Страница 5 из 5 · 80%

– Sərtib, yoxsa məclis vəkili olmaq istəyirsiniz, – dedi, – qarayaxa geyinmişsiniz.

Bu, vəzarəti-kişvərdə siyasi şöbə müdiri sərhəng Səfai idi. O, adəti üzrə sözü deyən kimi qəhqəhə çəkib güldü və birdən də bu gülüşü kəsib, tez-tez gah bunun, gah onun üzünə baxdı. Orta boyu, səliqə ilə yuxarı daranmış və yağlanmış qara saçları, mülayim siması və yumşaq səsi onu xəfiyyə rəisindən artıq şah təlxəyinə oxşadırdı. Sərtib onun hər kəs tərəfindən anlaşılan istehzalı sözünü cavabsız qoymadı:

– Namuslu vətəndaş olmaq da bir şərəfdir! – dedi. “Bravo, bravo!” deyən seyrək səslər eşidildi. Sərhəng sərtibin bu sözlərini yan buraxmağa çalışdı və özünün adi ifadəsini pozmadı. Şahpur:

– Sərtib sülh dövründə hərbi libas geyir, hərb iyi gələndə diplomat paltarı, – deyib güldü. Sərhəng və başqaları əl çaldılar. Sərtib bir qılınc döyüşünü andıran bu söz meydanında basılmaq istəmədi:

– Qeyrətli bir diplomat da vətəni üçün eyni sərbazdır! – dedi. Araya ağır bir gərginlik çökdü. Nə sərhəng, nə də Şahpur bir söz demədi. Sərtib isə məğrur baxışlarla onları süzdü. Şahpur etinasız və mütəkəbbir bir hərəkətlə onun yanından keçdikdə:

– Əlbəttə, – dedi, – lakin diplomatın siyasəti düz olsa...

– Ürəyində vətən məhəbbəti olanlar əyrilik bacarmazlar.

Vəziyyətin gərginləşməsini istəməyən Şəmsiyyə qabağa keçdi:

– Ağalar, buyurun, rəqs edin...

Onlar musiqi çalınan tərəfə getdilər. Yenə adamlar bir-birinə qarışıb, gəzməyə, oynamağa, söhbət etməyə başladılar. Şəmsiyyə bərk-bərk sərtibin qoluna qısılaraq:

– Sərtib, – dedi, – dikbaşlığını bu dərəcəyə qaldırmasan yaxşıdır.

– Mən hələ heç bir dikbaşlıq etməmişəm.

– Etdiklərin də kifayətdir. Sən bu nəsli tanımırsan. Hər kəsi qarşılarında ikiqat əyilən görməyi adət etmişlər. Onlar heç bir şeyi yadlarından çıxartmırlar. Heç bir şeyi bağışlamırlar. Xüsusilə cəsarət və sərbəstliyi! Bunu yadında saxla, sərtib!

– Yadımda saxlaram! Amma əməl etmək çətindir!..

Şəmsiyyə:

– Həyatda hər şeyi bacarmaq lazımdır, – deyib sərtiblə Fridunu qol-qola verdi və çəkilib getdi.

Onlar tək qaldıqda bir-birinə baxdılar.

Fridun yenə sərtibin baxışlarında gizlənilməz bir qayğı ilə kədər gördü:

– Sərtib, məni bağışlayın, rəftarınız çox sərt olsa da, mənə ləzzət verdi.

– Başqa cür hərəkət etməyi bacarmıram. Ürəyim dilimdədir.

– Amma sərhəng nə yumşaq adama oxşayır. Deyir ki, igidin adın eşit, üzünü görmə.

– İnanma, oğlan. Onun gülüşü də zəhərlidir. Bunlardan hər şey gözləmək olar. Evinə çağırıb, plov içində zəhər vermək, insanı doğma qardaşının əli ilə öldürtmək, məhbəsdə boğub, sonra təziyə saxlamaq İran hakimləri və kübarlarının qədim adətidir. Ənuşirəvan Adilin məzdəkilərə işlətdiyi hiyləni xatırlayın!..

Fridun sərtibin üzündə hər şeydən yorulmuş, hər şeyə nifrət edən dəruni bir narazılığın ifadəsini gördü. Eyni zamanda onun mütərəddid və təzadlı bir halda olduğu bilinirdi.

Müxtəlif danışıqlar arasında söz Şəmsiyyə və Şahpurdan düşdü. Fridun sərtibin əsəbiləşdiyini hiss etdi. O deyirdi:

– Burada iki gəncin ürəyindən artıq alçaq bir siyasətin tədbirləri hökm sürməkdədir. Ağayi Hikmət İsfahani çoxdan İran taxt-tacına göz dikmişdi. Özü də şah ola bilməsə, gələcək hökmdarı əlində oyuncaq etməyə çalışmaqdadır. Saraylarda min hiylə işlədən bu siyasət oyunbazları tükənməz bir qüvvəyə malikdirlər. Onlar öz oyunlarında yorulmaq və usanmaq nə olduğunu bilməzlər. Hər vasitə və hər şeyə əl atarlar. Xüsusən Hikmət İsfahani!

– Sizin ona qarşı sözlərinizdə mən bir ehtiras duyuram.

– Bilirəm nəyə işarə edirsiniz. Atamın qanını unutmaq üçün mən gərək bişərəf və binamus bir adam olam. Lakin dediklərim də bir həqiqətdir.

– Sizin atanızı öldürən məncə, yalnız Hikmət İsfahani deyildir.

– Mənim atamı öldürən, İranı fəlakət və bədbəxtliyə aparan qanlı bir siyasətdir. Bu siyasəti əlahəzrətin də arzusuna rəğmən yeridənlər var. İngilis, alman, amerikan pul kisəsinin gücünə yaşayan bu satqınların nə qədər, edəcəyini demək çətindir. Lakin zaman hər zəhərə qarşı bir padzəhr hazırlayan amansız bir təbibdir.

– Lakin bu təbibin səbri bəzən bir insan nəslinin ömründən artıq olur. Biz öləndən sonra çəkilən intiqamlar, bivaris ölənlərə oxunan yasin kimi bir şeydir, sərtib...

– Mən zamana qarşı o qədər də naümid deyiləm. Artıq onların söykəndiyi ingilis ağalığının dağılacağını bildirən zəlzələnin əlamətləri hiss edilməkdədir.

– O hansı əlamətlərdir?

– O mərkəzlər ki, satqın vəzirlər və vəkillər öz siyasətinin tellərini ora bağlamışdır, onlar titrəməkdədir.

Musiqinin ahəngdar səsləri ətrafa yayılırdı. Şəmsiyyənin onlara doğru gəldiyini gördükdə susdular. Qonaqlar artıq ayaq üstə yeməyə və içməyə başlamışdılar. Oynayanların sayı getdikcə artırdı. Onlar da yemək stoluna yaxınlaşarkən azca əsəbi görünən Şəmsiyyə ilə qarşılaşdılar. Qız süni bir gülüş və şadlıqla:

– Artıq sizi bir-birinizdən ayıracağam, – deyə sərtib Səlimiyə müraciət etdi. – Bir qədər də mənimlə gəzin.

Bu sözlərdən sonra sərtibin qolundan tutub apardı. Sərtib onun ətir qoxuyan yarıçılpaq qollarının əsdiyini hiss etdi.

– Sizə nə olmuşdur, Şəmsiyyə? – deyə, üzünə baxdı və gülümsədi.

– Sizə nə var, gülərsiniz! Amma mənim ürəyim dərdlə doludur. Rica edirəm, mənimlə bir az mehriban dolanasınız. Oynaya bilərsinizmi?

Nə isə bir qısqanclıq səhnəsi oynadığını hiss edən sərtib:

– Bir azca bacarıram, – dedi.

Şəmsiyyə heç bir söz demədi, daha artıq ona qısılaraq, adamların arasından keçib, rəqs meydanına çıxdı. Orkestr vals çalırdı. Sərtib musiqinin oynaq ahəngi altında, onsuz da bir yerdə dura bilməyən Şəmsiyyəni havada atıb-tutur, xüsusi bir gözəlliklə oynayırdı. Lakin o, Şəmsiyyənin kimə isə acıq verdiyini, çiyninin üstündən hara isə oğrun-oğrun baxdığını hiss etdi. Onu havada hərləyib, dairə vurduqda ətrafa göz gəzdirdi. Azca qabaqda Südabə xanım Şahpurun qolları arasında hərlənir, başını onun çiyninə qoyub, kədər dolu gözlərilə baxırdı. Birdən Şahpurun da onlara tərəf baxdığını və ani bir heyrətə daldığını gördü. Sərtib bu baxışlara əhəmiyyət verməyib, Şəmsiyyəni daha qızğın bir hərəkətlə dolandırdı. İstədiyi adamları sancdığını hiss edən Şəmsiyyə onun qulağına:

– Bu yaxşılığını heç bir zaman unutmaram! – dedikdə sərtibin ona yazığı gəldi, belə xırdalandığı üçün təəssüf etdi. Bu zaman Şahpur Südabəni hərləyib onlara yaxınlaşdı və birdən onu buraxıb, Şəmsiyyəni tutdu. Sərtib dərhal kənara çəkildi və bir daha musiqi çalınan yerdə görünmədi.

Qızarmış Südabənin ortada qaldığını görən Fridun onu bu vəziyyətdən çıxarmaq üçün tez meydana girib qolundan tutdu və hərəkətlərini musiqiyə uyğunlaşdırmağa çalışaraq qulağına pıçıldadı:

– Tez çıxaq, mən rəqs edə bilmirəm.

Qız yenə mehriban nəzərlərini ona dikdi:

– Çox sağ ol, oğlan, – dedi, – nə yaxşı ürəyin var.


Gecə saat onda cənub göyləri sayrışan parlaq ulduzlarla örtüldüyü zaman Fridun Zərgəndədən çıxdı. Şəmsiyyə ona öz maşınını təklif etdi. Lakin sərtib:

– İcazə versəniz mənimlə gedər, – deyib yanına oturtdu.

Onlar hərəkət etdikdə sərtib xeyli müddət danışmadı. Ziyafət onu əyləndirməkdən çox yormuşdu. Maşın Tehran yoluna çıxdıqda:

– Ziyafəti necə gördün? – deyə soruşdu.

Fridun təəssüratını ondan gizlətmədi. Belə sarayları və dəbdəbəli həyatı indiyə qədər təsəvvür etmədiyini söylədi. “Lakin insanların rəftarındakı soyuqluq və quruluq xoşuma gəlmədi – dedi. – Sanki hər kəs öz böyüklüyünü, üstünlüyünü göstərmək istəyir. Onların içərisində bircə vəziri-dərbarın qızı az-çox adama oxşayır, çox sadədir”.

Sərtib:

– Yaxşı tanımısan, bu tamam başqa bir məxluqdur, – deyib, bir təəssüf hissilə onun tarixini danışdı:

– Şor su sabun götürməyən kimi, bu mühit də onu öz içinə ala bilmir. Ta körpəlikdən hər addımda onu sanırlar. Əslini, nəslini yadına salırlar. Lakin bu istehzaların, bu tikanlı sözlərin bircə yaxşı cəhəti olub ki, qız gözüaçıq və ağıllı böyümüşdür.

Fridun, öz varlı atasını atıb, inqilabçılar dəstəsinə qoşulan Nataşanı xatırladı. Südabənin bu dəbdəbəli və təntənəli həyatda nəyi vardı? Sərtib ürəyində dolanan mürəkkəb hisslərin təsirilə:

– Fəlakətdir, – dedi, – insanlardan ayrılmaq mümkün deyil. Onlara yaxınlaşanda da ürək dərdlə dolur. Nə etməli, dərviş kimi bir guşəyə çəkilmək olmur. Hər şeyə dözməli olursan. Hərdən ürəyim darıxır, deyirəm ki, elə bir vaxt gələcəkmi ki, cəmiyyət bu yalançı və çürük təsəvvürlərdən, adətlərdən yaxasını qurtarsın. Hər kəs üçün doğma və mehriban bir ailə olsun!..

Fridun sərtibin yaxşı insanların varlığı haqqında təsəvvürü olmadığına qəlbən acıdı.

– Sərtib, – dedi, – yaxşı insanlar aşağılardadır. Mehriban, təmizürəkli, qərəzsiz. Siz də ki, oradan uzaqsınız.

– Düzdür, oralarda adamların ürəyi daha açıqdır. Lakin onlar da əvamdır, kobuddur, cahildir.

– Getdikcə onların da gözü açılır, onlarla birlikdə dünya da yaxşılaşmaqdadır.

Sərtib:

– Yunan dili müəllimi də belə deyərdi: bu dünyada hər şey yaxşılaşmağa doğru getməkdədir, – deyib gülümsədi və tez ciddiləşdi:

– Voterin “Kandid”ini oxumamısan ki? Mütləq oxu, maraqlı əsərdir. O əsərdə bizim həyat və şüurumuzu xatırladan çox şeylər var...

