Гусейн Ибрагимов
- О любви
- О божественной любви
- О разлуке
- О вине
- О природе
- О судьбе
- О смерти
- О мудрости
- О родине
- Хвалебные
- Сатира
- Плачи
Bir bulağa bir çöp atırsan aram-aram axıb gedir. Bir çaya xəşəb² salırsan sular onları öz axarında aparır.Zaman da nəhrdir. İnsanlar öz mürlərinin illərini çöp kimi, xəşəb kimi bu nəhrə tökürlər. Əcəmi də beləcə tökdü ömrünün neçə-neçə ilini bu həyat nəhrinə. Əvəzində də torpaq üstündə ölməz bir yadigar ucaltdı...
Saray dəbirinin ön yazısıŞahların, padşahların sarayları başqa bir aləmdir. Gərək o saraylara düşəsən ki, görəsən orada nələr olur, nə sirlər gizlənir, hansı möcüzələr baş verir.Saraylarda adamlar da müxtəlifdir. Müxtəlifdir xasiyyətlər də, əməllər də. Müxtəlifdir iştahlar da, əxlaqlar da. Bu saraylar görəsən nə vaxt, nədən ötrü peyda olublar əzəl-axır məkanımız Xak üzərində, onlara kim daşıyıb şəffaf-şəffaf Abı, ocaqlarında kim yandırıb qızmar-qızmar Atəşi, kim gətirib onların işığlı-qaranlığlı küçələrinə həzin-gur Badı?.. Bu saraylarda adamlar öz mənliklərini, öz izzəti-nəfslərini itirdikləri kimi adlarını da itirirlər. Birinə hökmdar deyirlər, birinə vəzir; birinə mələkə deyirlər, birinə cariyə; birinə əş-şeyx ər-rəis deyirlər, birinə qazi; birinə münadi deyirlər, birinə nədim; birinə məşşatə deyirlər, birinə kəniz; birinə mühafiz deyirlər, birinə dərban; birinə qulam deyirlər, birinə pərdədar...
Hökmdarın qəzəbnak vaxtıQonşuluq barədə bədxahlığın, bədgümanlığın əsasını hələ neçə-neçə il əvvəl gürcü çarı dördüncü Baqrat qoymuşdu. O, heç bir əsası olmadan Arrana düşmən nəzərilə baxmışdı. Öz sələfinə xilaf olmayan dördüncü David isə Azərbaycan üzərinə qoşun yeritmiş, nahaq qanlar tökmüş, iki qədim qonşuları bir-birinin üstünə qılınc qaldırmağa məcbur etmişdi. David Gəncəni tutmuş, yerli əhalidən çoxlu əsir alıb aparmışdı.Onun ölümündən sonra taxt-taca sahib olan birinci Demetre qəflətən basqın edərək gəncəlilərin üstünə yenidən qılınc qaldırmış, onları talan etmiş, geri dönəndə isə çoxlu qənimət aparmışdı. Əsir götürdüyü on min gəncəlinin çoxunu qılıncdan keçirmişdi...
TəşrifCahan Pəhləvan bir aya yaxın idi ki, Həmədandan çıxıb Azərbaycan Atabəylər dövlətinin tabeliyində olan şəhərlərə – İsfahana, Mazandarana, Xızıstana baş çəkəndən sonra ən böyük şəhərə – Gəncəyə gəlmişdi. Gəncə səfərindən sonra isə oradan birbaşa Naxçıvana təşrif gətirmişdi, özü də qəfil, təmtəraqsız, heç kimə xəbər vermədən, bir dəstə şəxsi xidmətçi və mühafizəçiləri ilə. Onsuz da Şərur məliki Oğuzun əhvalatından sonra bütün əmirlər, məliklər, rəislər ondan bərk ehtiyat edir, xüsusi mürasilələr¹ almamış, xüsusi çaparlar gəlməmiş hüzuruna təşrif gətirmirdilər, imkan daxilində sarayla əlaqədən, onun sahibi ilə ünsiyyətdən kənar qaçırdılar. Həm də Cahan Pəhləvan son vaxtlar yaman səbirsiz olmuşdu. Onun ova çıxanda təntiklik etməsindən, fərman verəndə tələsməsindən, hökm çıxaranda özünü dalıqaçaraq göstərməsindən, saray adamlarını tez-tez cəzalandırmasından, şuluqluq salan kəndliləri, hərbi qaydanı pozan döyüşçüləri zindanlara saldırmasından, saraydan, darülmülkdən kənarda söz-söhbət gedir, dedi-qodular artırdı. Bəziləri bunu şahın yaşlanmasına yozur, bəziləri əsəbiliyinin artması kimi baxır, bəziləri də Eldəgəzlər nəslindən olanların çox yaşamaması kimi mənalandırırdılar...Amma həqiqət bu idi ki, Əcəmi darıxan kimi, hökmdar da darıxırdı.
Sevinc və kədərİlin ən gözəl çağı idi...Buludlar nəm köynəklərini arabir Arazın sularına sıxırdılar...
Qan puluKarmasın vuruşundakı qələbədən sonra Cahan Pəhləvan döyüşdə igidlik göstərdikləri üçün məlik Nurəddin Qaraya, Cəmaləldin Ayəbəya, Cəmaləddin Özəbaya özünün xas naxırından seçmə atlar bağışladı, onların xanədan qarşısındakı xidmətlərini xüsusi fərmanla qeyd etdi və Sədəddin Əsədə tapşırdı ki, həmin fərmanın surətini məlumat üçün bütün məliklərə göndərsin.– O ki qaldı, mənnən sənə-deyə vəzirə ürək-dirək verib könlünü aldı. – biz Eldəgəzlər dövlətinə nə muzdu, nə də ənam almaq üçün xidmət etmirik... Daha dürüst desək, ikimizin də buna heç vaxt ehtiyacımız olmayıb və olmayacaq da...
Saray dəbirinin son yazısıEy dünya! Ey ərşi-fələk! Ey asəfi-dövran! Gərdişindən fələyin özü də baş aça bilməyən dünya! Bolluca-bolluca dərdi-səri, acısı- ağusu, azca-azca şadlığı-sevinci, şirini-şəkəri olan dünya!.. Birinə batman-batman yamanlıq, birinə misqal-misqal yaxşılıq paylayan dünya... Gəlimli-gedimli, olumlu-ölümlü, qalımlı-itimli dünya. Gör kimlər gəldi, kimlər getdi, kimlər öldü, kimlər qaldı, kimlər itdi səndə? Birinə mərd, birinə namərd dünya!.. Hanı atabəy-əzəm Şəmsəddin Eldəgəz? Hanı onun bir sözü iki olmayan, qılıncından qan daman oğulları Nüsrətəddin Cahan Pəhləvan, Müzəfərəddin Qızıl Arslan? Hanı atlarının kişnərtisi bir günlük mənzildən eşidilən nəvələri Mahmud, Əmiran, Əbubəkr, Özbək? Hanı bütün bəni-Eldəgəz, Hanı? Bəyaz saçlı mərhum anam deyərdi: “Bizim bu dünyadan köçüb axirət dünyasına getməyimizə bir o qədər qalmır. Bu gün-sabah cənab Mehdi Sahib əs-Zaman zühur edəcək. Zühur edən kimi də bu dünyaya onun öz ümməti gələcək...” Madam ki, belə olacaq, onda bu dünyanı mütləqa hifz edib Mehdi Sahib əz-Zamana da, onun ümmətinə də abad halda, qurulu qaldı tikili halda təhvil vermək gərəkdir... Əlbəttə, bunlar çox vaxt bizdən asılı olmur, tarixin öz dərsi, zamanın öz gərdişi mövcuddur. Tarix, zaman isə istiqbala gedən yollardır. Əyri-üyrüsü də olur, düpdüzü də, dolayısı olur, hamarı da... Nə olur-olsun, amma mən bir dəbir kimi onu bilirəm ki, gün keçəcək, həftə ötəcək, ay dolanacaq, il ilə qovuşacaq, Günəş yenə məşriqdən tülu edib doğacaq, məğribdə qürub edib batacaq. Bu ulu dünyamıza nəsillər gəlib, nəsillər gedəcək, nə şahları yada salacaqlar, nə də padşahları; nə xaqanları xatırlayan olacaq, nə də hökmdarları... Amma Əcəmini, Əbubəkr oğlu Əcəmini hamı yad edəcək, hamı xatırlayacaq-xeyirxah əməlinə görə, ilkin növbədə, bəzəkli gəlinə oxşayan, həmişə canlı kimi görünən, nəfəs alan, insanların ovqatını təzələyən “Mərhaba, mərhəba!” Və bunu da deyəcəklər:“Ey insanlar, bu yurd da, onun üstündəki abidələr də sizə bir ata-baba amanatı...” Axı böyük ustadın özü də ürəyindən keçənləri abidənin lal kitabələrinə elə beləcə həkk edib: “Təlatüm içrə biz, sükunətdə daim ruzgar. Köçərik dünyadan, amma bu qalar yadigar...”