Oxucularımıza ərz olsun ki, Afrika qitəsinin şimal tərəfində, Ağ dənizə yapışıqı Osmanlının bir vilayəti var ki, ona avropalılar “Tripolis” deyirlər. Amma türklər “Trablisi-qərb” adlandırırlar (Türkiyədə, Beyrut vilayətində Osmanlının “Trablisi-Şam” adında bir şəhəri də var).

Trablisi-qərbin əhvali-tarixiyyəsi çox qarışıqdır, burada çoxlu davalar, iğtişaşlar üz verib; əgər hamısını yazsaq, idarəmizə göndərilən uzun məqalələrə yer olmaz. Ancaq müxtəsərcə bunu ərz edək ki, Trablisi-qərb tarixi-miladiyyənin 1835-ci ilində ikinci dəfə Türkiyə hökuməti tərəfindən fəth olunub, Osmanlı məmləkətlərinə daxil olubdur. Və bu 75 ilin müddətində, Sultan Həmid əsrində çapdan çıxan kitabların rəvayətinə görə, bu vilayətin asayiş və hüsni-idarəsi mühafizə olunubdur. Amma Allahın kitabına baxanda Trablisi-qərbin osmanlılara xidməti məhz bu olubdur ki, Həmidin və paşaların hərəmxanalarına bu vilayətlərdən çoxluca qullar göndərilibdir.

Bəhərhal, Trablisi-qərb osmanlılarındır. Bəs görək İtaliya nə istyir?

Vallah, biz heç bilmirik nə istəyir. Ancaq elə onu eşitdik ki, İtaliya hökuməti qəfildən gəmiləri göndərib, Trablisi topa tutublar və indi bu saat şəhəri zəbt eləyib, girib oturublar içində. Belə bihəyalığı, biz heç seyid Ağada da görməmişik.

Keçək mətləbə.

Trablisi-qərb vilayəti 230 ilə 330 ərzi-şimal və 60 ilə 230 tulişərqi aralarında düşüb, hüdudu – şərqdə Misir, şimalda Ağ dəniz, qərbdə Tunis, Səhrayi-kəbir və cənubda yenə Səhrayi-kəbirdir. Amma bir neçə il bundan əqdəm Qarabağda “mejevaniye” olanda, yəni Gəncə məhkəməsi məxsusi yerölçənlər vasitəsilə əhalinin mülklərinin sərhədlərini kəsib aparıb ta gedib çıxdılar Trablisi-qərb məmləkətinə. Bu səbəbdən Trablisi-qərbin hüdudu indiyə kimi “spornı” qalmışdı ki, axırda İtaliya da özünü soxdu ortalığa.

Trablisdə əhalinin miqdarı bir milyondan bir az əskik və məsaheyi-səthiyyəsi bir milyon mürəbbe, kilometrdən bir az artıqdır. Burada məktəb yoxdur, amma üç min məscid var.

Qabaqlarda da qızları məktəbə qoymazdılar; amma axır vaxtlarda ki, Bakıda müsəlman qəzetləri qızlarımızın oxumağını lazım bilib yazırlar, o vaxtdan bəri Trablisdə də qızlar o dərəcədə azadlıq qazandılar ki, İngiltərə xanımları hökumətə qarşı durub, yumruq gücü ilə ixtiyarat tələb edəndə yer üzərində hamıdan əvvəl Trablis qızları baş qaldırdılar (islam millətinin qız tərbiyyəsinin bərəkətindən).

İndi hələ İtaliya nə deyir?

Heç zad demir, elə bircə bunu deyir ki, “mən güclüyəm”. Amma zalım oğlu qabaqdan bunu duymuşdu ki, Almaniya da buna razıdır. Avstriya da razıdır.

Ay bic haramzada, bircə düşəsən əlimə, səni göndərim Səmərqəndə, səni orada “bozbala” bəzəyib verələr ağsaqqalların, çalsaqqalların, qarasaqqalların əlinə, rəməzan gecələri oturalar səninlə söhbətə, sonra yatıb səhər tezdən də durub çıxasan bazara, “Qadji Qafqar”ın İstambul söhbətinə rast gələsən.

Ax, namərd İtaliya! Ax, çort, mort, lənətə gəlmiş!


Hərbiyyə mütəxəssislərindən Trablis ilə gözəl aşina olan bir zat “Fr.Saytunq” qəzetində deyir ki, “Trablisin müdafiəsində türklərlə bərabər yerli ərəblər ən şiddətli bir qüvvə təşkil edirlər. Ərəblər 18 yaşından 60 sinnə qədər həpsi əsgərdir. Böylə ərəb əsgəri hər halda 30-40 min nəfərə baliğdir ki, osmanlı əsgəri ilə bərabər 60 min nəfər kütleyi-əsgəriyyə təşkil ediyor deməkdir. Mahmud Şövkət paşa həzrətləri tərəfindən üç sənədən bəri islah edilən və son sistem toplar və metrolyozlarla müsəlləh olan bu əsgər italyanlara yüngül mal olmayacaqdır”.

