Bütün arzulayanlara qismət olsun, onların içində mən də təzə mənzilə köçmüşdüm.

Köç günlərində evimizdə toy-bayram idi. Bütün dost, qohum və tanışlarım mübarəkbadlığa gəlirdilər, təzə mənzili diqqətlə süzüb seyr edirdilər.

Bənna dostum Davud əmi də bir axşam zəhmət çəkib gəlmişdi, bizim ailənin xeyirxahı kimi otaqları bir-bir nəzərdən keçirir, ev əşyasının yerini, qoyuluşunu, görkəmini sanki yoxlayır, səmimiyyət və ərklə fikrini deyirdi.

İnsanın iki cür dostu olur. Biri hər gördüyünü tərifləyir, xətrinə dəymək istəmir, biri də hər yerdə düzünü deməyi sevir, xoşuna gəlməyəni gizlətmir, açıq danışır.

Davud əmi mənim dostlarımın ikinci qismindəndir. Heç kəsdən, heç nədən çəkinməyən, başıuca, şikəstənəfs, özü də bizim ailəyə yaxın adamdır.

Qapıdan girən kimi dəhlizə baxdı və dedi:

– A filankəs, işıq sayğacını münasib yerə qoymamısınız. Onsuz da bura darısqaldır. Sayğac zərif cihazdır, əl-ayaqdan kənarda olmalıdır. Həmin bu qalın divarı neçə santim oymaq, cihazı içəri salmaq, üzünə də taxtadan bir qapaq qoymaq lazımdır. Elə bir zəhməti, xərci də yoxdur.

Gördüm dostum ağıllı söz danışır. Elə olanda dəhlizin görkəmi də dəyişəcəkdi.

Mənim mənzilim ikinci qatda idi. Davud əmi sağa-sola baxıb ayrı bir təklif də dedi:

– Bu eyvanın yanlarında meynə basdırmaq lazımdır. Meynə tez qalxar, ikinci ilə buranı örtər, yaşıllığa bürüyər. Bu, mənim boynuma, qara şanı çubuğu gətirərəm, özüm düzəldərəm.

Davud əmi dediyini elədi. Bizim pəncərənin qabağından, eyvanın altından iki meynə basdırdı...

Bu əhvalatdan neçə ay keçmişdi, məni Rayon İcraiyyə Komitəsinə çağırdılar. Gedəndə ev komissiyasının sədrini – qonşum Sadığı da orada gördüm:

– Qonşu, xeyir ola? Deyəsən, sizdən şikayət var?

– Məndən şikayət?

Evlər idarəsi müdiri gileylənirdi:

– Təzə həyətə köçmüsünüz, yaxşı eləmisiniz. Sizin kimi bir qonşu nemətdir. Ancaq o ki asfaltı sökürsünüz ha, ona yoxam. Qonşular şikayətlənir.

– Asfaltı sökmək? Qətiyyən! Mən bunu birinci dəfə eşidirəm. Elə şey heç mənim xoşuma gəlməz, mən səliqə sevən adamam, yoldaş Sadıq.

– Qonşular yalan deməz. Sizin eyvanın qabağında asfalt iki yerdən sökülüb, bilmirəm, sizin işinizdir, ya uşaqlar eləyib. Həyətin səliqəsini qorumaq bizim hər birimizin borcudur. Bizim həyət aşkar yerdədir, qonaq-qara, gedib-gələn olur, bizə eyib tuturlar.

Birdən yadıma düşdü ki, Davud əminin işindən danışırlar.

– Baxıb yoxlayaram, görüm kimin işidir.

Bu söhbət təsadüfən yaz başına, aprel ayına, ağaclar puçurlayan vaxta düşmüşdü. Gəldim. Asfaltın sökülən yerinə baxdım, bir vedrə ağzı qədər dairəvi yerdə meynə çubuğu basdırılmışdı. Hərdən su tökülən torpaqda çökəklik aşkar görünürdü. Haradan kəsilib gətirilsə, qürbət bir yerə düşsə də, çubuq gümrahlığını, qızartısını saxlamışdı.

Çubuğun yanlarında isə, deyəsən, bahardan, torpaqdan, həyatdan xəbər verən, göylərə, günəşə doğru üz tutan puçurlar zərif yarpaqları ilə görünməyə başlamışdı.

İndi bu çubuğu çıxarıb atmaq, məsum bir məxluqa qıyıb qəsd etmək körpə öldürmək kimi bir cinayət olardı. Göyərən meynələrə tamaşa edib getdim.

Özlüyümdə qət elədim ki, Sadığı tapıb gətirim, ona göstərim, şikayətinin yersizliyini sübut edim. Bir-iki dəfə telefon ilə zəng vurdum. Sadıq da haradasa ezamiyyətdə idi. Şəhərlərə gedib-gəlir, aqronomluqdan dissertasiya yazır, müdafiəyə hazırlaşırdı.

