Страница 7 из 8 · 75%

– Gədə, biz sabah səhər gedirik. Şeyləri qablamışıq.

– Hara, Ləndənə?

– Yox, hələ İsfahana. Oradan da görək hara gedirik.

– Heç durmaq olar! Görmürsən bolşeviklər gəlib Qəzvini tutub, Gədə, budur Kərəcdədirlər ey...

– Sən də qaçırsan?

– Səfeh oğlu səfeh, mən niyə qaçım? Ağa mülki mənə tapşırıb gedir.

– Dedim, bəlkə, sən də Ləndənə səfər edirsən.

– Məni sərimə, təbrizli balası, xudahafiz!

Onlar ayrılıb, hərəsi bir tərəfə getdi. Kürd Əhməd və doktorun oğlu bir-birlərinə baxıb gülümsədilər. Bu zaman “Novbahar” kafesindən çıxıb qapının ağzındaca iki nəfərdən birisi kəskin hərəkətlə sola döndükdə doktorun oğluyla üz-üzə gəldi. Doktorun oğlu yenə çəkilib ona yol verdi. Onlar ani olaraq göz-gözə gəldilər. Doktorun oğlu:

– Mersi! – deyib keçdi.

Doktorun oğlu ayaq saxladı. Kürd Əhməd onun pambıq kimi ağardığını gördü:

– Nə oldu?

Doktorun oğlu uzaqlaşmaqda olan adamın dalınca baxırdı. Onun ağzından bircə söz çıxdı.

– Hüseyn Məhbusi!

Hər ikisi, sürətlə uzaqlaşmaqda olan adamı təqib etdilər. O, şıq geyinmiş, şlyapasını sola tərəf əyri qoyaraq gedirdi. Doktorun oğlu iti addımlarla ona yaxınlaşdı və qoluna girdi:

– Salam, ağayi Məhbusi!

Məhbusi çiyninin üstündən təəccüblə doktorun oğluna baxdı. Tanıya bilmədi. Doktorun oğlu qara eynəyini çıxartdı, bir də:

– Salam! – dedi.

Məhbusi heyrətlə ona baxdı. O, hələ özünü yığışdıra bilmirdi. Nə isə heyrət və gizli bir fikrin doğurduğu sevinc bir-birinə qarışmışdı:

– Sizi nə qədər axtarmışam.

– Axır yenə mən sizi tapdım. Bilirsinizmi nədən tanıdım? Gözlərinizdən.

Məhbusi ucadan güldü.

O gecə dediyiniz düz çıxdı. Hara belə, buyurun bizə gedək.

– Yox, sizi hələ dostumuz Kürd Əhmədlə də tanış edim, özü də birbaş bizimlə gedək. Təşkilatın iclası var. Axı bu günlər məsul günlərdir.

Məhbusi ani bir fikirdən sonra:

– Xob, gedək, – deyib razılaşdı.

Onlar faytona oturdular. Üçü də susmuşdu. Kürd Əhməd gözünü Məhbusidən çəkmirdi. “Birdən fikrini dəyişər, cəncəl çıxardar” deyə həyəcan keçirirdi. Doktorun oğlu da qəzəbli baxışlarını hiss etdi:

– Bəlkə, adres verəsiniz mən sonra gələm, – deyə yavaş-yavaş danışdı.

Fayton Kürd Əhmədgilə yaxınlaşırdı. Bircə küçə dönmək lazım idi. Doktorun oğlu soruşdu:

– Niyə? Yoxsa tələsik işiniz var?

– Çox tələsik. Sonra sizə nağıl edərəm. Axı biz də bir təşkilat düzəltmişik. Yoldaşlarla gərək görüşəm.

Danışığındakı ahəngi və kəsik sözlərdən, onun bərk qorxduğu bilinirdi. Doktorun oğlu onu sakit etdi:

– Nə eybi var, – dedi, – beş dəqiqə oturub çıxarsınız. Elə faytonu da qapıda saxlarıq. Evi tanıyan gedin.

