İyirmi birinci fəsil
Страница 3 из 4 · 50%
– Bacım, başına yaman bəla gəldi, Allah sənə rəhm eləsin.
Onun birdən-birə mərhəmətli səslə danışması Xavərdə bir şübhə oyatdı. İnsanlara ehtiyatla yaxınlaşmağa öyrənmiş Xavər ona inanmadı və susdu. Qəmərbanu isə danışmağında davam etdi:
– Bilirəm, özün də tək-tənhasan, bir əl tutanın yoxdur, o bədbəxtin də bir qohumu yoxdur ki, belə gündə dadına çata.
Anasının dizinə söykənib, eyni yabançı nəzərlərlə ona baxan Azadı qucağına aldı, başını sığalladı:
– Heyf, belə uşağı da yetim qoymaq olar?
Bu söz Xavərə toxundu. Onun ürəyini yaraladı.
– Yetim niyə olur? Mən ölməmişəm ki!
Qəmərbanu ağ dərili əl sumkasını açdı, bir neçə konfet çıxarıb Azada uzatdı. Uşaq almaq istəmədikdə zorla ovcuna basdı və Xavərə döndü:
– Ay qız, bəs bu kişinin heç yoldaşından-zaddan yoxdur, sənə kömək eliyə.
– Niyə yoxdur, yoldaşsız da adam olar.
O, göz vurub, Xavərə tərəf əyildi və yavaşca:
– Bilirəm var ha... Məhəllədə hamı bilir... Ay qız, bəlkə, sən getməyə ehtiyat edirsən, ünvanlarını ver, mən gedim. Məni tanıyan kimdir, nə lazımsa alıb gətirərəm.
Onun təkid etməsi Xavərin şübhələrini artırdı:
– Sağ olun, mənə miyançı lazım deyil.
Bu söz Qəmərbanuya toxundu. Xavərdən söz ala bilməyəcəyini gördükdə söhbəti dəyişdi və Xavəri ən dəhşətli görünən yerə gətirib çıxartdı. Onun evinə çox Xavər kimilərin gəlib-getdiyini söyləyib, yaxşı pul qazandıqlarına da işarə etdi:
– Nə olacaq, – dedi, – yaxşı dolanarsan, acından ölməyəcəksən ki. Xoşuna gəlməz, ərin çıxandan sonra bir də getməzsən!..
Bu sözləri eşidən Xavər dəli olacaq hala gəldi. Əlini maşaya atıb, elə bir dəhşətlə qışqırdı ki, uşaq belə qorxaraq oyundan əl çəkdi və gəlib anasının tumanının ətəyindən yapışdı. Xavər, maşanı Qəmərbanunun üstə qaldırdı:
– Dur buradan, dur! – dedi, – nə qədər ki, başını əzməmişəm, dur!..
Qəmərbanunu qabağına qatıb, həyətə çıxartdı və qapıya gətirib, küçəyə itələdi:
– Bir də ayağın bura dəysə, özünü ölmüş bil.
Gecə yatmamışdan qabaq yenə qapı döyüldü. Bu dəfə gələn dilənçi qadın idi. Xavər, onu görən kimi ürəyində bir sevinc duydu, içəri buraxdı. Arvadı Fridun göndərmişdi. Halını, yaşayışını, nəyə ehtiyacı olub-olmadığını soruşdu. Xavər təşəkkür edib, heç şeyə ehtiyacı olmadığını söylədi. Dilənçi Azadı yanına çağırdı, başını sığalladı, qucağına alıb, alnından öpdü və gətirdiyi ayaqqabıları ayağına geydirdi. Sonra bükülü paketi Xavərə uzatdı:
– Al, Xavər bacı, Fridun verdi, dedi korluq çəkməsin!
Xavər heç bir söz deyə bilmədi. Hətta təşəkkür etməyə belə dili gəlmədi. O gedəndən sonra paketi açdı. Orada əlli tümən pul vardı.