Həm də başım öz işlərimə qarışdı. Bir neçə ay nə o məni, nə mən onu gördüm.

Meynə də münasib yuvada pərvəriş görən, həyata yol arayan bir quş kimi böyüyür, budaqlarını yuxarıya, eyvanın məhəccər dəmirlərinə çatdırmağa cəhd edirdi.

Günün birində təkrar məni İcraiyyə Komitəsinə, evlər idarəsinə çağırdılar.

Sadıq məni görən kimi, əl verib təbrik elədi, gülə-gülə xəbər verdi:

– A filankəs, camaat sizdən ibrət götürür. Qonşular məndən xahiş edib, eyvanın qabağında meynə basdırmaq istəyirlər. Sən o kişini – Davud omini tap, qoy həmin cins meynələrdən gətirib basdırsın, savab iş görsün. Biz hamımız xəcalətlindən çıxarıq.

– Bəs asfalt məsələsi?

Sadıq güldü, mənim işarəmi başa düşdü, açıb ağartmadı.

– Asfaltı düzəltmək bizim boynumuza. Meynənin ona maneçiliyi yoxdur. Daha da həyət kölgəlik, sərinlik olacaq. Əvvəlki şikayətlərdən hamı peşman olub. Sən Davud əmini tap, işin olmasın. Biz hamımız ondan üzr istəyəcəyik...

Davud əmi bizim sözümüzü yerə salmadı. Təzə həyətin eyvanlarını yaşıllıqla bəzəməyə söz verdi. Söz verdi, əməl də elədi, indi Davud əmi evlərin, ailələrin əzizidir. Hər beşdə-onda həyəti gəzir, ağaclara baxdıqca sevinir.

Yaranan gözəlliyi seyr edir, bol məhsullu cavan meynələrin pardaxlanmasından, həyəti bürüyən yaşıllıqdan, eyvanlarda açılan çay süfrəsindən, qonşuların dəvəti, minnətdarlığından zövq alır, hamıya təşəkkürlər yağdırır:

– Abadlıq yaxşı şeydir. Onun üçün çalışan qədirbilən yoldaşların ömrü uzun olsun!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Daha bir yadigar

Hər il Nadirin ad günü iki yerdə mütləq qeyd olunurdu: evdə, trestdə.Evdə Məsmənin ailəsi, balaları, Nadirin dost, yoldaşları yığılır, qəhrəmanı xatırlayır, deyib-danışırdılar. Trestdə də Nadirin xatirəsini əziz tuturdular, onu inşaatçıların cavan, nakam müəllimi sayırdılar. Hər dəfə xatirə məclisi düzələndə hamıdan qabaq Məsməyə zəng olunur, məsləhətləşir, günü, saatı onunla razılaşırdılar.

19672 мин
Məsul işçinin dəftərindən

Məsul vəzifədə çalışmaq hər zaman, hər adama müyəssər olmur. Uzun təhsil, təcrübə, yoxlama keçəndən, isti-soyuq görəndən, bərkə-boşa düşüb-çıxandan, tanınandan, hörmət, etibar qazanandan sonra bu mərtəbəyə çatırsan...Neçə il əvvəl böyük bir vilayətin İcraiyyə Komitəsində çalışırdım. Özü də ağır vaxt idi. Vətən müharibəsi illəri. Günümüz, gecəmiz yox idi, səhər-axşam gözlənilməz mühüm tədbirlər keçirməli, yüzlərlə, minlərlə fəhlə, kəndli, xidmətçi qabağında, onların irəli gedənləri kimi işləməli olurduq, hər saat, hər gün yuxarılardan göstəriş, aşağılardan tələb alırdıq. Çalışırdıq ki, yuxarının, aşağının vəhdəti, məqsədəuyğunluğu əsasında ümumi iş, dövlət, xalq işi düzgün getsin.

19687 мин
Səadət sarayları

– Bəlkə yemək istəyirsən, başına dönüm?– Deyəsən, mənə deməli sözün var?

19683 мин
Ürəkdən danışaq

Yaylaq şəhərinin yaşıl yamaclarına gedən yol göy köynəyə dolaşan qurşaq kimi qəşəng və cazibəli idi. Bir-birini təqib edən ağ "Volqa"lar mənzilə yaxınlaşdıqca yavaşıyır, dayanırdılar. Sərnişinlər dərhal maşından çıxıb, çəmənlikdə əyləşən, şən bir məclis üçün halay vuranların yanına tələsirdilər. Şənliyə gələnləri salamlayıb yer göstərəndən sonra Azər müəllim üzünü məclisə tutub ucadan səsləndi:– Yoldaşlar, gəlin indi də bir az ürəkdən söhbət açaq!

19685 мин

Стихи других поэтов