Məhbusi danışmadı. Bu sözlər ona inandırıcı göründü. Fayton Kürd Əhmədgilin qapısında dayandı. Kürd Əhməd irəli keçib dəmiri döydü. Uşaq qapını açdı. Onlar içəri girdilər, həyətdən keçib yuxarı çıxdılar. Rza Qəhrəmani Sərxan və Fəridə salonda oturmuşdular. Kürd Əhməd gülərək:

– Tanış olun, ağayi Məhbusi, – dedi.

Rza Qəhrəmani ayağa durdu. Diqqətlə başdan-ayağa Məhbusini süzdü. Məhbusi əlini ona uzadan yerdə o, Məhbusinin üzünə tüpürdü:

– Cani! Xain!

Məhbusi məsələni anladı. Tələyə düşmüş vəhşi kimi, çırpınmağa başladı. Qəhrəmanini döşündən itələyib pəncərədən özünü çölə atmaq istədi. Kürd Əhməd qüvvətli əllərilə onun boğazından yapışdı. O, xırıldayıb yerə oturdu.

Fəridə:

– Nə çırpınırsan, alçaq, – bəs o qədər qana bais olanda demirdin ki, belə günün də var!..

Sərxan heç bir söz deməyib, onun əl-ayağını bağladı. Onu evin altındakı kərpic, döşəməli zirzəmiyə endirdilər. Məhbusi ümidsiz halda yalvarırdı:

– Deyin görüm, mənə nə etmək istəyirsiniz?

Kürd Əhməd:

– Səni mühakimə edəcəyik. Uzan orada! – deyib onu küncə itələdi və yoldaşlarına döndü:

– Buna mühakimə etməzdən əvvəl Xavəri evindən köçürmək lazımdır.

Onlar təsdiq etdilər. Zirzəminin qapısını bağlayıb çölə çıxdılar.

Kürd Əhməd kiçik qardaşını çağırdı:

– Bu ağalara bir stəkan çay ver, mən də yarım saata qayıdıram, – dedi və çıxmaq istədi, Fəridə onun dalınca ayağa durdu:

– Siz çox zirəklik eləməyin, qoyun mən də gedim. Bəlkə, lazım oldu.

Sərxan:

– Mütləq get, – dedi, – kənarda durarsan, bəlkə, bir hadisə baş verdi.

Fəridə ilə Kürd Əhməd küçəyə çıxdı və qapıda durub Məhbusini gözləyən faytona oturdu. Daş döşəməli küçədə dördnala çapan atların ayaq səsi ətrafa yayıldı.


Xavər bütün günü ağzına çörək dəyməmiş Azadı dilə tutaraq təzəcə yatırtmışdı. Bir saatdan artıq onun başını dizinə alaraq nağıl demiş, müxtəlif suallarına cavablar tapmağa çalışmış, sabah ona hər şey alacağını vəd edərək, xoş bir ümid içərisində yuxuya vermişdi. Özü də elə oradaca, uşağın başının üstündə oturaraq xəyala dalmışdı. Şəhəri bürümüş müxtəlif danışıqlar onun da qulağına çatmışdı. Tezliklə təzə hökumət yaranacağından, azadlıqdan, bolluqdan, hər kəsə iş olacağından danışırdılar. Xavər də səbirsizliklə o günün gəlməsini gözləyirdi: Gələcək günün, sabahkı günün! Anlaşılmaz daxili bir etimadla o günün mütləq gələcəyinə inanırdı!.. O gün, gələcək. O gün minlərlə, yüz minlərlə Xavər kimilərə azadlıq, iş, çörək və səadət gətirəcəkdi. O gün Fridunu zindandan, Gülnazı uçurumdan qurtaracaqdı!.. O günün gəlişini sürətləndirmək üçün hər bir fədakarlığa hazırdı. Gecənin qalın pərdəsini yırtaraq onu o gələcək günü qorxunc divlərin qucağından çıxartmaq lazım olsa, yenə də özünü irəli atardı. Yox, artıq divlər son nəfəsini çəkir! Odur, azca sonra qızaran üfüqlərdən, qırmızı şəfəqlərin içindən, o gün, o səadət səhəri qalxacaq və dünyanı salamlayacaqdır! Xavərə elə gəlirdi ki, Kərimxan da xoş günün nurlu işıqları ilə evə daxil olacaqdır. Çünki gecənin qalın pərdələrini qıran, divləri həlak edənlərin içərisində o da vardı. Bu fikir nəzərlərində Kərimxanı daha da qaldırırdı. Onun özünü nahaq qurban vermədiyini düşündü. Həyat və ölümün igidlərə layiq olduğunu duydu. Azadlıq və səadət günlərində Xavər ondan oğluna nağıllar deyəcək, onun Rüstəm Zal kimi bir qəhrəman olduğunu danışacaqdı. “Oğlum, atan kimi mərd ol, igid ol, dünyada namusla yaşa!”

