İnsanlıq fəlsəfəsi
Страница 1 из 3
1
Bəzi adamın adı heç özünə yaraşmır. Amma bu qızın adını, deyəsən sonradan qəddinə, qamətinə, məlahətinə baxıb qoyublar. Ağca! Qubanın ağ alması!
Heç tanımayan, bilməyən bir adam da rast gəlsə, yəqin ki, özgə ad deməz, bunu deyər: Ağca!
Ağca yaraşıqlı bir qız idi, tamaşasından doymazdın. Həmişə dik və düz baxan iri, ala gözləri, ağ sifəti dairələyən qara tellər, qulac saçlar, şumal, göyərçini gərdən, sakit yeriş.
Başının ipəkyaylığı ağ, döşünün sancağı, donunun düyməsi, çəkməsinin qotazı da ağ; sadəcə ağ yox, bir növ bahalı, may şənliklərini andıran təravətli ağ! Çoxları qızı məktəb həyətində, nümayiş sırasında, tarla düşərgələrində, küçə-bacada görəndə, baxa-baxa qalırdı. Ağcanın ən acığı gələn də bu idi.
– Niyə baxırsan, xala, buynuz-zad çıxartmamışam ki!
– Qızım, sənə baxmıram, yaradanın qüdrətinə heyranam!
– Bəsdi sən allah!
– Allah yaman gözdən saxlasın!
Bəlkə də buna görə, dilə-dişə düşməkdən ehtiyat elədiyi üçün Ağca Baxışın ilk işarəsini rədd etmədi, ona könül verdi.
Oktyabr bayramında inşaatçılar klubundakı görüşdən, məktəb məzunlarının ikinci buraxılışı axşamından sonra Baxış buraya trest rəisi ilə gəlmişdi ki, məktəb qurtaranları tikintidə işə çağırsın. Ağcaya məktub yazmağa məcbur oldu. Məcbur oldu deyirik, çünki doğrusu budur: heç evlənmək xəyalında deyildi. Çox qızları tanıyıb xoşlasa da, belə fikrə düşməmişdi. Amma Ağcanı görəndə özünü itirdi. Bir gün, iki gün lap kefli kimi gəzdi. Güman elədi ki, ötüb gedər, gördü yox, gedənə oxşamır. Oxlanıb, özü də yaman yerdən oxlanıb. Dərdini kimə desin, kimi göndərsin? Fəhlə adam, ana yox, bacı yox, özü utancaq, açılışmamış. Birdən-birə durduğu yerdə adamın başına bu iş gəlsin!..
Nə isə, ha fikirləşdi, gördü ki, məsələni açmaqdan savayı çarə yoxdur. Özü də üzbəüz yox, qiyabi, məktub ilə! Baxış heç bir zaman savadın qədrini indiki qədər bilməmişdi. Kağız hazırladı. Çox yazdı, çox pozdu, axırda sevdiyinə belə bir məktub göndərdi:
"Məni ordudan tərxis edəndə ürək zəifliyini səbəb qoymuşdular. Yürüşlərdə, yoxuşlarda təngnəfəs olurdum. Güman etmişdim ki, bundan sonra mənim qəlbim ilə ancaq həkimlər maraqlana bilərlər. Amma görüşümüzdən belə məlum oldu ki, yox, orada həyat qaynayır və yeni bir işıq yanır. Onu siz yandırmısınız. Ümidvaram ki, həmin işığı söndürməyi heç bir zaman rəva görməzsiniz!
Ehtiramla, Baxış"
2
Gəlin gəldiyi ilk gündən Ağca Baxış ilə şərtləşmişdi: uşaq bağçasında qulluğa girəcək, fəhlə balalarına tərbiyə verəcək, sonra da ali təhsil alacaq.
Toy dəsgahı, mehriban ailə həyatı başlanan günün səhərisi Ağca iki nömrəli uşaq bağçasına mürəbbiyə təyin olundu. Ağcanın arzuladığı bağçanın balaca həyətində hovuz tikilmiş, cərgə ilə ərik, iydə, badam ağacları basdırılmış, tənəklər baş-başa vermiş, qızılgüllər neçə yerdən calaq elənmiş, təzə binanın eyvanı, qapı-pəncərəsi qəşəng rənglənmiş, dirəkdən çilçıraq asılmışdı. Oğlanlı, qızlı körpə uşaqlar quşlar kimi səs-səsə vermişdilər.
Ağca yenicə ayaq basdığı bu körpələr evini özünün həyat və əmək ocağı saymışdı. Gündə neçə dəfə uşaqları bir-bir dindirməsə, ağacları sulamasa, hovuzun suyunu təzələməsə, otaqların səliqəsini yoxlamasa qərarı gəlməzdi. Birinin düyməsini tikir, birinə şəkil çəkir, bir başqasına hesab öyrədir, nağıl danışırdı. Cücəli toyuq kimi körpələri başına yığıb cürbəcür mahnılar oxuyur, onlara oyunlar öyrədir, cərgələrə düzürdü. İş görəndə qalın hörükləri kürəyindən sürüşür, gözünün qabağını kəsir, bəzən hovuz suyuna batırdı.
