Страница 2 из 3 · 33%

Səttarzadə mətbəxə ötdü, Sadıq Fatmaya dedi:

– Otur dincəl...

– Yorulmamışam.

– Yorulmasan da işləməli günlərin gəlir.

– Təki həmişə xeyir iş olsun.

Fatma yavaş səslə yerindən soruşdu:

– Bu kişinin də qızı var?

– Maral kimi!

– Subaydır?

– Subaydır!

– Necə şeydir, Vahid görüb?

Sadıq özünü güclə gülməkdən saxladı:

– Sənin də bir dılğır oğlun var, bütün qızlara müştəri çıxırsan?

Sadıq torbanı boşaltdı, üstdən qoyulmuş iri və tirməyə oxşar boğçanı çıxarıb, ehtiyatla pəncərənin içinə qoydu. Fatma arvad boğçanın yanına geldi. Qucaqlayıb gotürdü, bir az da pəncərənin dib tərəfinə qoydu. Səttarzadə paltar şkafının ağzını açdı. Sadıq boğçanı arvadından alıb, şkafa qoydu. Fatma arvad onun dalınca yeridi, sanki boğçadan ayrıla bilmirdi. Sadıq torbanı ağzı üstə mis məcməyinin içinə çevirdi. Heyva, alma ətrafa dığırlandı. Səttarzadə dedi:

– A Sadıq, bu nə zəhmətdir çəkirsən?

Rübabə gələndə Sadıq ayağa qalxdı:

– Qızım, kefin, halın? Lap yaxşısanmı?

Fatma onu görüb diksindi:

– Bıy, qızım, sən... Sadıq, məni hara gətirmisən, niyə demirdin bəs?

Dalısını deyə bilmədi. Ancaq nə demək istədiyini Sadıq anladı.

Rübabə Fatmanın əlini sıxıb, xoş gəldin elədi:

– Nəzirə necədir? Heç məni yadına salırını? Bəs Dilarə niyə gəlmədi. Mənə söz vermişdi. Yalan danışmaq da bilir?

– Uşağı onun yanına qoymuşuq. Dedik əl-ayağa dolaşmasın, allah qoysa, vaxt olar, onlar da gələrlər.

Rübabə Fatmanı elə danışdırdı ki, Fatma arvad cavabların çoxusuna aciz qaldı. O, gəlinlik satan, hər sözünü, yaxşı görünsün deyə ölçən-biçən bir qız yox, öz ailəsində adi həyatını yaşayan, sadəliyini pozmayan bir qız kimi danışırdı. Fatma nə onun alnından öpə bildi, nə boyunu oxşaya bildi, nə bir söz deyə bildi. Rübabə çay gətirir, çörək kəsir, qulluq edirdi. Fatma isə heyran-heyran onun izincə fərəhlə baxır, xəyalında deyirdi:

"Belə də olarmış! Görürsənmi, qismətə baxırsanmı!" Rübabəni kənddən yola salanda Sadıq kişi dil-ağız eləmişdi:

– Qız deyilsən, qızılsan, sənə aslan deyim, tərlan deyim, şura balası deyim, nə deyim?! Vahidə hamıdan çox köməyi sən elədin.

Görüm səni uca rütbələrdə olasan, istəklindən ayrılmayasan!

Lakin ürəyində təmin olunmamışdı. "Quru qurbanın olum, nə olsun? Bunlar adamlıq elədilər, sən də bacar, xəcalətliyindən çıx".

Odur ki, bu dəfə gələndə düşünmüşdü: "Rübabənin əsil sovqatı bir oğlandır ki, tapıb, nişan dəsgahı bəsdir? Qaldı mənim qoca yoldaşım, onunku da yemək-içməkdir". Bununla kifayətlənməyib, Səttarzadəyə papaqlıq, ya palto yaxalığı - bir yaxşı buxara dərisi gətirmişdi.

Rübabənin "nişan dəsgahı" deyilən sovqatı isə boğçada idi. İndilikdə ona kimsə yaxın getmir, kimsəəl vurmurdu, vurmağa da ixtiyarı yox idi.

Sadıq kişinin gəlişi adi bir qonağın gəlişi deyildi. Onlar nişan üzüyü gətirmişdilər. Vahidin əmi oğlusu Əsgər əmisi ilə gələ bilmədisə də, iki günə qədər özünü Bakıya yetirəcəkdi. Bacısı Dilarə də gəlmək istəyirdi. Çoxları isə (bibiləri, məktəb yoldaşları...) gözləyir, Vahidin toyuna hazırlaşırdılar.

Yolda Sadıq kişinin Fatma ilə danışığı oldu. Fatma mehmanxanaya, ya başqa yerə düşmək istəyirdi. Sadıq kişi dedi:

– Birbaşa Səttarzadəgilə gedəcəyik!

– A kişi, xalqı özünə güldürərsən, nişandan qabaq da qız evinə gedilərmi? Axı elin qayda-qanunu var. Başarmırsan, çəkil qırağa.

Sözə qulaq as.

– Elin qaydası nədir? Deyir qohumun evinə getmə, düş o vaxtkı kimi, şəhərin canına ki, bu qəstin mənim, o qəstin sənin!

– Qəstinə düşmə, lap düzün-düzündə qal. Mən nişandan qabaq xalqın evinə ayaq basa bilmərəm.

– Sən basmırsan, mən basıram. İstəyirsən, heç tanışlıq verməyim.

Deyim qulluqçumuzdur, gətirmişəm.

Fatma bu sözdən bərk acıqlandı. Üzünü yana çevirdi, bir müddət dinmədi. Güman eləyirdi ki, əri küsdüyünü görüb, yola gələr, könlünü alar. Sadıq kişi isə arvadının susduğuna bir az sevindi. Pəncərə qabağına keçib, fışqırıq çaldı. Fatma durub onun ətəyindən dartdı:

– Məni qürbət vilayətə rüsvay eləməyə aparırsan? Gözləyəcəyəm Əsgər gəlsin, Əsgərsiz heç yerə getməyəcəyəm. Lap bu vaqonda qalacağam.

Sadıq onu yumşaltdı:

– Ay arvad, səni çöldən tapmamışam, hara kefindir, aparım. İndi yadıma düşür, Vahidin tələbə yoldaşı var, onlara gedərik!

Fatma sevindi:

– Ona nə sözüm. Dediyim odur, qız evinə yox. Bəs bu sovqatları necə çatdıraq yerinə?

– Nə var ki, bir hambala verib göndərərəm.

– Getdiyimiz evdə görəcəklər-axı.

– Görsünlər də.

– Yaxşı olmaz.

– Daha da yaxşı, görərlər ki, sən gəlininə sovqat getirmisən.

– Sovqatı qonaq evindən çıxartmaq layiqdirmi?

– Qonaq yeri əjdaha deyil ki! Payını yeyər.

– Burda nə var ki, pay verəsən.

– Baxma, burda yeddi kürdün xörəyi var.

Sadıq arvadını aldadırdı. Onu düz Səttarzadəgilə gətirmişdi. Fatma Səttarzadəni tanımadığından və əri də onu sadəcə "Vahidin anası" deyə təqdim etdiyindən bir şey seçməmişdi. Ancaq Rübabə bəriki otağa keçəndə Fatma duydu ki, əri dediyini yeritmişdir.

İş işdən keçdiyini görüb, dodağını çeynəyir, "kül mənim başıma, bu kökdə qız evinə gələrlərıni" - deyə üst-başına diqqət yetirir, çəkilib bir küncdə oturmaq istəyirdi. Sadıq isə öz evi kimi dolanırdı.

Səttarzadə kürsü çəkib, qonaqları çay süfrəsinə çağıranda, Fatma üzrxahlıq istədi:

– Səttar qardaş, gərək bağışlayasan. Bu kökdə evinizə gəlmişik. Günah mənimkindədir. Aldadıb gətirib, davamız qalsın sonraya, amma çox layiqsiz oldu. Mən Rübabənin yanına karvan-karvan daş-qaş ilə gəlsəm də azdır. Ancaq ki...

