Содержание
  1. 2
  2. 3
  3. 4

Страница 2 из 3 · 33%

2

Mən Babaxanla yaxın münasibət saxlamaqdan çəkinirdim. Qonşuluq üzündən, görəndə ötəri bir salam verirdim.

Onun növbəti arvadlarının biri diqqətimi cəlb etdi. Sadə olduğu üçün xoşuma gəlirdi. Bəlkə də, kim bilir, simpatiyamın səbəbi ayrı bir şeydi.

İnsanın bəzən tanımadığı, lakin uzaqdan gördüyü bir adamdan zəhləsi gedir. Nə üçün? Adam özü də bilmir, əksinə, bəzən aləmin zəhləsi gedən bir adam, sizə məsum və təmiz görünür. Yaxınlaşır, söhbət edirsiniz, axırda aldanıb, peşman olursunuz. Axırı ki, insanları tanımaq çətindir.

Babaxanm diqqətimi cəlb edən arvadı hələ gəlinliyin əziz və qayğısız günlərini yaşayırdı.

Babaxanın yeni arvadı Məlikə cavanca, şən bir qızdı, hər kəs ilə gülüb-danışardı, bunu də ərindən gizlətmirdi. Məlikə bizə gəlib-gedərdi. Onun yerli olmadığını, yerli məişət və adətlərə nabələd olduğunu zənn etmişdim. Yanılmırdım.

Məlikə Çakva çay plantasiyalarında fəhləlik edirmiş. Babaxanm oraya yolu düşür, belə gözəl bir qızı yayın istisində tarlada çalışan görür. Gözü düşür, ürəyi tutur.

– Məlikə də fəhləlik edərmi, ay qız! Sənin yerin bura deyil! Gedək, məni özünə nökərçiliyə götür.

Uzun ilticadan sonra Babaxan qızı inandırmışdı.

Məlikə etiraz etməmişdi. Öz sözü ilə "Azərbaycanı görməyə həvəsi gəlmişdi". Mən Məlikə kimi sadə, xoşqılıq bir qadınla tanış olduğuma sevinirdimsə də, yaxın günlərdə onun evdən çıxarılacağına da yanırdım.

İstirahət günü yaxınlaşdı... Babaxan Məlikə ilə xudahafizləşməli oldu. Qızın başmaqlarını cütlədi:

– Bacımsan. Xasiyyətimiz tutmur. Mən nə qədər özümü zorlayıb, səni sevmək istədimsə, mümkün olmadı. Buyur, bu da yolxərcin, palpaltarın da özünə qalsın. Qayıt yerinizə. Məni bağışla. İmkan ver, subay yaşamaq istəyirəm.

Əvvəl Məlikə zarafat zənn etmişdi. Gülmüş, oynamaq istəmişdi. Babaxan özünü hirsli göstərmiş, qıfılı əlinə alıb, qapını bağlamaq üçün Məlikəni bayıra itələyəndə, qız məsələnin ciddiliyini anlamış, özünü itirmişdi.

Evdə oturub gilas yeyirdik, qonağım da vardı. Bir də gördüm, Məlikə özünü içəri atdı. Hönkür-hönkür ağladı. Anam onu ovutmaq istədi. Məlikə yanıqlı ağlayırdı. Ürəyim xarab oldu.

Məlikəni şikayətə göndərmək fikrində idim. Razı olmadı:

– İntiqam almaq istəmirəm, - dedi. - Babaxan ölsə də, mənim pozulmuş həyatım, puç olmuş ümidlərim qayıtmayacaq. Məni yola salın, vətənimə qaytarın!..

Babaxan ilə mübahisə açmağa dəyməzdi. Məlikənin xahişini dedim. Məmnuniyyətlə qəbul etdi:

– İnanın ki, Məlikə yaramaz olduğu üçün ayrılmıram, özüm yaramaz olduğum üçün ayrılıram. Cavan qızdır. Mənim daxmamda çürüməkdənsə, qoy getsin, azad gəzsin. Qonşuluq haqqına onu aparın Batumiyə yola salın!

Babaxan Məlikənin dolu, ağır çamadanını mənə verib, əlavə etdi:

– Buyurun! Heç bir şeyini istəmirəm. Nəyi varsa, özü ilə aparsın, xərclik lazım olsa, yenə verim.

– Heç zad lazım deyil. Mən onu yola salaram.

Mən çamadanı gətirib evə qoydum. Məlikə tanışları ilə vidalaşmağa getmişdi. Çox çəkmədi, qayıtdı. Biz stansiyaya yollandıq.

3

Uşaqlar bayramı gözlər, böyüklər məzuniyyəti!

On bir ay işdə-gücdə çalışmaqdasan. Səfərə də çıxmırsan. Bu ayların nə vaxt gəlib-keçdiyini bəzən bilmirsən. Məzuniyyət gələndə, gözəl yaylaqlara gedib, şamlıqlarda nəfəs almaq, mühitini təzələmək istəyirsən. istirahət sənin qanuni haqqındır. Məzuniyyətə gedənə o ki var, hörmət edirlər. Dəmiryollarda növbəsiz yola salırlar. Kurort bələdçiləri qabağına çıxırlar. Xörəyin, çörəyin, meyvənin, morojnanın, siroplu suyun yaxşısını sənə verirlər. Kinolar, teatrlar, çalğıçılar, şairlər, xanəndələr ruhunu oxşayır...

Bizim zəmanəmizdə hər kəs istirahət etməyə borcludur.

Məzuniyyət də onda şirin olar ki, hər işini artıqlaması ilə bitirəsən. Adın gələndə, müdirin ürəyi açıla. Əmr edə, sənə biraylıq mükafat da verələr. Qərar, pul, putyovka, bilet, maşın, hər şey hazır...

Bu halda eşidəsən ki, "istəklinin" ailəsi də sən gedən yerə gedib... Qız gedəndə səni görə bilməyib, yoldaşları ilə xəbər göndərib, səni qonaq çağırıb:

– Həl-həlbət gəlsin! Heç olmasa, ikicə gün! Gözləyirəm!

Nə durmusan!

Belə səfərə çıxanda adam qayıdacağını güman etmir. Dala baxmadan gedir. Stansiyalarda qatarın dayandığı hər dəqiqə bir il keçir, düşüb yüyürmək istəyirsən.

Mən bu damaq çağlığı ilə istirahət evinə yola düşdüm.

4

Maşın dırmandıqca mən özümü yüngül və rahat hiss edirdim. Dağların sərin mehi qulaqlarımda səslənirdi. Gözlərim laləli çöllərdən ayrılmırdı. Yolun lap kənarından başlanan taxıllar ləpələndikcə gümüşü rəngə çalırdı. Quşlar maşın səsindən hürküb uzaqlara uçurdu. Dağlardan buğ qalxırdı. Dağlar keçidindən görünən günəş uşaq kimi məsumməsum baxırdı. Hər dəqiqə dəyişən mənzərələrdən, bir-birindən gözəl yerlərdən doymaq olmurdu. Dayanmaq, hər çiçəyə, hər kola, üfüqləri yarıb ötən hər quşa, hər böcəyə bir-bir baxmaq istənilirdi.

İstirahət evlərində xalatla gəzən kök və gödək bir həkim vardı. Məni yoxlayanda bərk tapşırdı:

– Siz əsəbisiniz, rejimi yaxşı gözləməlisiniz.

– Ay sağolmuş, məni əsəbi eləyən həmin bu tibbi rejimlər olmadımı? Buraxsana bu dağlarda nəfəs alım! Bəs deyilmi? Kəl kimi sakit adam idim. Pivə krantına döndərdiniz, bəs deyilmi?

Həkim güldü.

Mən çıxdım.

Anket dolduranda soruşdular:

– Hə? Kərimov?

– Bəli, Kərimov!