Qız, saçını cəld düyünləyib dalına atanda, bir dəfə müdirə gülə-gülə demişdi:
– Qızım, onlar sənə kəndir deyil ki, nemətin qədrini bil! Onun həsrətini çəkənlər var!
Ağca sonra hörüklərini bir ipək tor içinə yığıb kürəyinə atardı. Boynunu tərlətsə, darıxdırsa da, müdirənin sözünü yaddan çıxarmazdı.
Ailə həyatının dadlı meyvəsi, ay parçası kimi bir oğlan uşağı da muştuluq şənliyi ilə gəlib çıxdı. Gənc ailədə körpə səsi saf musiqi kimi eşidilməyə başladı.
Bənna Baxışla Ağcanın günü, dirliyi xoş keçməkdə idi.
Ailədən, güzərandan söhbət düşəndə, hərə bir arzudan deyəndə, Baxış da küsənə-küsənə öz səadətindən danışardı:
– Qardaş, bizim zəmanədə insanın canı sağ olsun, yaxşı da ömür-gün yoldaşın olsun, qalan hər şey ötüşər. Ağca ilə qabaq-qabağa oturanda, kəlmə verib kəlmə alanda, bir də Nadirin qığıltısını eşidəndə, elə bilirəm bütün yorğunluğum getdi. Deyəsən, heç ağır daşları divara düzən, səhərdən axşama belədən-belə mizan çəkən, sement vuran, fəhlələr ilə çənə döyən mən deyiləmmiş. İnsana könül həmdəmi hər şeydən fərzdir. Can deyib can eşidəsən, bir-birinin başına and içəsən. Məhəbbət də, həyat da, ləzzət də budur. İdarədə də adamın kefı saz, ürəyi işıqlı olur. Həyat yoldaşı, mehriban ailə işdə də adama bir arxadır.
Baxış tamamilə haqlı idi. Ağcanın yoldaşlığı, bağçadakı qulluğu, ailə qayğısı bu tərifə tamamilə layiq idi.
Qadın var həmişə fıkri-zikri konsertlərdə, bu teatrda, o tamaşada, gəzməkdə, seyrəngahda, bayır-bağçada olar. Evinin işini yükləməyə də qulluqçu axtarar. Ərinin işdən gəlməyi yadına düşəndə, qaçıb restorandan bir boşqab soyuq kotletdən-motletdən alıb gətirər, qabağına atar, sonra poçtalyon kimi qapıdan yox olar...
Belə evin mehmanxanadan nə fərqi!
Yox! Baxışın ailəsi hara, bu söhbətlər hara!
Ağca qulluğunu ikinci növbəyə, nahardan sonraya salmışdı. Səhər yerindən qalxan kimi birinci işi ərinə yemək vermək, onu yola salmaqdı. Uşağı yedirib, geyindirib havaya çıxarmaq, sonra nahar tədarükünə düşmək.
Ağca ərzağın təzəsini, yaxşısını, həm də bahalısını alardı. Handa bir şeyi bəyənməz, dönə-dönə seçərdi ki, Baxışın xoşuna gəlsin. Onun hazırladığı süfrə zənginliyi ilə olmasa da, səliqəsi səhmanı ilə həmişə seçilirdi. Stol üstündə hər şey par-par parıldardı. Deyərdin bunlara əl vurmaq heyifdi, hansı qəzetə, hansı sərgiyə getmək üçün şəkil çəkiləcək.
Baxış işdən gec gələndə Ağcanın gözü qapıda qalardı. Tez-tez həyətə çıxıb evə girərdi. Tramvay zəngi cınqıldayan kimi ürəyində deyirdi: "Baxışı gətirir".
Uşaq da böyümüşdü. Ata-bala qabaq-qabağa oturub, Ağcanın bişirdiyi xörəyi iştahla yeyəndə, qaşığı qoyub çəngəli, çəngəli qoyub stəkanı, stəkanı qoyub kağız dəsmalı götürəndə, "əllərin var olsun!" deyə təşəkkür edəndə, Ağcanın ürək rahatlığına söz ola bilməzdi.
Görərdin axşam, şirin söhbət vaxtı Baxış bir kağız bağlamanı ortalığa gətirir, ana-balaya göstərib soruşurdu:
– Kim bilər bu nədir?
Biri konfet, biri çəkmə, biri dəsmal, biri corab, biri ətir deyərdi.
– Bilmədiniz!
Nadir tələsik bağlamanı atasından almaq istəyəndə, bir də görərdi ata qutudan bir sputnik çıxarıb stol üstünə qoydu. Göyə üz qoyan sputnik əvvəl marş çalmağa, sonra da fıt verməyə başlardı. Nadirin sevincinin həddi olmazdı...
Deyirlər xain, çəp bir göz bütün xoşbəxt ailələrin pəncərəsindən baxır, içəriyə soxulmağa fürsət axtarır. Bizim tanıdığımız evdə bu etiqada inananlar, bəlkə də, yoxdur. Amma xanımlardan uzaq olsun, Baxışın evinə birdən-birə əsən acı ruzigarı, ürəyim ağrısa da, deməyə məcburam.
Ağcanın başına elə bir iş gəldi ki, ailə səadəti alt-üst oldu.
Baxış yağlı maşın kimi çox işlək adam idi. Ağrı, yorğunluq, zəiflik ona kar salmazdı. On beş ilin ərzində onun işdən qaldığını görən olmamışdı. Adı həmişə məruzələrdə, şəkli lövhələrdə, işi dillərdə idi. Heç kimin gümanı gəlməzdi ki, bu zirək kişiyə də xəstəlik yaxın düşər.
Bəzən kürək sancısından, ürək ağrısından şikayət eləsə də, Ağcanın sözünə baxmaz, işə gedər, neçənci mərtəbədə divar qoyar, tavan örtərdi. İşdən qayıdan kimi dalbadal rəngli çay içər, bir-iki saat uzanıb dincələndən sonra durub qəzet oxuyar, radio eşidərdi.
Ağca ərinin həkim çağırmağa kahıllıq etməsinə bir növ alışmışdı, inanmışdı ki, baş ağrısı, kürək ağrısı... bunlar işlək adamlarda soyuqdan, havadan, küləkdən olan, tez keçib gedən şeylərdir. Bu "adi" şeylərdən belə müdhiş bir fəlakət baş verə biləcəyini Ağca heç xəyalına gətirməzdi. Elə bir fəlakət ki, nə həkim, nə dost, nə idarə, elgün, nə qurulu ev-eşik, nə bəslənən şirin arzular qarşı dura bildi!
Ölüm qara qartal qanadını bu gözəl, bu munis xanıman üstündə görəndə, iti caynaqları ilə Baxışın qəlbini parçalayanda, sanki hər şey bitdi!
Ağcanın illər boyu bəslədiyi arzu və ümidlər elə sarsıldı, tamaşasına durduğu füsunkar qayalıqlar kimi birdən-birə elə uçulub töküldü ki, dünya və aləm başına fırlandı.
Baxışın vəfatından xəbər tutanlar axışıb gəldilər, idarə qalmadı baş sağlığı yazmasın, maşın qalmadı dəfn mərasiminə çıxmasın, adam qalmadı bu adlı-sanlı ustaya yanıb heyifsilənməsin.
Orkestr gətirdilər, cah-calal ilə götürdülər, şəklini çəkdilər, nitq dedilər, qəzetlərdə yazdılar, uşağa kəsəmət kəsdilər.
Mərhumun yeddisi, ayı, qırxı keçdi. Ağcanın üzü gülmədi. Necə gülə bilərdi! Ürək sevgilisini, dağ kimi kişisini itirən cavan gəlinin əlləri qoynunda qalmışdı. Qadın la rəng-ruf dəyişdi. Bədən tufana tutulmuş gülzar kimi quruyub soldu. Bütün o gözəllik, məlahət uçub getdi. Şəkil kimi gəlindən bir dəri, bir sümük, bir də quyu suyu kimi dərinə enmiş gözlər qaldı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-insanliq-felsefesi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
1Qüdrət ümidsiz ağır yataqdan qalxmışdı. Özünü yenidən dünyaya gəlmiş sayırdı. Deyə-gülə danışır, fərəhlənirdi.
İtpərəstlərin həyəcanıBu səhər itpərəstlər idarəsində bərk həyəcan var idi:– Nə olub, nə xəbərdi?
Hava bürosuRəşid tikinti texnikumunu təzəcə təhvil almışdı. Birinci gün müəllimləri başına yığdı, tədris, təcrübə planları ilə tanış oldu, ikinci gün təsərrüfat işçiləri ilə söhbət elədi, yataqxanaları yoxladı, üçüncü gün siniflərin, kabinetlərin, direktor otağının səliqə-sahmanına fikir verdi:– Qürbət xala, bir bura zəhmət çək!
LirikaBir zamanlar Kommunist küçəsinə qurşaq kimi dəmiryol xətti dolanırdı. Üçvaqonlu, üç nömrəli tramvay əjdaha kimi altdan-yuxarı, yoxuşa dırmaşanda, küçə hərəkəti qorxulu olurdu. Sürücülər bura çatanda zəngi bərk-bərk vurardılar.İndiki kimi xoş bir yaz günortasında universitetin qabağında bir dəstə müəllim gəzişirdik. Yenicə qış sıxıntısından qurtarmış qocaman şəhərin günəşli, mülayim, durğun havası bayram kimi hər kəsi sevindirirdi. Qış libasından silkinib çıxmış, yüngülləşmiş adamlar sanki salamlaşmır, bayramlaşırdılar. Üzlərdə təbəssüm, gülüş, məmnuniyyət!
Стихи других поэтов
Sən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm
UzaqSahiba, bir nəfərəm dövlətü izzətdən uzaq,Düşmüşəm şəhrdən avarə, vilayətdən uzaq.
DeyirKim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir
MiçəkQurdum hər cür torumu, vermədi fayda miçəkə,Sataşır gündə gözüm xörəkdə, çayda miçəkə,