Bizim içərimizdə qədim vaxtlardan adət belə olub ki, uşaqlarımızı böyük adamların məclisindən uzaq saxlamışıq. Ola bilər ki, bu adət arvadlarımızın kişilərdən gizlənməyindən törəyibdir. Belə ki, arvadları kişi məclisindən qovanda biz uşaqları da analarının yanına qovmuşuq.

Və beləliklə uşaqlar kişilərin yanından uzaq düşüb vaxtlarını ya arvadlar məclisində, ya küçə-bacada keçirtməyə məcbur olublar.

Biz özümüz uşaqlıqda belə görmüşük və bu səbəbdən də sair millətlərin cavanları öz vaxtında dərs və tərbiyəni tamam etdikdə biz onlardan azından on il gecikmişik.


Həmin səbəbə görə indi bir çox nöqsanlar qabağımıza gəlməkdədir ki, bunların hamısı yenə uşağı özümüzdən kənar eləməyimizdən törəyir.

Ümumiyyətlə, deyə bilərik ki, biz qeyri millətlərə nisbətən uşaqları çox az istəyirik, onlara az etina edirik. Biz elə bilirik ki, uşağı öz vaxtında yaman-yaxşı bir mədrəsəyə qoyandan sonra dəxi bunnan bizim təklifimiz qurtardı getdi. Hərdənbir də, məsələn: dörd-beş ayda bir dəfə gedirik mədrəsə müdirindən uşağımızın yaxşı ya pis oxumağını xəbərləşirik və elə bilirik ki, dəxi biz atalıq vəzifəsini tamam edib qurtardıq. Amma bu böyüklükdə məsələni unuduruq ki, elmi ələ gətirmək ilə tərbiyə işi gərək tuş gedələr, hələ bəlkə tərbiyə məsələlərini elm təhsilindən yuxarı tutmaq lazımdır.


Mədrəsədə oxuyan vaxtda da, hətta mədrəsəni qurtaran vaxtlarda da biz yenə uşaqlarımızı özümüzə o dərəcədə yaxın saxlamırıq, nətəri sair mədəni millətlər saxlayırlar.

Çox atalar uşaqları oxuduğu məktəbin yolunu və harada olmağını tanımırlar, çünki arxayındılar ki, övladları orada dərslərini oxumaqdadırlar. Odur ki, məktəblərin valideyn şurasında az iştirak edən millətlərin birincisi bizik və bu özü geridə qalmağımıza bir böyük dəlildir. Biz buna etina etmək istəmirik ki, aya görək uşaqlarımız harada oxuyur, nə dərs oxuyur, nə üsul ilə oxuyur, hansı mühitdə və nə mənada oxuyur və deyirik ki, uşaqlarımız nə oxuyurlar oxusunlar, ancaq bizə çox başağrısı verməsinlər.

Uşaqlarımıza bir çörək-paltar verməklə, onları dərsə qoymaqla bizim borcumuz hələ tamamilə qurtarmır, uşaqlarımızın gününün xoş keçməsi yolunda da çalışmalıyıq.

Biz gərək elə xəyal etməyək ki, uşaqlarımıza küçədə aşıq-aşıq oyunundan savayı özgə məşğələ lazım deyil, hələ bəlkə bu aşıq-aşıq oyununu da çox atalarımız uşaqlarına çox görürlər. Halbuki, uşaqlar bu surətdə ki, həmişə dərs oxumaq ilə fikirlərini yormaqdadırlar – biz böyüklərdən də artıq ruhları şadlıq və sevinmək ilə dincəlməyə möhtacdırlar.

Əlbəttə, uşaq özu bu barədə öz fikrinə qalacaq və biz dedik-demədik özü üçün məşğələ axtarıb tapacaq – bu təbiidir. Amma söz burasındadır ki, biz bu işdə gərək uşaqları özbaşına buraxmayaq, biz bu barədə gərək onlara kömək edək, onlara yol göstərək və uşaqları lazımsız və bəlkə xatalı məşğələlərdən uzaqlaşdırıb onlar üçün faydalı və daha da xoş vaxt keçirtmək dəstgahları düzəltməyə ciddi-cəhd edək.

Və heç bilən varmı ki, burada bizim böyük əskikliyimiz nədir?


Uşaq teatrının nədən ibarət olması özgə bir söhbətdir ki, gələn nömrələrimizin birində bu barədə ayrı bir məqalədə danışarıq, amma burada bircə bunu söyləmək lazımdır ki, uşaqlara məxsus teatrlarımızın olmamağı bais olur buna ki, uşaqlarımız biz böyükləri gecə teatrına gedən gördükdə və bu teatrların qışqırıqlı oxuyub-çalmalarını eşitdikdə bizdən xəbərsiz həmin teatrlara doluşub biz böyüklərdən qabaq səhnə görsənişlərinə əl çalırlar. Amma bu belə olmamalı: özgə işlərdə də səliqəsiz olmağımız ötüşsə burada ötüşməyəcək, ondan ötrü ki, bizim bu gödək ömrümüzdə bizə tək bircə dəfə uşağa tərbiyə vermək qismət olacaq bu işi də labüd biz gərək öyrənək – öyrənməsək böyük insafsızlıq eləmiş olacağıq.

Köhnə müəllim

“Yeni yol”, 27 yanvar – 3 fevral 1923, №4-5

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Əliqulu Nəcəfov

“Molla Nəsrəddin”– tək bir nəfər müəllifin əsəri deyil. “Molla Nəsrəddin” bir neçə mənim əziz yoldaşlarımın qələmlərinin əsərinin məcmuəsidir ki, mən də onların ancaq ağsaqqal yoldaşıyam.Bu əziz yoldaşlarımızın biri də mərhum Əliqulu Nəcəfovdur.

1 мин
Şeir nəşəsi

“Şərq qadını” məcmuəsinin 3-cü nömrəsinin 49-cu səhifəsində yazılıb:“İdarəmizə gənc yazıçılarımız tərəfindən gələn yazıların çoxusu şeir və nəzmdən ibarətdir. Bu üçüncü nömrəmiz təb olunana kimi idarəmizə qırx beşə qədər mənzum əsərlər gəlmişdir. Bunların yüzdə həştadının məzmunu bir-birinə oxşar olub hamısı eşqdən, məhəbbətdən, vüsaldan, kaman qaşlardan, lalədən, bülbüldən, güldən, pəridən, ulduz gözlərdən və habelə şairanə nazik mətləblərdən bəhs etməkdədir”.

2 мин
Köhnə dərdim

Şərq qadını məsələsi mənim dərdimdir. Bütün ömrümdə vurduğum qələmin çox hissəsi Şərq qadını məsələsi üstündə vurulub. Onunçün də “Şərq qadınçılar”ın dərdini mən hamıdan artıq anlaya bilirəm.Nədir onların dərdi?

1 мин
Füzuli

Füzulinin ədəbi fəaliyyətindən dörd yüz il keçmək münasibətilə lazım gəlir ki, onun etdiyi xidmətlərindən və onun güzaranının necə keçdiyindən bir az yazılsın.Bunu “Molla Nəsrəddin” daha artıq yazmalıdır. Çünki rəhmətlik Füzuli “Molla Nəsrəddin”in birinci nömrəsindən başlayıb, bu günə qədər məcmuəmizdə iştirak etmiş və şerlər yazmışdır. İndi çox adamlar deyəcək ki, Molla səfehləmişdir.

2 мин

Стихи других поэтов · Сатира