Fridun bu günlər diqqətlə qəzetləri izləyirdi. Sensasiya xasiyyəti daşıyan şişirdilmiş xəbərlərdən, ağızboşuna yazılmış çoxlu siyasi məqalələrdən o, rəsmi dairələrdə Kərimxangilin tutulması ilə əlaqədar nə kimi fikirlər hakim olduğunu müəyyən etmək istəyirdi. Buna görə də nisbətən daha artıq bu dairələrin fikrini ifadə edən qəzetləri mütləq mütaliə edir, hətta çoxlu ticarət elanlarına, hansı xanımın özünə necə ər axtarması haqqındakı elanlara qədər göz gəzdirirdi. Yenə oturub qəzetlərə baxdığı zaman “Səda”nın birinci səhifəsindəcə iri hərflərlə “Canilərdən biri qaçmışdır, günahkar tapılmalıdır” adlı bir neçə sətirlik bir yazı nəzərini cəlb etdi. Qəzet, həbs edilmiş cinayətkarlardan birinin Qəsri-Qacar zindanından qaçdığını xəbər verirdi. Bu barədə müxtəlif mülahizələr yürüdərək, nəhayət, zindanlarda çox yüngül qayda olduğunu, məhbuslarla yumşaq rəftar edildiyini söyləyir və vəzarəti-kişvərin nəzərini bu məsələyə cəlb edirdi. Fridun məqalənin bu hissəsinə fikir verməyərək, qəzeti bir kənara atdı və düşünməyə başladı... Böyük bir maraqla o, qaçanın kim olduğunu və necə qaçdığını bilmək istəyirdi. Daha böyük bir maraqla onu görməyi, yoldaşların vəziyyətini öyrənməyi arzu etdi. Hər halda bir nəfərin zindandan qurtarması onu sevindirirdi. Eyni zamanda şübhə oyadan bir fikir də başına gəlirdi. “Bu da bir hiylə olmaya?”
Bu fikirlərdə ikən Kürd Əhmədin qardaşı gəlib, onun qayıtdığını və Fridunu gözlədiyini xəbər verdi. Fridun durub onun yanına getdi. Birdən-birə Kürd Əhmədi qara xəbərlə kədərləndirmək istəməyib hal-əhval soruşdu.
Kürd Əhməd Azərbaycandan və Kürdüstandan çox yaxşı xəbərlə gəlmişdi:
– Orada mərkəzi hakimiyyətə xalqın nifrəti hüdudsuzdur, – deyirdi. Hamı kiçik bir işarəyə bənddir. Mənə qalarsa biz oralardan başlamalıyıq. Son zamanlar mən belə bir fikrə gəlirəm ki, bu Tehranın fasid mühitində heç şey etmək olmayacaq. Çünki burada yalnız biz İran mürtəceləri ilə deyil. Rza xanla deyil, ingilislə, Amerika ilə də üz-üzə gəlirik, burada onların öz siyasətinə adət etmədiyi bir ərbab, bir sahibmənsəb, bir tacir tapmaq çətindir. Biz Azərbaycandan, Kürdüstandan başlasaq, daha tez məqsədə nail ola bilərik. Çünki oralarda xalq nəinki ərbabın, hakimin, ajanın, əmniyyənin zülmündən cana gəlmişdir, həm də milli azadlığa doğru onda bir meyl, bir arzu və həvəs vardır. Orada tez iş görmək olar.
Fridun ona qulaq asaraq:
– Sözlərinin hamısı düzdür, – dedi, – lakin elə bilirsən ki, biz bu Tehranda rast gəldiyimiz ingilisə, amerikana orada rast gəlməyəcəyik... Orada da həmin əllər iş görməkdədir. Azadlıq istəyən hər kəs Arazın və Xəzərin bu biri sahillərində hər yerdə bu məşum kabusla üz-üzə gələcəkdir. Vuruşmaqdan başqa çarə yoxdur.
– Hər halda keçmiş göstərib, gələcək də sübut edir ki, onlarda azadlıq toxumu daha tez cücərib məhsul verir. Üzümüzü oralara tutmalıyıq.
– Səninlə razı olduğumu dedim. Belə bir bayrağı qaldırmağın vaxtı yaxınlaşır. Bəlkə, sabah əsl fəaliyyətə oradan başlamalı olacağıq. İndi isə yoldaşların dərdini çəkmək lazımdır.
– Yoldaşlara nə olub ki?
