Peşmançılıq
Страница 3 из 4 · 50%
IV
Araba qoca, yavaş, lakin işlək kişilər kimi başaşağı, dəmir yolunu aşıb torpaqlı yoldan çıxdı. Bitdiliyə yaxınlaşanda Əkbər ayrı aləm gördü. Yox, bu, cındırları sallanan, qapı-pəncərəsi düyün-düyün olan kəramətsiz pirlərə, içi oyuq qoz ağaclarının sönmüş ocaqlarına bənzəmir. Bu qədər adamın gəlməsində yəqin ki, bir hikmət var. Özü də təkcə qarı-qoca yox, gör necə də oxumuş, abırlı, əməlli-başlı adamlar gəlib!.."
O, arabadan, atdan, məftiltəkər faytonlardan tökülənlərə baxdı. İmamın kəraməti haqqında şübhəsinə dönə-dönə əstəğfur etdi. İllərdən bəri ürək verdiyi, əvəzində heç bir şey ala bilmədiyi pirlər, nəzirlər, niyazlara qarşı doğan və gün-gündən böyüyən, nəhayət klubda, dərnəkdə bərkiyən şübhəsini, indi bir saxsı qab kimi yerə vurub sındırdı.
Maya düzləri dolduran, qaynaşan camaatı görüb, salavat çevirdi. Üzünü imama tutub, gözlərini sıxdı.
Pirin günbəzi balaca, həm də rəngsiz, yaraşıqsız tikildiyi üçün toyuq hininə oxşayırdı. Mayaya bir təsir etmədi ki, gözündən yaş gəlsin. Bir tərəfdən də soyuq, hərdənbir yarpaq kimi üzə dəyən yağışlı külək onun sümüklərini qurutmuşdu. O, arabanın içində yumaq kimi kiçilmişdi.
Arabadan töküləndə Əkbər yer-yurdda şapka qırığı, hətta köhnə şapkalar, toqqalar, kitablar, dəftərlər gördü.
Bir xurcun nəzir Əkbərin çiynində, bir qoltuq bağlama da Mayanın qucağında, boz çadranın altında, onlar ziyarətgahın yanında camaata qarışdılar. Əkbər qabaqda gedir, çiyni ilə yol açırdı. Adamlar arasında sarı, uzunsaqqal ləmsələri görəndə təəccüb etdi. Çalışdı ki, onların yaş paltarına sürtünməsin. Bu fikir başından keçib-getməmişdi ki, birdən ucaboy ləmsə özünü onun üstünə yıxdı. Narın və şehli saqqalını tuğ süpürgəsi kimi Əkbərin üzünə çəkdi, kişini ziyarət çağında mur-mundar elədi. Əmoğlu dirsəyini qaldırdı, ləmsə üzr istəyən nəzəri ilə ona baxdı:
– Eloğlu, bağışla!..
Bir çalmalı seyid bunlara baxırdı. Əmioğlunun ikrahını duydu və qolundan tutdu, ləmsənin yanında başa saldı:
– Ay mömin, o da ziyarətə gəlib. Həzrət özü buyurur: kafir də mənim qapıma gəldi, bağışlanır, pak olur. Arxayın ol, pakdır. Neçə adamsınız?
– İkicə nəfərik, ev adamı ilə gəlmişəm.
– Ziyarətiniz qəbul olsun! İltimasi dua. Ağa mətləbinizi versin. Gedək sizə bir yer deyim. İmamın lap qoltuğunun yanında yer bilirəm. Adam da yoxdur. Xəlvət yerdir, ağanın da kəraməti o tərəfdədir.
Birdən salavat çəkdilər. Sinə vuranların, soyuqda kürəyini açıb zəncir ilə qaraldanların qışqırığı ucaldı. Çalmalı seyidin son sözləri eşidilmədi. Əmoğlu bu küy-kələkdən lap özünü itirmişdi. O, Mayanın əlindən tutub, çalmalı seyidin arxasınca gedirdi. Çalmalı seyid günbəzin alçaq, dar, mehrabvarı qapısından sürüşüb, Əmoğlunu içəri çəkdi, dümsüklədi:
– Ərizəni ver!
Əkbər utana-utana:
– Ərizəm yoxdur, – dedi.
– Pəhə... bu olmadı! Gəlin!
Çalmalı seyid onları təkrar günbəzin üstünə çıxartdı. Əkbəri o ki, var danladı:
– Rəhmətlik oğlu, bu yaşa gəlmisən, bilmirsən ziyarətin qaydası nədir? "Müsəlmanam", – deməyə sənin haqqın yoxdur!
Cibindən bir qələmdan çıxartdı. Uzun bir kağızı əlinə alıb, dizinə söykədi:
– Buyur, – dedi, – mətləbini yazım!
Əkbər gözünü göstərdi. Bir də qarnını qucaqlayıb:
– Bu zəhrimarın da, – dedi, – sancısı var, yediyimi əritmir.
Çalmalı seyid, Əkbərin adını, atasının adını soruşdu.
– Bəs familiyam? – deyə, Əkbər təəccüblə sual verdi.
– İmama nə familiya?
Dilinin ucunu burnuna qədər uzadıb, qələmi cırıldatdı:
– "Bu ərizəni yazıram qurban olduğum pirin üstünə, verir ağaya Əkbər Kərbəlayı Namaz oğlu, ol barədən ötrü ki, Ağası Əbülfəzlabbas ağasından ürəyinin mətləbini istəyir. Dəxi ya Əbülfəzlabbas, aduva fəda olum, səndən imdad istəyirəm!
Bisavad olmağına görə əvəzinə qol yazdım. Seyid Mirzəqasım Mirzəquluoğlu Şəbüstəri."
O, tələsik ərizəni qatlayıb Əkbərə verdi:
– Ziyarətə başlayanda ağanın mübarək qəbrinə atarsan, – dedi. Əkbər qayıtmaq istəyəndə, seyid onu tutdu:
– Nəzirini ver!
Əkbər qoltuğundan bir çəngə pul çıxartdı, bir çervon verdi. Çalmalı seyid almadı.
– Azdır! – dedi. – Birini də ver. Bu, ərizənin pulu. Bəs bələdçilik, bəs nəzir?
Əkbər soruşdu:
– Hamısı neçə eləyir?
– Ver, ikisini də ver.
Əkbər acıqlı-acıqlı iki çervon da saydı:
– Nə üzlü adamsan, əşi sən!
Çalmalı seyid pulunu cibinə qoyub, qabağa düşdü:
– Di gəlin dalımca!
Onları təkrar günbəzin içinə apardı.
Əmoğlunun sağ tərəfində Maya, sol tərəfində çalmalı seyid durmuşdu. O, çiy kərpicdən tikilmiş, samanlı palçıq ilə suvanmış, hələ suvağı yaxşı qurumamış, yastı bir qəbrin qabağında idi. Qapıdan bir-birini basıb girənləri başı araxçınlı, beli qurşaqlı alçaqboy bir kişi nizama düzürdü:
– Bir-bir, bir-bir, ey mömin-xuda, tələsmə!
Adamlar bir-birinin dalınca, cərgə ilə samanlı suvağı öpə-öpə məzarın başına dolanırdılar. Məzarın ortasında dayaz təndir kimi açıqlıq var idi. Oraya hər tərəfdən mal-dövlət yağırdı.
Əmoğlu Əkbər girəndə ortada bir ağ kəlağayı görmüşdü. Ərizəni də onun üstünə atdı. Bir tirməşal kəlağayının üstünə düşdü. Sonra ilan kimi qıvrılıb düşən gümüş qadın toqqası, bir göz qırpımında ipək parçalar, səliqə ilə toxunmuş xalçalar, corab, tikməli köynək, vəznəli çuxa, zərli canamazlar, yüssür təsbehlər, gümüş şamdanlar onun altında itib getdi. Sanki hərarətdən hər şey qaynayıb-qabarmışdı. Şeylər daşıb töküləsi oldu.
Araxçınlı kişi:
– Ya Əli! – deyə, qarmağı təndirin içinə saldı. Çömçə kimi bir qarışdırıb çıxaranda, qarmaqdan çoxlu qiymətli şeylər sallanırdı. Həvəs gətirən, tamah oyadan zərli-zivərli, bərli-bəzəkli, çəkidən yüngül, qiymətdən ağır şeylər bir an içində araxçmlı kişinin qarmağında qeybə çəkildi. Yenə qazana mal-dövlət yağırdı. Əmoğlu Əkbər Mayanın böyrünü dümsüklədi və gözünün ucu ilə işarə elədi. O, xurcunu çiynindən aşırdı.
Maya öz ərinin hər işarəsində bir quran söz oxuyurdu. Anladı ki, Əmoğlu deyir: "Nə durmusan, bu zəhrimarları nəzir qabına tulla!"
Maya tələsib qoltuğundan çıxardığı boğçanı qəbrin üstünə silkələdi. Onun dalınca Əmoğlu ürəyinin mətləbini yadına salıb, xurcunu boşaltdı. Xurcundan tökülən yumru, sarı, üzü xaş-xaşlı naziklər dığırlanıb içəri töküldü. Çalmalı seyid birini göydə tutub, dişinə çəkdi. Naziyin biri dığırlanıb yerə düşəndə, araxçınlı kişi geri baxdı. Çalmalı seyidin şişən orduna gözünü ağartdı:
– Tfu sənin həyasız üzünə! Məlun!
Əmoğlu bir şey başa düşmədi. Araxçınlı kişinin başı yenə nəzirlərə qarışdı. Bir də gördülər qəbrin üstündə buynuzları ilbiz kimi qıvrılan, yekəquyruq, kök bir qoç durur. Qoç ömründə görmədiyi və düşmədiyi bu mənzərədə özünü itirmişdi. O əvvəl belə xəyal eləyirdi ki, camaat içinə onu döyüşdürməyə aparırlar. Döyüşmək onun heç xoşuna gəlməzdi. Çünki hər döyüşdən sonra bir həftə başağrısı çəkirdi. Lakin əlacı kəsilirdi. O döyüşməyəndə yem-yonca vermirdilər. Onu yiyəsi Hüseynqulu qaldırıb məzarın üstünə qoyanda, elə bildi axurdur. Qarşısındakı çuxura baxanda yeməli şey görmədi. Adamların hay-küyü, vəziyyətin qəribəliyi onu təəccübə saldı. Heyvan bir ağız bərkdən mələdi.
Araxçınlı kişi Hüseynquluya çığırdı:
– Ay yekəpər qanmaz, heyvanı mübarək yerə gətirməzlər. Pirə mindirməzlər.
Hüseynqulu hazırcavab idi:
– Qanmaz cənabındır. Allahın heyvanı gecə-gündüz yatmayıb, özü qaça-qaça ziyarətə gəlib...
Araxçınlı macal vermədi ki, o sözünü bitirsin. Bütün təəccübü ilə soruşdu:
– Bəs belə?
– Ağaya and olsun, özü gəlib.
Araxçınlı kişi daşın üstünə qalxıb qışqırdı və göyə bir ovuc "Xorasan torpağı" səpdi:
– Şəkkakə lənət! Allahın heyvanı ziyarətə gəlib, müsəlmanlar! Ay camaat!
Çalmalı seyid də səs verdi:
– İbrət, ibrət!..
Qoç izdihamdan qorxmuş kimi, bu dəfə iki ağız mələdi, ağzını yerə sürtdü, saman çöplərini qurdalayıb, ot axtaranda salavat ucaldı, araxçınlı kişi dizlərinə çırpıb qışqırdı:
– Bir baxın! Xudavənda, şəkkakə lənət! Ağa, atam-anam sənə qurban!..
Bir də gördülər qoçun üstünə yaşıl örtü çəkildi.
– Yetişdi! Kişi, mətləbin yetişdi!
– Çəkilin, tükünə qurban olduğuma yol verin!
– Xoş bu heyvanın halına!
– Yiyəsi xoşbəxtdir.
– Damazlığını tutun!
– Kəramətinə qurban, ay ağa!
Bu sözlər içində Hüseynqulu qoçu məzarın üstündən düşürtdü. Salavat səsi az qaldı günbəzi partlatsın. Qapılardan camaat güllə kimi içəri doldu. Ara qarışdı. Qoçun tükünü didməyə başladılar. Kimi tükü çaş gözünə, kimi pəltək dilinə, kar qulağına sürtür, kimi də cibinə qoyub, iflic anasına aparırdı. Maya kimiləri də tükü göbəyinə sürtüb, ağadan uşaq istəyirdi.
Qoç ətrafında küy-haray qopanda Əmoğlu Əkbər salavat çəkir, bu kəraməti təsəvvürə gətirmək istəyirdi. Adamlar onu basa-basa qapıdan çıxarası oldular. O, sonra başa düşdü ki, gözünü və sancısını yaxşı eləmək üçün qəbrə sürtməli imiş... Başını əyib üzünü dayadı, gözünə çöp düşdüyünü güman etdi. Ovuşdurdu. Bərk sancı hiss edib, yerə çökdü, ayaq altında şil-küt olmaqdan qorxub özünü çölə atdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-pesmanciliq
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dünyada hərənin bir həvəsi, bir adəti olar. Bostançı Salman əminin də adəti belə idi: ürəyi yandığı adama əlindən gələni əsirgəməzdi.Bir gün bostamn qırağında, yol ağzında dayanıb nəyi isə düşünürdü. Günorta yerinə qalxmış günəş düz onun açıq başına döyür, tunc kimi qırmızı alnı işım-işım işıldayırdı. O, nədənsə birdən-birə əli ilə gözünü günəşdən qorudu, xəyalına nə gəldisə, dönüb yerə baxdı, bir şey itirmiş kimi, yolun o yan-bu yanma gedib-gəldi, çarıqlı ayağı ilə bərk torpağı eşələdi də.
İgid oğlan1Zavodun meydan kimi böyük, bağ kimi hasarlı həyətinə minlərlə adam dolmuşdu. Mühüm bir işin müzakirəsinə yığılan şad, igid oğlanların, gözəl və sağlam qızların iti və gülər gözləri tribunaya dikilmişdi. Danışanlar, fatehlər kimi tribunaya qalxıb-enirdilər. Staxanovçu Leyla əllərini kürsüyə söykəyib, tez-tez danışır, başındakı qırmızı ləçəyin ucları yaz küləyindən qızılquş kimi qanad çalırdı. Leylanın nazik, gümüş kimi saf səsi qulaqlardan getməmiş Seymur dayının enli və qabarıq sinəsi tribunada heykəl kimi göründü. Onun dalınca bir komsomolçu söz aldı. Montyor İlyas şüar deməyə tələsirdi.
Vətən oğlu1Mənim nə dərdim vardı? Yalnız ailəmin, ata-anamın razılığını almağı düşünürdüm.
Hilal dayıLəklərin arasında pişik kimi kiçik və boz bir şey tərpənir. Yaxın gedəndə görürsən, belini düzəltdi və başı ilə salam verdi.– Ay Hilal dayı, qışın günündə soyuqda nə gəzirsən burada. Yorğanı başına çəkib isti evdə rahatlana bilmirsən?
Стихи других поэтов
Dağıldı getdi, vay, dədə, əcəb, cəlalı mollanın,Hanı o köhnə hörməti, hanı o halı mollanın?
KönülAh-ü-zar çəkməkdən, qan ağlamaqdan,Dərdimi yetirdin səksənə könül,
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
Ayağa dürüstƏrzi-şikayətim var qulluğuna,Mültəfit ol deyim, ay Ağa, dürüst.