Xeyir iş
Страница 1 из 2
I
Heybət xala çənəsini ovucları arasına alıb dizlərinə dirsəklənmişdi, görən deyərdi bu arvad nə belə qəm dəryasına qərq olub?
Amma elə deyil, Heybət böhtə gedib, vacib işi fikirləşirdi. Heç kəsdən məsləhət, kömək ummadan, sakitcə fikirləşirdi. Heybət yeganə nəvəsini evləndirmək istəyir, böyük bir xeyir işə tədbir tökür! "Xeyir iş" deyəndə, güman etməyin ki, örtülü, gizli məsələdir. Yox! Bu qadının planı da, işi də aydın-aşkar, günəş kimidir: qız var, oğlan var, qayda var, tədarük üçün pul da var. İşə başlamaq gərəkdir! Başlamaq günü sabahdan!
Heybətin nəvəsi Altay on səkkiz yaşında, məktəbi qurtarmış igid bir oğlandır. İnstituta hazırlaşır. Nənəsi də Altayın toy tədarükünü düşünür. Qonşu qız Məhəbbət Altaya layiq gəlindir, onu əldən qoymaq olmaz! Kəklik kimi qəşəng qızdır.
Heybət xala ailənin başçısıdır. Məsmə də, İzzət də onun bir sözünü iki eləməz.
– A qız, Məsmə, üst-başını sahmana sal. Sabah-birigün özgə evinə gedirik!
Doğrudur, Məsmə qarının sözlərini eşidir, susurdu. Amma demək olmaz ki, bu təklif ürəyindən idi, yox!
– Özgə evi haradır, Heybət nənə?
Məsmə özünü bilməzliyə vurur, qarını dilləndirirdi.
– Hara olacaq, gədənin elçiliyini bilmirsən?
– Məhəbbətin evi niyə özgə olur?
– Qız evinə sahmanlı getmək gərək!
– Gedərik, sağlıq olsa, lap sahmanlı gedərik. Altaydan razılıq almısan?
– Altayı dindirmək olur ki!
– Onsuz iş görmək istəyirsən?
– Mən görəcəyəm!
– Uşağı cinləndirmə!
– Uşaq tərslik eliyəndə əlacım nədir?
– Yox, razılıq almaq gərək! Dilə tut, nənəsinin sözündən çıxmaz!
– Kim dabanlarını çəkib Altayın? Təzədən oxumaq eşqinə düşüb.
– Yar-yoldaşına baxır da!
– Yar-yoldaş işini görür, heç kəsdən soruşmur. Atalar yaxşı deyib, ağıllı fikirləşincə, dəli vurdu çayı keçdi. Mehralı nəvəsi nişanını apardı, sabah-birigün toyunun sədası Tiflisəcən gedəcək. Bizimki deyəsən təzə beşikdən çıxıb, dərs hayındadır.
– Dərs də vacibdir, nənə!
– Dərsin öz yeri, toyun öz yeri! Hər zaman belə qız ələ düşməz. Fürsəti fövt eləmək peşmançılıq olar.
– Evlənmək həmişə mümkündür.
– Mümkündür, ilişərsən bir səfehinə, ömürlük yaxan qalar əldə!
– Səfeh səfehə ilişər, Altay ağıllı-kamallı oğlandır!
– Mən də onu deyirəm. Gərək başa düşə ki, Məhəbbət kimi qız ələ düşməz. Qızılquş kimi ovlayacaqlar, yatmaq vaxtı deyil!
Heybəti od götürmüşdü. Gah qıza nəzər salır, gah Altaya hirslənir, gah da hamıya, hər yetənə dediklərini yadına salır, alovlanırdı. Yandığından çox sözü dilinə gətirmir, içində danışırdı: "Hanı, Məhəbbət kimi qız, hanı? Küllii-mahalda yoxdur. Atası nəcib, anası nəcib, özü gül yarpağı...
Niyə əldən qoyasan?"
Qadın ürəyindəkiləri xatırlayanda, özü də bilmədən, necə oldusa, düz Altayın otağına, uşağın kitab oxuyan vaxtına gəldi çıxdı. Qapıda adam görəndə Altay səslədi:
– Nənə, gəl!
– Məni çağırırsan?
– Gəl içəri!
– Nəyə gəlim?
– Gəl otur!
– Sözümə baxmayanın yanma niyə gəlim?
– Hansı sözünə baxmıram, nənə?
– Hansına baxırsan?
– Mən nənəmin sözündən çıxmaram!
Heybət bu cavabı eşidən kimi sevindiyindən Altayı qucaqlayıb öpdü.
– Boyuna qurban olum!
– Sözün var, de!
– Mənim bir sözüm, bir arzum var, bala!
– Hər arzuna çatasan, nənə!
– Arzum göyərər, sən tərslik eləməsən!
– Sən də həmişə məndən şikayətlisən!
– Şikayətliyəm, bə nə!
Heybət bunu deyib irəliyə yeridi. Altayın qabağındakı kitabı büküb yana qoydu.
– Mənim arzuma qol qoymasan, kitabı da, dərsi də sənə haram eləyərəm! Südümü də!
Altay Heybətin niyyətindəkini bilirdi. Onun şikayətini də bilirdi. Ancaq ağartmırdı. Yaxşı bilirdi ki, nənəsi dediyinin üstündə durub, "Südünü haram eləmək!" nənənin bərk tədbiri idi, onu eşitməmək, saymamaq olmazdı.
