Yeddinci fəsil
Страница 7 из 9 · 67%
– Hə, nə oldu, neft gəldi?
Qoca bu sualdan inciyən kimi duruxdu:
– Ay hay, bəs nəmənə? Amma rəngindən özümün də xoşum gəldi. Elə bil yenicə süzülmüş beçə balıdır. Qüdrət çox razılıq elədi. Zarafat deyil, vaxtından düz iyirmi gün qabaq qurtarmışam.
Lətifə tələsik şlyapasının rezinini boğazına keçirib güzgüdən aralananda atası soruşdu:
– Hara gedirsən? İşə? Ay qız, gəl sən bu daşı ətəyindən tök. Çox əziyyət çəkirsən. Sabah mənə o qədər mükafat verəcəklər ki, pulumuzu yığıb-yığışdıra bilməyəcəyik. Həm oxumaq, həm də işləmək səndə can qoymur axı.
Evdə dəfələrlə təkrar olunmuş bu söhbətin təzələnməyi Lətifənin ürəyindən deyildi. O da köhnə cavabını təkrar eləməyə məcbur oldu:
– Yox, ata, mən buruqdan ayrılmayacağam. Bilirəm, mənim aldığım maaş sənə lazım deyil, amma mən buruqda çox şey öyrənirəm. Mühəndis olandan sonra (bu sözləri deyəndə Lətifənin xəyalından ayrı fikirlər keçdi: “Tahirlə bərabər ali məktəbi bitirəndən sonra”), daha o birilər kimi illərlə təcrübəyə getməyəcəyəm.
– Yaxşı, indi hara?
– Kinoya.
– Kiminlə gedirsən, qızım?
Söhbət uzanırdı. Görüş vaxtının keçməyi Lətifəni həyəcanlandırmağa başlayırdı. O, bu dəfə bərk tutulub, rənginə çökən utancaqlıq qızartısını atası görməsin deyə yönünü kölgə düşən tərəfə çevirdi.
– Zivərlə gedirsən, qızım? Bəs o hanı?
– Yox, ata can, bu gün başqa adamla gedirəm.
– O kimdir? Mən sənin bütün yoldaşlarını tanıyıram.
– Yox, ata can, bunu tanımırsan.
Valideynindən bu vaxta qədər heç nəyi gizlətməyən Lətifə, yalan deməmək üçün, cəld addımlarla qapıya yanaşdı.
– Olmaz ki, bilək, görək kimdir?
– Gecikirəm, ata can, sonra bilərsən! – deyə Lətifə yüyürüb, eşiyə çıxdı. Asfalt yolun səkisində, əli belində gəzinən və tez-tez bəriyə sarı boylanan Tahiri lap uzaqdan gördü və az qala yüyürməyə başladı. Küçə işığında qol saatına baxdı. Atası onu xeyli gecikdirmişdi. “Gözləyir” deyə xəyalından keçirdi. Tahirin yanına yenicə çatmışdı ki, onun çoxdan tanıdığı antennalı maşın, sürətlə böyründən ötdü:
– Bilirsən bu kimdi? – deyə soruşdu.
Tahir maraqla maşının dalınca baxdı:
– Kim idi?
– Aslanov yoldaş. Yəqin mədənləri gəzir.
– Bəlkə bizim buruğa gedir? Hayıf ki, mən orada olmayacağam. Onun barəsində çox eşitmişəm, amma hələ də üzünü görməmişəm.
Onlar tramvayın duracağına tərəf yeridilər.
– Kinoya?
– Hara istəsən.
– Atam dedi: “Kiminlə gedirsən?” mən utandığımdan kişiyə cavab da vermədim.
– Nahaq. Əvvəl-axır biləcək ya yox?
Onlar susdular. “Mən ata-anamdan heç bir sirrimi gizlətmirəm. Amma bunu necə deyim? Çətindir.” deyə düşünən Lətifə Tahirə üz tutdu:
– Fikir verirsən, külək bərkiyir?
– Elədir, tufan qalxacaq, hə?
– Belə getsə, hə.
