Subaylıq fəlsəfəsi
Страница 2 из 2 · 50%
Tarixdə çox böyük və qüdrətli adamlar gəlib-gedib. Şahlar, sərkərdələr gəlib-gedib ki, bir əmri ilə milyonları hərəkətə gətirib. Alimlər gəlib-gedib ki, təbiətin, cəmiyyətin olmazın sirlərini açıb, qanunlarını aşkar eləyib. Ancaq bəşəriyyət tarixi hələ gəncliyini təkrar yaşayan, ömrünün baharını yenidən təkrar edən bir adam yaratmayıb və yaratmasına hələ ki, ümid, ehtimal yoxdur. Fələyin anası elə bir qüdrət sahibi doğmayıb!
Gəncliyin dialektikası, mürəkkəbliyi budur ki, insan başdan da, qəlbdən də çox qızğın, hərarətli olur. Nə qədər desən, məğrur və çılğın olur..
Həmin günlərdə Cavadın köhnə kurs yoldaşlarından biri Murtuz oğlu Ələsgər evlənmişdi. Bu xeyir xəbəri yaxın adam bilib, Cavada da demişdi. Cavad da, Mirzə Kəmtər də bir dilucu mübarəkbadlıq eləyəndən sonra əllərini ağızlarına basıb, pıqhapıq gülüşdülər, başladılar Ələsgəri dolamağa:
– Təzə bəyin bığları gərək ayrı cür vurulsun!
– Qız nə cehiz gətirib, Ələsgər?
– Ələsgər, arvaddan icazə alıb gəlmisən, ya yox?
– Ə, nə əql ilə ayağına buxov vurmusan, a bədbəxt! Sabah-birigün Allah eləməmiş, uşağın-zadın oldu, onda neyləyəcəksən, gül kimi cavanlığına yazığın gəlmir?
Ələsgər stol yoldaşlarının danlağına məruz qalmamaq, həm də sərt cavab verib qanqaralıq salmamaq üçün tez ayrılıb getdi.
Düzdür, subaylar onun dalınca baxıb doyunca güldülər, amma daha bir də onu öz stollarının başında və ya özlərini onun süfrəsi başında görmədilər.
Nə isə, mətləbdən uzaq düşməyək!
– "Subaylıq - soltanlıqdır! Arvad nədi, uşaq nədi, ailə nədi, işingücün qurtarıb? Əqilli olan da başını xətaya salar?"
Nə qədər cavan idi, başı isti, gözü qanlı, cibi pullu idi, Cavad əzbərlədiyi şüarlarla yaşadı. Pis də yaşamadı. Amma gənclik keçəndən, qocalıq gələndən, bədəndə təravət itəndən, cürbəcür ağrılar tapılandan, göz qaralandan, baş ağarandan, dərd çoxalandan, taqət azalandan sonra, elə bil, onun isti başına soyuq su töküb qəflətən ayıltdılar:
– Ey dili-qafil, əlli yaşın var! Bəs hanı sənin arvadın, uşağın? Hanı sənin ailən, isti ocağın, abad xanimanın? Çıraq yandıranın hanı bəs, hanı? Haralarda keçirdin əziz ömrü, nəyin, kimin yolunda?
Əlbəttə ki, Cavad bu dəhşətli suallara müəyyən cavab tapa bilmirdi, tapa bilməyəcək idi də. İndi daha restoran yoldaşı Mirzə Kəmtər də yox idi. O, hansı rayonda isə bir deyişmə zamanı yaralanıb xəstəxanaya düşmüş, oradan salamat çıxmamışdı. Öldüyünü də Cavad sanatoriyadan Kislovodskdan qayıdandan sonra bilmişdi, başsağlığı verməyə adam da tapmamışdı.
Mirzə Kəmtərin restoranda boşalan yerindən başqa nəyi, kimi qalıb? Cavad kim ilə otursun, kim ilə badə vursun?
İndi restorana girəndə Cavadın heç üzünə baxan olmur. Əvvəllər pulu göyə sovurardı. İndi mümkün qədər ucuz yerdə, mümkün qədər tanınmaz, dalda aşxanalarda yeyir. Xörək gətirənlər də, deyəsən, onu saymırlar. Doğrudur, pulsuz yemir. Amma, deyəsən, ağ önlüklü cavan qızlar onun verdiyini heç pul hesab eləmirlər.
İdarədə də Cavadın daha o növrağı qalmayıb. Vaxtilə içəri girəndə çötkəsinin şaqqaşaqqmdan durmaq olmazdı. Milyonun haqq-hesabını iki dəqiqəyə yerbəyer elər, qulağının dibindəki karandaş ilə qeydə götürərdi. Kənar idarələrin müfəttişləri çalpaşıq düşən hesabları Cavadın yanına gətirib yalvarardılar:
– Yoldaş Cavad, bu məbləğ çıxmır axı, balansın dərdi nədi? Bax görək!
İndi kişinin gözündə işıq da qalmayıb: iki çeşməyi üst-üstdən taxır, barmaqları kağız tutanda əsir, rəqəmləri tərs oxuyur - çötkəni qarışdırır, beşi üç oxuyur:
– Klara xanım, bağışlayın, zəhmət olmasa, yarım dəqiqəliyə bir bura zəhmət çəkin!
Əvvəllər isə o, belə deyərdi:
– Klara, gəl!
Klara təpəsi üstdə gələrdi. İndi nəzakətin bütün incəliklərinə riayət edərək çağırsa da, "Klara dönüb gözünün ucu ilə də baxmır, "məşğulam!"- deyir.
– Hay namərd dünya! Sən Cavad, qız çağıraydın, o da deyəydi, məşğulam?! Çarxın sönsün, fələk! Hay namərd dünya, təkərin sınsın, motorun sönsün görüm!
Cavad qələmi yerə qoyub, gözünü pəncərədən kənara, şəhər bağının sərin küləkdən titrəşən yasəmən ağaclarına çevirir. Nəzərlərindən çox qadınlar gəlib keçir. Hamısı da Cavada baxır. Biri gülür, biri oynayır, biri mahnı oxuyur, biri söyüş söyür, biri çımxırır.
"Filan xanım, bura bax bir!.. Ay filan qız, söz deyirəm! Deyəsən, heç bunlar eşitmirlər, ya məhəl qoymurlar. Axı, bunlar mənim yaxın tanışlarımdır. Bunlarla nə qədər vaxt keçirmişəm! Pud ilə şərab içmişəm, kilo ilə duz yemişəm, səhəri dirigözlü açmışam. Axı, bunlara mənim pisliyim ki, dəyməyib. Birini bəyənmədim ki, gödəkdir, birini almadım ki, uzundur, biri məni bəyənmədi, o birisinin dili acı idi, biri ilə görüşəndə, tez idi, bir başqasının iddiasını götürmədim. Kişi haçan evlənsə, gec deyil. Peyğəmbər özü Xədicəni 40 yaşında almadı? Hələ tezdir. İşini gör!.. Ay dolandı, illər ötdü, axırda evlənmək fikrini tamam atdım. Bir nəsli baykot elədim. Bunlar da məni baykot elədilər..."
Cavadın şikayətə haqqı var, çünki fələk də onunla düz gəlmədi, hələ lap əksinə çıxdı. Onun qulluq yerində elə işlər oldu ki, Cavadın fikirlərini alt-üst elədi.
Çoxuşaqlı analara doğum pulu, mükafat kəsilməyi və bu işlərin haqq-hesab dəftərlərinin məhz Cavadın əlindən gəlib-getməyi qəribə idi. Cavad başa düşə bilmirdi ki, bunlar, bu qərarlar nə üçündür?.. Hökumət uşaq doğanları niyə belə əziz tutur? Cavad çox fikirləşdi, belə tapdı ki, evlənən olmur, adam azalır, ona görə hökumət belə tədbir görür. Bu barədə zənnini yəqin eləməmiş yeni bir tədbir çıxdı: subaylara vergi təyin olundu. Cavad az qaldı, özündən çıxsın. Deyəsən, qanunçular onun ürəyindəkiləri bilir, onun acığına belə fərmanlar verirlər.
Cavadın indi ən müntəzir günləri bayram günləridir. Onun huşu özündə olmur. Bu şənliklər Cavada ağır gəlir, çünki gənclik günlərinin səfasını daha çox yada salırdı. Belə günlərdə o yerə-göyə sığmazdı. Mağazadan mağazaya girər, yanındakı rəfiqələrinin zövqü, məsləhətilə ən ləzzətli şeylərdən istədiyi qədər alıb maşına qoyar, evə yollanardı. Axşamlar Cavadın mənzilindən qopan şaqqıltıya çoxları qibtə edərdi.
Bəs indi?
Maym birində Cavad nümayişə getmədi, çünki daha onda addımlamaq taqəti qalmayıb. Doğrudur, yaşı 60-a çatmayıb, amma görənlər ona 60-dan da çox yaş verər. Üzü qırışıb, gözləri kiçilib, başı ağarıb, bel əyilib, yerişi yavaşıyıb, özü də dinib-danışmaz olub. Ancaq, necə deyərlər, alovu sönməyib. Camaat kimi o da bayram eləmək, çox şeyləri unutmaq, bir çox şeyləri də yada salmaq istəyir.
