Страница 4 из 4 · 75%

– Mən Fridunu tanıyıram, – dedi. – Görüb, sizə deyərəm.

Fridun və Kürd Əhmədlə sözləşdiyinin ikinci günü yenə Hüseyn Məhbusi gəldi. Hətta bu dəfə o, Azad üçün bir dəst paltar da alıb gətirmişdi. Zorla onları masanın üstünə qoyaraq:

– Uşaqdır, öz uşağımızdır, geysin, – dedi.

O, hal-əhval tutduqdan sonra Xavərdən Fridunu görüb-görmədiyini soruşdu. Xavər elə bu saat durub getməyi təklif etdi. Ani fikirdən sonra o, bu gün gedə bilməyəcəyini söylədi, görüşü sabaha qoydu. Onu şübhələndirməkdən qorxdu. Bir qədər də oturub, Kərimxanın Fridunu təriflədiyindən, onun xatirini çox istədiyindən danışdı. Söhbət arasında:

– O harada olur? – deyə soruşdu.

Xavər bu suala əhəmiyyət vermədi.

– Bilmirəm.

– Bəs sənəti, işi nədir? Harada işləyir?

Xavər eyni sadəliklə, sualın mənasını qavramadan:

– Tələbədir, Danişgahda oxuyur, – dedi.

Bu zaman Hüseyn Məhbusinin həmişə pərdəli gözlərində nədənsə bir qığılcım gördü. Ürəyində nə isə gizli bir vahimə oyadan, bir anda parlayıb, bir anda da sönmüş bu qığılcımın nə demək olduğunu Xavər bilmədi.

Məhbusi bir qədər də oturdu. Sonra imkan tapsa yenə gələcəyini deyib getdi. Nə qədər düşündüsə səbəbini tapa bilmədi. Onu Hüseyn Məhbusiyə qarşı ümumən nifrətinin nəticəsi kimi yozub rahat oldu, səbirsizliklə intiqam gününü gözləməyə başladı. Sadəlövhlüyündən, təcrübəsizliyindən doğan bir kəlmə ilə Fridunu fəlakət qarşısında qoyduğunu heç ağlına da gətirmədi.


Əli əmniyyəbaşı fon Valterin yanına kefi saz girib, oradan çox fikirli və pərişan halda çıxdı. Sanki fon Valter ona illər ərzində yavaş-yavaş yetirdiklərinin hamısını bircə dəqiqə sıxıb, canından çıxartmaq fikrinə düşmüşdü. Əli əmniyyəbaşı əvvəlcə onun təklifini qanmadı, çünki bu adət etdiyi və həvəslə yerinə yetirdiyi tapşırıqlara bənzəmirdi. O, təəccüblə fon Valterə baxıb etiraz etmək istədikdə fon Valter əllərini tez-tez başına çəkdi:

– Qorxursan, hə?

– Cənab fon Valter, axı mənim o tayda kimim ölüb, bu tayda de, harasını istəyirsən dağıdım. Kimi istəyirsən bir gecədə yox eləyim. Əlim titrəsə heç kişi deyiləm. Lap deynən gedim, əlahəzrətin özünə bomba atım, qorxmaram, çünki bilirəm ki, sən varsan, burda dalımda durmusan.

– Alman dövləti harada olsa, sənin dalındadır.

– Yox, başına dönüm, məni elə yerə göndərmə, o alman dövləti-zad batan tilsim deyil.

– Fon Zalkind də sizinlə gedəcək, çox olsa, bir aya qoşun da gəlir.

– Başıma dönüm, məndən keç, göndər bu ərbab Hənəfi, mübaşir Məmmədi, mənim işim deyil. Bu İrandaca nə qulluğun var, mən hazır.

Fon Valter ona dediklərini xatırlatdı. Ərdəbildəki mülkünü yadına saldı.

– Nə qədər əmniyyə idin, belə danışmırdın, indi ərbab olmusan, borc-zad bilmirsən! Bizə də almanlar deyərlər, elə edərəm ki, külün də tapılmaz. Get fikirləş.

