Hələ yenə nainsaf köhnəpərəstlər mədəniyyətin və maarifin mənfəətlərini inkar edirlər.

Ax, namərdlər! Ax, nainsaflar! Məgər görmürsünüzmü ki, otuzqırx il bundan qabaq millətimiz nə halda idi, indi nə haldadır? Məgər kordur gözləriniz?

Əvvələn götürək içki içmək məsələsini. Otuz-qırx il bundan irəli bir müsəlman ki, bir rus məclisinə düşərdi, öldürsəydin də bir qətrə də içki dilinə vurmazdı; doğrudan da, bütün islam aləmini xəcalət elərdi. Doluşardılar bunun başına və başlardılar məzəmmət eləməyə ki, “sən fanatiksən, sən qanmazsan, sənin ağzının ləzzəti yoxdur, sən məclis əhli deyilsən!” Amma indi?.. İndi hətta kəndlərdə bəylərin evlərində və şəhərlərdə tacirlərimizin, xanlarımızın və bir para arpazvannılarımızın evlərində içilən içki heç piyaniskaların evində içilmir.

Hələ bu belə.

İndi gələk mədəniyyətin ikinci mənfəətinə.

Otuz-qırx il bundan irəli heç bir müsəlman xanımı bilməzdi ki, Pyatiqorsk nədir. Həqiqətdə bir millətin ki, xanımları Pyatiqorskinin varlığından xəbərdar deyillər, – o millət nəyə lazımdır?

İndi görək Pyatiqorsk nədir.

Pyatiqorsk Qafqazın şimal tərəfində bir şəhərdir ki, orada bir cür mədən palçığı var. Hər bir xanım ki, ərindən pis naxoşluq tutub, gedir Pyatiqorskiyə, orada o palçıqdan yaxır bədəninə və bir ayın müddətində anadan doğma kimi safa çıxır və çarşovunu yenə salır başına, qayıdıb gəlir vətəninə.

Otuz-qırx il bundan qabaq Pyatiqorskidən biz müsəlmanların xəbəri yox idi; çünki hələ arpazvannı deyil idik. Hərçənd qabaqlarda tacirlərimizdən hərdənbir yarmarkaya gedən və oradan övrətinə naxoşluq sövqatından gətirən olurdu; amma az-az ittifaq düşürdü. Amma şükür olsun pərvərdigari-aləmin cəlalına, indi xah yarmarkaya gedən tacirlərimizin bərəkətindən, xah rus şəhərlərinə gəzməyə çıxan əsnaf, xan, bəy, rəiyyət.

Xülasə, dəxi niyə məni bu qədər danışdırırsan?

Arifsən, gərək bir qıldan mətləbi başa düşəsən.

Onu ərz edirəm ki, Şuşa qalasından başlamış Naxçıvan, İrəvan, Gəncə, Bakı, Tiflis və qeyri yerlərdən hər il Tiflisə elə ha müsəlman xanımıdır ki, gəlir.

– Niyə gəlir?

– Naxoşdur.

– Nədir naxoşluğu?

– Ərindən tutubdur.

– Bəs əri hardan tutubdur?

– Əri də gecə yarısı qaranlıq küçələrdə gəzən arvadlardan tutubdur.

Nə eybi var, öz övrətimdir, kefim istər apararam Pyatiqorskiyə müalicə etdirərəm, kefim istəməz boşaram, bir canı safını alaram.


Ax, nainsaf köhnəpərəstlər! Bəs niyə mədəniyyətin mənfəətini danırsınız? Bəs mədəniyyət olmasa idi, haradan bizim tacirlərimiz yarmarkanın və bəy-xanlarımız Tiflisin və Bakının yolunu tanıyacaq idilər və tanımasa idələr, haradan naxoşluq tapacaq idilər və tapmasa idilər, nə tövr övrətlərimiz Pyatiqorsk kimi gözəl şəhəri tanıyacaq idilər?!

Amma bunu da ərz edirəm ki, mədəniyyətin mənfəətini və qədrini bilən tək bircə biz müsəlmanlarıq ha! Bax bunu bil və yadanda saxla. Yoxsa bu qanmaz ermənilər və axmaq gürcülər bizim kimi deyillər, onlar çox qanacaqsız və kobud bir millətdirlər, onlarda heç ruh yoxdur. Belə şeyləri qanmazlar və erməni, gürcü xanımı Pyatiqorsk-zad bilməz.

Odur, Şuşa qalasında heç bir erməni kişisi fahişəxananın yolunu tanımaz. Bunu Şuşa mollaları da təsdiq edə bilər. Onunçün fahişəxana müsəlman məhəlləsində açılıb.

