım olsa gəl, mənə söylə.
Birinci fəsil1**Sərnişin qatarı sürətlə Bakıya yaxınlaşanda, göz işlədikcə uzanan şəhərin işıqları salxım-salxım yanır, göy üzündə sayrışan ulduzlar isə, elə bil, mavi səmanın dərinliklərindən şəhərə qibtə və həsrətlə göz qırpırdı.
İkinci fəsil1**Tahir Cəmillə bərabər axşam növbəsində işə getmək üçün motorlu qayıqlar dayanan balaca körpüyə gələndə, Xəzərin bəriyə doğru şütüyən ağ köpüklü dalğaları sahildəki boz qayalıqlara çırpılaraq şarıldayırdı. Qürub edən günəşin qızıl şüaları dənizə əks etmişdi. Dalğalar bir-birini qovaraq gəldikcə alov kimi qızarırdı. Sanki dənizdə böyük bir yanğın vardı. Srağa gün Bakının ulduzlarını, doyunca seyr etmiş Tahir, indi sahildə durub dənizə baxarkən alova bənzəyən bu dalğaları görüb, yenə Cəmilin nağıllarını xatırladı və iki gündən bəri seyr elədiyi mənzərələrin heç birini başqa yerlərdə tapmaq mümkün olmadığını düşünürdü. Burada çoxdan yaşayanlar və eyni lövhəni hər gün seyr edənlər, Xəzərin bu ülviyyətinə, ondakı boyaların bu zənginliyinə Tahir kimi valeh olmurdular. Deyəsən, onların gözü çoxdan doymuşdu və Tahirə elə gəlirdi ki, Cəmil də, o biri fəhlələr də dənizə baxmaq istəmirlər. Onların bu laqeydlikləri, təbiəti etibarilə bir qədər xəyalpərvər olan Tahirə qəribə görünürdü. O, həris gözlərini dalğalarda gəzdirməyə başladı. Lap uzaqdan aşırıla-aşırıla gələn böyük bir dalğanı sahilə qədər gözdən qoymayıb, onun hər an rəngdən-rəngə girdiyini, bəzən qan kimi qırmızı, bəzən də üfüqdə yanan bulud parçası kimi çəhrayı olduğunu görəndə, heyrətdən ağzı açıla qaldı, elə bil buraya nə üçün gəldiyini və haraya getdiyini də unutdu.
Üçüncü fəsil1**İsmayılzadə buruğu tərk edib gedəndən bir azca sonra artıq dan yeri ağarırdı. Dəniz üzərində pambıq tayaları kimi bir-birinin üstünə qalaqlanmış ağ buludlar ağır-ağır hərəkət edib cənuba doğru sürünürdü. Gecədən əsməyə başlamış yay küləyi, yavaş-yavaş qüvvətlənir, dənizin dalğaları ləngər vururdu. Üfüqdən baş qaldıran günəş indi bozumtul, qırmızı rəngə çalırdı.
Стихи других поэтов
Sən məni sevsəydin nolardı görən?Görən olardımı bir dərdim onda?
MəndənBaşına döndüyüm a nazlı dilbərGəlirmi guşuna sədalər məndən
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
Beməxə (Fərsiz){| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"