Fridun əhvalatı açıb ona söylədi. Üz verən bədbəxtliyi danışdı. Kürd Əhməd əsəbiliklə:
– Hücum edib, məhbəsi dağıtmaq lazımdır, – dedi, – pul qoymaq, rüşvətlə qurtarmaq lazımdır!..
– Bunların heç biri mümkün deyil. Çünki bu işlə həm dediyin ingilislər və amerikalılar, həm almanlar, həm də Rza xan özü məşğul olur, heç şey mümkün deyil.
– Bəs elə oturub baxmalıyıq?
– Xeyr, yeni qurbanlar verməkdən çəkinməliyik. İşimizin şəklini dəyişməliyik. Bir də, mən sənə Səlimi adlı mötəbər bir dostum olduğunu demişəm. Onun vasitəsilə bu xəyanətləri düzəldən casusun adını öyrənə bilmişəm. Onu məhv etməliyik!
– Mən sənin qulluğunda hazır! Göz elə, boğazını cücə boğazı kimi üzüm.
Söhbətin bu yerində qapı döyüldü. Onlar ehtiyatla ayağa durdular. Kürd Əhməd qardaşını qapıya göndərdi. Oğlan Xavərlə qayıtdı. Onlar Xavəri gördükdə çox şad oldular. Onu hörmət və ehtiramla oturmağa dəvət etdilər. Xavər oturdu. Son dərəcə həyəcanlı olduğu bilinirdi, sual gözləmədən sözə başladı:
– Fridun qardaş, mən bir nəfərdən şübhələndiyimi sizə demişdim. O adam Hüseyn Məhbusidir.
Fridun onun sözünü kəsdi:
– Onun xain olduğu aşkardır. Lakin hələlik onu ələ keçirmək çətindir.
Xavər tələsik və hövlnək:
– O bu gün gəlmişdi, – dedi.
Fridun təəccüb etdi:
– Necə? Sizə gəlmişdi?
– Bəli, bizə gəlmişdi. Deyir ki, məhbəsdən qaçmışam. Gizli yaşayıram. Kərimxanın tapşırığı var. Gərək Fridunu görəm. Məni onunla görüşdür.
– Bir də nə zaman gələcək?
– Çərşənbə günü axşam.
Kürd Əhməd:
– Çox yaxşı, dərhal onu götürüb bura gətirərsən! Lap yaxşı yerdir, – dedi.
Onlar sözləşərək Xavəri yola saldılar. İki gün sonra yoldaşları yığmağı qərar aldılar. Xainə cəza verməyi düşündülər. Lakin Məhbusini cəzalandırmamış Xavərin fikrini çəkmək lazım idi. Məhbusidən sonra o yaşadığı yerdə qala bilməzdi. Kürd Əhməd:
– Heç fikir eləmə, – dedi, – onu mən bir quş kimi Tehrandan çıxarıb, bizim Kürdüstan dağlarına göndərərəm. Qardaşlar oradadır. Onlar vəfalı adamlardır. Kürdün vəfasını da ki bilirsən. Ölər, amma əmanətə xəyanət etməz!
Xavər bütün varlığı ilə, Kərimxangili ələ verən adamın Hüseyn Məhbusi olduğuna inanırdı. Bu barədə onun fikrinə heç bir şübhə gəlmirdi. Qəlbində ziddiyyət oyadacaq bir hiss yox idi. O öz ürəyinə inanırdı. Bir görüşdə xoşuna gələn adam yaxşı, gəlməyən adam pis idi. İnsanlar haqqında onun başqa bir təsəvvürü, başqa bir mühakiməsi yox idi. Yaxşı adamdır, pis adamdır, bir baxışla, ilk görüşdə bilinər...