Fridun ona “Ana”dan danışmaq istədi. Orada həyatın daha mükəmməl, daha doğru və bu vaxta qədər açılmamış bir şəklini tapdığını söyləmək istədi. Lakin sərtibin müxtəlif suallar verməyə başlayacağından və “Ana”dakı ruhu xoşlamayacağını düşünərək susdu.

Sərtib, xoş bir xəyal içində olduğunu andıran səslə:

– Sən düz deyirsən, oğlan, dünya düzələcək, – dedi. – Bunun üçün qeyrət və himmət gərəkdir. Həqiqəti deməkdən qorxmamaq gərəkdir. Bunları nəzərə alaraq fikirlərimi əlahəzrətə yazmışam. Vətənimin şərəfini öldürən bu zir-zibili təmizləmək onun əlindədir və çox asandır. Ancaq ona həqiqəti demək lazımdır. Bu cəsarəti də mən boynuma götürürəm.

Fridun, onun bu etiqadını öldürmək çətin olduğunu düşündü. Ancaq əsl həyatın qabağına çıxaracağı böyük bir sarsıntı bunu edə bilərdi. Fridun sərtibin danışıqlarından bu sarsıntının yaxşılaşmaqda olduğunu hiss edirdi. Hər halda öz fikrini belə bir adamdan gizlətmək istəmədi.

– Qorxuram, iştibahınızı gec başa düşəsiniz, sərtib, namuslu və vətənpərvər adamlar siz axtaran yerdə deyil, aşağılarda, zəhmətin qucağındadır!..

Sərtib fikrə getdi:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İyirmi birinci fəsil

Kərimxan Azadi qaranlıq və rütubətli zindana birdən-birə alışa bilmədi. Ona elə gəlirdi ki, uzun bədənini, enli çiyinlərini dar bir məzar sıxmaqdadır. Sanki onu zorla bir qəbrə soxmuş və qəbri də dikinə qaldırmışdılar. Heç bir yana tərpənmək mümkün deyildi. Heç olmazsa bazubəndin sıxdığı və bükülməkdən yorulmuş qollarını açmaq imkanı olaydı!.. Heç olmazsa gah qızışan, gah buz kimi soyuyan qıçlarını bircə anlığa aça biləydi!.. Nə üçün o tərpənə bilmir? O haradadır? Onun hissiyyatı və ağlı özündədirmi? Bəs ildırım sürətlilə barmağının ucundan başlayaraq beyninə qədər yeriyən bu sancı nədir?.. Görəsən, bu ağrılar, bu sızıltılar bədənin harasından baş qaldırır?.. Bəs bu su haradan axır? Yarıbihuş və yarıayıqlıq aləmindədir... O, qıçlarını çırmayıb gedir, gedir, tələsir, lakin çay qurtarmır, sahil görünmür. Bu zaman əzabın nəhayətsizliyindən doğan məyus bir fikirlə, bir ümidsizliklə özünü buzlu suların qoynuna atır, bütün bədəni titrəyir. Budur, artıq əziyyətlərin sonu çatdı. Əzablar qurtardı, hissiyyat susdu. Bütün əzası əbədi bir istirahətə daldı. Yox, bu əbədi rahatlıq deyil. Qəlbinin harasında isə hələ də əzablı bir duyğu yaşamaqdadır. Yəqin, o, dərin bir yuxuya getmişdir, bunlar hamısı pis bir röyadır, dəhşətli bir kabusdur. Röyada olan kimi qışqırmaq istəyir, səsi çıxmır, əlini uzatmaq istəyir, bacarmır.Onun bu ağır əzablara dözən sağlam vücudu, ecazkar bir surətdə öz həyat qüvvəsini göstərirdi. Birdən-birə uzun sürən dərin bir huşsuzluq içərisindən ayılır, müstəsna bir aydınlıqla hər şeyi anlayır, hər şeyi xatirinə gətirirdi. Nə cür tutulduğunu, necə bu qaranlıq məhbəsə düşdüyünü, nə əzablara məruz qaldığını və yoldaşlarına xain çıxmadığını açıq-aydın təsəvvür edirdi. Hafizəsində keçmiş günlər, ömrünün ağır uşaqlıq dövrləri, zəhmət, məhbəs və sürgünlər canlanırdı. Xavər, qaranlıq göylərdəki təkcə bir ulduz kimi onun həyatına işıq verən Xavər gəlib gözləri önündə dururdu. Sanki yenidən ürəyi bir şadlıq, bir səadət istisi ilə qızınır, dar və rütubətli zindana bir baharın ətri gəlirdi. Lakin mabədini düşünməkdən çəkinirdi. Xavərin indiki həyat və vəziyyətini təsəvvür etməkdən qorxurdu. Bu təsəvvür onu əzə bilər, iradəsini süstləşdirər, məhv edərdi. O, xəyalında həyatının başqa səhnələrini canlandırmağa çalışır, Fridunu, Kürd Əhmədi, pəncərədən müvəffəqiyyətlə qaçan doktorun oğlunu xatırlayırdı. Bunlar onun əzgin ruhuna ümid və qüvvət verirdi. Yalnız o, bircə şeyi xatırlaya bilmirdi. Görəsən, buraya düşdüyü neçə gündür? Bəlkə, aylar gəlib keçmişdir?.. Bu xatirələrə daldığı, huşu özündə olan zamanlarda Məhbusinin də siması gözləri önündə dururdu. O hələ də öz imanında möhkəm qalmaq istəyirdi. O, şübhəyə yol verməkdən qaçırdı. Çünki bütün bu dəhşətli əzablardan daha dəhşətlisi, onun səhvi, ehtiyatsızlığı nəticəsində yoldaşlarını fəlakətə verdiyi ehtimalı ola bilərdi. O, bu fikrin ağırlığına davam gətirə bilməzdi. Bununla belə, nə qədər çalışsa da, yenə ürəyində harada isə kor bir şübhə yaşayırdı. Axı o yaxşı adamdırsa, niyə ilk görüşdə Xavərə xoş gəlmədi? Yox, sevən qadınların hissiyyatı yanlış olmur! Bəs onda nə üçün Məhbusini də tutdular? Axı o zavallı da harada isə indi belə bir məzar içində çırpınmaqdadır... Bu təzadlı fikirlər içərisində o yalnız bircə şeyə sevinirdi: nə yaxşı ki, Fridun və Kürd Əhmədi onunla tanış etməmişdi. Sadiq adam olsa da, indi zəiflik göstərə bilər, onları ələ verə bilərdi. Bu fikir onu az-çox təskin edirdi.

27 мин
İyirmi ikinci fəsil

1941-ci ilin baharı gəlirdi. Hər gün təmiz və sakit bir səhər açılır, mavi üfüqlər dumduru, ləkəsiz və nəhayətsiz görünürdü. Novruz bayramına az qalırdı. Şəhərdə axır çərşənbələri bayram edirdilər, dükan-bazar boyalı yumurtalar, rəngarəng parçalar, əli-ayağı xınalı adamlarla dolmuşdu. Fridun bütün bunlardan xəbərsiz kimi idi. Sanki nə gəlməkdə olan baharı, nə də bayramı görürdü. Hər gün onun vaxtı min bir qayğı içərisində keçirdi. Gah doktorun oğlunun, gah arvadının, gah Xavərin yanına gedir, gah Kürd Əhmədlə görüşmək lazım olur, gah dəmiryol və bütün fabrik işçilərinin yanında olur, gah da Səlimi, Şəmsiyyə və Südabə vasitəsilə zindandakılara kömək etmək yollarını axtarırdı. Lakin hələlik heç bir şey etmək mümkün olmurdu. Səlimi ona, bu məsələ ilə Rza xanın hər gün, hər saat məşğul olduğunu, istintaq nəticələrini hər gün tələb etdiyini, vəzarəti-kişvərdə və məhbəsdə müstəsna bir gərginlik yarandığını demişdi. Hətta onun hərbilər arasında olan yüksək mövqeli tanış və dostları belə bu işə yaxın düşməkdən imtina edirdilər. Beləliklə, zindandakıların xilası üçün heç bir ümid yox idi. Fridun Südabə və Şəmsiyyə vasitəsilə bir təsir etmək mümkün olacağını düşündü. Sərhəng Səfai Hikmət İsfahaninin yaxın dostu idi. Bəlkə onun işə qarışması ilə heç olmazsa gözlənilən ölüm cəzasını əbədi sürgünlə əvəz etmək mümkün olar deyə Şəmsiyyə ilə danışmaq istədi. Səlimi məsləhət görmədi:– Əvvəla, Hikmət İsfahani xeyri olmayan bir işə, xüsusən belə bir işə girişməz, ikinci də, əgər xeyri olsa, bu saat yenə bu işə yaxın düşməz. Çünki, həm Həkimülmülk, həm də Rza xanla əlaqələri hələ düzəlməmişdir. Onu ittiham edib, boğazından asmağa bəhanə axtarırlar.

28 мин
İyirmi üçüncü fəsil

Ayaz beş qranı ovcunun içinə sıxaraq çiyinlərini qısmış halda, titrəyə-titrəyə bazar qələbəliyinə qarışmışdı. Təzəcə yağış yağdığından çox palçıq idi. Adamlar ətəklərini yığışdıraraq, su gölməçələrinin qırağı ilə ehmalca o tərəf-bu tərəfə keçirdilər. Ayaz kimi ayaqyalın, başıaçıq uşaqlar heç kəsə, heç nəyə əhəmiyyət vermədən palçıqlı suyu ətrafa sıçrada-sıçrada gölməçələrin içində yeriyirdilər. Köhnə tumanköynəkdən, cırıq və yamaqlı pencək-şalvardan tutmuş, qapı cəftəsinə, lampa şüşəsinə, bülbül qəfəsinə qədər müxtəlif şeyləri qolunun üstünə, çiyninə ataraq və ya əlində tutub, havada oynadaraq, satmaq üçün bar-bar bağıran adamlar bir-birinə qarışmışdı. Ayaz izdihamdan ayrılıb, buludlar arasında boylanan yaz günəşinin soyuq işıqları düşmüş quru və nisbətən sakit bir yerə çıxdıqda burnuna tünd bişmiş iyi dəydi. Bura qovurmaçılar meydanı idi. Bir tərəfdə tavada cızbız qovrulur, bir tərəfdə çüğündür buğlanır, o biri tərəfdə pörtlənmiş kartof ağarırdı. Ayaz ləbləbi bişirənə yaxınlaşdı:– Əmi, çörək dükanı haradadır?

34 мин
İyirmi dördüncü fəsil

Ağır bir məzar sükutu içərisində edam hökmünü onlara oxudular. Ölümə məhkum edilənlər kamerasına salıb, iyirmi dörd saatlıq həyatları qaldığını bildirdilər. İyirmi dörd saat! Bu iyirmi dörd saatda nələr ola bilərdi? Onlar min arzu və xəyal ilə yaşayır, azadlıq ümidini itirmirdilər. Bununla belə, hər keçən saniyə iradəni sarsıdır, ölümün dəhşətli rəmzi olan dar ağacını gözləri önünə gətirirdi. Onlar dəqiqələri, saniyələri saymağa başlayırdılar. Kərimxan, insanın oturub dəqiqələri saya-saya ölümü gözləməyindən dəhşətli bir şey olmadığını bilirdi. Belə dəqiqələrin ağır iztirabına dözməyib, dəli olanları o, məhbuslar arasında az görməmişdi. İyirmi dörd saatda əlli illik bir həyatın işgəncələri altında əzilmiş kimi, saçı-saqqalı ağaran, üz-gözünü qırışıq basan, heç bir zaman unuda bilmədiyi bir məhbusun surəti indi də gəlib gözləri önündə durmuşdu. O, bu fikir və xatirələri qovmağa çalışırdı. Həyatının xoş günlərini, qəlbə qüvvət və mətanət verə biləcək hadisələrini xatırlamağa səy edirdi. Cənubda sürgündə olanlar arasında rast gəldiyi bir dabbaq yadına düşdü. Dabbaq qərib bir adam idi. Onun qırx illik ömrünün yarısı məhbəslərdə və sürgünlərdən keçmişdi. O, beş dəfə məhbəsdən, iki dəfə sürgündən qaçmışdı. Axırıncı dəfə yenə qaçmaq istəyəndə tutub, edama məhkum etmişdilər. Onu asmamışdan qabaq demişdi:“Dünyada qəlyandan doymadım. Bir qəlyan gətirin, bir qurtum sümürüm, sonra asın”. On yaşından başlayaraq bütün ömrünü oğurluqda keçirmiş otuz yaşlı başqa bir məhbusu asdıqda “vəsiyyətin nədir?” sualına cavab vermişdi: “Çayçı Əhmədə beş tümən borcum var, onu verin, anama da deyin mənə südünü halal eləsin?”

24 мин

Стихи других поэтов