Страница 2 из 2 · 50%

– Get bizdə də bir-iki gün qal. Qoy anam da oğul səsi eşitsin.

Yəqin hazırlıq görəcək. Nahardan sonra mənim tarımı al, tozunu sil, bağrına bas, bir çargah başla. İnan ki, üstümə yüz topdan güllə yağsa da, mən burada çargahın səsini eşidəcəyəm...

Lətif tapşırırdı:

– Kəndə gələndə kövşənə, Dişli qaya tərəfə çıx. Durnagözlü bulaqdan ovucla, mənim əvəzimə iç. Yazdır. Otur, bir quşları dinlə. Gör onlar nə deyir: dünyanın bu işləri onların mahnısına kar eləyir, ya yox? Yaşıl yamacdan dəstə tut. Lalə, bənövşə, nərgiz, nanə, xətmi, nilufər, nə desən taparsan. Yaş yarpaqları tök dəftərinin arasına, qurusunu bizə gətir. Torpağın ətrini oradan alarıq. Ax, o yerlər!.. Səcdəsinə düşmək, öpüb yalamaq, ürəyimi o torpağa, daşa sürtmək istəyirəm.

Anama qabaqcadan heç nə yazmadım. Vağzalda düşüb yavaş-yavaş evimizə gəlirdim. Anamı görməyə tələsirdimsə də, çoxdan ayrıldığım bu küçələri, yolları, bu məhrəm binaları, ağacları, hasarları diqqətlə nəzərdən keçirmək həvəsi ilə yaşayırdım. Çalışırdım görüm nə dəyişmişdir. Mənim qoyub getdiyim yerlərin nəyi və necə dəyişmişdir? Mənə elə gəlirdi ki, hər şey öz qaydasındadır. Yenə də həmin sentyabr axşamıdır. Şəhərimiz möhkəm inam və etimadla ömrünü sürür. Uca çinarlar, yaşıl təpələr baş əyərək, cəbhədən gələn oğullarını salamlayır, cəbhəyə gedən oğullarına xeyir-dua verir.

Anamı evdə tapmadım. Açarı bir-birimizə bələdlədiyimiz yerdən götürdüm, qapını açıb, evdə rahatlandım.

Bu evdə nə təzəlik var?

Mənim əsgər şəklim stolun üstündədir. Məktublarım üst-üstə səliqə ilə qoyulmuşdur. Sanki anam bunları hər gün oxuyur. Pəncərənin ağzında balaca və üzü bezlə tikilmiş bir qutu var. Yəqin etdim ki, anam yenə nəsə göndərir, istədim anamın cəbhə sovqatını açım, dəymədim. Kitab şkafının şüşələri tərtəmiz silinmişdi. Gələn qəzet və jurnallar sahmanla şkafın bir gözünə yığılmışdı. Anladım ki, anam bunları mənə saxlayır, - oxumamış qəzeti o, tərk etməz.

Evin hər tərəfində bir qayğı əli gəzirdi. Bu, əməksevən və zəhmətdən həzz alan əsgər anasının əli idi. O, hər qədəmi oğul yolunda atırdı.

Bunların hamısı mənə aydın idi. Lakin anlaya bilmədim ki, anam evin açarını nə üçün həyətdə, xəlvət bir yerdə qoyub gedir. Qapını özündən başqa kimsə açmayacaq, bəs açarı kimə etibar edir?

...Anam mənim bu sualıma köksünü ötürərək, cavab verdi:

– Bala, - dedi, - çox vaxt səninlə oturub, söhbət eləyirdim. Sən cəbhədə bəlkə də atışmadasan. Mən burada bardaş qurub, səni körpə çağında görürəm, dindirirəm, danışırsan, oynayırsan... Açar orada dursun. Mən onu yaxşı niyyətlə qoyuram. Elə bilirəm evimizdəsən. Sənin səfərin uğurlu səfərdir. Ürəyim mənə deyir ki: "Sən işdən qayıdanacan oğlun gələr, qapıda qalar. Açarı qoy get..." Gördün ki, niyyətim düz çıxdı, Allah düz adama niyyətinə görə verər. Şükür ki, gəldin çıxdın!

Anam danışdıqca mənim ürəyim genişlənir, iftixar hissim alovlanırdı. Ürəyimdə deyirdim: "Bəşəriyyət hamısı analar qəlbi ilə yaşasaydı, dünya başdan-başa bir cənnət olardı. Bunların duyğusu, arzusu, xeyirxahlıq və mərhəmət dolu ürəkləri həmişə bizimlə, cəbhəçilərlədir. Bu müqəddəs qəlb sahiblərinin keşiyində durana zaval yoxdur!"