Altay nənənin cavabında bir şey demirdi. Susurdu. Baxır, bir qəbahət işləmiş kimi məzlum dayanırdı. Heybət nəvəsinin sükut içində donub qaldığını, deyəsən, söz tapmadığını görəndə fikrə gedirdi. Sonra, fürsət tapmış kimi, ürəyinin atəşini daha artıq büruzə verirdi:
– Ay qırışmal, sən sabah Məhəbbət kimi qız tapacaqsan? Elə nəcib yerdən nişanlı tapacaqsan? Çıraq ilə tapmayacaqsan!
Altay bu dalbadal yağan suallara cavab vermədikcə, nənə alışırdı:
– Hardan tapacaqsan, kimdən tapacaqsan?! Bazarda satmırlar, mağazaya gətirmirlər. O qızları limit ilə ala bilməzsən! İndikilər başa çıxır, döşə daşlanır, sən buna nə deyirsən?
Altayın fikri ayrı yerdə, məktəb işində idi:
– Ay nənə, söhbət başına qəhət olub? Gəlini neynirəm, nəcibi, nanəcibi neynirəm, ay sağolmuş! Mən nə hayda, sən nə qoyub-nə axtarırsan? Bu saat hər kitab imtahan yükü kimi məni düşündürür. Sən də gəlin belə, elçi belə... filan-fəşməkan... Oxumaq, bir sənət sahibi olmaq gərəkdir. Əsrimiz ayrıdır, tərəqqi vaxtıdır!..
Heybət tərs dönüb nəvəsinin üzünə baxdı, qatladığı kitabı götürüb onun qabağına qoydu:
– Bax, bax! Gözünün qarası gedənəcən bax! Məhəbbət kimisi də, Allah eləməmiş, yada qismət olandan sonra... Mən ölərəm, anan başına vurar, sən də dincələrsən. Eləmi?
Heybət sözünü qurtarmış kimi çıxıb getmək istəyirdi. Birdən qayıtdı, xodu alınmış patefon kimi səsinin ahəngini dəyişdi, Altaya sual verdi:
– Məni bunun üçün çağınrdın, bala? Sözümə beləmi baxırdın?
– Mən nənəmin sözündən çıxmaram.
Heybət, qapını çırpıb, dalına baxmadan deyinə-deyinə getdi.
Altay da dəftər-kitabını büküb ayağa qalxdı. Nənəsinin dalınca balkona getdi, balkonda anasına rast gəldi:
– Yenə nənən niyə hirslənib?
– Nənə köhnə söhbəti deyir!
– Evləndirmək istəyir də, niyə tərslik eləyirsən?
– Mən ona bir söz deməmişəm!
– Niyə hirslənib?
Altay deməyə söz tapmadı. Gah anasına, gah nənəsinin üzünə baxa-baxa qaldı...
"Deməyə söz tapmadı!"
Bu doğru olmaz, Altayın sinəsi söz ilə dolu idi, ancaq bu sözləri o qədər təkrar etmişdi ki, lap yorulmuşdu. Anasına da, nənəsinə, yoldaşlarına da dediyi sözləri bir də dilinə gətirmirdi. Bu sözlərin cavabını da əvvəlcədən bilirdi: nə deyəcək, nə eşidəcək! Ona görə səsini çıxarmır, bir şey eşidən kimi, kənara çəkilib dəftər-kitab ilə məşğul olurdu. Doğrudur, söhbətdən gizlənir, amma mətləbi də unuda bilmirdi. Evlənmək məsələsi, Məhəbbətin adı gələndə ürəyinə xal salırdı.
Yar-yoldaşa, dəstə ilə elmə, sənətə, həyata gedən, bir-birinə macal vermədən Vətəndə mövqe tutan, çalışan, irəli gedən cavanlara baxanda bir fikrə, qəlbini tərpədən Məhəbbəti yada salanda ayrı fikrə düşürdü.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-xeyir-is
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
– Məktubunuza müfəssəl cavab almaq istəsəniz, vağzala gəlin. Ayın on dördündə saat dörddə Hökumət evinin qabağında görüşə bilərik!Əsəd dəstəyin şəbəkəsinə çox qışqırıb "alo", "alo" dedi, ancaq gec idi. Novella telefonu qoyub getmişdi.
Yad adamMən bu idarəyə təzə gəlmişəm, özü də müdir gəlmişəm. Vəzifəm ağır, işim çox, məsuliyyətim də ki öz qaydası ilə.Onu yaxşı dərk eləmişəm ki, kollektiv ilə dil tapsam, hörmət qazansam, işçilər ilə insan kimi rəftar eləsəm, istədiyimə nail olacağam. İctimai tərbiyə, sağlam əxlaq yolunda öhdəmə düşənin öhdəsindən gələ biləcəyəm. Yox, əgər kollektivdə hörmətim olmasa, adamlara özümü sevdirə bilməsəm, vay mənim halıma.
Telefon dostumİnsanın ürək dostu, süfrə dostu, səfər dostu, ev dostu, məktəb dostu, iş dostu olardı. İndi, texnika sayəsində bu dost da əlavə olunub:Telefon dostu!
Radio qabağındaAta ilə oğul nahardan sonra radio qabağında əyləşib verilişə qulaq asırdılar.Sükuta qərq olmuş evdə radio hakim qüvvə kimi səslənirdi. Deyəsən haradasa, şəhərin mərkəzində, ya ondan da çox uzaqlarda milyonlara xitab edib, inamla danışan natiq bu evdəkilərin diqqət və marağından xəbər tutmuşdu. Günün son, axşamın ilk xəbərlərini danışandan sonra diktorun səsi birdən ucaldı, ahəngi dəyişdi:
Стихи других поэтов
Gör necə dönübdür dövri-zamanə,Vay günüdür müsəlmana vay günü,
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
BayatılarBağça barın arzular,Aşiq yarın arzular,
SavalanSəni neçə şair saldı nəğməyə,Növbə mənə çatdı indi, Savalan.