Məhbusi ona lap ilk görüşdə xoş gəlməmişdi. Axırda öz pisliyini də büruzə verdi. Lakin Xavər yalnız belə düşünməklə qalmırdı. Qəlbi bu murdar, bu yaramaz adamdan intiqam almaq hissi ilə çırpınırdı. O, Hüseyn Məhbusinin cəzalanmasını, ağır cəzalanmasını istəyirdi. Kərimxanın da, başqalarının da çəkdiyi əzablarını, başsız qalmış ailələrin aclığını Hüseyn Məhbusidən çıxmaq lazım idi. Onun imkanı olsaydı, Hüseyn Məhbusini bir dəfə öldürməklə kifayətlənməzdi. “Belə adama bir ölüm azdır! – deyirdi. – İblis ola-ola mələk sifətinə düşəsən, gedib xalqın ürəyinə girəsən, evini yıxasan. Bəs belə də iş olar? Yox, bu cür adamı bircə dəfə öldürməklə ürək soyumaz!” Buna görə də Hüseyn Məhbusi zindandan qaçıb gəldiyini söylədikdə Xavər inanmadı. Əksinə, ondan intiqam almaq, ona cəza vermək fikri daha da gücləndi:
Kitabxana.az · https://kitabxana.az/ru/works/mirze-ibrahimov-gelecek-gun-iyirmi-birinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Rza xan maşını Pəhləvi küçəsində saraya çatmamış, saxlatdırıb düşdü və adətinin xilafına olaraq, piyada yeriməyə başladı. Onu hər tərəfdən hərbi qiyafəli qulluqçular əhatə etmişdi. Sərhəng Səfai də onların içində idi. Şah yavaş addımlarla yeriyir və heybətli nəzərlərlə ətrafa baxırdı. Onu görən hər kəs tez qaçıb ya bir dükana soxulur, ya tələsik qayıdıb geri dönür, ya da divara sıxılıb, keçməsini gözləyirdi. Hətta laqeyd və çox danışmağa adət etmiş dükan və mağaza sahibləri belə cınqırını çıxarmayıb, hövlnak içəri girirdilər. Məktəbli uşaqlar və çadrası götürülmüş olsa da, başındakı yaylıqla yaşmaq tutan qadınlarda ona rast gəldikdə ildırım vurmuş kimi yerində quruyub qalır, səslərini kəsib, başlarını yana çevirirdilər. Sanki küçədə dəhşətli bir kabus, hər tərəfə ölüm saçan qara bir heykəl hərəkət edirdi. Bu, zülm və istibdad heykəli idi. Onun ayağı dəyən hər yerdə bir məzar sükutu hakim olur, yalnız keçib getdikdən çox-çox sonra insanların rəngi özünə gəlməyə başlayırdı. Şahın qara çöhrəsinə baxanların nəzərində məhbəslər, dar ağacları, ölüm və zülmətin qurbanı olmuş adamların siması canlanırdı. O isə düz gedir, bu rəngi qaçmış, gözləri çuxurlaşmış insanların üzünə belə baxmırdı. Kim bilir, bəlkə də, onları bir heç, bir qarışqa hesab edirdi. Yaxud da sövqi-təbii bir hisslə üzvlərinə baxmaqdan qorxurdu.O, Pəhləvi xiyabanından burulub, saraylar küçəsinə çıxdı və mərmər sarayın qapısına doğru addımlayanda heç kəsin gözləmədiyi bir hadisə baş verdi. Saçı-saqqalı ağarmış, bir cüt gözü işıldayan bir qoca birdən-birə özünü onun ayaqlarına atdı. Şah əvvəlcə gözlənilməz bir vahimə içərisində geri çəkildi. Heç bir zaman ürəyini tərk etməyən gizli qorxu hissi bütün vücudunu titrətdi. Lakin ayaqlarının altında suiqəsd edəcək bir adam deyil, zəif, aciz, kəlləsinin sümükləri çıxmış, ordları batmış bir qoca gördükdə durdu və qəzəblə ona baxdı. Uzunboylu, yanaqları qırmızı, boynunu ət basmış bir sərtib və sərhəng Səfai dərhal qocanın üstünə atılıb, onu yoldan kənar etmək istədilər. Qoca cansız vücudu ilə amansız bir müqavimət göstərərək, Rza xana doğru sürünməyə başladı. Şah amiranə bir tərzdə sağ əlini qaldırdıqda sərhəng və sərtib kənara çəkildi. Şah qəzəblə qocanın üzünə baxdı və farsca:
On beşinci fəsilHikmət İsfahani ağır bir təəssürat altında saraydan çıxdı. Onun fikri dolaşıq, qəlbi həyəcanlı idi. Rza xanın ondan narazı olduğunu, ona hətta gizli bir kin bəslədiyini duyurdu. Rza xanın heç bir şeyi unutmadığını və heç bir qüsuru əfv etmədiyini də bilirdi. Buna görə də qəlbinin dərinliklərində ağır bir əndişə baş qaldırırdı. Şahın belə qəzəblənməsində Həkimülmülkün də barmağı olduğu ona aydın idi. Bununla belə, hər şey ona anlaşılacaq şəkildə görünmürdü. Nə isə, şahın da, Həkimülmülkün də hərəkətlərində bir mübhəmlik, bir sirr vardı. Saraydan çıxdıqdan sonra Həkimülmülkün Rza xanla tək qaldığını yəqin bilməsi, xüsusilə onun bu şübhələrini daha da artırırdı. “Bu siçan hələ çox iplər çeynəyəcəkdir!” – deyə Hikmət İsfahani düşünür, özünü bərk danlayır, belə bir adamın əlinə bəhanə verdiyi üçün peşmançılıq çəkirdi: “Mən axmaq – deyirdi, – bu bişərəfləri tanıya-tanıya yenə dilimi dinc qoymuram, mülk də getdi, əlavə Ərdəbil bağları da getdi, qızı da bu qurumsağa verdim. Özüm də borclu çıxdım. Özüm öz malımı oda qoydum. Bu saray siçanı, bu tiryəki köpək oğlu da üstümə qalxdı. Ayağın qoydu boğazıma. İndi nəfəsimi kəsənə qədər sıxacaq...” Bu düşüncələr onu sıxır, tamamən haldan çıxarırdı. Bütün bu fikirlər və mülahizələri onu çarə axtarmağa, ayağının altını möhkəmlətmək üçün yollar aramağa sövq edirdi. O, hansı vasitələrlə Rza xana təsir edə biləcəyini, onu bu hiyləgər və tiryəki Həkimülmülkün təsirindən qurtara biləcəyini düşünürdü. Bu, verimlə, bəxşişlə düzələsi iş deyildi. Çünki əlahəzrətin bir pis xasiyyəti vardı ki, verdikcə iştahı artırdı, əmlakı artdıqca onun həvəsi də şiddət kəsb edirdi. Onu verimlə doyurmaq mümkün deyildi.Hikmət İsfahani uzun müddət şaha təsir etmək yollarını axtarıb, bir-bir mühüm simaları xatırında canlandırarkən, birdən-birə dostu mister Tomas yadına düşdü. “Aha, yaxşı tapmışam, – deyib sevindi, – bu adamın İran siyasətində hərlətmədiyi bir təkər, tərpətmədiyi bir halqa yoxdur. Yaxşı tapmışam. Əlahəzrəti elə yumşaltsınlar ki, lap muma dönsün. Ağayi Tomas onun qəzəbini elə mərhəmətə çevirsin ki, görən əhsən desin!” Bu fikirlərlə o birbaşa maşını Tomasın rəsmi qulluq yeri olan ingilis səfarətxanasına sürdü. O, maşından düşərkən Tomasın öz maşınına minməyə hazırlaşdığını gördü. Tələsik ona doğru addımladı. Tomas da onu görüb dayandı və qayıdıb ona tərəf gəldi. Uzun qollarını yanına sallayaraq uzaqdan:
On altıncı fəsilTehran qabarıq bir təzad içərisində yaşayırdı. Zahirən onun sakitlik və ətalətini pozacaq bir hərəkət gözə dəymirdi. Sanki o, bir-birilə heç bir zaman uyuşa bilməyəcək ziddiyyətlərin ahəngini yaratmışdı. Həqiqətdə isə bu təzad onu daxildən didib parçalayır, mənliyini çeynəyir, nəhəng bir ağacı içərisindən gəmirən bir qurd kimi onu sarsıdırdı. O, bir-birini yemək üçün yaranmış iki övlad doğmuş anaya bənzəyir, bu ananın əzab və iztirabları ilə yaşayırdı. Sərvət və səfalət ona övlad və qənim kəsilmişdi.