Vətənin hava və sularındanmı, adamlarımızın "cəbhəçidir",- deyə mənə göstərdikləri qonaqpərəstlikdənmi, görüş sevincindənmi, nədənsə, mən çox tez dirçəldim. Özümü əvvəlkindən də möhkəm hiss etdim. Sağaldıqca, qüvvətə gəldikcə təkrar cəbhəyə qayıtmaq arzusu məndə alovlanırdı. Nəhayət, anam məni yola salmalı olduğuna inanandan sonra Nəsrəddinin də, Lətifin də anasını çağırdı. İstirahət günü bizim evimiz səfər evinə oxşayırdı. Hərə bir sovqat bağlayıb gətirmişdi. Mən ha yalvardım ki: "Canım, bunların heç birinə ehtiyac yoxdur, bunu aparmaq özü çətin işdir", buraxmırdılar. Corab gətirən, papiros alan, fətir bişirən, xörək hazırlayan kim... Anam məndən xəlvəti bir qutu bağlamışdı.

– Bala, - deyirdi, - bu, üçünüzün payıdır, açmazsan. Yetirən kimi Nəsrəddini, Lətifi çağırarsan, açarsınız. Bu, üç ananın səliqəsidir. Bir açın, bir oturun, bir yeyin, bir gəzin, bir vuruşun!


Cəbhəyə qayıdanda hərbi mütəxəssislər məni böyütmək, başqa yerə, yeni vəzifəyə göndərmək fikrində idilər. Mən yoldaşlarımdan ayrılmayım deyə, bundan yayındım, öz hissəmizə gəldim. Təəssüf ki, yoldaşlarının heç birini yerində tapmadım.

Nəsrəddinin iki gün əvvəl yaralandığını, səhra xəstəxanasına gotürüldüyünü deyirdilərsə, Lətif haqqında açıq danışmırdılar. Mən dərhal komissarın yanına getdim, təlaşımı görüb, mənə iki sətirlik bir yazı göstərdi. Orada savadlı bir əl rusca yazmışdı: "Demişdim, elə də oldu: döyüşçü ölməyəcəkdir!" Mən yazını oxuyub komissarın üzünə baxdım. Nəzərlərimlə soruşurdum. Nə soruşduğumu komissar bilmirdi:

– Həkim yazır, - dedi, - Lətifin sağalmağına ümidimiz yox idi.

Köks qəfəsinə iki güllə, bir mina qəlpəsi dəyib, ciyərinin başı zədələnib. Amma həkim Qiyaslı ümid verirdi. İndi isə Lətifin sağalmağı müəyyəndir.

İki ay əvvəl mənim yanıma gələn yoldaşlarımı axtarıb, görüşmək üçün icazə aldım. Ən əziz sovqatı, anaların verdiyi bağlamanı səhra xəstəxanasına gedən maşınların birinə atdım.

Əvvəl Nəsrəddini tapdım. O, isti bir xalat geymiş, həyətdə gəzinirdi. Yarası qolundan idi, həm də yüngül idi. Mənim gəlməyim onun üçün yox, xəstə yoldaşlarım üçün də bir bayram oldu. Şəhərimizdən, yollardan, əkindən, məhsuldan suallar verirdilər. Nəsrəddin ikilikdə söhbət üçün məni çəkib, palataların kənarına gətirdi. Torpaq üstündə dirsəklənib oturduq. Mən gördüklərimin hamısını nağıl etdim. Bıçağı çıxarıb, bağlamanı açmaq istədim. Nəsrəddin mane oldu:

– Qoymaram, - dedi.

– Yeməli şeydir,xarab ola bilər.

– Lətifsiz açmayacaqsan.

Nəsrəddinin sözü qabağımı kəsdi, bıçağı qatlayıb cibimə qoydum.

– Elə isə dur, - dedi, - dur, onun yanına gedək.

Nəsrəddinin ucaboylu, zabitəli bir həkimi var idi. Başqaları həkim olub orduya gəlmişdilər, bu adam tibb təhsilindən əvvəl mükəmməl hərb adamı, böyük komandir imiş. Rəsmiyyəti çox sevirdi. Xəstələr və ya bacılar ondan bir güzəşt xahiş etməli olanda ümidsiz əllərini tovlayırdılar. Buna görə də Nəsrəddin xahiş etmək istəmirdi.

Mən həkimi "yumşaltmağı" boynuma aldım. Gözlədim. O, otağından çıxanda rəsmi vəziyyət alıb, məqsədimizi söylədim.

– Sabah nahardan sonra yarım saat gedə bilər, - deyə o, icazə verdi.

Həkim bunu deyib ötdü. Mən sabaha qala bilməyəcəyimi deməyə israr etməyə macal tapmadım.

Mən bu gün Lətifin yanına getdim. Lətif ağır xəstəlikdən təzə ayılırdı. Rəngi-rufu qalmamışdı. Məni görəndə sevincindən ağladı. Məni də qəhərləndirdi. Narahat etməyim deyə, tez durdum. Bağlamanı onun yanına qoyub çıxdım.

Lətifin sağalıb hissəmizə qayıtmağı iki ay yarım çəkdi. Bu müddətdə anaların bağlaması gah onun çarpayısı başında, gah təcili yardım arabasında, gah istehkamda qaldı. Lakin açılmadı. Ancaq Lətif gələndən sonra üç səmimi yoldaş oturub, sovqatı açdıq. Burada albuxara, kişmiş, fındıqdan tutmuş Ordubad almasına qədər vardı. Yeməli şeylərin altında adama bir əl dəsmalı, bir ətirli sabun, adama bir cüt toxunma əlcək var idi.

Əlcəkləri əlimizə taxdıq. Anamın sözü mənim qulağımda cingildədi: "Bir oturun, bir gəzin, bir vuruşun!"

– Uşaqlar, - dedim, - bu əlcəklərdə analarımızın mehribanlıq istisi, vətənimizin dostluq sədaqətinin, birliyinin hərarəti var. Əllərimizə baxıb, analarımızın bizimlə, yanımızda olduqlarını hiss edirik. Onların mehriban ana nəfəsi bizi bəsləmiş, böyütmüşdür, bizi döyüşə də, qələbəyə də aparacaqdır.

Lətif də, Nəsrəddin də ananın sözlərini təkrar etdilər:

– Bir gəzək, bir vuruşaq!

– Qoyun, - dedim, analarımızın surəti gözümüzün önündə, səsi qulağımızda, əli ürəyimizdə olsun. Qoyun onlar oxşayıcı, məhrəm əllərini həmişə bizim yaralarımızın üstünə çəkib sağaltsınlar. Sağ olaq, torpağımıza soxulan təcavüzkarları məhv edək! Analarımız sevinsin, arxayın yaşasınlar. Ana Vətən bizdən razı qalsın.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Abadlıq

Bütün arzulayanlara qismət olsun, onların içində mən də təzə mənzilə köçmüşdüm.Köç günlərində evimizdə toy-bayram idi. Bütün dost, qohum və tanışlarım mübarəkbadlığa gəlirdilər, təzə mənzili diqqətlə süzüb seyr edirdilər.

19674 мин
Yaratmaq sevinci

insan həyatında xoşbəxtlik yetirən birinci hadisə sevincdir. Sevinclə yaşayan insan qəm-qüssə bilməz, qocalmaz. Sevincin də səbəbləri çox və növbənöv olur.İnsan arzusuna çatanda, təmin olunanda, şadlıq gətirən bir hadisə vaxtında – dost, övlad, vüsal görəndə sevinər, bəzən az, bəzən çox sevinər. Hər halda sevinər. Amma dünyada sevinclərin ən birincisi yaratmaq, zəhmətin, əməyin barını görməkdir. Bu məqamda insan özünü güclü, qüdrətli aslanlara bərabər sayır. Yaradan adamın dili uzun, başı uca, gözü tox, görüş dairəsi geniş, gələcəyi aydın olar. Ədəbiyyat dərnəyinə toplanan cavanlar yaratmaq sevinci haqqında mübahisə aparırdılar. Dərnək rəhbəri də danışıqlara qulaq asırdı. Bəlkə də bu söhbəti özü salmışdı.

19672 мин
Bağa getmişdim

Yayda Bakıda istidən qorunmaq xüsusi bir qayğıdır. Burada istilər mayın ikinci yarısından başlanır, oktyabrın birinci yarısında qurtarır. Bir ayın, uzağı iki ayın istisindən yaylağa qaçmaq olar. Beş ayı harada, hansı səfərdə keçirə bilərsən?Ona görə keçmişdə varlı-karlı kişilər Bakının özündə bir növ yaylaq şəraiti düzəltməyə çalışmışlar. Bakı bağlarını, Xəzər sahillərini münasib şəraitə salandan sonra isti nəinki üzücü olmur, hətta bəzi yerlərdə müalicə vasitəsinə çevrilir.

4 мин
Bizim quşlar

İnsan istər ki, özünün müəyyən nailiyyətini dostu, əzizi ilə bölüşdürsün. Bağban tanımıram ki, məhsulunu tək yesin, xanəndə tanımıram ki, tək otaqda oxusun. İnsanın insanlığı insanlar arasında, el içindədir. Cəmiyyətdən kənar insan olmaq qeyri-mümkündür.Ovçu dostum bir gün halla-halla ilə qapıdan girdi. Uzun, yaşıl qəfəsdə mənə bir cüt quş hədiyyə gətirmişdi:

19673 мин

Стихи других поэтов