Allah ölənlərinizə rəhmət eləsin, rəhmətlik nənəm İranın firqələr davasından qəribə hekayələr elərdi. Mən onda uşaq idim, ağlım kəsmirdi, amma indi bilirəm ki, o vədələr İranda necə qəribə-qəribə firqələr var imiş.

Rəhmətlik nənəm nağıl eləyərdi ki, 150 il bundan əqdəm, – ki, İran indiki vaxtından bir az qaranlıqda imiş, – o vədə İranda indiki elm, maarif və təməddün yox imiş. O vədələr azadixah firqələr də var imiş; yəni o vədələr sosial-demokrat da var imiş, demokrat da var imiş, ittihadi-islam da var imiş, tənqiddiyyun da var imiş, etidal da var imiş və 72 min yaxud 72 mücahid əncüməni var imiş. Allah bərəkət vermiş bu firqələrin özgə bir vəzifəsi yox imiş, məhz bir-birini əzib yox eləmək fikrindən savayı.

Mən onda uşaq idim, rəhmətlik nənəmdən soruşardım ki, “ay nənə, bəs məgər o firqələr azadixah deyilmişlər?” Nənəm deyərdi: “Bəli, bəli, azadixah firqələr idi”. Mən deyərdim: “Ay nənə, vallah başa düşmürəm; çünki uşağam, ağlım kəsmir. Amma bizim mədrəsə kitablarında yazılıb ki, azad bir məmləkətdə hər bir şey azaddır və məslək də o cümlədən”. Nənəm deyərdi ki, “ay bala, doğru deyirsən, amma o vədə azadlıq elə ona deyərdilər ki, hansı firqə ki, güclü oldu və iş başına keçdi, qeyri zəif firqələri əzib yox eləməyə azad imiş”. Mən dedim: “Nənə, axır, mən eşitmişəm ki, əcnəbi məmləkətlərdə belə deyil. Məsələn bir məmləkət ki, özünü azad hesab eləyir, orada hər bir firqə özü üçün təşkilat əmələ gətirib, həyatını aşkar surətdə meydana qoyur və bu firqələrin hansı birisi ki, qüvvət tapıb, hökumətə sahib olur, digər firqələri nəinki yox eləmək fikrinə düşmür, bəlkə haman firqələrdən hökumət idarəsinə nümayəndə dəvət edib, məmləkəti koalisiya surətində idarə eləyir”.

Yadımdadır ki, mən bu sözləri deyəndə rəhmətlik nənəm qabaqca əsnərdi, sonra deyərdi: “Lənət sənə kor şeytan”, sonra da deyərdi:

– Bala, dur yerini salım, yataq, gecədən çox keçir. Allah sizin də ölənlərinizə rəhmət eləsin.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 29 cəmadiyəs-sani, 1339 (9 mart 1921), №2

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира