Содержание
  1. 1
  2. 2
  3. 3

1

Bəlkə, bu ona görədir ki, Kübranın taleyi ilə mənim taleyim arasında bir yaxınlıq var. Mənim də Kübra kimi səkkiz yaşlı bir qardaşım var. Onu evdə tək qoyub, səngərlərə gəlmişəm. Mənim də Kübranınkı kimi səliqəli, üzəgülən bir həyətim, növraqlı bir mənzilim var. Eyvanımda lumu ağacı bəsləmişəm. Axırıncı dəfə onun meyvəsini üzməyə əlim gəlmədi. Dibinə su tökdüm, başına dolandım. Uşağa baxdım, ağaca baxdım. Deyəcək sözüm olmadı. Dilim tutuldu, nə dedisə, gözlərim dedi.

İndi, artıq hərbin bu qızışmış günlərində bütün hisslərimin dəhşətlə, şiddətlə sərtləşdiyi bir zamanda da bu vida saatlarım unuda bilmirəm. Oz evim – Kübranın evi, öz şəhərim – Kübranın şəhəri, qardaşım – Kübranın balası, lumu dibçəyi – ərik ağacı. Bunlar şirin və xoş yuxu kimi nəzərimdən süzüb keçir...

İndi mən partizanam. Düşmən arxasında çalışıram. Vəzifəm bu gün məni çox sevdiyim bir yerə – Kübranın vətəninə gətirib çıxarmışdır. Su arxında gizlənmişəm. Budur, Kübranın – o qayğılı Qafqaz qızının alçaq divarlı həyəti mənim sağımdadır. Mən orada isti yay aylarında nə qədər istirahət etmişəm! O suyun kənarında necə sərinləmişəm! O qocaman ərik kölgəsində, göy məhəccərli eyvanda, hovuz başında...

Kübranın həyətindən taqqıltı səsi gəldi. Səs təkrar olurdu. Fikrimə gəldi ki, yazığın evini sökür, eyvan sütunlarını yandırmaq istəyirlər. Bu fikir mənə ağır gəldi. Başıma balta vurulduğunu güman etdim. Diqqətlə dinləyəndə doğrudan balta səsi olduğunu seçdim. Ancaq balta, sütunlara vurulmurdu, çünki, sütun yox idi. Qaranlıq olsa da, sökülmüş eyvanın çökmüş damı beli sınmış, pərişan qocalar kimi görünürdü. Mən "ya qismət" deyib, arxın kənarına qalxdım. Şəfəqdən bir nəfərin əyilib qalxdığını, yerə balta vurduğunu gördüm. Şaxta olduğundan hərif baltanı möhkəm tuta bilmir, dalbadal vururdu. Bu zərbələr ərik ağacına vurulurdu.

Ağac öz xırda budaqlarına qədər silkələnir, ağır gövdəsini düşmən silahına verərək, rişəsini tərpətməyə qoymurdu. Ətrafına qar ələyir, ilan çalmış kimi, çapalayırdı. Yəqin ki, dili olsaydı, səslənəcək, fəryad edəcəkdi. Deyəcəyi ilk sözlər bu olacaq idi:

– Kübra, haradasan! Amandır, məni yıxdılar...

Deyəsən, ağac dilə gəldi və bu sözləri də dedi. Ancaq bu sözlər yalnız ağacdan yox, yerdən, sudan, torpaqdan, havadan da eşidildi. Bu sözləri qulağımla yox, bütün hisslərimlə, qəlbim, ruhum, qanım, vicdanımla dinlədim. Qəzəbdən əllərim əsdi. Ağacın səsi uzaqlara getmədi. Bu, lazım deyildi. Çünki, mən burada idim, nə qədər ki, mən ölməmişəm, ərik ağacı Kübrasız da keçinə bilər.

Vəfalı avtomatım dilləndi. Baltalı soldat yıxıldı. Pəncərələrə bir qatar güllə səpib, gözdən itdim.

2

Bizim əsgərlərdə belə bir xasiyyət var: ancaq hücum döyüşlərini xatırlayır, bunu, aldıqları məskənin adı ilə adlandırırlar. Mənə də belə bir vuruşma qismət olmuşdur. Kübranın yaşadığı şəhərdə iki gün əlbəyaxa dava getdi. Bu davanın ağır və yüngül saatlarını mən yaşamışam. Mən bu davadan sonra xilaskarlığın nə demək olduğunu gözümlə görmüşəm. Meşələrdə – xəlvət guşələrdə, uzaq arxadan axışıb gələn əhali bizi – döyüşdən çıxmış əsgərləri ziyarət etməmiş öz xanimanına yaxın getmirdi. Əlinə silah alanlar irəliyə qaçan düşmən üstünə yüyürürdülər.