Axşamın həzin sakitliyi, Tehranın üstündəki mavi və nəhayətsiz cənub göylərində çırpınan ilk ulduzlar sanki onun bu xəyallarını oxşayır, fikrini uzaqlara çəkib aparırdı. O qədər sakit, o qədər səssiz bir axşam idi ki, ara-sıra damlardan həyətə enən gecəquşunun qanad çalması belə dərhal eşidilirdi. Çaparaq gələn atların ayaq səsi bu sakitliyi xələldar edərək həyətə doldu. Fayton onların qapısında durduqda Xavərin başına qorxulu bir fikir gəldi: birdən Qəmərbanu olmaya!.. Ürəyi titrədi. Axı, o hədələyib getmişdi. İstəsə, nələr edə bilərdi!

Kürd Əhməd Fəridəni küçədə qoydu. Xavərin qorxa biləcəyini düşünərək, qapını döyməmiş səsləndi:

– Xavər bacı, aç mənəm!

Elə bil ki, bu anda dünyanı ona bağışladılar. Ürəyi min bir sevinclə döyündü. Pis gündə əl uzadan xeyirxah bir dost nə yaxşıdır! Kömək, arxa, nəfəs nə qədər qiymətli və gözəldir. O, sevincindən kövrəlmiş halda qapını açdı. Kürd Əhməd tələsik və hay-küylə onu sevdiyi adla çağırdı:

– Yığışdır, fars qızı, – dedi, – daha durma ha, yığışdır, gedək!

Hələ də özünə gəlməmiş Xavər təəccüblə Kürd Əhmədə baxdı. Kürd Əhməd yalnız onun yanaqlarına bir cüt göz yaşı süzüldüyünü gördü və tamam boş qalmış otağa baxdıqda nələr çəkdiyini xəyalından keçirtdi.

– Eybi yoxdur, fars qızı, pis günün ömrü az olar, eybi yoxdur, dur gedək!

O, yuxuda nə isə kəsik-kəsik sözlər danışan Azadı ayıltmamaq üçün yavaşca qucağına aldı.

Xavər:

– Bura qayıdacağıqmı? – deyə soruşdu.

– Yox, fars qızı, bir daha bura qayıtmayacaqsan.

– Bəs açarı nə edim? – dedi və yavaşca əlavə etdi: – İki aydır ev kirayəsi də verməmişəm.

Kürd Əhməd cibindən bir əlli tümənlik çıxarıb ona uzatdı:

– Al, açarı da, kirayəni də ver, gəl, – dedi, özü isə Azad qucağında faytona oturdu. Azca sonra Xavər, Fəridə də gəldi. Faytonu Südabəgilə sürdülər. Fayton qapıya çatanda çıxmağa hazırlaşan Südabə onları qarşıladı. Kürd Əhməd gülərək:

– Lap vaxtında çıxdınız, – dedi, – lap vaxtında. Bundan belə tüfəng götürmək lazım olacaq...

