Oxuculara mövcibincə məlumdur ki, bu yavıq vaxtlarda hökumət qərardadı möcibincə İlxıc kənd mollası İranlı molla... ni Şuralar torpağından çıxarıb İrana göndərdilər.

Mən də burada bu keyfiyyətin təfsilini möhtərəm oxucularımıza bəyan etmək istəyirəm.

Bir gün gecədən xeyli keçmiş mənə dedilər ki, bir nəfər təşəxxüslü molla səni görmək istəyir. Hərçənd isti rəxtxab içində rahatca yatmışdım, amma dedim – yenə molladır, hörmət lazımdır. Durdum və axund cənablarını qəbul etdim.

– Əssəlamün əleyküm.

– Ay əleykəssəlam.

Bəli, tul, təfsil. Keçək mətləbə.

Bunu mən etiraf edirəm ki, sirri açmaq yaxşı şey deyil; ancaq axundun mənə etibar etdiyi məhrəmani söhbətləri çox eşitməlidirlər, onunçün də burada əhdi pozmağa mən məcbur oluram. Axund mənə qabaqca bunu dedi ki:

– Mən gedirəm.

– Dedim:

– İltimasi-dua.

– Dedilər:

– Bəşərti-həyat.

– Dedim:

– Heç qorxma, sənə bir şey olmaz.

Burada axund duruxdu və mənə cavab elədi:

– Axund Molla Nəsrəddin, sənə mənim bircə sirrim var, amma onu açma.

– Dedim:

– Nədir?

Və axund özü durub öz əli ilə qapıları bərk basandan sonra başladı. Dedi:

– Cənab Molla Nəsrəddin, indi mən gedirəm; ancaq yüz il bundan sonra, bəlkə iki yüz il bundan sonra aləmi-zərrdə ki, sən də ruh aləmində baqi qalacaqsan, mən də baqi qalacağam, əgər bu Azərbaycan torpağı mövhumat müzəxrəfatdan bir qədəm də kənara qoysa, onda mənim ruhuma və mənim təkilərin ərvahına min lənətlər gəlsin!

– Dedim:

– Necə? – Dedi:

– Bəli, eybi yoxdur, indi Azərbaycan Şura hökuməti zəhmətkeşləri mənim dəsisələrimdən uzaq saxlamaq babətindən məni pak olan vətənimə təbid etdi. Xub. Bəs, mənim minlərcə yenə bu Azərbaycan torpağında qalan əmmaməli bayquş yoldaşlarıma nə deyirsən?

– Dedim:

– Hansıları deyirsən?

Axund başladı saymağa: Məsələn: 1) Cəbrayıl qəzası, Yalpirəhmədli kəndinin mollası Molla Məhəmməd deyir:

Bir kəramətli ocaqdır ocağım,

Elmsiz xalqa açıqdır qucağım.

  1. Qazaxda Bayraməli kəndində Molla Məşədi Tağı deyir:

Gəl, Sənəm xala, gəl baxım fala.

  1. Cəbrayılda Əbdürrəhmanlı kənd mollası deyir:

Axmaq kişilər, söz qanın, iman gedir əldən.

  1. Ağdamda Xıdırlı mollası deyir:

– Bu boğmalandığım isti təama and olsun, o şərbətlə dolu saxsı cama and olsun ki, əgər Şura hökuməti dağların, daşların ilan-çayanı ilə bacara bilsə, yenə biz əmmaməli bayquşlarla bacara bilməyəcək.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 19 fevral 1927, №8

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Təzə il

Təzə il gəldi yetişdi. Amma, doğrusu, köhnə ilə çatmaz. Məsələn, keçən il məscidlərimizin ehtiramı artıq dərəcədə idi, amma bu il Bakıda da, Gəncədə də müsəlmanları məscidə zornan çəkib gətirirlər. Keçən il İrəvan məscidində məhərrəmlikdə elə bir cəlal var idi ki, əcnəbilər uzaqdan baxıb həsəd aparırdılar.Məsələn, keçən məhərrəmlikdə iki zaviyədə və iki şəbistanda yüz pul şəkər işlənib, bir gecədə samovarlara min beş yüz sənək su daşınıb. Hər gecə iki boçka neft yanıb, iki put qəlyan tənbəkisi məsarif olunub. Amma bu il, rəvayətə görə, o qədər hazırlıq görsənmir. Hacı Həcmüddövlənin təqvimində də bu təzə ili pis yazıblar. Genə bərəkət keçən ilə.

1 мин
Nişanlı bir qız

Müzlüm gecədə nişanlı bir qızBir hüznü ələm içində yalqız,

1 мин
Düşmənlər

Bizim oxumuşların bəzisi aşura günü düşür baş yaranların qabağına və ağlaya-ağlaya dəstələr ilə bərabər dolanır. Bunlar iki qismdir:Bir qismi mömün çinovniklər və yarımçıq qoca “intelligent”lərdir ki, ölümün yaxınlaşmağını görüb, istəyirlər bəlkə asan vəch ilə bir qədər savab qazanalar. Bu qism “intelligent”lərimiz filcümlə yaxşı adamdırlar. Amma heyif ki, bir az axmaqdırlar.

1 мин
Din

Mən çox qorxuram bir vaxt ola ki, din əldən gedə. Və buna neçə dəlillərim var.Bu il məhərrəmlikdə Xasayurt ağsaqqalları iki yüz əlli min manat verib, rövzəxan Molla Əbdülhüseyn cənablarını gətiriblər ki, mərsiyə oxusun. On günün ərzində mərsiyəxan cənabları iki yüz əlli söz danışdı: yəni sözün birini bir manata satdı və bu gözəl sözlərin biri də bu idi ki, “Həzrət Abbas təpiyi ilə yüz həştad min qoşun öldürdü…”.

2 мин

Стихи других поэтов · Сатира