Страница 2 из 6 · 17%

Elə ki, Saleh sövdagərin karvanı şəhərdən çıxdı, neçə mənzil yol gedib tamam şəhərdən uzaqlaşdı. Deyir, sən saydığını say, gör fələk nə sayır. Cəlali Kürdoğlu başının adamları ilə karvan gedən yolun üstündə güdükdə durmuşdular. Gözləyirdilər, görsünlər bir bəndəyi-bəşər gəlib keçəcəkmi, soyub buraxsınlar. Bir də baxdılar ki, uzaqdan bir karvan gəlir, dedilər, Allah kor yapalağınkını yuvada yetirdi, adam gözləyirdik, karvan gəldi. Bəli, yolu mühasirə elədilər. Elə ki, karvan gəlib çatdı bir göz qırpımında Cəlali Kürdün dəstəsi karvanın başının üstünü aldı. Saleh sövdagər gördü iş müşküldü, əl tərpətməyin yeri yoxdu. Cəlali Kürdoğlu əmr verdi, karvanda nə yaxşı şey vardı götürdülər. Sonra bütün karvan əhlini bir yerə yığıb üst-başlarını yoxlamağa başladılar. Kimin üstündə nə var idi götürdülər. Axır gəlib çıxdılar Şəhriyə.

Bəli, Şəhri Mehrinin bir şəklini çəkdirmişdi, həmişə də həmən şəkli özü ilə gəzdirərdi. Elə ki, şəkli gördü, Cəlali Kürdün ağlı başından getdi. Baxdı ki, bu bir qızdı, bir qızdı şah görsə şahlığından keçər. Ha istədi bunun kim olduğunu öyrənə Şəhridən bir söz ala bilmədi. Ancaq nə fayda, keçəl harda, dərd də orda. Cəlali Kürdoğlunun Yaradanqulu adında keçəl bir buyruqçusu vardı. Özü də Sərsəbil şəhərindən idi. Üç-dörd il olardı ki, allahdan da, bəndədən də bezib bir qarın çörək ucbatından Cəlali Kürdoğlunun dəstəsinə qoşulmuşdu. Sərsəbildə tanımadığı adam, açmadığı qapı yox idi. Saleh sövdagəri də yaxşı tanıyırdı, amma quldurda nə iman. Şəkli görən kimi tanıdı. Bəs, dedi, bu Mehridi, özü də həmən bu oğlanın nişanlısıdı. Cəlali Kürdoğlu bir Şəhriyə baxdı, bir şəklə baxdı, güldü:

– Həə, bunun nişanlısı idi, oldu indi mənim. Daha bundan sonra onun adını çəkməyi hər kəsə qadağan eləyirəm.

Şəhri dedi:

– Cəlali Kürd, işdah dil altındadı, könlünnən, deyəsən, koxalıq keçir, sən Mehrini ala bilməzsən.

Cəlali Kürd bir istədi əl atıb Şəhrinin hulqumunu üzsün, amma səbrini basdı. Dedi, görüm bu gədə nə demək istəyir, dedi:

– Necə yəni? Xoşnan olmaz zornan alaram… Kim mənim əlimin üstə əl qoyacaq?

– Əvvələn, Mehri sənə gəlməz, sonrası da mən qoymaram sən onu alasan. Ya ölərəm, ya da Mehrini sənə vermərəm.

Bu sözə Kürdoğlu doyunca güldü. Üz tutdu adamlarına, dedi:

– Mən bu oğlanı öldürmək istəyirdim, amma indi öldürməyəcəyəm, görüm necə qoymayacaq ki, mən Mehrini alım. Onu buraxın çıxıb getsin.

Bəli, Cəlali Kürdoğlunun adamları bütün karvan əhlini qılıncdan keçirdilər, Saleh sövdagəri də həmçinin. Təkcə Şəhrini azad elədilər ki, çıxıb getsin.

Şəhri oradan ağlaya-ağlaya birbaş Sərsəbilə gəldi. Bütün əhvalatı Mehriyə danışdı. Xeyli ağlayıb sızlayandan sonra Allaha təvəkkül deyib sakitləşdilər.