Hələ bundan savayı türklərin iki tərəfdən böyük arxaları var: biri İrəvanın Səbzkar bağlarının sahibləri ki, peşələri qəmə və xəncərlərini müsəlmanlara göstərməkdir, biri də Əmiri-Buxara həzrətləridir.

O ki, İrəvan bağbanlarıdır, bunlar gözləyirlər ki, on dörd şahı üç qəpikdən ötrü vuruşan molla Əli Şəraye ilə Hacı molla Bağırı barışdırıb, sonra köməyə getsinlər. Əmir həzrətləri də bu barədə üləmaya müraciət edib, məsləhət soruşub, axırda belə tədbir töküblər ki, Buxara müsəlmanları tərəfindən Osmanlıya zeyldəki qərar üzrə kömək göndərilsin:

Kəştiyi-cəngi zirexpuş, yəni təşxisi-təmyizi-xuni-flan əz xuniflan.

Tupe-səriül-hərəkə – təhqiqi-məsaili-cənabət.

Teleqrami-bisim – ədayi-hüruf əz məxaric.

Telefon – istibra.

Qramofon – şəkkiyyat.

Kəştiyi-həva – xurusi-ərş.

Vağon – adabi-beytül-xəla rəftən.

Avtomobil – əməleyi-mövta.

Konkeyi-elektrik – xəri-Dəccal.

Velosiped – intizar dər təşhid.

Karxaneyi-mahud və qeyrə.

Vodokaçka – dər miqdare abe korr.

Kəştiyi-təhtül-bəhr – qosne irtemasi.

Adres: Turçiya, Nadjaf obşestvo. İmza: Biədəb uşaq.


Mabədi çox var: ğar, ğar; yəni zəhrimar.

Bu Molla Nəsrəddin, deyəsən, dəli olub?!

Pənah Allaha.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 1 oktyabr 1911, №34

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Proletar şairi

Mənə dedilər ki, iki adam məni görmək istəyir: biri proletar şairi Təhsin Fevzidir, o birisi də Nuruxanın oğlu Şahverdixandır.Çıxdım onların yanına. İki şəxs idi: biri olardı on səkkiz-iyirmi yaşında, çox səliqəli geyinmiş, başının telləri qız saçı kimi daranıb, alnına düzülmüş, qız kimi üzü tüksüz, təm-təzə frenc və kalifeli, beli incə, parıldayan uzunboğaz çəkməli bir centlmen idi. O birisi sadə və həqir geyimli, otuz ya bir qədər artıq sinli bir adam idi.

2 мин
İki qardaş

Gürcüstan yaylaqlarının birindən avqust ayının ortalarında Tiflisə tərəf dəmir yol qatarı yola düşməyə hazırlaşırdı. Günün batan zamanı idi. Qatar naziri üşkürək atdı və maşın bərk bağırandan sonra astaca yola düşdü. Gedənlər, səkidə qalanlara, qatardan öpüş və salam göndərirdilər; qalanlar da onlara dəsmal qalxızıb yelləyirdilər.Bu həmişə olan işdi; bununla işim yoxdur. Amma yadımdan çıxmayan əhvalat odur ki, həmin maşın yavaş-yavaş uzaqlaşanda, vaqonların birinin qapısının ağzında iki kişini öpüşən gördüm. Bunlar bir-birini qucaqlayıb arvad kimi öpüşürdülər. Bir qədər öpüşəndən sonra içəri tərəfdəki kişi, çölə tərəf duran kişinin tək əlindən tuta-tuta, bunu çölə tərəf basdı ki, düşsün. O da cəld tullandı səkiyə və tullanandan sonra qatar ilə bərabər qaçmağa üz qoydu. Və genə qalxdı haman vaqona və genə oradakı kişini qucaqladı və bunlar genə öpüşməyə başladılar. Qatarın hərəkəti bir az sürətləndi, amma vaqona tullanan oğlan oradakı kişini öpməkdən əl götürmürdü. Ən uzaq gedəndən sonra, pişik kimi özünü dalı-dalı tullayıb sıçradı düşdü yerə və hələ də qabağa tərəf vaqondakı yoldaşından ötrü qaçdı; ancaq axırda dayandı. Və dayanandan sonra genə gözü uzaqlaşan qatarda idi.

2 мин
Şəhər və kənd

Bir ay bundan qabaq övrətim və uşaqlarımı da götürüb Ağdaşdan Bakıya köçmüşəm.Bu bir ayın müddətində bizim evə qonşuluqda olan övrətlərdən bir neçəsi ayaq açıb, övrətimlə üns tutublar və dostlaşıblar.

2 мин
Sarı

Bir neçə il bundan qabaq Şuşa şəhərində olurdum. Bir gün bir bələdçi götürüb getdim hamama.Şəhərin Ermənistan məhəlləsində səliqəli nömrəli hamam idi. Hamamı bina edən də və icarəyə götürən də erməni idi, amma camadarları və kisəçiləri müsəlman idi.

4 мин

Стихи других поэтов · Сатира