Həyəcan içərisində olan Südabə bu zarafata fikir vermədi:

– Sizə deyiləsi vacib xəbər var!

– Çox yaxşı, onda bu uşağı bir yerdə yatır. Özün də bizimlə gedək.

Südabə Azadı qucağına almaq istədi. Kürd Əhməd zarafat etdi:

– Maşallah, yekə kişidir, gücün çatmaz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İyirmi birinci fəsil

Kərimxan Azadi qaranlıq və rütubətli zindana birdən-birə alışa bilmədi. Ona elə gəlirdi ki, uzun bədənini, enli çiyinlərini dar bir məzar sıxmaqdadır. Sanki onu zorla bir qəbrə soxmuş və qəbri də dikinə qaldırmışdılar. Heç bir yana tərpənmək mümkün deyildi. Heç olmazsa bazubəndin sıxdığı və bükülməkdən yorulmuş qollarını açmaq imkanı olaydı!.. Heç olmazsa gah qızışan, gah buz kimi soyuyan qıçlarını bircə anlığa aça biləydi!.. Nə üçün o tərpənə bilmir? O haradadır? Onun hissiyyatı və ağlı özündədirmi? Bəs ildırım sürətlilə barmağının ucundan başlayaraq beyninə qədər yeriyən bu sancı nədir?.. Görəsən, bu ağrılar, bu sızıltılar bədənin harasından baş qaldırır?.. Bəs bu su haradan axır? Yarıbihuş və yarıayıqlıq aləmindədir... O, qıçlarını çırmayıb gedir, gedir, tələsir, lakin çay qurtarmır, sahil görünmür. Bu zaman əzabın nəhayətsizliyindən doğan məyus bir fikirlə, bir ümidsizliklə özünü buzlu suların qoynuna atır, bütün bədəni titrəyir. Budur, artıq əziyyətlərin sonu çatdı. Əzablar qurtardı, hissiyyat susdu. Bütün əzası əbədi bir istirahətə daldı. Yox, bu əbədi rahatlıq deyil. Qəlbinin harasında isə hələ də əzablı bir duyğu yaşamaqdadır. Yəqin, o, dərin bir yuxuya getmişdir, bunlar hamısı pis bir röyadır, dəhşətli bir kabusdur. Röyada olan kimi qışqırmaq istəyir, səsi çıxmır, əlini uzatmaq istəyir, bacarmır.Onun bu ağır əzablara dözən sağlam vücudu, ecazkar bir surətdə öz həyat qüvvəsini göstərirdi. Birdən-birə uzun sürən dərin bir huşsuzluq içərisindən ayılır, müstəsna bir aydınlıqla hər şeyi anlayır, hər şeyi xatirinə gətirirdi. Nə cür tutulduğunu, necə bu qaranlıq məhbəsə düşdüyünü, nə əzablara məruz qaldığını və yoldaşlarına xain çıxmadığını açıq-aydın təsəvvür edirdi. Hafizəsində keçmiş günlər, ömrünün ağır uşaqlıq dövrləri, zəhmət, məhbəs və sürgünlər canlanırdı. Xavər, qaranlıq göylərdəki təkcə bir ulduz kimi onun həyatına işıq verən Xavər gəlib gözləri önündə dururdu. Sanki yenidən ürəyi bir şadlıq, bir səadət istisi ilə qızınır, dar və rütubətli zindana bir baharın ətri gəlirdi. Lakin mabədini düşünməkdən çəkinirdi. Xavərin indiki həyat və vəziyyətini təsəvvür etməkdən qorxurdu. Bu təsəvvür onu əzə bilər, iradəsini süstləşdirər, məhv edərdi. O, xəyalında həyatının başqa səhnələrini canlandırmağa çalışır, Fridunu, Kürd Əhmədi, pəncərədən müvəffəqiyyətlə qaçan doktorun oğlunu xatırlayırdı. Bunlar onun əzgin ruhuna ümid və qüvvət verirdi. Yalnız o, bircə şeyi xatırlaya bilmirdi. Görəsən, buraya düşdüyü neçə gündür? Bəlkə, aylar gəlib keçmişdir?.. Bu xatirələrə daldığı, huşu özündə olan zamanlarda Məhbusinin də siması gözləri önündə dururdu. O hələ də öz imanında möhkəm qalmaq istəyirdi. O, şübhəyə yol verməkdən qaçırdı. Çünki bütün bu dəhşətli əzablardan daha dəhşətlisi, onun səhvi, ehtiyatsızlığı nəticəsində yoldaşlarını fəlakətə verdiyi ehtimalı ola bilərdi. O, bu fikrin ağırlığına davam gətirə bilməzdi. Bununla belə, nə qədər çalışsa da, yenə ürəyində harada isə kor bir şübhə yaşayırdı. Axı o yaxşı adamdırsa, niyə ilk görüşdə Xavərə xoş gəlmədi? Yox, sevən qadınların hissiyyatı yanlış olmur! Bəs onda nə üçün Məhbusini də tutdular? Axı o zavallı da harada isə indi belə bir məzar içində çırpınmaqdadır... Bu təzadlı fikirlər içərisində o yalnız bircə şeyə sevinirdi: nə yaxşı ki, Fridun və Kürd Əhmədi onunla tanış etməmişdi. Sadiq adam olsa da, indi zəiflik göstərə bilər, onları ələ verə bilərdi. Bu fikir onu az-çox təskin edirdi.

