Содержание
  1. I
  2. II
  3. III

Страница 2 из 2 · 50%

II

– Bu nə kitabdır, Altay?

Altay baxanda gördü anası uşaq kimi ondan sadə bir şey soruşur.

– Fizikadır. Üstündə yazılıb ki!

– Bəs bu nə kitabdır?

– O da ictimaiyyət.

Məsmə daha bir şey soruşmadan oğluna ərk ilə müraciət elədi:

– Səni boya-başa çatasan, bu kitabların hamısından xəbərdarsan, bir bizim üçün də kitaba baxsana! Gör saat xoşdumu?

– O nə sözdür, fal açmaq istəyirsən?

– Nənə soruşurdu, məni dəng eləyib, sabah qız evinə səfəri var!

– Xeyir ola?

– Xeyir olmamış nə var! Məhəbbətin "həri"sini almağa gedirik.

Altayı gülmək tutdu.

– Qız evində toydur, oğlan evinin xəbəri yox! Belə səfəri oğlana deməzlər?

– Nənən sənə deyəcək.

– Nənə mənnən danışmır!

– Küsdürmüsən arvadı. Nəhy cavabı eşitmək istəmir.

– İstəmir, canı sağ olsun, mən güman eləyirdim bizi də bir saya salan olar. Bu qapıdan biz də keçməliyik, ya yox!

– Vaxt gələr, keçərsiz, hələ nənənin hirsli vaxtıdır. Qız evinin məsləhəti ilə məşğuldur.

– Salamat gedin!

Məsmə oğlundan bu cavabı eşidəndə nə eyhama, nə kinayəsinə məna verdi. Altayın başını qucaqlayıb şirin-şirin üzündən öpdü.

– Balamın xeyir işi mübarək olsun!

Doğrudur, Altay nə anasının qucaqlamasına, nə şirin öpüşlərinə, nə xeyir-duasına mane oldu. Ancaq ürəyində Məsmənin xitabına cavab verdi: "Ay ana, tələsmə, tezdir, tələsmə!"

Ana bu sözləri eşitmədi, təbrikinə cavabı da eşitmədi. Üstəlik, oğluna muştuluq, təsəlli babətindən bir neçə söz də dedi. Amma Altayın sifətindəki ciddiyyəti, baxışındakı qətiyyəti, hərəkətlərindəki kəsəri duymamış deyildi.

– Sabah gedirik! Saat xoşdur, oğlumun da kefi lap sazdır!

Məsmə bu sözləri dedi, mənalı baxışları ilə oğlunu başdan-ayağa süzdü. Oğlundan cavab gözləyirdi. Gözləyirdi ki, oğlu bu məsul məqamda bu məsul səfər haqqında xoş sözünü desin.

Altay isə bahar buludu kimi tutulmuş, qaralmışdı. Çırtma vursan, qan fışqırardı. Onun sifətində bu saat ildırımlı təlatümlər oynaşan qəlbinin cizgiləri var idi. Sanki onun mənəviyyatını - hisslərini, dilək və arzularını hər tərəfdən boğmaq, ağır məngənəyə salmaq istəyirdilər: "Sabah gedirik!"

Anasının xəbər verdiyi bu tədbir Altayın qəlbinə bıçaq kimi dəymişdi.

– Gedin görək. Dədə-baba yolunda yeyin gedin, bəlkə, ilişmiyəsiniz!

– Nə ilişmək, a bala, yolumuz aydın, sözümüz aşkar, nə ilişmək.

Altay bir söz demədən böyük bir zərbəni rədd edirmiş kimi, sağ əlini tovladı. Kitablar aləminə cumdu.

Məsmə bu hərəkəti, sükutu gözləməzdi. Oğluna baxa-baxa qalxdı! Bir də onu dilləndirməyə, əsəbi halında danışdırmağa cürət eləmədi. Otaqdan çıxanda ürəyindəki şübhə və nigarançılığı rədd eləmək üçün bir, iki dəfə əlini sifətinə çəkdi. "Lənət sənə, kor şeytan!" Heybətin yanına qayıdanda, bir istədi Altay ilə söhbətini danışsın, sonra məsləhət bilmədi. Qarının üzünə baxanda elçilik tədbirinin təfsilatını oxuyaraq bir də təkrar etdi:

– Sabah qız evinə...

Sözünü qurtarmamışdı ki, nənə sanki əvvəldən hazırladığı tapşırığı təkrar etdi:

– Qız evinə köhnə şələ-küləynən getməzlər. Libasınızı sahmana salın, gələn, görən, baxan olacaq! Oğlan adamını elə yerdə başdan-ayağa süzürlər. Əsirgəməyin, elə geyinin görsünlər, sabah, Allah qoysa, go- Iinimiz özü durub-oturacaq, danışacaq. Elə geyinin, keçinin, sahmanlı lazımdır.

– Ana, sən özün hazırsan?

– Mən geri qalmaram, zərxarama nə gəlib. Altayın yolunda, oğul yolunda da yox, bəs harda geyəcəyəm?!.

III

Cabir təyyarə bileti almaq üçün Altayın yanına gəlmişdi.

– Yollar basırıqdır. Gündüz təyyarələrinə bilet almaq çətindir. Gecə saat birə alım?

Altay etiraz eləmədi.

– Havaxta olsa al, yoxsa gecikərik. Mənim orada işim üçün hazırlıq lazımdır, tez çıxmaq yaxşıdır.

– Altay, nənə deyir xeyir iş var. Mübarək olsun! Nə məsələdir?

– Heç, nənəm öz havasını çalır. Qarının növbəti nağılıdır.

– Gizlətmə ha. Sözünü yoldaşına deməyib, kimə deyəcəksən?

– Sizdən gizlin söhbətim yoxdur. Nənəmin arzularıdır, bilirsən ki, indi mənim vacib işlərim var. Evlənməyə vaxt hanı?

– Evlənmək də lazımdır, onu dal plana qoymaq da olmaz. Sağlıq olsun, müdafiədən sonra!

– Ay Cabir, bilirsən, bu nənəni – Heybət arvadı başa salmaq çətindir. Bir kişinin qızını qaralayıb məndən razılıq istəyir, lap əmr eləyir! Deyirəm, ay canım, evlənən mənəmsə, qoy özüm düşünüm, ölçüm-biçim, qız bilər, oğlan bilər. Burada zor-güc yox, könül xoşluğu gərəkdir. Heybət nənə köhnələr kimi başıbağlı iş görmək istəyir.

Cabiri gülmək tutdu:

– Onun çənginə keçən qurtarmaz. Heybət ki, Heybət!

– Mən də onu deyirəm, zalım qızı əl çəkmir. Kor tutduğunu buraxmaz. Oturur, durur: elçi, gəlin, toy, tədarük... Kişini də o dəng eləyib. Atam elə bilir tələsdirən mənəm. Mən qələt elərəm, nə vur-həşirdi, vacib işimiz var. Müdafiə, referat, opponent!

Cabir təsəlli verdi:

– Darıxma, sabah yola düşəndən sonra bu söhbətlər də sönəcək. Heybət nənə də yerində oturacaq. İşini gör, sabah biletlər məndə, maşın gətirəcəyəm, hazır ol. Bu təyyarədə bizim institutdan yoldaşlar çoxdur. Hazırlaş, gecikmək olmaz!


Gecə reysinə təyyarə bileti alanlar aerodromda görüşməyi vədələşmişdilər. Cabir Altayı telefon ilə çağıranda səs salmadan, xəlvətcə aşağı düşməyi təklif elədi.

Cavanlar maşına minib uzaqlaşandan sonra Heybət nənə xəbər tutdu:

– Altay hanı? Haçan getdi?

– Səhər açılanda.

– Bəs mənə niyə demədiniz, ərkansızlar?

– Tələsik idi, yoldaşları bilet gətirmişdi.

– Gədənin bəs xeyir işdən xəbəri olmasın?

– Xeyir işi özü bilir. Ona hazırlaşır. Telefon ilə deyəcək!

– Telefon bir ayrı!

– Xəbər verib çağırarıq, gələr təbrik eləyərik! Uşağın vacib işi var. Professorlar orada gözləyirlər. Qoy, işində olsun. Yazı-pozusu var, geri qalmasın.

– Xeyir iş vacib deyil?

– Xeyir işi hazırlayan bizik. Sahmana düşəndə çağırarıq gələr. Qoy dərsini oxusun, canım!..


Altay təyyarəyə əyləşib yola düşəndə ilan ağzından qurtarmış quş kimi sevinirdi.

– Cabir, sağ ol ki, nənəmin cəngindən məni qurtardın.

– Məhəbbət ilə görüşə bildinmi?

– Onlar başa düşürlər, qarının vur-həşiri onları da bezdirib.

– Sağlıq olsun, mayqabağı bu iş ilə məşğul olarıq. Qarı da rahatlanıb yerində oturar!

– Yerində oturana oxşamır, fikri-zikri bizi izləməkdir.

– Altay! Onu qınama, yaşlı qadındır. Ürəyində arzusu, həsrəti var, nəvəsinin toyunu görmək istəyir. Onun da sevinci təbiidir. Əlbət ki, onun aləmində məktəb, dərs, müdafiə görünmür. Nəvə-nəticəsini öpüb-qucmaq istəyir, xatirinə dəymək lazım deyil. Nənədir.

...Gün o gün oldu ki, Altayın müdafiə elanı çıxdı. "Bakı" qəzetinin bu nömrəsi tələbə cavanların da əlində çox gəzdi. Bu xəbəri eşidənlərin çoxu qəzeti də, Məsməni və bütün İzzətovlar ailəsini təbrik edirdilər. Təbrik edir, təfsilatı danışırdılar. Təbrik xəbərinə hamıdan çox sevinən Heybət nənə idi. O, öz aləmində, "xeyir iş" deyəndə Altayın toyunu düşünürdü. Düşünürdü ki, neçə aydır uşaq Moskvada çalışır, tədarük görür, ağır işin hər dəm-dəsgahını hazırlayır. Sabah-birigün işi başa çatanda çıxıb gələcək, valideyninə muştuluq xəbəri gətirəcək. Dost-düşmən, hamı xəbər tutacaq. Söz yox, onda da valideyni özü, əslində Heybət nənə çırmanıb işə düşəcək. Təki toy olsun, nəvə toyunda yorulmaq nədi, süfrəsinə, sahmanmacan özüm baxacağam!"

Heybət ürəyində plan tökür, əncam çəkirdi.

– Birinci, mənim işim qız evinin qapısım açmaq, Məhəbbətin könlünü almaqdır. Gəlinə hazırladığım hədiyyələri "nişan" adı ilə qıza çatdıram gərək! Qoy görsünlər ki, Heybətin nəvəsi elə-belə tələbələrdən deyil, ata-anasmın hal-əhvallı balasıdır. Qoy görsünlər ki, nənənin tədarükü varmış! Qoy görsünlər ki, Altay qabağı görən, düşünən oğlandır! Sabah işi başlananda Altay xəcalətli qalmasm, Məhəbbətin başı aşağı olmasın!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов