Məryəm xanım
İnna lillahi və inna ileyhi raciun
Mən “İrşad”ın sözündən çıxmıram: “Ölülər barəsində ya gərək yaxşı danışasan, yainki heç şey danışmayasan”. “İrşad”ın sözünə baxıb, mən mərhum Qafqaz şeyxülislamı barəsində heç bir şey danışmıram və bir də heç sözüm dəxi qalmayıb; hər nə sözüm var idi, öz sağlığında məcmuəmizin 22-ci nömrəsində yazıb qurtarmışam.
Bəli, Allah şeyx cənablarına rəhmət eləsin. Lakin burasını lazımdır unutmamaq ki, ölünün barəsində yaxşı danışmaq və yainki heç zad danışmamaq qədim latınların adətidir, amma müsəlmanlara gələndə biz bunu görürük ki, müsəlman içində o qədər ki, ölülər barəsində bihörmət sözlər söylənir, – heç dirilər barəsində söylənmir.
İndi, məsələn, belə tutaq ki, Molla Nəsrəddin günlərin bir günü düşdü vəfat etdi; çünki əcəldir, gəldi yetişdi, yetişdi. Görək indi bir nəfər adam çıxacaq ki, “İrşad”ın nəsihətinə əməl eləsin? Ay tövbə! Vallah, mənim yəqinimdir ki, bu xəbəri eşidən deyəcək: “Lənət!”. Min lənət Ordubad qırmızı saqqalları tərəfindən gələcək, iki min lənət Gəncə müctəhidləri tərəfindən, üç min lənət Bakı qoçuları tərəfindən, dörd min lənət Naxçıvan hacıları və Qarabağ bəyləri tərəfindən və min-min lənət təzə seyidlər, mütrüblər, İran və Osmanlı məmurları tərəfindən töküləcək.
Qərəz, bunlar qalsın kənarda. Allah cəmi ölənlərə rəhmət eləsin!
İndi gələk bir qədər də Bakı qız məktəbinin müdirəsi Məryəm xanımdan söhbət eləyək.
Əhvalat bu qərar ilədir:
Mərhum şeyx cənablarının vəfatı münasibətilə Məryəm xanım götürüb idareyi-ruhaniyyəyə bu məzmunda bir teleqraf göndərib: “Qəmgin olduq. Göz yaşı tökürük. Allah rəhmət eləsin müsəlman övrətlərinin hüququnu mühafizət edən mərhum atamıza. İmza: Məryəm xanım Sulkeviç”.
Mən Molla Nəsrəddinəm. Oxucularımdan təvəqqə edirəm ki, mənim şəklimə yaxşı nəzər salsınlar. Mən deyirəm ki, yalan danışmaq nə mənim əbama və əsama yaraşır, nə başmaqlarıma və saqqalıma. Mən yalan danışmanam.
Məryəm xanım müsəlman övrətidir və rus arvadları kimi hər yanda və hər məclisdə üzüaçıq gəzər və bakılı qardaşlarım bunu yaxşı bilir. Məryəm xanım mərhum şeyx cənabları ilə, söz yox, neçə dəfələrlə görüşüb və danışıb.
İnsanda ağıl var. Allahı heç kəs gözü ilə görməyib; amma ağlın gücü ilə insan deyir ki, yerin və göyün gərək bir sahibi ola. Ağıl belə kəsir ki, nə şeyx həzrətləri Məryəm xanımın rəftarını xoşlaya bilərdi və nə Məryəm xanım batində mərhum şeyxdən razı ola bilərdi. Və səbəbi də budur ki, nə şeyx cənabları müsəlman övrətinin üzüaçıq gəzməyini qəbul edərdi və nə Məryəm xanım şeyxin sözünə baxıb, üzünü örtərdi. Biz 20-ci nömrədə yazanda ki, bizim kişilərimiz öz kəbinli övrətlərini evdə qoyub, gedirlər mütrübbazlığa və uşaqbazlığa qurşanırlar – dünyanın hər bir tərəfindən müsəlmanlar töküldülər üstümüzə və başladılar bizi təkfir eləməyə və mərhum şeyx məcmuəmizi bağlatdı. Məgər Məryəm xanım bunu bilmir? Bəs onda Məryəm xanım harada idi? Məgər onda teleqraf simləri qırılmışdı? Teleqrafı hələ ona bağışladıq; nə səbəbə bir parça kağız yazıb, bizə göndərmədi və demədi ki, “sağ ol, ey Molla Nəsrəddin ki, müsəlman övrətlərinin hüququnu mühafizət eləyirsən?”.
Bəs indi bu nə teleqramdır ki, Məryəm xanım şeyxin vəfatı barəsində göndərib? Nə vaxt mərhum şeyx “müsəlman övrətlərinin hüququnu mühafizət etdi?”. Bəs niyə biz bunu bilmirik? Və şeyxülislam hara, müsəlman övrətlərinin hüququ hara?
Bəlkə də, doğrudan, mərhum şeyxlə Məryəm xanımın mabeynində hüquq əhvalatı olub; amma bunu biz bilmirik. Olmuş da olsa, gərək gizli ola və bəlkə də bakılılar bilir, amma biz bunu bilmirik. Olmuş da olsa, gərək gizli ola və bəlkə də bakılılar bilir, amma biz bunu bilmirik. Bəlkə Məryəm xanım zarafatnan yazır ki, mərhum şeyx “övrətlərin hüququnu mühafizət edib?”.
Ay Məryəm xanım! Səni görüm qız şkolasında oxuyan balaca qızların ahü naləsi tutsun, necə ki, keçən il məktəbxananın odunlarını gizləyib yandırmadın ki, Tağıyevin pulu qurtarmasın və balaca yetimələri soyuqdan qırdın.
Amma keçən keçdi. Vallah, yazmışam Dəmdəməkiyə ki, bu qış hər gün gəlsin şkolaya baxsın: otaqlar soyuq olan kimi şəklini çəkəcəyəm ki, cəmi müsəlmanlar səni üzüaçıq və rus paltarında görüb, sənə qarğış eləsinlər.
Hələ ki, xudahafiz. Sənin naməhrəm dostun.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 2 dekabr 1907, №45
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-meryem-xanim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Məktublarınızı, həmçinin göndərdiyiniz yağı aldıq. Sənə və Müzəffərlə Münəvvərə ona görə gec-gec kağız yazıram ki, uzun məktublar yaza bilmirəm. Naxoşluğum hələ keçib getməyib.Xəstəliyimə görə MİK-dən də, jurnaldan da getmişəm. Günümü uşaqlarla keçirir və dincəlirəm. Midhət və Ənvər yaxşı oxuyurlar və ümumiyyətlə, xoşbəxtlikdən, onların heç birini oxumağa məcbur eləmək lazım gəlmir, çünki bu barədə onlar ağıllıdırlar.
Əzizim Kərbəlayı Cabbar!15 aprel (1931), Bakı*Mənim böyük oğlum Midhəti Leninqrada dərsə göndərirlər. Ümidvaram ki, sən ona hörmət elərsən ki, qürbətdə korluq çəkməsin. Xərcliyi və hər bir şeyi var, ancaq dost-aşnası oralarda yoxdur, səndən və Babadan başqa.
Əzizim Baba! (15 aprel 1931)Çoxdandır səndən xəbərim yoxdur. Qışda mən naxoş olmuşdum, amma indi yaxşıyam.Sən necəsən, uşaqlar necədirlər? Dərslərin necədir?
Həmidə! (Şuşa, 7 iyul 1931)Dərmanı aldım. Sənin çaydanını itirmişik, amma söz verirəm ki, Bakıya gələn kimi sənə eynilə o cür bir çaydan alım. Biz hələ sahmana düşməmişik. Buranın sahibi Rəhim sabah Şuşaya gələcək ki, sizin Şirin xanımdan alaçıq üçün vədə verdiyi keçəni alıb gətirsin. (Əsədzadə bilir).Mənim halım pis deyil və elə bilirəm ki, dağlıq yerdə ilk günlər keçirdiyim ağır hal keçib gedib. Elə ki, sahmana düşdük, sən də gəlib bizimlə bir yerdə istirahət edə bilərsən. Bura təbiətin gözəl bir guşəsidir. Suyu İsa bulağının suyu kimidir. Tut boldur, mənə də elə bu lazımdır.
Стихи других поэтов · Сатира
Ya rəb, sənə min şükr ki, insan yaradıbsan!İnsanları, rəbba, əcəb əlvan yaradıbsan!
BənzətməGöstərdi mahi-ruzə üfüqdən liqasını,Çəkdi əzançılar da obaşdan səlasını,
SəbirTa gəlirik biz də bir az anlayaq, –Məhzəri-irfanda vurur tək səbir.
Musiqi nəğməsinin çöldə eşitcək səsiniMusiqi nəğməsinin çöldə eşitcək səsini,Moliamız evdə oturduqda qulağın tıxıyır.