O gün mən iki yara almışdım. Sol qolumu boynumdan asmalı olmuşdum. Sıradan çıxmağım, müharibəni tərk edib arxaya, həkim məntəqəsinə getməyim əmr olunmuşdu. Mən məntəqəyə getmədim. Birbaşa şəhərin kənar küçələrinə – Kübranın həyətinə gəldim. Dağılmış, pozulmuş, növraqdan düşmüş həyət sanki, pərişan halı ilə mənə salam verirdi. Düşmənin qaçhaqaçda qoyub getdiyi qənimətlər – araba, mətbəx şeyləri, silah, ərzaq, motosikl, benzin çəlləkləri... heç nəyə baxmadım. Qocaman ərik ağacına yanaşdım. O da mənim kimi dərdli və qəzəbli idi.

Düşmən zərbəsi onun gövdəsində dərin bir yara açmışdı. Ancaq ağacın "qan" damarları salamat idi. Torpaqdan əlaqəsi kəsilməmişdi. Torpaq – on minlərlə həyatı bəsləyən bərəkətli vətən torpağı, ərik ağacını müalicə edib, onun vücuduna məlhəm yeridirdi.

Mən sakitcə dayanıb ağaca baxır, onun qol-budağım əlimə alır, puçurlarına, bahara, yeni həyata çağıran qönçələrinə diqqət edirdim.

– Dostum, müsahibim ağac, – deyirdim, – mən də yaralıyam. Bizim yaramız yüngül yaradır. Sağalan və ömrü boyu bizim namuslu həyatımızdan danışan müqəddəs yaradır.

İmkanım və qüdrətim olsaydı, ərik ağacına daha tez çiçəkləməyi, yarpaq açmağı əmr edərdim. Quşlarla xəbər yollayıb, uzaq arxadan Kübranı və balasım çağırardım. Ərik ağacının kölgəsində süfrə salar, samovar qoyar, müharibənin bütün acı və məhrumiyyətlərini canımdan çıxarardım. Lakin bu, tezdir. Belə bir gün bütün Kübraların şəhəri xilas olandan, bütün torpaqlarımızın yarası sağalandan sonra xoş olar. Qalxdım, həyəti bir də nəzərdən keçirtdim. Ağacın gövdəsindən öpdüm.

– Ey ağac, – dedim, – səni düşmən əlindən xilas edən qüvvə Kübram da sənə yetirəcəkdir. Sən çiçəkləyib açıldığın günlərdə, bu yerlər əsl növrağına düşdüyü günlərdə məni də xatırla! Kübraya de ki, buradan yalnız düşmənlər yox, dostlar da keçmişlər.

3

Kübranın həyətindən çıxdığım sevinc və həsrətlə öz evimə, öz həyətimə daxil oldum. İlk nəzərimə çarpan lumu ağacı oldu. Bu ağaca, deyəsən, heç müharibə havası dəyməyib. Deyəsən, heç sahibsiz qalmayıb yenə də gənclik qüruru ilə şax və sağlam yarpaqlarını ətrafa yayıb, yenə də bol, ətirli meyvələri ilə budaqları bəzəyib, yenə də bolluq mövsümü ilə yeni-yeni qol-budaq atıb...

Balaca qardaşımın uşaq evinə verildiyini bilirdim. Bəs burada kim əyləşmişdir? Bəs bu evə kim belə vəfalı xidmət etmişdir?

Şeylərim qurulu, çarpayım, yazı stolum, paltarım, divar xalçalarım...

– Burada kim yaşayırdı? Bəlkə mən icazəsiz daxil oluram? – deyə təəccübləndim.

Ev idarəsi müdiri mənim təəccübümdən gülümsündü:

– Öz arvadın da belə saxlamazdı. Gör sənə necə qonaq qismət olmuşdur!..