Aralıqda yenə sükut oldu. Hər ikisi danışmağa çətin söz tapırdı. (Bizim hansımız gənc yaşlarımızda bu çətinliyə rast gəlməmişik?)
– Qorxurdum ki, gəlməyəcəksən. Dərnək rəhbəri az qaldı məni gecikdirsin. Elə gözüm siz tərəfdə idi.
Lətifə onun üzünə baxmır, dodaqaltı gülümsəyirdi.
Tramvay gəldi. Şəhərə getdilər. Lakin kinoya bilet tapa bilmədilər. Saat on birdə başlanan seansa qalmaq olmazdı. Lətifə evə, Tahir işə tələsirdi: səhər tezdən qalxmalı idi.
Deyəsən bu hadisə ürəklərindən oldu. Küçə ilə yuxarı qalxmağa başladılar. Tahir də, Lətifə də özünü xoşbəxt hiss edirdi, hər ikisinin qəlbi qeyri-adi bir sevinclə döyünürdü. Lakin bu xüsusda danışmaq nə qədər çətin idi! Lətifə gur işıqda aydın görünən Nizami muzeyini göstərdi:
– Heç buralara gəlmisənmi? – deyə soruşdu. – Şairlərin heykəlinə bax!
Tahir muzeyin ikinci mərtəbəsində, Azərbaycan şairlərinin cərgə ilə qoyulmuş heykəllərini bircə dəfə görmüşdü:
– Hayıf ki, Sabirinkini qoymayıblar, – deyə Tahir düşüncəli bir görkəm aldı.
– Çünki onun xüsusi meydançası var, orada da heykəli qoyulub.
– Doğrudur, ancaq dostu dostdan ayırmaq yaxşı deyil.
– Sən Sabiri çoxmu sevirsən, Tahir?
– Onu sevməyən oxucu varmı? Mənim anam savadsızdır, amma Sabirin çox sözünü əzbər bilir.
Onlar yenə yola düzəldilər. Küçə uzunu aşağı-yuxarı axınan adamların sayı-hesabı yox idi. Lətifə bir-bir uca binaları göstərir, Tahiri başa salırdı:
– Bura Elmlər Akademiyasının binasıdır. Vaxtilə məşhur milyoner Musa Nağıyev tikdirib. Görmüsən, yox?
– Görmüşəm, amma kim tikdirdiyini bilmirdim. Onun barəsində atam çox danışır. Bax, bu uca binanı başa çatdırana qədər mühəndis lap cana doyub.
– Niyə?
– Nağıyev çox xəsismiş. Dostları sözü bir yerə qoyublar ki, gəlin onu tovlaşdıraq mərhum oğlu İsmayılın adına bir saray tikdirsin. Amma görürlər ki, sarayın əsil xərcini ona desələr, heç razı olmayacaq. Dostlarından biri deyir ki, smeta tutduraq, pulunu lap az göstərək, qoy birinci mərtəbə tikilib qurtarsın, sonra deyək ki, pul çatmadı. O vaxt məcbur olub yenə pul verəcək. Yazıq mühəndis kələyə düşür. Hər dəfə ondan pul istəyəndə üzü danlanır. Nağıyevdən pul çıxanda elə bil canı çıxır. Bu bina tikilib hazır olandan sonra, xeyriyyə cəmiyyətlərindən biri yetim uşaqlar üçün konsert düzəldibmiş. Şəhərin dövlətlilərini çağırıblarmış. Nağıyev özü də buradaymış. Qonaqların döşünə nişan taxıb pul yığırlarmış. Axırda gəlib Nağıyevin qabağında dayanırlar. O, əlini cibinə atır, bir abbası çıxardır. Pul yığan oğlana verir. Nağıyevin dostlarından biri deyir ki: “A kişi, sən neyləyirsən, bu nədir? Oğlun beş yüz manat verdi”. Onun cavabı bu olur ki, “mənim oğlumun atası milyonerdir, o istədiyi qədər verə bilər, amma mənim atam samançı olub”.
Tahiri təəccüb götürmüşdü. O:
– Bu əhvalat olub, yoxsa elə-belə uydurublar? – deyə maraqlandı.
– Yox, yox, olub. Atam danışır. Nağıyevin xəsisliyi bütün Bakıda məşhurmuş.
– Gör bir Bakı neftinin qazancı kimlərin cibinə axırmış!..
Tahirlə Lətifə yenə tramvaya minib evə qayıtdılar. Lakin onlar bir-birlərindən ayrıla bilmirdilər. Tez-tez xudahafizləşir, amma yenə də dönüb gəzişə-gəzişə söhbət edirdilər. Beləliklə saat on bir oldu.
– Yox, gedək Tahir. Anam nigaran qalar.
Ancaq yenə də onların əli bir-birindən üzülüşmədi.
Bu anda Aslanovun tanış maşını sürətlə yanlarından ötdü. Onlar sükuta qərq olub, maşının dalınca baxdılar.
– Hayıf ki, mən orada olmadım. Bəlkə bizim buruqda imiş?
– Danxma, Tahir, görəcəksən!
9
Lalənin trestində bəzi işçilər qeyri-rəsmi də olsa Volkova dördüncü buruğu tərk edib, başqa, təzə bir buruq qazmağı məsləhət görür, burada bir şey çıxmayacağını söyləyirdilər, amma o isə əzmindən dönmür, bütün günahları öz boynuna götürüb, avariya ilə nəticələnmiş ağır səhvini düzəltmək üçün, neçə gündən bəri idi ki, yuxu və istirahət bilmədən əlləşirdi. O, nəhayət, məqsədinə çatıb, sürətli qazıma işini yenidən başladı və hədər getmiş vaxtın əvəzini tezliklə çıxdı.
Bu gün proyekt dərinliyinə çatmağa cəmisi onca metr qalmışdı. Birdən Aslanovun maşını buruğa yan aldı. O, Volkovun təcrübəli və mahir bir buruq ustası olduğunu çoxdan bilirdi.
Aslanov, adəti üzrə ustanı ucadan salamladı və briqadasının üzvlərilə əl verib görüşdü. Volkov utandığından, onun üzünə şax baxa bilmirdi. Aslanov bunun səbəbini anlayırdısa da, dördüncü buruqda baş vermiş qəzanı bir də ustanın yadına salmamağı qərara aldığından, sual-cavabını sadə bir tərzdə başladı:
– Kefin, halın, Semyon Vladimiroviç?
Volkov günahının böyüklüyündən danışmaq istəyəndə Aslanov onun sözünü kəsdi:
– Mən o barədə soruşmuram, – dedi, – istintaqa ara verməyi çoxdan əmr eləyiblər, deyilmi?
– Bəli, Aslan Teymuroviç, elədir. Çox sağ olun!
– Biz səhlənkarlıqla səhvi bir-birindən fərqləndiririk. Ancaq yoldaşları başa salın ki, dövlətimizi həyəcanlandıran birinci növbədə fəhlənin həyatıdır.
– Elədir, Aslan Teymuroviç, lakin biz də hər bir manat üçün məsul olduğumuzu unutmuruq.
Aslanov səmimi bir oda ilə deyilən bu sözlərin ürəkdən gəldiyinə şübhə eləmirdi. O, bütün briqadanın hər zaman necə gərgin bir diqqətlə işlədiyindən xəbərdardı.
– Amma şəxsən sizin bir günahınızı bağışlamayacağam, – deyə Aslanov eyni ciddiyyətdə sözünə davam etdi, – gərək ki, sizin buruqda telefon var, hə?
– Bəli, var.
– Telefonun yanında asılmış siyahıda mənim də nömrəm yazılmışdır eləmi?
– Elədir.
– Bəs nə üçün mənə zəng eləməmisiniz? Yoxsa o nömrə elə-belə, forma üçündür?
Volkovun dodaqlarında acı təbəssüm titrədi.
– Doğrusu, mən qara xəbərləri deməkdən xoşlanmıram.
– Nahaq, nahaq! – Aslanov fırlanan rotora yaxın gəldi. – Bəs gil məhlulu zavodu sizə necə kömək eləyir?
– Onlardan şikayət eləyə bilmərəm, – deyə Volkov ağır-ağır dilləndi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mehdi-huseyn-yeddinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Məni inşaat materialları institutunda öz işimə qaytarmışdılar. Burda rəfiqələrimin yalnız biri qalmışdı: Rima. Məlikə ilə Tura isə ali məktəblərdə dosent vəzifəsində çalışırdılar. Direktorumuz Səmədovu işdən çıxarıb, yerinə baş elmi işçi, dosent Mirzəliyevi qoymuşdular. O məni gülərüzlə qarşılayıb, qolumdan tutmuş və birbaş köhnə otağımıza gətirmişdi. O, hər gün olmasa da, iki-üç gündən bir məni yanına çağırtdırır, dissertasiyam üzərində çalışarkən necə çətinliyə rast gəldiyimlə maraqlanır:– Heç qəm yemə, qızım, – deyirdi, – geri qalmağında sən müqəssir deyilsən. Hamımız sənə kömək edəcəyik, amma sən utanma, nə lazım olsa gəl, mənə söylə.
Birinci fəsil1**Sərnişin qatarı sürətlə Bakıya yaxınlaşanda, göz işlədikcə uzanan şəhərin işıqları salxım-salxım yanır, göy üzündə sayrışan ulduzlar isə, elə bil, mavi səmanın dərinliklərindən şəhərə qibtə və həsrətlə göz qırpırdı.
İkinci fəsil1**Tahir Cəmillə bərabər axşam növbəsində işə getmək üçün motorlu qayıqlar dayanan balaca körpüyə gələndə, Xəzərin bəriyə doğru şütüyən ağ köpüklü dalğaları sahildəki boz qayalıqlara çırpılaraq şarıldayırdı. Qürub edən günəşin qızıl şüaları dənizə əks etmişdi. Dalğalar bir-birini qovaraq gəldikcə alov kimi qızarırdı. Sanki dənizdə böyük bir yanğın vardı. Srağa gün Bakının ulduzlarını, doyunca seyr etmiş Tahir, indi sahildə durub dənizə baxarkən alova bənzəyən bu dalğaları görüb, yenə Cəmilin nağıllarını xatırladı və iki gündən bəri seyr elədiyi mənzərələrin heç birini başqa yerlərdə tapmaq mümkün olmadığını düşünürdü. Burada çoxdan yaşayanlar və eyni lövhəni hər gün seyr edənlər, Xəzərin bu ülviyyətinə, ondakı boyaların bu zənginliyinə Tahir kimi valeh olmurdular. Deyəsən, onların gözü çoxdan doymuşdu və Tahirə elə gəlirdi ki, Cəmil də, o biri fəhlələr də dənizə baxmaq istəmirlər. Onların bu laqeydlikləri, təbiəti etibarilə bir qədər xəyalpərvər olan Tahirə qəribə görünürdü. O, həris gözlərini dalğalarda gəzdirməyə başladı. Lap uzaqdan aşırıla-aşırıla gələn böyük bir dalğanı sahilə qədər gözdən qoymayıb, onun hər an rəngdən-rəngə girdiyini, bəzən qan kimi qırmızı, bəzən də üfüqdə yanan bulud parçası kimi çəhrayı olduğunu görəndə, heyrətdən ağzı açıla qaldı, elə bil buraya nə üçün gəldiyini və haraya getdiyini də unutdu.
Üçüncü fəsil1**İsmayılzadə buruğu tərk edib gedəndən bir azca sonra artıq dan yeri ağarırdı. Dəniz üzərində pambıq tayaları kimi bir-birinin üstünə qalaqlanmış ağ buludlar ağır-ağır hərəkət edib cənuba doğru sürünürdü. Gecədən əsməyə başlamış yay küləyi, yavaş-yavaş qüvvətlənir, dənizin dalğaları ləngər vururdu. Üfüqdən baş qaldıran günəş indi bozumtul, qırmızı rəngə çalırdı.
Стихи других поэтов
Sən məni sevsəydin nolardı görən?Görən olardımı bir dərdim onda?
MəndənBaşına döndüyüm a nazlı dilbərGəlirmi guşuna sədalər məndən
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
Beməxə (Fərsiz){| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"