Cəlali Kürdoğlu adamları ilə karvanda hər nə var idisə, yığışdırıb dağlara çəkildi, yeddi gün, yeddi gecə yeyib-içib kef çəkdilər. Yeddi günün tamamında birdən Mehri Cəlali Kürdoğlunun yadına düşdü. Keçəl Yaradanqulunu yanına çağırıb əmr elədi ki, onun atını, yaraq-yasağını hazırlasın. Sonra Mehrigilin evinin yerini-yurdunu yaxşı-yaxşı öyrənib atını mindi. Təkəm-təkcə Sərsəbil şəhərinə yola düşdü.

Elə ki, gəlib zərgər Məsimin evinin həndəvərinə çıxdı atdan düşüb gözləməyə başladı ki, görsün eşiyə-bacaya bir çıxan olurmu, xəbərdən-ətərdən öyrənsin. Bir də baxdı ki, evdən bir qız çıxdı, çiynində sənək suya getməyə başladı. Baxan kimi tanıdı ki, bu haman şəkildəki qızdı.

Mehri bir də baxdı bir bədheybət adam yedəyində at, belində qılınc ona yaxınlaşır. O saat anladı ki, bu Cəlali Kürdoğludur, çünki Şəhri ona demişdi ki, yəqin bu yaxınlarda Cəlali Kürd onun arxasınca gələcək. Cəlali Kürdoğlu Mehri xanıma yaxınlaşıb görək nə dedi, Mehri xanım ona nə cavab verdi:

Aldı Cəlali:

Suya gedən qəmzəli qız,
Bir xəbər ver ellərindən.
Susamışam, su ver içim,
Kafur kimi əllərindən.

Aldı Mehri xanım:

Əslin Kürddür haramzada,
Bizlər su vermərik yada,
Namus, ilqar gedər bada,
Su iç qalma yollarından.

Aldı Cəlali:

Kürd olduğumu danmaram,
Ölsəm, səndən usanmaram,
Heç dözmərəm, dayanmaram,
Əmməyincə ləblərindən.

Aldı Mehri xanım:

Sənəyim yerə qoyaram,
İki gözünü oyaram,

Sən Kürdoğlunu söyərəm,
Hər nə çıxsa dillərindən.

Aldı Cəlali:

Gəl danışma belə sözü
Sinəm üstə qoyma közü,
Sən ol mənə əmiqızı,
Bir buta ver tellərindən.

Aldı Mehri xanım:

Səhərin dan ulduzuyam,
Dillərin şirin sözüyəm,
Mehriyəm, Məsim qızıyam,
Nahaq gəldin ellərindən.

Aldı Cəlali:

Sən ki özünü öyürdün,
Könlünə daşlar döyürdün,
Mən Kürdoğlunu söyürdün,
Lal olmamış dillərindən.

Aldı Mehri xanım:

Bulaq başındakı sözlər,
Bağrımın başını közlər,
Vədə verən, əlbət, gözlər,
Su iç qalma yollarından.

Elə ki, söz tamama yetdi, Cəlali Kürdoğlu dedi:

– Mən əvvəl istəyirdim sənə tanışlıq verəm, əmbə indi iş elə oldu ki, sən özün məni tanıdın, kim olduğumu bildin. Bil və agah ol, mən buraya səndən ötrü gəlmişəm. Allahın buyruğu, bəndənin razılığı ilə səni özümə ömür-gün yoldaşı eləmək istəyirəm. İndi gərək sən də bu işə razı olasan.

Mehri xanımın canına qorxu düşmüşdü, bilirdi ki, Kürdoğlu vəhşinin, quldurun biridir, nə din qanır, nə iman. Kefi kəsdi, bir də gördün Mehri xanımı aldı atın qucağına, kefi haraya istədi apardı. Odu ki, istədi bir nöynən Kürdoğlunu başınnan eləyə. Dedi:

– Cəlali Kürdoğlu, sən igid bir adamsan, səsin, sorağın aləmə yayılıb. Mən də nişannılıyam, bu gün-sabah toyumuzdu. Bəs, sonra deməzlərmi Cəlali Kürdoğlu qız tapmadı, gəlib özgəsinin nişannısını aldı. Axı bu sənin ad-sanına yaraşmaz.