Şəhərin bu dəhşətli mənzərəsi, kəndin Fridunda oyatdığı kədər və qəzəbi daha da artırırdı. O, bazar və küçələri doldurmuş yurdsuz uşaqlara, səfil-sərgərdan bir halda hər gələnə əl açan qadın və qızlara baxır, onların içində Musa kişini, Gülnazı, Səriyyə xalanı, onların körpələrini axtarırdı. Bu qayda ilə günlərlə, həftələrlə şəhərin küçələrini və bazarları dolandı, tanış və dostlardan soraqlaşdı, nişanlarını dedi, lakin bir səs, bir xəbər çıxmadı. O, maşınlardan enib mağazalara, kontorlara girən qarnı tox, əyni qalın Hikmət İsfahaniləri saxlamaq, “Ağalar, yaxşı baxın, bunlar sizin əməllərinizdir!” deyə qışqırmaq istəyirdi. O, getdikcə fikirli və qüssəli olmağa başladığını hiss edirdi. Artıq əvvəlki şuxluq və şadlıq zaman keçdikcə onu tərk etməyə başlayırdı, tamamən yerini ağır düşüncələrə, əzablı duyğulara verirdi. Bu düşüncə və duyğular qəlbindəki intiqam alovunu, azadlıq hərəkətini gücləndirirdi. O, yalnız fəaliyyətdə, yalnız çalışmaqda bir təskinlik taparaq, bütün varlığını yenidən dərslərə və işə vermişdi. İşi isə pis getmirdi. Vərəqələr və birinci kitab gözlədiklərindən artıq nəticə vermişdi. Onların məzmunu tez bir zamanda xalq arasında yayılmışdı. Şəhərdə bu ətrafda gedən söhbətlər kəsilmirdi. Fridunun nəzərində onların ən böyük əhəmiyyəti xalqda ümid oyatması, həyat və quruluşdan narazı olan adamları mübarizəyə ruhlandırması idi. Camaat rəsmi dairələr və qəzetlər tərəfindən yayılan vərəqələrin Sovet səfarətxanası tərəfindən buraxılması xəbərini dodaqaltı istehza ilə qarşılamış və sanki buna cavab olaraq, vərəqə buraxanlara “həqiqətçilər” təxəllüsü vermişdi. Bu istilah çox tezliklə hər tərəfə yayılmışdı. Qəribə orası idi ki, camaat belə bir işə iqdam edən adamlardan daha çox şeylər gözləyir, onların adına min söz danışırdı. Qurban Mərəndi, böyük bir sevinclə Fridunu tutaraq:
On yeddinci fəsilSərtibin otağında intizar dolu bir sükut vardı. Hafiz Biluri və Yavər Əzimi üz-üzə oturub fikrə getmişdilər. Onların qabağındakı açıq nərdin ağ və qırmızı daşları bir-birinə qarışmışdı. Fikirlərini yenə başqa məsələlər məşğul etdiyindən oyun yarımçıq qalmışdı. Nərdin yanına qoyulmuş stəkanlardakı çay soyumuş, vazalardakı meyvə, şirniyyat əl dəyilməmiş qalmışdı. Yavər Əzimi tez-tez saatına baxır, səbirsizlik göstərirdi. Hafiz Biluri isə gözlərini qeyri-müəyyən bir nöqtəyə dikdiyi halda, nərdin bir daşını götürüb o birisini qoyur, zahiri təmkinini pozmamağa çalışırdı. Hər ikisi, Səliminin həyatında bir dönüş günü gəlib çatdığını müəyyən etməyə çalışırdı. Səlimi evdən çıxıb, saraya getməmiş onlar bu görüşə sevinirdilər. Məmləkətin siyasətində əsaslı bir dönüş yaradacağına inanmasalar da, Səlimi öz haqqındakı pis fikirləri məhv edəcəyinə, yenə əvvəlki mövqeyini özünə qaytaracağına şübhə etmirdilər. Lakin Səlimi onlarla xudahafizləşib, həyət qapısını örtdükdən sonra ürəklərinə ağır bir şübhə, qondu. Hafiz Biluri nərdin daşlarını qarışdırıb Yavər Əzimiyə baxdı:– Görəsən, sərtib bu gedişlə islaholunmaz bir iştibah etmir ki? Nə isə ürəyim rahat olmur.