– Sizə deyəsən, tel vardı. Katib ayağa qalxıb qapıya sarı boylandı:

– A Lətif, o gədəni bəri səslə, poçtalyon!

Lətif poçtalyonu çağırdı. Teleqram mənə idi. Açdım oxudum, matməəttəl qaldım:

– "Təcili qayıdın vergül lap bu gün tire Murtuz."

Teleqram yaxın və sirdaş məktəb yoldaşımdandı. Nə isə vacib iş vardı. Murtuz hələ-hələ mənim istirahətimin pozulmasına razı olmazdı. Məni fikir götürdü: "Bu nə bədbəxtlikdir, ay canım?" Xəyalıma min cür şey gəldi: "Anam da bağdadır. Yəqin evi yarıblar, var-yox əldən gedib. Yaxşı lüt-üryan qaldım küçələrdə... Buna inanmıram. Yox elə şey olsa, Murtuz mənə xəbər verməzdi, kefimi pozmaq istəməzdi. Özü bu iş ilə məşğul olardı. Belə deyil, qohum-qardaşdan ölən var. Ya anamın başına bir iş gəlib... Nə bilim, dünyanın işidir. Bəlkə təcili məktəbə çağırırlar." Nə isə, gümanımı bir yerdə qərarlaşdıra bilmirdim. Bir istədim, "cəhənnəmə ki", deyə teleqramı unudum, axşamın ilhamlı və musiqili havasına doğru axışan xoşbəxtlərə qoşulub, sevgilimin görüşünə gedim. Olmadı. İntizar və nigaranlıq yolumu kəsdi. Hər şey, hər kəs məni tələsdirib, qaytarmağa çağırırdı. "Ağlını başına yığ, ehtiyatlı ol. Kişi sənə tel vurub, get, gör nə məsələdir. İstirahət evi qaçmır, iki gün gec gələndə nə olar?"

Yerimi, yurdumu, pasportumu, putyovkamı qoyub maşın ayağına götürüldüm.

Gecə saat doqquzda şəhərə çatdım. Yenə təndir kimi isti məni bürüdü. Tər tökdüm. Ağır nəfəs aldım. Yorğun yeridim. Acdım, lakin aclığımı hiss etmədim. İçimin gəmirildiyini, bədənimdə bütün ehtiyatın tükəndi yini zənn etdim. Üzvlərim mənə tabe olmaq istəmirdi. Qılçalarımı əyirdim. Güc-bəla özümü evə saldım.

Evi salamat görüb, bir az dincəldim. Qonum-qonşudan anamı xəbər aldım, "salamatdır" dedilər, soyundum, kranın altında dayanıb yuyundum , qurulandım. Evi nəzərdən keçirirdim, pəncərədə açıq məktub gördüm.

Əvvəlcə möhürünə, sonra imzasına baxdım. İki gün əvvəl gəlmişdi. Məlikədəndi. Sevindim. Acar qızına hörmətim artdı. Məktubu açdım:

"Vicdansız alçaq!

Babaxanm dərdi azdı, bir də sənin kimi ölüsoyan kəmfürsətə rast gəldim. Evində yediyim duz-çörəkdən də utanmadmmı? Qərib bir qıza ehtiramın bu idimi, ey insan masqalı tülkü? Sənin Babaxandan nəyin əskikdir?

Məlikə"

Bu nədir? Kim yazır? Kim yazır? Kim yazır?

Məktubun adresini, imzasını bir də yoxladım.

Məlikə yazırdı. Mənə yazırdı.

Qurudum qaldım.

Mənim Məlikəyə nə pisliyim olmuşdu? Ona neyləmişdim? Bu nə töhmətdir? Ömrümdə heç kəsdən, alçaq adamlar haqqında belə eşitmədiyim bu sözləri gör kimdən eşidirəm! Babaxana qarşı haqqını müdafiə etdiyim, bacı kimi baxdığım Məlikədən. Elədiyim yaxşılığa qarşı təşəkkür bu imişmi?

