Peşmançılıq
Страница 4 из 4 · 75%
Maya da çıxdı. Bələdçi - çalmalı seyid yox oldu. Əmoğlu gözünü ha bərəltdi görsün, şəfa tapıb, ya yox... Bir şey hiss etmədi. Əlini cibinə atanda sancısı yadından çıxdı. Pul qoltuq cibindən yox olmuşdu. Xurcun da yox idi. Əmoğlu bütün ciblərini çevirib, astarına baxdı. Soyulduğunu bilib, dodağını dişlədi:
– Apardılar! Vallah, apardılar!
– Nəyi?
– Var-yox getdi. Arvad, çalmalı seyid hara qaçdı? Hayana getdi? Maya eşidən kimi anladı ki, çalmalı seyid onun gövdəsini nə üçün əlləşdirirmiş...
– Vaay, donuz oğlu, cəddin belinə qumbara salsın!
V
Əkbər Mayam ağ bir daşın yanında qoyub, özünü verdi içərilərə. Çalmalı seyidə rast gəldiyi yerləri bir-birinə vurdu. Hər yetənə onun zahiri əlamətlərini deyib soruşdu. Deyirdilər:
– Bir belə adam gördüm, vallah qapıdan çıxanda çox iti gedirdi. Elə bildim şeyi-zadı itib nədir?
Əmoğlu çox pərişan idi. Bir tərəfdən də sancı onu karıxdırırdı. Bu halda köhnə bostan qonşusu Könbə Qaraya rast gəldi.
Qara kişi əl verməmiş, Əkbər soruşdu:
– Belə bir adam tanımırsan?
– Nədən sarı soruşdun?
– Ziyarətə gələndə yanıma düşdü ki, bələdçiyəm. Var-yoxumu çırpıb aparıb...
Könbə Qara əlini əlinə çaldı, qəhqəhə çəkib güldü:
– Vay sənin! Ay yazıq, sən o namərd oğlunun felinə hardan düşdün? Ədə, o, xəspuşdur. Gündə bir cildə girir, aləmi soyur. Bizim kənddən də Qorçuoğlunun bir toğlusunu göz görə-görə yedi. Vay sənin! Sən də inandın ki, seyid övladi-peyğəmbərdir, hə?..
Sonra Könbə Qara Əmoğlunun qulağına pıçıldadı:
– Axı sən buralarda nə gəzirsən, kasıblığına getsənə!
– Nə bilim, başına dönüm, mən deyirəm bura imamdır.
O, göz eləyib, son sözünü yavaşca, lakin ürəkdən dedi:
– ...İmamdır, ay onun imam kəlləsinə çaxır töküm! Bilmirsən bu namərdləri? Fırıldaqdır, fırıldaq!
Rəhim, Əkbərin çuxasını çəkib soruşdu:
– Eşitdim şeyin gedib?
– Şey nədir, var-yoxum!
– Bəs gözün necədir?
– Bu gözüm tamam tutulub, gələndən sancım bərkiyib, içimdə deyəsən araba sürürlər. Lap öldüyümdür. Məni bura göndərən Buxaxlı arvad oldu. Qancığın felinə uydum. Qoy bir kəndə qayıdım. O kaftarı islatmasam, məndən yaman adam yoxdur.
Əkbəri dərd almışdı ki: "Bir də Səfərin üzünə necə baxacağam." Peşmançılığından qızarmışdı. Arvadını da dindirmirdi. Qayıdıb "İmam" günbəzinə bir də baxdı. İçindəki nifrəti saxlaya bilmədi. "Tfu" - deyə, üz döndərib getmək istədi. Hay-küy eşitdi. Bir kəndlinin ucadan səsi eşidilirdi: "Kotan salıb traktor ilə süpürmək lazımdır ki, izi-tozu qalmasın!" O yandan bir dəstə adam kimi isə aralığa salıb gətirirdi.
– Nə var?
– Kimdir?
Məlum oldu ki, imama gələn nəzirləri, pulları yığışdırıb, sərhəddən qaçan Civli Məşədi Hüseyni tutublar. Hərifin, "İmam" çavuşunun cibindən "müsavat" partiyasının dəftəri çıxıb.
Gedənlər yeyinləyir, nə isə deməyə hazırlaşırdılar. Camaat sel kimi onların qabağına axdı. Komsomolçu geyimli bir oğlan üzünü camaata tutub, Civli Məşədi Hhüseyni göstərdi:
– Budur sizə imamlıq eləyən, adamları aldadıb cibini kəsən, kolxoz yoluna tikan tökən, qoyun dərisinə bürünmüş canavar budur! Ay camaat, yeni həyat düşməni, bax, bu hərifdir, tanıyın!
Camaat çaxnaşdı:
– Niyə öldürmürsünüz o iti?
– İlanın başını əzin!
– Çəkil kənara görüm!
Əkbər, kəltəni Civli Məşədi Hüseynin kəlləsinə çırpmaq istəyəndə, Müslüm qoymadı:
– Nə qayırırsan?
– Qoysana bir görək!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-pesmanciliq
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dünyada hərənin bir həvəsi, bir adəti olar. Bostançı Salman əminin də adəti belə idi: ürəyi yandığı adama əlindən gələni əsirgəməzdi.Bir gün bostamn qırağında, yol ağzında dayanıb nəyi isə düşünürdü. Günorta yerinə qalxmış günəş düz onun açıq başına döyür, tunc kimi qırmızı alnı işım-işım işıldayırdı. O, nədənsə birdən-birə əli ilə gözünü günəşdən qorudu, xəyalına nə gəldisə, dönüb yerə baxdı, bir şey itirmiş kimi, yolun o yan-bu yanma gedib-gəldi, çarıqlı ayağı ilə bərk torpağı eşələdi də.
İgid oğlan1Zavodun meydan kimi böyük, bağ kimi hasarlı həyətinə minlərlə adam dolmuşdu. Mühüm bir işin müzakirəsinə yığılan şad, igid oğlanların, gözəl və sağlam qızların iti və gülər gözləri tribunaya dikilmişdi. Danışanlar, fatehlər kimi tribunaya qalxıb-enirdilər. Staxanovçu Leyla əllərini kürsüyə söykəyib, tez-tez danışır, başındakı qırmızı ləçəyin ucları yaz küləyindən qızılquş kimi qanad çalırdı. Leylanın nazik, gümüş kimi saf səsi qulaqlardan getməmiş Seymur dayının enli və qabarıq sinəsi tribunada heykəl kimi göründü. Onun dalınca bir komsomolçu söz aldı. Montyor İlyas şüar deməyə tələsirdi.
Vətən oğlu1Mənim nə dərdim vardı? Yalnız ailəmin, ata-anamın razılığını almağı düşünürdüm.
Hilal dayıLəklərin arasında pişik kimi kiçik və boz bir şey tərpənir. Yaxın gedəndə görürsən, belini düzəltdi və başı ilə salam verdi.– Ay Hilal dayı, qışın günündə soyuqda nə gəzirsən burada. Yorğanı başına çəkib isti evdə rahatlana bilmirsən?
Стихи других поэтов
Dağıldı getdi, vay, dədə, əcəb, cəlalı mollanın,Hanı o köhnə hörməti, hanı o halı mollanın?
KönülAh-ü-zar çəkməkdən, qan ağlamaqdan,Dərdimi yetirdin səksənə könül,
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
Ayağa dürüstƏrzi-şikayətim var qulluğuna,Mültəfit ol deyim, ay Ağa, dürüst.