Əli əmniyyəbaşı özünü çölə atdı. Huşu başından çıxmış halda Qəmərbanugilə yollandı. Bu vaxta qədər o elə güman edirdi ki, Ərdəbildə o, toxunulmaz bir ağadır. Axmaq almanlara bir-iki məlumat verməklə, bir-iki gədə-güdəni öldürməklə həmişəlik mülk-dövlət sahibi olub yaşayacaq. Nə İran ondan bir məsuliyyət tələb edəcək, nə də alman onu bərkə çəkə biləcəkdir. İndi isə yaman səhv etdiyini görürdü. Elə tora düşmüşdü ki, heç çıxılası şeyə oxşamırdı.

Qəmərbanu üz-gözündən onun halını anlayıb, dodaqaltı gülümsədi. Böyük salona yox, xudmani balaca otağa apardı və stol başında oturanlara təqdim etdi:

– Buyurun, bu da ağayi ərbab Əli milyonçu Ərdəbili, – deyib otaqdan çıxdı.

Azca hallı olan mübaşir Məmməd badəni qaldırıb, ayağa durdu və sözləri şişirdərək:

– Əli milyonçu Ərdəbili! Sizə zarafat gəlməsin, Əli milyonçu Ərdəbili! İçirəm o cənabların sağlığına. Ha... Ha... Ha... kefin necədir, aşna!.. Hə, nə olub, yoxsa, soyuq-zad dəyib belə pörtmüsən? Ədə, ərbab Hənəfi, badəni doldur, ver ona, axı səfər yoldaşındır, ha... ha... ha...

Əli əmniyyəbaşı, Qəmərbanunun istehzalı təbəssümlərinə, mübaşir Məmmədi açıq ələ salmasına fikir vermədi, konyakı alıb başına çəkdi:

– Atana lənət, fon Valter, – dedi, – köpək oğlu mənə deyir ki, keç o taya, özünü ver enkevedenin əlinə.

Mübaşir Məmməd ucadan ürəkdən güldü:

– Tək getmirsən, qorxma, yoldaşın da var. Buyur tanış ol, bu ağayi ərbab Hənəfi. Bəs niyə sevinmirsən, cəhənnəmə gedən yoldaş görəndə sevinər, sevin, mən ölüm, qaşqabağını aç.

– Gül, gül mənə, mübaşir Məmməd, sənə nə var, kefin saz, damağın çağ! Gül!

– Bəs sən necə bilmişdin, dadaş?! Ərdəbildə mülkü sənə havayı vermişdilər?!. Fon Valter dədəsinin xeyratına tümənləri tökürdü cibinə? İndi zəhmət çək, bir-bir qus... Belə deyil, ağayi Məhbusi! Axı sən belə işlərdə ustasan.

– Qorxma, Əli, gedib qayıdandan sonra o qədər pulun olacaq ki, lap istəsən ağayi Hikmət İsfahaninin də Ərdəbil malikanələrini satın ala bilərsən, qorxma!

Əli ürəyindəki acığı çıxmaq üçün zarafata salıb, Məhbusinin üzünə bərk bir sillə vurdu.

Bizi bu kələyə salan sən olmusan, hə, aşna... Bəs özün niyə getmirsən.

Mübaşir Məmməd, mütəmadiyən içən və susan ərbab Hənəfinin döşünə döydü:

– Onun yerinə bu gedir, bu ağayi Məhbusinin İranda da işi çoxdur. O başqa qəfəsin quşudur. Sizin kimi quzğun deyil. Gedin, gedin, başınıza dönüm. Fon Zalkind sizi aparıb, alman qoşunlarına yol açacaq. Dalınızca beşcə gündən sonra Bakıdayıq. Tez gedin. Siz dağıdanları biz gəlib düzəldəcəyik, tez özünüzü ora çatdırın... ha... ha... ha...

Əli əmniyyəbaşı yenə fon Valterə söydü, öz planını açmaq istədi:

– Mənə də Əli deyərlər.

Mübaşir Məmməd onun sözünü kəsdi:

– Bay, necə Əli, yox, yox, ağayi Əli milyonçu Ərdəbili!..

– Yaxşı, gül, gül, mübaşir Məmməd, elə bilirsən ki, bir gün mister Harold sənin başına bu oyunu gətirməyəcək? Vallah elə oyun açacaq ki, fon Valterə min şükür edəcəksən. Nə qədər İran var, Amerika var, ingilis var, alman var, bu oyunlar var. İntəhası indi alman qabağa düşüb, sabah alman yıxılanda Amerika onun yerini tutacaq, deyəcəklər: ağayi Məmməd, buyurun Arazın o tayına, Bakıya bir od salın qayıdın. Onda hey başına döyəcəksən, qulaq asan olmayacaq. Gülmə, gülmə sənin də o gününü görəcəyəm.

– Onda sən enkevedenin damında olacaqsan, məni heç cür görə bilməyəcəksən.

– Yox, görəcəyəm. Xahiş eliyəcəyəm ki, mənə dəyməyin, bir az gözləyin, dalımca mübaşir Məmməd gəlir, bərk dostumdur, məni görməsə bağrı çatlar, onu da mənim yanıma ötürün, sonra nə edəcəksinizsə, ikimizə də bir yerdə edin.

Məhbusi dilləndi:

– Yaxşı, peyğəmbərlik eləmə, de görək nə deyirsən.

– Mənə də Əli deyərlər, mən...

Mübaşir Məmməd sözünü deməyə ona imkan vermədi. Əlini ağzına basdı:

– Sus, sus, qoy çəkilsin sonra.

– Kim çəkilsin?

– Kim olacaq, Qəmərbanu qapının arasından qulaq asır, gedib hamsını fon Valterə deyəcək.

Əli əmniyyəbaşı tüpürüb, badəni yerə çırpdı:

– Gör, bişərəf köpək oğlu, kimdən istifadə edir ey, əxlaqsızın birindən, tfu, tfu, tfu!..

Mübaşir Məmməd əlini yenə onun ağzına basdı:

– Niyə? Qəmərbanunun nəyi səndən əskikdir? Ya sənin nəyin ondan artıqdır?.. Niyə səndən istifadə etmək olur, bundan olur, ondan olmur? Sözümə cavab ver ey, niyə?

Ərbab Hənəfi çaxırdan bir stəkan töküb içdi və üstündən bir lüləkabab yedi. Mübaşir Məmməd onun döşünə döydü:

– Ye, başına dönüm, heç bir söz danışma, ye, haqqın yolunu yaman tapmısan!.. Ağzına su alıb oturub, kənardan baxan elə bilər ki, məsum bir mələkdir. Mən ölüm, Əli, heç deyərsən ki, bu oğlan bir ayda üç adam boğub?.. Bir danış görək, hansı çox verdi, mister Harold, mister Tomas, ya fon Valter? Bircə onu de, başqa sualım yoxdur

Məhbusi yenə Əli əmniyyəbaşıya döndü:

– Hə, sözün yarımçıq qaldı... sən...

Əli əmniyyəbaşı xatırlamağa çalışırdı:

– Bu naqqal oğlu macal verir ki... Hə, mənə də Əli deyərlər, pulları alıb qaçacağam Şahsevənin içinə, fon Valter məni tapsın görüm, haradan tapır. Başıma hava gəlməyib ki, gedəm özümü diri-diri verəm bolşeviklərin əlinə.

– Sən öləsən. Şahsevən-zad kömək eləməz. İranda iki daşın arasında da gizlənsən, fon Valter səni tapıb, bu ağayi ərbab Hənifəyə öldürdəcək... Qiyməti də çox ucuz, ikicə yüz tümənə... ha... ha... ha... On min tümənlik mülkü olan bir ağanın başının qiyməti iki yüz tümən! Ha... ha... ha...

O, güldükcə Əli əmniyyəbaşı qızarıb-bozarırdı. Nəhayət, fon Valterin də acığını mübaşir Məmməddən çıxmağı qərara aldı. Şərab butulkasını yuxarı qaldırdı:

– Sənin başının qiyməti, bax, budur, – deyib onun başına çırpdı. Butulka parça-parça olub, ətrafa töküldü. Mübaşir özündən gedib yıxıldı. Qəmərbanu səsə içəri girdi:

– Nə olub, ağalar?

Məhbusi qabağa keçdi.

– Heç nə, bir yaş dəsmal gətir.

Əli əmniyyəbaşı:

– Kim ona kömək eləsə, başını əzəcəyəm, qoy ölsün köpək oğlu, – dedi və Məhbusi ilə üz-üzə durdu. Məhbusi nə isə ərbab Hənifəyə göz elədi, o cibindən çıxartdığı yumruq boyda bir şeylə Əli əmniyyəbaşının boynunun ardından elə vurdu ki, dərhal özündən getdi.

Məhbusi Qəmərbanuya:

– Qızları çağır, ikisini də özünə gətirib çölə ötürsünlər. Soyuqda ağılları başlarına gələr, – dedi və ərbab Hənəfini götürüb, otaqdan çıxdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

On dördüncü fəsil

Rza xan maşını Pəhləvi küçəsində saraya çatmamış, saxlatdırıb düşdü və adətinin xilafına olaraq, piyada yeriməyə başladı. Onu hər tərəfdən hərbi qiyafəli qulluqçular əhatə etmişdi. Sərhəng Səfai də onların içində idi. Şah yavaş addımlarla yeriyir və heybətli nəzərlərlə ətrafa baxırdı. Onu görən hər kəs tez qaçıb ya bir dükana soxulur, ya tələsik qayıdıb geri dönür, ya da divara sıxılıb, keçməsini gözləyirdi. Hətta laqeyd və çox danışmağa adət etmiş dükan və mağaza sahibləri belə cınqırını çıxarmayıb, hövlnak içəri girirdilər. Məktəbli uşaqlar və çadrası götürülmüş olsa da, başındakı yaylıqla yaşmaq tutan qadınlarda ona rast gəldikdə ildırım vurmuş kimi yerində quruyub qalır, səslərini kəsib, başlarını yana çevirirdilər. Sanki küçədə dəhşətli bir kabus, hər tərəfə ölüm saçan qara bir heykəl hərəkət edirdi. Bu, zülm və istibdad heykəli idi. Onun ayağı dəyən hər yerdə bir məzar sükutu hakim olur, yalnız keçib getdikdən çox-çox sonra insanların rəngi özünə gəlməyə başlayırdı. Şahın qara çöhrəsinə baxanların nəzərində məhbəslər, dar ağacları, ölüm və zülmətin qurbanı olmuş adamların siması canlanırdı. O isə düz gedir, bu rəngi qaçmış, gözləri çuxurlaşmış insanların üzünə belə baxmırdı. Kim bilir, bəlkə də, onları bir heç, bir qarışqa hesab edirdi. Yaxud da sövqi-təbii bir hisslə üzvlərinə baxmaqdan qorxurdu.O, Pəhləvi xiyabanından burulub, saraylar küçəsinə çıxdı və mərmər sarayın qapısına doğru addımlayanda heç kəsin gözləmədiyi bir hadisə baş verdi. Saçı-saqqalı ağarmış, bir cüt gözü işıldayan bir qoca birdən-birə özünü onun ayaqlarına atdı. Şah əvvəlcə gözlənilməz bir vahimə içərisində geri çəkildi. Heç bir zaman ürəyini tərk etməyən gizli qorxu hissi bütün vücudunu titrətdi. Lakin ayaqlarının altında suiqəsd edəcək bir adam deyil, zəif, aciz, kəlləsinin sümükləri çıxmış, ordları batmış bir qoca gördükdə durdu və qəzəblə ona baxdı. Uzunboylu, yanaqları qırmızı, boynunu ət basmış bir sərtib və sərhəng Səfai dərhal qocanın üstünə atılıb, onu yoldan kənar etmək istədilər. Qoca cansız vücudu ilə amansız bir müqavimət göstərərək, Rza xana doğru sürünməyə başladı. Şah amiranə bir tərzdə sağ əlini qaldırdıqda sərhəng və sərtib kənara çəkildi. Şah qəzəblə qocanın üzünə baxdı və farsca:

16 мин
On beşinci fəsil

Hikmət İsfahani ağır bir təəssürat altında saraydan çıxdı. Onun fikri dolaşıq, qəlbi həyəcanlı idi. Rza xanın ondan narazı olduğunu, ona hətta gizli bir kin bəslədiyini duyurdu. Rza xanın heç bir şeyi unutmadığını və heç bir qüsuru əfv etmədiyini də bilirdi. Buna görə də qəlbinin dərinliklərində ağır bir əndişə baş qaldırırdı. Şahın belə qəzəblənməsində Həkimülmülkün də barmağı olduğu ona aydın idi. Bununla belə, hər şey ona anlaşılacaq şəkildə görünmürdü. Nə isə, şahın da, Həkimülmülkün də hərəkətlərində bir mübhəmlik, bir sirr vardı. Saraydan çıxdıqdan sonra Həkimülmülkün Rza xanla tək qaldığını yəqin bilməsi, xüsusilə onun bu şübhələrini daha da artırırdı. “Bu siçan hələ çox iplər çeynəyəcəkdir!” – deyə Hikmət İsfahani düşünür, özünü bərk danlayır, belə bir adamın əlinə bəhanə verdiyi üçün peşmançılıq çəkirdi: “Mən axmaq – deyirdi, – bu bişərəfləri tanıya-tanıya yenə dilimi dinc qoymuram, mülk də getdi, əlavə Ərdəbil bağları da getdi, qızı da bu qurumsağa verdim. Özüm də borclu çıxdım. Özüm öz malımı oda qoydum. Bu saray siçanı, bu tiryəki köpək oğlu da üstümə qalxdı. Ayağın qoydu boğazıma. İndi nəfəsimi kəsənə qədər sıxacaq...” Bu düşüncələr onu sıxır, tamamən haldan çıxarırdı. Bütün bu fikirlər və mülahizələri onu çarə axtarmağa, ayağının altını möhkəmlətmək üçün yollar aramağa sövq edirdi. O, hansı vasitələrlə Rza xana təsir edə biləcəyini, onu bu hiyləgər və tiryəki Həkimülmülkün təsirindən qurtara biləcəyini düşünürdü. Bu, verimlə, bəxşişlə düzələsi iş deyildi. Çünki əlahəzrətin bir pis xasiyyəti vardı ki, verdikcə iştahı artırdı, əmlakı artdıqca onun həvəsi də şiddət kəsb edirdi. Onu verimlə doyurmaq mümkün deyildi.Hikmət İsfahani uzun müddət şaha təsir etmək yollarını axtarıb, bir-bir mühüm simaları xatırında canlandırarkən, birdən-birə dostu mister Tomas yadına düşdü. “Aha, yaxşı tapmışam, – deyib sevindi, – bu adamın İran siyasətində hərlətmədiyi bir təkər, tərpətmədiyi bir halqa yoxdur. Yaxşı tapmışam. Əlahəzrəti elə yumşaltsınlar ki, lap muma dönsün. Ağayi Tomas onun qəzəbini elə mərhəmətə çevirsin ki, görən əhsən desin!” Bu fikirlərlə o birbaşa maşını Tomasın rəsmi qulluq yeri olan ingilis səfarətxanasına sürdü. O, maşından düşərkən Tomasın öz maşınına minməyə hazırlaşdığını gördü. Tələsik ona doğru addımladı. Tomas da onu görüb dayandı və qayıdıb ona tərəf gəldi. Uzun qollarını yanına sallayaraq uzaqdan:

20 мин
On altıncı fəsil

Tehran qabarıq bir təzad içərisində yaşayırdı. Zahirən onun sakitlik və ətalətini pozacaq bir hərəkət gözə dəymirdi. Sanki o, bir-birilə heç bir zaman uyuşa bilməyəcək ziddiyyətlərin ahəngini yaratmışdı. Həqiqətdə isə bu təzad onu daxildən didib parçalayır, mənliyini çeynəyir, nəhəng bir ağacı içərisindən gəmirən bir qurd kimi onu sarsıdırdı. O, bir-birini yemək üçün yaranmış iki övlad doğmuş anaya bənzəyir, bu ananın əzab və iztirabları ilə yaşayırdı. Sərvət və səfalət ona övlad və qənim kəsilmişdi.Şəhərin bu dəhşətli mənzərəsi, kəndin Fridunda oyatdığı kədər və qəzəbi daha da artırırdı. O, bazar və küçələri doldurmuş yurdsuz uşaqlara, səfil-sərgərdan bir halda hər gələnə əl açan qadın və qızlara baxır, onların içində Musa kişini, Gülnazı, Səriyyə xalanı, onların körpələrini axtarırdı. Bu qayda ilə günlərlə, həftələrlə şəhərin küçələrini və bazarları dolandı, tanış və dostlardan soraqlaşdı, nişanlarını dedi, lakin bir səs, bir xəbər çıxmadı. O, maşınlardan enib mağazalara, kontorlara girən qarnı tox, əyni qalın Hikmət İsfahaniləri saxlamaq, “Ağalar, yaxşı baxın, bunlar sizin əməllərinizdir!” deyə qışqırmaq istəyirdi. O, getdikcə fikirli və qüssəli olmağa başladığını hiss edirdi. Artıq əvvəlki şuxluq və şadlıq zaman keçdikcə onu tərk etməyə başlayırdı, tamamən yerini ağır düşüncələrə, əzablı duyğulara verirdi. Bu düşüncə və duyğular qəlbindəki intiqam alovunu, azadlıq hərəkətini gücləndirirdi. O, yalnız fəaliyyətdə, yalnız çalışmaqda bir təskinlik taparaq, bütün varlığını yenidən dərslərə və işə vermişdi. İşi isə pis getmirdi. Vərəqələr və birinci kitab gözlədiklərindən artıq nəticə vermişdi. Onların məzmunu tez bir zamanda xalq arasında yayılmışdı. Şəhərdə bu ətrafda gedən söhbətlər kəsilmirdi. Fridunun nəzərində onların ən böyük əhəmiyyəti xalqda ümid oyatması, həyat və quruluşdan narazı olan adamları mübarizəyə ruhlandırması idi. Camaat rəsmi dairələr və qəzetlər tərəfindən yayılan vərəqələrin Sovet səfarətxanası tərəfindən buraxılması xəbərini dodaqaltı istehza ilə qarşılamış və sanki buna cavab olaraq, vərəqə buraxanlara “həqiqətçilər” təxəllüsü vermişdi. Bu istilah çox tezliklə hər tərəfə yayılmışdı. Qəribə orası idi ki, camaat belə bir işə iqdam edən adamlardan daha çox şeylər gözləyir, onların adına min söz danışırdı. Qurban Mərəndi, böyük bir sevinclə Fridunu tutaraq:

17 мин
On yeddinci fəsil

Sərtibin otağında intizar dolu bir sükut vardı. Hafiz Biluri və Yavər Əzimi üz-üzə oturub fikrə getmişdilər. Onların qabağındakı açıq nərdin ağ və qırmızı daşları bir-birinə qarışmışdı. Fikirlərini yenə başqa məsələlər məşğul etdiyindən oyun yarımçıq qalmışdı. Nərdin yanına qoyulmuş stəkanlardakı çay soyumuş, vazalardakı meyvə, şirniyyat əl dəyilməmiş qalmışdı. Yavər Əzimi tez-tez saatına baxır, səbirsizlik göstərirdi. Hafiz Biluri isə gözlərini qeyri-müəyyən bir nöqtəyə dikdiyi halda, nərdin bir daşını götürüb o birisini qoyur, zahiri təmkinini pozmamağa çalışırdı. Hər ikisi, Səliminin həyatında bir dönüş günü gəlib çatdığını müəyyən etməyə çalışırdı. Səlimi evdən çıxıb, saraya getməmiş onlar bu görüşə sevinirdilər. Məmləkətin siyasətində əsaslı bir dönüş yaradacağına inanmasalar da, Səlimi öz haqqındakı pis fikirləri məhv edəcəyinə, yenə əvvəlki mövqeyini özünə qaytaracağına şübhə etmirdilər. Lakin Səlimi onlarla xudahafizləşib, həyət qapısını örtdükdən sonra ürəklərinə ağır bir şübhə, qondu. Hafiz Biluri nərdin daşlarını qarışdırıb Yavər Əzimiyə baxdı:– Görəsən, sərtib bu gedişlə islaholunmaz bir iştibah etmir ki? Nə isə ürəyim rahat olmur.

20 мин

Стихи других поэтов