27 мин
İyirmi ikinci fəsil

1941-ci ilin baharı gəlirdi. Hər gün təmiz və sakit bir səhər açılır, mavi üfüqlər dumduru, ləkəsiz və nəhayətsiz görünürdü. Novruz bayramına az qalırdı. Şəhərdə axır çərşənbələri bayram edirdilər, dükan-bazar boyalı yumurtalar, rəngarəng parçalar, əli-ayağı xınalı adamlarla dolmuşdu. Fridun bütün bunlardan xəbərsiz kimi idi. Sanki nə gəlməkdə olan baharı, nə də bayramı görürdü. Hər gün onun vaxtı min bir qayğı içərisində keçirdi. Gah doktorun oğlunun, gah arvadının, gah Xavərin yanına gedir, gah Kürd Əhmədlə görüşmək lazım olur, gah dəmiryol və bütün fabrik işçilərinin yanında olur, gah da Səlimi, Şəmsiyyə və Südabə vasitəsilə zindandakılara kömək etmək yollarını axtarırdı. Lakin hələlik heç bir şey etmək mümkün olmurdu. Səlimi ona, bu məsələ ilə Rza xanın hər gün, hər saat məşğul olduğunu, istintaq nəticələrini hər gün tələb etdiyini, vəzarəti-kişvərdə və məhbəsdə müstəsna bir gərginlik yarandığını demişdi. Hətta onun hərbilər arasında olan yüksək mövqeli tanış və dostları belə bu işə yaxın düşməkdən imtina edirdilər. Beləliklə, zindandakıların xilası üçün heç bir ümid yox idi. Fridun Südabə və Şəmsiyyə vasitəsilə bir təsir etmək mümkün olacağını düşündü. Sərhəng Səfai Hikmət İsfahaninin yaxın dostu idi. Bəlkə onun işə qarışması ilə heç olmazsa gözlənilən ölüm cəzasını əbədi sürgünlə əvəz etmək mümkün olar deyə Şəmsiyyə ilə danışmaq istədi. Səlimi məsləhət görmədi:– Əvvəla, Hikmət İsfahani xeyri olmayan bir işə, xüsusən belə bir işə girişməz, ikinci də, əgər xeyri olsa, bu saat yenə bu işə yaxın düşməz. Çünki, həm Həkimülmülk, həm də Rza xanla əlaqələri hələ düzəlməmişdir. Onu ittiham edib, boğazından asmağa bəhanə axtarırlar.

28 мин
İyirmi üçüncü fəsil

Ayaz beş qranı ovcunun içinə sıxaraq çiyinlərini qısmış halda, titrəyə-titrəyə bazar qələbəliyinə qarışmışdı. Təzəcə yağış yağdığından çox palçıq idi. Adamlar ətəklərini yığışdıraraq, su gölməçələrinin qırağı ilə ehmalca o tərəf-bu tərəfə keçirdilər. Ayaz kimi ayaqyalın, başıaçıq uşaqlar heç kəsə, heç nəyə əhəmiyyət vermədən palçıqlı suyu ətrafa sıçrada-sıçrada gölməçələrin içində yeriyirdilər. Köhnə tumanköynəkdən, cırıq və yamaqlı pencək-şalvardan tutmuş, qapı cəftəsinə, lampa şüşəsinə, bülbül qəfəsinə qədər müxtəlif şeyləri qolunun üstünə, çiyninə ataraq və ya əlində tutub, havada oynadaraq, satmaq üçün bar-bar bağıran adamlar bir-birinə qarışmışdı. Ayaz izdihamdan ayrılıb, buludlar arasında boylanan yaz günəşinin soyuq işıqları düşmüş quru və nisbətən sakit bir yerə çıxdıqda burnuna tünd bişmiş iyi dəydi. Bura qovurmaçılar meydanı idi. Bir tərəfdə tavada cızbız qovrulur, bir tərəfdə çüğündür buğlanır, o biri tərəfdə pörtlənmiş kartof ağarırdı. Ayaz ləbləbi bişirənə yaxınlaşdı:– Əmi, çörək dükanı haradadır?

34 мин
İyirmi dördüncü fəsil

Ağır bir məzar sükutu içərisində edam hökmünü onlara oxudular. Ölümə məhkum edilənlər kamerasına salıb, iyirmi dörd saatlıq həyatları qaldığını bildirdilər. İyirmi dörd saat! Bu iyirmi dörd saatda nələr ola bilərdi? Onlar min arzu və xəyal ilə yaşayır, azadlıq ümidini itirmirdilər. Bununla belə, hər keçən saniyə iradəni sarsıdır, ölümün dəhşətli rəmzi olan dar ağacını gözləri önünə gətirirdi. Onlar dəqiqələri, saniyələri saymağa başlayırdılar. Kərimxan, insanın oturub dəqiqələri saya-saya ölümü gözləməyindən dəhşətli bir şey olmadığını bilirdi. Belə dəqiqələrin ağır iztirabına dözməyib, dəli olanları o, məhbuslar arasında az görməmişdi. İyirmi dörd saatda əlli illik bir həyatın işgəncələri altında əzilmiş kimi, saçı-saqqalı ağaran, üz-gözünü qırışıq basan, heç bir zaman unuda bilmədiyi bir məhbusun surəti indi də gəlib gözləri önündə durmuşdu. O, bu fikir və xatirələri qovmağa çalışırdı. Həyatının xoş günlərini, qəlbə qüvvət və mətanət verə biləcək hadisələrini xatırlamağa səy edirdi. Cənubda sürgündə olanlar arasında rast gəldiyi bir dabbaq yadına düşdü. Dabbaq qərib bir adam idi. Onun qırx illik ömrünün yarısı məhbəslərdə və sürgünlərdən keçmişdi. O, beş dəfə məhbəsdən, iki dəfə sürgündən qaçmışdı. Axırıncı dəfə yenə qaçmaq istəyəndə tutub, edama məhkum etmişdilər. Onu asmamışdan qabaq demişdi:“Dünyada qəlyandan doymadım. Bir qəlyan gətirin, bir qurtum sümürüm, sonra asın”. On yaşından başlayaraq bütün ömrünü oğurluqda keçirmiş otuz yaşlı başqa bir məhbusu asdıqda “vəsiyyətin nədir?” sualına cavab vermişdi: “Çayçı Əhmədə beş tümən borcum var, onu verin, anama da deyin mənə südünü halal eləsin?”

24 мин

Стихи других поэтов