Bəlkə bugünkü ümumi şənliyi, çalıb-çağıranları, əlvan geyinib kü çələri, bağları dolduran camaatı gördüyü, özünün də bunlardan biri olduğunu, vaxtilə onların hamısından artıq gəzdiyini xatırladığı üçün ürəyi tərpənir, hərəkətə gəlir?..
Cavad geyinib küçəyə çıxanda dəstə-dəstə uşaqların şar oynatdığını, velosiped sürdüyünü, top vurduğunu, əl-ələ verib, belədən-belə getdiyini görəndə yarası təzələndi. Üzünü döndərib Mirzə Kəmtərgilə tərəf getdi. Mirzə Kəmtərin çoxdan rəhmətə getdiyini, həmin mənzildə ayrı adamlar olduğunu xatırlayıb tez qayıtdı. Hafizəsinin bu dərəcə pozulduğunu güman etmədi. Qayıtdı, ancaq hara getməli olduğunu müəyyən edə bilmədi: restorana getsin, orada yer tapmaq çətindir. Tapsa da, qabaq-qabağa oturmalı kim var? Evə getsin, günün bu vaxtında bayquş kimi qapanıb tək soyuq otaqda oturmaqmı olar? Yenə tanışlardan birini tapmaq gərək!
Cavad bu fikirlər içində bir də gözünü açanda özünü sahil küçəsində gördü. Adamlar sağa-sola elə cəld və sürətlə gedirdilər ki, devərsən, bunların yağı daşır. Sanki Cavadın acığına hamının da yanında uşaq: ya balaca, ya böyük, ya oğlan, ya qız uşağı! Çoxdan tanıdığı və illərdən bəri üzünü döndərmədiyi bir qapı sanki onu çağırdı. Bu gilaslı həyət Ələsgərin həyəti idi. Onun atasının sağlığında Cavad bura çox gələrdi, çox da xoş günlər keçirərdilər. Hətta Ələsgərin atası ona da, oğluna da, dostlarına da sifarişli bir çəkmə tikmişdi. O çəkmənin yumşaq, möhkəm, gün kimi işıldayan gümüşü üzü, yeriyəndə cırıltısı indi də Cavadın yadındadır. Ancaq onu nə qədər geydi, hara atdı, o, yadında deyil. Ələsgər evlənəndən sonra əlaqələr kəsilmişdi.
Cavad gilaslı həyətə yaxınlaşanda təzəcə çiçəklənmiş ağacların altında stul qoyulduğunu, məclis qurulduğunu gördü. Həyətdə qız uşağı, divarm yanında dayanmış bir maşın da görünürdü. Cavan bir oğlan dirəkdə işıq xəttini düzəldirdi. Bir məktəbli uşaq yoldaşlarının şəklini çəkirdi. Aparat qabağında duranların biri gülə-gülə qarmonu bükübaçır, bahar mahnısı çalırdı.
– Cəmil, elə olsun ki, oxumağım da şəklə düşsün ey! Konsertin şəkli!
Döşü önlüklü bir qadın da həyətdən keçən arxın kənarında samovar sahmanlayır, kömür alışdırırdı.
Cavad heykəl kimi yerindəcə donub qalmışdı.
Həmin bu mübarək bayram axşamında, bütün evlərdən şənlik, sevinc səsləri ucaldığı bir zamanda Cavadın donuq nəzərləri bir nöqtəyə dikilmişdi. Vaxtilə istehzaya tutduğu Ələsgərin ailə həyatı indi ona ən böyük səadət görünürdü. İndi, ancaq indi ömrünün əziz günlərini "sərbəstlikdə" yox, məhz tənhalıqda itirdiyini dərk edirdi.
Üfüqlərə yayılan musiqi səsləri, ətrafı bürüyən bayram işıqları, uşaqların saf, təmiz, bulaq suyu kimi dumduru mahnı sədası sanki onu qəflət yuxusundan ayıldır, itirdiyi tənha və xumar günləri bir faciə kimi göz önünə gətirirdi: "Hanı sənin ailən, hanı sənin övladın, uşağın?" Cavad özü də hiss etmədən iki addım yeridi. Matros geyimli bir oğlan onu qarşıladı:
– Əmi, evə buyurun!
Uşağın səsinə evdən qapıya tərəf gələn bir qadın tanımadığı, yerişi-duruşunda bir qəribəlik duyduğu qonağa diqqət etdi:
– Kimdir, içəri buyursunlar!
Qadın yaxınlaşanda Cavad dilə gəldi:
– Səltənət xanım, siz məni tanımırsınız, mən sizi yaxşı tanıyıram. Mən sizin bu ağ günlərinizə qibtə eləyirəm. Səltənət xanım, Ələsgər yəqin, yaddan çıxarıb, deyərsiniz, Cavad gəlmişdi, salam gətirmişdi, yadına düşər!
Cavad bunu dedi, baş əydi, təhlükəli bir şey duymuş kimi, cəld addımlarla uzaqlaşdı.
Səltənət ha fikirləşdi ki, belə bir ad - "Cavad" haçansa, kimdənsə eşitmişdir, ancaq xatırlaya bilmədi.
Cavad ağır düşüncələr, peşmanlıqlar içində uzaqlaşdı, qaranlıqlara qarışdı. "Subaylıq - sonsuzluq!.. Ah, namərd dünya!"
İndi onun "fəlsəfəsi" belə səslənirdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-subayliq-felsefesi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Kim nə deyir, desin. Qoy pedaqoq "uşaqların keyfiyyətinin tamam ayrı, böyüklərdən başqa" olduğunu isbat üçün gücənsin, qoy saqqalı xınalıılar "kiçiklərin böyük işinə qarışmasına" qudursun, qoy Telli xala "zamana uşaqlarının zatı xarablığından" şikayətlənsin...Fakt faktlığında qalır, 22 milyon yeniyetmələr, çoxmilyonlu pioner və gənclik köhnə dünyanı bolşevik xəttindən topa tutmaqla silahlanır. Bu gəncliyin önündə yeni bir aləm parlayır. Bütün qüvvələr bu nəslin əlində mum kimi yumşalacaq, hər şey yeni tələbə görə, yeni məzmun, yeni şəkil alacaqdır. Qütbdən-qütbə, şərqdən-qərbə qoca dünya, hazır ol! Üzərində sızıltısız, naləsiz, istismarsız, "qəza"sız, "sən"siz, "mən"siz bir həyat qurmaq üçün böyük işlər ordusu - Kommunist nəsli gəlir...
BoyGünəş sarı tellərini sürüyüb qərbə, uzaq göy dağların ardma aparır. Kölgələr ağaclara dırmanır, tarlaları yiyəsiz buraxıb gələn arabalar, cütçülər alçaq əyri çəpərlərin arasında qaynaşır. Hər şey öz yerini arayır, hər kəs öz yuvasını tapır. Bir saat əvvəl tarlalarda yayılan, sularda əriyən səslər indi qapılarda ucalır. Biri o birisinə, o birisi mala, qadın kişiyə, kişi inəyə qışqırır. Bu səslər hər şeydən əvvəl daşlıqlarda parçalanmış qarmon tellərindən qopan ahəng kimi bir-birinə qarışır.Bizim qapımızda isə ölüm sükutu vardır. Qaranlıq daxmanın rütubətli döşəməsində uşaq eşələnir, ağlayıb yorulan bu uşaq kirli əlləri ilə yeri cızır, torpaqdan təsəlli arayır.
Analar yarışıÖzünüzü Gəncənin üç verstliyindəki ağaclıq, bağlıq, bağçalıq təpələrdə, "Qızıl qaya"nın munis döşündə hiss ediniz. İstirahət günüdür. Şəhərdən yuxarıya suların mənbəyinə, üzüm bağlarına doğru yollar uzunu şən bir axın başlamışdır. Bağların içi ləzgi toyuna dönmüşdür. Hər tənək dibindən gülüş şaqqıltısı, hər təpə başından musiqi səsi ucalır. Sanki uzun müharibələrdə basılmaz düşmənə çalınan əbədi qələbənin mərasimidir. Sanki günəş, sular, ağaclar, çiçəklər, təbiətin bütün zənginlikləri bu həyat qaliblərinin toyuna çağırılmışlar. Bağlar şaq-şaq şaqqıldayır.Pakizə xala əvvəllər bu şənliyə, hərəkətə tam yabançı idi. Əgər anası Bədimisə yuxusuna girərək gələcəkdə onun üçün belə şən və qayğısız bir həyat açılacağını söyləsə idi, diksinər, yuxudan ayılaraq:
Qüdrət nümayişi– Karl Marks.Bu adı, geniş və qabarıq köksündə, qələbə ordeni kimi daşıyan gəmimiz sularda süzərək arxasınca gümüş iz buraxırdı. Tərk etdiyimiz sahil şəhəri, şamlıqlar, qayıqlar və sarı torpaqlı yamaclar dənizə batırmış kimi, alçalır, kiçilirdi. Oneqa gölünün ortasına çatdığımız zaman quru tamamilə gözdən itdi. Günəş başımız üstündə durub yolumuzu işıqlandırır, kürəyimizi isidir, bizə muştuluq verirdi: