Bunu bilmək lazımdır ki, günahi-kəbirlərin birisi binamazlıqdır. Əgər birisi binamazlıqda israr edə, o vədə onun qətli vacibdir. Demək, bu saat küçə və bazarda gəzən müsəlmanların hamısının qətli vacibdir; çünki hamısı binamazlıqda müqəssirdirlər, yəni israr edəndirlər. İnşallah-taala onların hamısı axirətdə əzabi-əlimə giriftar olarlar.

Çünki həqqi-taala cəllücəlala fərmudə ki: yövmə yətəsalənun əla mücrüminə masələküm fisəqər; yəni soruşarlar ruzi-qiyamətdə günahkarlardan: sizdən nə günah baş verib ki, duzəxə sizi kəşankəşan eləyiblər, cavab verərlər ki, bizdən bir günah baş verməyib, savayı ondan ki, bizi elm təhsil etməyə mədrəsələrə göndərdilər, rabfaka göndərdilər, texnikuma göndərdilər. Və orada möhür tapa bilmədik namaz qılaq. Və bir paramız da qılmaq istəyəndə qeyri mərdümazar yoldaşlar lağa qoyub, üstümüzə gülməyə başladılar.

Hətta İbn Abbasdan rəvayətdir ki, duzəxdə bir ilan var ki, onun uzunluğu altmış illik səfərin uzunluğundadır. Amma söz burasındadır ki, o ilanın ağzı indiyədək möhürlənib açılmayıb. Və bu möhür məhz o vədə qırılacaq və ilanın ağzı məhz o vədə açılacaq ki, duzəxə bir nəfər binamazın yolu düşə; o vədə vay olsun haman binamazın halına; dəxi o vədə peşimançılıq bir fayda verməz.

Və həzrət Rəsuldan rəvayətdir ki, “binamaza salam verməyin, onun salamını almayın, naxoş olanda onun iyadətinə getməyin, öləndə ona namaz qılmayın və müsəlman qəbristanında dəxi onu dəfn etməyiniz”.

Və yenə o həzrətdən rəvayətdir ki, bir gün bəradərim Cəbrayıl gəldi mənim yanıma və ədayi-vəhyi hənuz tamam eləməmişdi ki, bir bərk gurultu gəldi. Qabaqca elə bildik ki, top atıldı və Cəbrayılın rəngi qaçdı, zəfərana döndü. Mən ondan soruşdum ki, “bəradərim, bu nə səs idi və sənin rəngi-ruyin niyə belə təğyir tapdı?”. Cavab verdi ki, “həqqi-taala yeddinci duzəxdə bir quyu xəlq edib, o quyuya bir daş salıblar ki, on üç min ildir ki, hələ o daş gedib suya çatmamışdı, məhz indi gedib çatdı”. Cəbrayıldan soruşdum ki, “o dərinlikdə quyu kimdən ötrü xəlq olunub və orada yaşayanlar kimlərdir?” Cəbrayıl cavab verdi ki, “o quyunun tərkində yaşayan millətlər binamazdırlar”.


Və yenə imam Museyi-Kazimdən rəvayətdir ki, “bədürüsti ki, mənim şəfaətim çatmaz o kəslərə ki, öz namazlarını əda etməkdə səhlənkarlıq göstərirlər”. Yenə həzrət Rəsul bir yerdə belə buyurubdur ki, “dünyada hər bir şeyin üzü var və islam dininin üzü namazdır, bəs namazı öz vaxtında əda ediniz ki, gözəl dininizin üzü zişt və qəbih olmasın” (Ax, belə gözəl dinə fəda olum).

Dəli

“Molla Nəsrəddin”, 18 iyul 1925, №29

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Acıqnan

Professor Köprülüzadə danışdıqca mən də danışacağam.Oktyabrın 24-də professor Köprülüzadə ədiblər cəmiyyətində danışırdı. Söhbət Türkiyənin şairlərindən düşmüşdü. Axırda söz gəldi çıxdı Əbdülhəq Hamidə və Tövfiq Fikrətə. Burada əziz qonağın ağzından mən bir qəribə söz eşitdim: guya bu ədiblərin yazıları çətin yazılardır.

1 мин
Dəxi nə istəyəcəklər?

Doğrudan da, birisinin qabağından qaçdıqca daldan səni qovalayacaq.Sözüm İran azərbaycanlılarının barəsindədir.

2 мин
Böyük həkimlər

Yaşadığımız əsrdə və yaşadığımız Bakıda lazımdı hər gün və hər gecə, hər namazdan sonra əl qaziyül-hacətə götürüb, haqq-taaladan istiğasə etmək ki, yaranmışına bir azar-mazar göndərməsin və həkimlərə möhtac qalmasın; yoxsa vay azarlının halına. Çünki indiki əsrdə, indiki Bakı paytaxtında hər bir bədbəxt ki, azarladı – dəxi onun işi bitdi.Bir mən yazığı başa salın görüm, mən başıdaşlı başıma nə çarə qılım; özüm hərdən bir azarlayıram. Və beş-altı nəfər külfətim var, söz yox ki, onları da hərdən bir Allahın dərdi gəlib tapır. Özüm də çünki qulluqdayam, söz yox ki, məcburi straxavoy olmuşam ki, buna da türkcə “sığorta” deyirlər, nə deyirlər.

2 мин
Müsəlla

Bu keçən yay bərk isti oldu və istinin qoxusundan yerin altında da, üstündə də suları qurudu. Bir çox yerlərdə taxıllar yanmağa başladı.Yağış da yağmayırdı. Bircə ümid uca olan Allah-taalaya qaldı. Buna görə bəzi qəzalarda hələ laxlamamış dindar müsəlmanlar öz pakdamən mollaları qabaqda olaraq müsəllaya çıxdılar.

2 мин

Стихи других поэтов · Сатира