Xülasə, insanda bir azca ruh da gərək olsun; yoxsa qanacaqsız adamnan mənim aram yoxdur.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 28 aprel 1914, №15

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Qənaət

Atalar yaxşı deyiblər ki, qənaət kimyadır; hər bir şey çox işlənsə, əlbəttə tez qurtarar. Götürək Nuxa cavanlarını ki, bir-birilə müsəlmanca danışanda müsəlman sözlərinə qənaət eləyib, aralığa rus sözləri qatırlar. Və yaxşı da eləyirlər; əgər belə eləməsələr, yəni əgər müsəlman sözlərini çox işlətsələr, əlbət ki, yavaş-yavaş qurtarar; çünki bir şey çox sərf olunsa, tez də qurtarar.Xüsusən, pul.

1 мин
Qurddan çoban

“İttifaq” qəzetəsinin 112-ci nömrəsində “Qurddan çoban” adlı məqaləsini uzaqdan görən kimi öz-özümə dedim ki, vallah, bu qəzetələr bilmirəm bu mollalardan nə istəyirlər, nə daraşıblar bu axund və əfəndi və şeyx və müftilərin canına? Başdan bir-iki sətir oxuyub gördüm ki, söhbət Türküstan vilayətindən başlanıb və mən o saat yəqin elədim ki, məqalə sahibi Səmərqənd müftisi Məhəmməd Bəqa xasəyə qurddan çoban ad qoymaq istiyir. Bir az da məqalədən oxudum gördüm “Türküstan vilayəti qəzetəsi”nin də söhbəti aralığa gəldi və indi dəxi lap yəqin elədim ki, bəli, biçarə Məhəmməd Bəqanın evi yıxıldı. Yəqin elədim ki, məqalə sahibi axırda mətləbi bu yerə yetirəcək ki, Səmərqənd müftisinin başına özgə bir qəzetə qəhətdir ki, Ostroumov kimi bir misyonerin qəzetəsində uzun-uzun felyetonlar yazır.Hərçənd məqalədə Məhəmməd Bəqa xacənin adı yoxdur, amma vallah, bu bijliklər keçməz. Xacə əfəndini belə fəndlər ilə tovlamaq olmaz. Bu ona oxşuyur ki, “qızım, sənə deyirəm, gəlinim, sən eşit”. Əgər həqiqətdə Ostroumov özünü qoyub misyonerliyə və öz qəzetəsi vasitəsilə öz murdar fikrini Türküstan vilayətinin ikiayaqlı heyvanlarına soxmaq xəyalındadır, - elədə bəs Səmərqənd müftisi niyə öz qələmi ilə bu qəzetəyə şərakət edir? Dadaşım, əgər Ostroumov misyonerdi, elədə Məhəmməd Bəqa əfəndi də oldu onun qardaşı və yoldaşı. Əgər sən sübuta yetirsən ki, xeyr, Səmərqənd müftisi misyonerə yoldaş ola bilməz, o vədə mən də səndən təvəqqə edirəm ki, Məhəmməd Bəqa əfəndiyə də bir ad qoyasan.

2 мин
Qəzetlərdən

“Bəyanül-həq” qəzetinin müxbiri molla Əbdülrəşid İbrahimov Yaponiyanın Tokio şəhərindən İstambulda çıxan “Sıratül-müstəqim” məcmuəsinə yazır ki, “mən Yaponiyada hər məclisdə hər gün nitqlər söyləyirəm. Və Yaponiya üləmasına mənim nitqlərim elə təsir bağışlayır ki, gündə bir neçəsi özündən gedir”.Bu xəbəri möhtərəm “Tərcüman” qəzeti yazıb, axırda soruşur ki, aya, görən, molla Əbdülrəşid bu nitqləri ingilis dilində söyləyir, yainki yapon dilində?

1 мин
Üsuli-cədid

Bu üsuli-cədid çox qəribə şeydir. Əvvəllər uşağı bir il oxudardılar, yazıb-oxumaq bilməz idi. Amma indi iki-üç ayın içində basavad olur.Nuxada bu üsuli-cədidin tərəqqisi dəxi də artıqdır. Məsələn, keçən həftə Salahlı kəndindən iki ayağı çarıqlı, bisavad kəndli gəlmişdilər Nuxaya ki, bir həftənin içində “üsuli-cədid” vasitəsi ilə mollalığa imtahan tutub şəhadətnamə alıb getsinlər.

1 мин

Стихи других поэтов · Сатира