O, mən orduya gedən kimi Şimali Qafqazdan köçürülmüş bir ləzgi qadının buraya gəldiyini, qənnadı fabrikində çalışdığını, beş gün bundan əvvəl şəhərlərinin düşməndən xilas olduğunu eşidib, getdiyini söyləyirdi. Ancaq mən onun sözünü dinləmirdim. Evimə, iki ildən artıq ayrı düşdüyüm həyat otağıma, otağın hər yerinə, hər şeyinə göz gəzdirirdim. Çox şeyin qoyub getdiyim kimi əl dəyilməmiş qaldığını görəndə mənə elə gəldi ki, heç yerə getməmişəm. Yalnız dünən işə getmişəm, bir gecə yoldaşımgildə keçirib, səhəri qayıtmışam. Mən kitablarımı götürüb təkrar yerinə qoyuram. Pəncərə örtüsünü əlimə alıram, divan üstündə əyləşib qalxıram, yazı stolumun şüşəsinə baxıram. Şüşənin altında naşı, lakin həyəcanlı bir xətlə mənə xitab yazılan bir kağız görürəm:

"Ey bu evin sahibi! Sizi tanımıram, lakin əsgər olduğunuzu bilirəm. Bu ad mənə hər bir tanışdan və hər bir dostdan yaxın, əzizdir. Ağır və fəlakətli günlərimdə sən özün mənim vətənimi qorumağa getmisən, mənzilini mənə vermişlər. Bu, elə bir yaxşılıqdır ki, dünyada az adam, çox az adam tanımadığı yetimli bir qadına bu yaxşılığı edər. Bütün öm rüm boyu sizə minnətdaram. İndi mənim şəhərimi siz – qızıl əsgərlər düşməndən xilas etmisiniz. Bu da üstəlik yaxşılıq. Məni bağışla! Vətən şirindir. Gedirəm. Ancaq ünvanımı qoyuram. Vaxt tapsan, meylin olsa, Şimali Qafqaza, bizə qonaq gəl. Sənə kəniz olmağa hazıram!"

Bu məktubu Kübra yazmışdır.

Daha mənim sevincimin həddi-hüdudu yox idi. Qardaşımı uşaq evindən gətirdilər. Mənzilimdə bir şənlik qurdum. Bütün otaqlarda çırağımı yandırıb oturdum. Bu gün birinci dəfə xilas olmuş şəhərində, öz evində çıraq yandıran Kübraya cavab yazdım. Lumu ağacının bütün meyvələrini qutuya qoyub, ona hədiyyə göndərdim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci hissə, səkkizinci fəsil

Qatar vağzalda dayanıb köksünü ötürəndə zəng səsləndi. Deyəsən bu səs o qədər qüvvətli idi ki, dəmir yol ilə şəhər arasında olan bütün həddi-səddi vurub dağıtdı. Vağzal qapıları taybatay açıldı. Əlində çamadan, bağlama, patefon, kitab, xurcun, kağız torba, çaydan və qeyri azuqə, qucağında uşaq olan, ya tamam əli boş adamlar vaqonlara sarı yönəldilər. Biletini göstərən, şeylərini vaqona qoyanlar elə sevinir, elə möhkəm otururdular ki, deyəsən ölənəcən bir daha vaqondan yerə düşməyəcəklər.Yola salanlar gedənlərdən çox idi. İnstitutda qış tətili başlanmışdı. Tələbələr dəstə-dəstə evlərinə yola düşür, qış istirahətinin bir saatını da hədər keçinmək istəmirdilər. Oğlan, qız bir-birinə qarışmışdı. Görüşən, ayrılan kim, vidalaşan kim.

194119 мин
İkinci hissə, birinci fəsil

– Vahid! Vahid!Vahid dönəndə Gəldiyevin başıaçıq, yeməkxanadan çıxıb ona əl elədiyini gördü. Onlar görüşdülər. Gəldiyev Vahidin qolundan tutub içəri çəkdi:

194116 мин
İkinci hissə, ikinci fəsil

Üç gün qabaqdan divarlara böyük, rəngli elanlar vurulmuşdu. Enli sarı kağızın üstündə kölgəli, qəşəng göy xətt ilə bu sözlər yazılmışdı: "Səttar Səttarzadənin konserti".Tramvayların pəncərəsindən yellənərək, görünən elanın xırda sətirlərini oxumaq olmurdu. Ancaq "Səttarzadə" seçilirdi. Qocaman sənət xadimini dinləməyi arzu edən çox idi. Biletlər dünəndən satılıb qurtarmışdı. Bilet alanlar cürbəcür adamlar idilər.

194115 мин
İkinci hissə, üçüncü fəsil

Ucaboy, qoca, lakin qıvraq həkim içəri girəndə evdəkilər özlərini itirdilər. Biri aralığı yığışdırır, biri stul çəkir, biri həkimin paltosunu, papağını alırdı.– Kimdir xəstə?

19418 мин

Стихи других поэтов