Sadıq güldü. Fatmanı aldatdığını danışdı. Səttarzadə Fatmaya dedi:

– Nahaq, nahaq utanırsınız, - ətrafına baxdı. Rübabəni uzaqdan görüb dedi: - Evlənənlər, işin əsil yiyələri illərlə bir yerdə oxuyub, oturub durur, yoldaşlıq eləyirlər, bizə nə olub, bir-birimizdən gizlənək? Bizi birləşdirən zərgərin üzüyü deyil ki, cavanların xeyir işidir!

– Yox da, Səttar qardaş, adət var axı.

– Adət odur ki, pis ilə yaxşını seçəsən. Bunu adət eləsən, aldanmazsan. Allahdan gizli deyil, sizdən nə gizlədim. Uşaqlar bunu bizdən yaxşı seçir. Can deyib, can eşitdiklərini görürəm, deyirəm təki biz də bu zaman dünyaya gələydik.

Səttarzadənin sözlərindən Fatma açılışan kimi oldu. Yerində sərbəst oturmağa, etrafa arxayın baxmağa başladı. Hətta əvvəl çəkindiyi "yad kişinin" yanında ağız açıb çörək yedi, çay içdi.

Sadıq Rübabəyə eşitdirdi:

– Vahid görəsən harada olar, yataqxanada, ya klubda?

Səttarzadə dedi:

– Harda olsa gələcək.

Çay süfrəsi yığılmamış Vahid gəldi, xoş-beşdən sonra ev-eşikdən əhval soruşdu. Sadıq kişi dedi:

– Hamı səndən nigarandır!

Vahid dedi:

– Məndən xəbərin yoxdur? Oğulsuz qalmışdın ha!

Anası dilləndi:

– Ağzını xeyrə aç!

Sadıq kişi soruşdu:

– Niyə, nə olmuşdur?

Səttarzadə dedi:

– Təyyarə işinin xatasını bilmirsən?

Vahid pəncərədən göyü göstərdi:

– Oradan düşən nə olar?

Fatma durub oğlunun qolundan tutdu. Dönə-dönə tapşırdığı, lakin oğlunun hələ də əl çəkmədiyini yəqin etdiyi bir "xata" peşədən danışdı:

– Bura bax görüm, ədə, yoxsa genə gedirsən? Çətirdə hoppanırsan! Sənə deməmişəm əl çək?

Vahid onu sakit etdi:

– Yox, ay ana! Hoppanan-zad yoxdur, təyyarə qırılmışdı, az qala göyün yeddi qatından yerə gəlmişdim.

Fatma arvad uşağa hirslənən kimi əl-qolunu ölçdü:

– Minmə! Burax onu! Yekə yer sənə darlıq eləyir? Gərək göyə uçasan? Allaha xoş gedən sənət sənə qəhət olub?!

Sadıq kişi oğlunun cürbəcür təyyarə hünərlərini eşitmişdi. Bu söhbətlər ona xoş idisə də, hər uçan təyyarəni gördükcə ürəyi bir tikə olurdu:

– Bala, ehtiyatlı ol! Demə hünərdi. Göydən yerə zarafat olmaz, gözlə! Cavanlığına salma, bala!


İki gün çəkmədi Əsgər özünü yetirdi. Əmisindən qabaq Vahidi gördü:

– Necə eləyək? Nişana neçə adam getsin? Alınası bir şey yoxdur ki?

Vahid dedi:

– Atam ilə danış. Dilarəni niyə gətirmədin?

– Toya gələr, bəsidir, neynəyir indidən.

Şirinlik içilən axşam qonaqlar mübarəkbadlıq edib dağıldı. Sadıq kişi Səttarzadəni eyvana çağırdı, qırağa çəkib dedi:

– Səttar dadaş, gəlmişkən yaxşı olar ki, xeyir işimizi qurtaraq.

Bizim də yolumuz uzaqdır. Uşaqlar da, şükür, dərsi-mərsi qurtarıb, niyə qalsın.

Səttarzadə xeyli Sadıq kişiyə baxdı, sanki onun dediklərini sevincdən işıqlanan üzündə oxumaq istəyirdi: sonra, bir şeyi yadına salmaq üçün düşünən adamlar kimi, qaşlarını çatıb yuxarıya nəzər saldı; gözlərini endirib razılıq ahəngi ilə dedi:

– Çatdıra bilərikmi?

