Arazın nəğməsi
Səndən danışıram, Araz, ay Araz,Bulan da, durul da, səsimi dinlə.Apar ellərə yay, könüllərə yazBu kiçik nəğməmi nəğmələrinlə.
Nəğməm də özüm tək cavandır hələ,Mənim də səsim var səsinə çatsın.Yüz il qələm çalan sənətkar əliNəğmənə bənzəyən nəğmə yaratsın!
Sən canlı tarixsən, doğrudan, Araz,Səsində min ildən qəm-qubar qalıb.Sinəndə dil açan bu yanıqlı sazUlu babalardan yadigar qalıb.
Qoca şahidisən qoca dünyanınÇox nahaq qanlara boyanmısan sən.Nə bilim, bəlkə də neçə ananınİlıq göz yaşından yaranmısan sən...
Axıb çağlayırsan illərdən bəri,Bəlkə də yaşını bilməyir insan!Sinələrdən qopan qəmi, kədəriTorpağa yazmısan, daşa yazmısan.
Üstündən çox şahlar keçirmisən sən,Dalğanda igidlər döyüşməsi var.Səsində qəlb açıb, kama yetməyənNeçə sevgilinin hicran səsi var.
Nə qədər ağırmış dərdin, möhnətin,Ağrıdır sinəmi acı xəyallar.Araz, dilin olsa, sözün, söhbətinMin il yazılası bir dastan olar.
Gah həzin, gah coşğun nəğmə deyirsən,Bəlkə də hər havan bir sazdan qalıb.Səsin Koroğludan, hirsin Tomrisdən,Qəmin də Dilqəmdən, Abbasdan qalıb.
Qışda lal olursan günahı vartək,Yazda qılınc alıb qeyzə gəlirsən.Gecəli-gündüzlü mənzil kəsərəkNə nəfəs dərirsən, nə dincəlirsən.
Gah gizli nəğmələr qoşur suların,Susursan utancaq bir mehman kimi.Gah da nərə çəkib coşur sularınBalası vurulmuş bir aslan kimi.
Səndə təmkinlik də, dəlilik də var,Dağlarda pələngsən, düzlərdə quzu.Bəlkə sularında dil açıb ağlarLeyli məhəbbəti, Məcnun arzusu?
Çağlayırsan yenə, coşursan yenə,Hər nəğmən, hər halın mənə tanışdır.Deyirəm, ağ saçı ləpələrinəBəlkə də Səbuhi bağışlamışdır.
De, hansı çağlardır çıxmır yadından,Bəzən xəyallara dalırsan, Araz!Bəlkə Xançobanın qəlbindən qopan«Bənək» havasına dalırsan, Araz!
Bu günün çobanı başqadır, ancaqAğlamır nəğməsi torpağın, yerin.Ömür-günümüzlə qucaqlaşaraq,Dalınca daş atdıq qara günlərin.
Açıldı sabahı elin, obanın,Sular da başqa bir ahənglə dindi.Arzusu gözündə köçən babamınTorpağı sevindi, daşı sevindi.
Görüb bu sevdalı, güllü baharıSən də başqalaşdın, Araz, ay Araz!Dəyişib səmtini çöllərə sarıYeni nəğmə qoşdun, Araz, ay Araz!
Hanı dəliliyin, bir danış görək?Milin su dərdinə çara çəkirik!Tutub yedəyindən hara istəsəkOra döndəririk, ora çəkirik.
Hər damlan nemətdir bu doğma elə,Çölümə pambıqsan, evimə işıq.Sən yaradan barı yesək də, hələSənin dastanını yaratmamışıq.
Yox, yox, gəl incimə, hələ uşaqdırBu nəğmə şairi, bu saz şairi.Sabah dastanını başlayacaqdırBu Araz şerinin Araz şairi!
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-araz-arazin-negmesi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Öyünəsi bircəm idin, birimdin,Yön tutası qibləm idin, pirimdin.
Dəniz o dənizdi, sahil o sahil...Dəniz göylüyündə qalıb eləcə,Sahil qayaları elə həmindi.
Kimliyim, nəçiliyim...Qəfil düşdüm bəd taleyin kəməndinə mən,Axır dönüb bu halımla barışan oldum.
TəklənməDost arası yol çəkilməz,Dost arası yol sökülməz,
Стихи других поэтов · О родине
Yanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım
Qara bayraqlarQara günlər yaşayırkən QarabağYurdumuzda qara bayraqlara bax!
Şübhənmi var?Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,
Vətəni üçün dua edən qızDehlidə tərcüməçi işləyən gənc, gözəl bir*azəri qızı oteldə bizdən gizli namaz qılırdı,*