Məni od götürdü. Məktubu bir də oxudum. Məlikənin aldadıldığını, məndən nə isə bir şey eşitdiyini yəqin etdim. Nahaqdan qadına layiq olmayan küçə söyüşləri ilə mənə müraciət etdiyinə qızışdım. Mən də açıq məktub yazdım. Təhqir olunmuş gənclik vüqarımı müdafiə edərək, əsəbi və titrək barmaqlanmla ağzıma gələni yazdım, küçəyə çıxdım, məktubu poçt qutusuna atdım. Bununla ürəyimə təskinlik verdim.

Səhər yenicə açılmışdı. Xoruzlar ağız-ağıza verib camaatı ayıldırdı. Mənim isə intizardan, fikir-xəyaldan başqa işim yoxdu. Gah Murtuzun teleqramını düşünürdüm, gah Məlikənin təhqirinə əsəbiləşirdim. Az qalırdım, bilet alıb Acarıstana gedim. Vaxtilə simpatiya bəslədiyim, sadə və səmimi saydığım qızın üzünə durum, yazdıqlarının məsuliyyətini ona hiss etdirim.

Durdum, yuyundum. Köhnə qəzetlərdən birinə baxırdım, qapı döyüldü. Açdım bir nəfər milis içəri girdi.

– Salam!

– Salam.

Cinayət-axtarış idarəsinin naçalnikinin imzası ilə mənə bir çağırış verdi və dedi:

– Eviniz axtarılacaq.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Xarici naxoşluq

Xarici naxoşluq deyəndə zahirdə, üzdə olan naxoşluğu demirəm. Bu sözü mən coğrafi mənada işlədirəm, sərhəd xaricindəki naxoşluqlardan söhbət gedir...Mən deyərdim bizim şəhərdə hakimlik sənətindən çox növbətçiliyi olan sənət yoxdur. Özüm həkiməm, günaşırı, bəlkə də daha çox növbətçi oluram. Xəstələrimə müttəsil nəzarət eləmək, gecə-gündüz müalicə prosesini izləmək nəticəsini vərəqlərə köçürmək, ən güclü bir arzu kimi heç vaxt məni tərk etmir.

19606 мин
Ehtiram

Ağsu yoxuşu şoferlərin gözünə durur. Ancaq aşandan, gədiyin başına çıxandan, üfüq boyu əlvan xalça kimi açılan Şirvan düzünə tamaşa edəndən sonra bütün zəhmət və çətinlikləri unudursan, quş kimi yüngül və yeyin gedirsən.Həyat da belədir. Yüksəlmək çətin və zəhmətli, ancaq səfalı, fərəhli olur; enmək isə asan, ani və qüssəli olur.

19618 мин
Heykəl uçulanda

Mənəm-mənəm deyənlərin inanma çox da qovluna!*M.Ə.Sabir*

19626 мин
Ay İsmayıl, başa sal!

Deyirlər rüşvətlə bərk mübarizə aparılır. Bu doğrudur. Amma mən bilmək istəyirəm ki, rüşvət nəyə deyirlər? Rüşvət ona deyirlər ki, mənim bir vəzifəli şəxsə işim düşür. Qanun buna ziddir. Amma vəzifəliyə filan qədər pul verirəm, o da qanunu ayaqlayır, mənim işimi düzəldir. Buna deyirlər rüşvət!Bir də var ki, mənim nazir rəisi filankəsə hörmətim, məhəbbətim var. Plov bişirəndə onsuz boğazıma getmir. Çağırıb dəsgah düzəldirəm. Bəzi alimlər güman edir ki, bu da bir növ natəmizlikdir. Ancaq burada nağd pul məsələsi yox, natura ilə ifadə olunan rüşvət var, amma bu işlərin eləsi var ki, nə rüşvət, nə də hörmət adlandırmaq olar. Bunun adını mən özüm də bilmirəm. Soruşanda deyirlər, yox, bu ayrı şeydir. Mən bilmək istəyirəm ki, ayrı şey, yəni nə?

19624 мин

Стихи других поэтов