Sadıq kişi onun cavabından daha da ürəkləndi:

– Çatdırnaq deyəndə, nə eləmişiksə eləmişik. Bundan sonra özləri fərasətli olar, eləyərlər. Yox, daha gözləməyək, məsləhətdir!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Şərbət

Ostapenkonu mən yaylaqdan tanıyırdım. Yay istirahətimi mən orada, Sovet Ukraynasının səfalı bir kəndində, səliqəli Ostapenko kişinin balaca, yaraşıqlı evində keçirirdim. Bu ucaboy, topsaqqal kişinin zəhmətə olan eşqi məni çox maraqlandırırdı. Ostapenkonun arvadı beş il əvvəl vəfat etmişdi. 21 yaşlı qızı şəhərdə tibb institutunda oxuyurdu. 14 yaşlı oğlu isə kənd məktəbində oxuyur, həm də atasına kömək edirdi. Özü onlara həm atalıq, həm də analıq edirdi. Təsərrüfat işindən sonra da evdə oturmaz, rahatlıq bilməzdi. Gah onu rayon kitab mağazasında dərs kitabları seçən, gah tibb institutu qabağında dayanıb qızının dərsdən çıxmasını gözləyən, gah əlində uşaq ayaqqabısı pinəçi yanına gedən, gah da qapı ağzında, ayaq üstə oğlunu dayandırıb, düyməsini tikən görmək olardı.Lakin evdar və təsərrüfatçı Ostapenkonun əsl peşəsi məni daha çox maraqlandırırdı. O, mahir bir arıçı idi. Yamaca tərəf uzanan böyük, ağaclı, güllü həyətində həmişə azı 10-12 arı pətəyi olurdu. Kişi vaxtının çoxunu bunlara, bu təmiz və faydalı heyvanlara sərf edirdi, evə qonaq gəldimi, Ostapenko əlində bıçaq və boşqab pətəklərin dal tərəfinə keçir, beçə balı gətirirdi. Ostapenko arını saxlamağı, bəsləməyi, bəhrə götürməyi bildiyi kimi, balın və mumun mənfəətini də bilirdi.

19415 мин
Ananın yarışı

Səhər yenicə açılır. Göz işlədikcə görünən buruqlarla örtülü sahil görünür. Get-gedə buruqlar böyüyür, yaxınlaşır. Kaçalkaların səsi eşidilir. 80 nömrəli buruq həm ucalığı, həm də avadanlığı ilə başqa buruqlardan seçilir. Buruğun yağlayıcısı Mehrab Kamalov quyu başında çarxları yağlamaqla məşğuldur. Taxta budkanın kiçik və açıq qapısından onun enli kürəyi görünür. Kənardan yeyin gələn 45 yaşlı bir qadın - Tutu, mədən yolunun yoxuşunu tövşüyə-tövşüyə çıxır, Mehrabın yanına çatan kimi, əlini can köynəyinin qoltuğuna salır, bir kağız çıxarır:– Bala, səni çağırırlar!

19427 мин
Havalı adam

Əkbər kişi kəhriz başında oturub sərinləyirdi. Havva xala su doldurmağa gələndə kişi əhvalpürsanlıq elədi:– Ay Havva, Fərmandan bir xəbər varmı, nə yazır?

194212 мин
Mərcan nənə

Mərcan nənə oğlu, gəlini və üç yaşlı nəvəsi ilə bu şəhərə yaylağa, dincəlməyə gəlmişdi. Yerlərini əməlli-başlı rahatlamamış dava düşdü. Oğlu orduya getdi, ailəsinə "hələlik heç yerə tərpənməməyi" məsləhət gördü.Davanın ilk günlərində Mərcan nənə çox təşvişdə idi. Sonralar camaatın, xüsusilə qonum-qonşunun möhkəmliyini görüb bir az toxtadı. O da gəlini kimi qəzetləri izləməyə, cəbhə xəbərləri ilə yaşamağa başladı. Günün birində ev sahibi, uca və cantaraq qadın Mariya pilləkən ayağında gəlinə nə isə çox sözlər dedi. Mərcan nənə rusca bilməsə də söhbətin ciddi olduğunu kənardan hiss edirdi. Gəlin evə dönən kimi xəbər aldı:

19425 мин

Стихи других поэтов