Ey pul
Göstərən hünəri əzəldən bəri,Oxuyan, hər elmə çatansan, ey pul,Sözlərin gövhəri, dillər əzbəri,Şirin canlar alıb-satansan, ey pul.
Varlının şöhrəti, şanlı adısan,Şahlar dostu, kasıbların yadısan,Fitnəsən, fəsadsan, sehrü-cadusan,Natiqlər nitqini tutansan, ey pul.
Bir camal göstərən aynadan sənsən,Ölkələr yerindən oynadan sənsən,Aləmdə çox qanlar qaynadan sənsən,
Dünyanı bir-birinə qatansan, ey pul.
Şanlı cəlalları quran da sənsən,Uçuran, zərbələr vuran da sənsən,Bəşəri qırdıran, qıran da sənsən,Milyonlar qanına batansan, ey pul.
Sən üçün götürür bir ağır daşı,Sən üçün başlayır qanlı savaşı,Sən üçün öldürür qardaş qardaşı,Tutduğun əməldən utansan, ey pul.
Birinə şirinsən, birinə acı,Birinin başına qoyursan tacı,Dərin dəryalardan alan xəracı,Dağları kül edib atansan, ey pul.
Miskinli Vəlini gətirsən sana,Mehriban elləri salma ziyana,Köməksən, arxasan, cansan insana,Ürəklər üstündə yatansan, ey pul.
Kitabxana.az · https://kitabxana.az/ru/works/miskin-veli-ey-pul
Клавиши ← → для перехода, R — случайное стихотворение