Atalar yaxşı deyib: «Çörəyi ver çörəkçiyə, bir çörək də üstəlik». Cəlali Kürdoğlu kimi adamlara yüz nəsihət, min nəsihət elə, qanan şey döyül. Cəlali Kürdoğlu cavabında dedi:

– Ay qız, Mehri xanım, sən nişannısan, ya nişannı döyülsən, mənim üçün fərq eləməz. Mən səni almalıyam, vəssalam. Əvvəli haqq əmri, sonra da yan dəmiri. Razı olarsan, elçi göndərərəm. Halal-hivə toy edərik, toynan apararam. Razı olmazsan bir qolburmasıdı, sənin canındı, götürüb basaram atın yəhərinə, zornan apararam.

Bu söz Mehri xanımı bir az ürəkləndirdi, ürəyində dedi, hələ deyəsən, bu dəfə Kürdoğlunun əlinnən qurtara biləcəyəm. Dalını da Allah saxlasın. Amma yenə Kürdoğluya üz tutdu:

– Kürdoğlu, gəl bir şərt kəsək. Elə burda deyişək, əgər mən bağladım, sən bu fikrindən əl çək. Yox əgər dediyim sözlərə cavab verdin, onda möhlət ver fikirləşim.

Cəlali Kürdoğlu ürəyində belə götür-qoy elədi ki, qoy Mehri xanım sözünü desin, cavab verə bilər daha yaxşı, verə bilməz ağa durur, Ağacan durur. Zor onun, söz onun. Nə istəsə eləyər. Oydu ki, Mehri xanımın şərtinə razılaşdı. Görək orda Mehri xanım Kürdoğluya nə dedi, Cəlali Kürdoğlu nə cavab verdi. Biz deyək, eşidənnər şad olsun.

Aldı Mehri xanım:

Cəlali Kürdoğlu, səlam eylərəm,
Əvvəl həqiqətin neçə yolu var?
Üç yüz altmış altı nədi dünyada?
Onlar kimdi əllərində dolu var:

Aldı Cəlali:

Bizə gəldi salam, əleyki-salam,
Deyim həqiqətin iki yolu var.
Üç yüz altmış altı gün hesabıdı,
O qırxlardı əllərində dolu var.

Mehri xanım belə hesab eləyirdi ki, Cəlali Kürdoğlu ona cavab verə bilməyəcək, amma gördü yox, deyəsən Kürdoğlunun da qabında bir şey var. Götürdü görək sözün dalını necə dedi:

Kim idi almadı öz boynuna suç?
Kim idi soyundu, oldu xırxapuç?

Nədi iki başı, gözü olan üç?
Onu bilməyənin nə kamalı var?

Cavabında aldı Cəlali:

Şeytandı almadı öz boynuna suç,
Hatəm peyğəmbərdi oldu xırxapuç.
Fəslin iki başı, ayı var üç-üç,
Əlbət, bilməyənin nə kamalı var.

Aldı Mehri xanım:

O nədi ki, yarı sudu, yarı qan?
O nədi ki, gözləri var bir xırman?
Onlar kimdi gəldi oldu iki can?
Söylə iki canın neçə dili var?

Aldı Cəlali:

O ürəkdi, yarı sudu, yarı qan,
Lütya balıq gözləri var bir xırman,
Adəm, Həvva gəldi oldu iki can,
İki canın yetmiş iki dili var.

Aldı Mehri xanım:

Dərin-dərin dəryalara dalasan,
Şirin canın eşq oduna salasan,
Qorxum budur Şəhri əlindən alasan
Bu yetim Mehrinin müşkül halı var.

Aldı Cəlali:

Dərin-dərin dəryalara dalmışam,
Şirin canım eşq oduna salmışam,
Bil ki, səni Şəhri əlindən almışam,
Kürdoğlunun yetmiş iki feli var.

Söz tamama yetdi. Kürdoğlu dedi:

– Mehri xanım, şərt bağladın, sual verdin, cavabını aldın, de görüm indi sözün nədi?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов