1. Oğlum Ələkbər

Allaha min kərə
Elə yalvardım,
Sənin görüşünə
Gəlmək üçün mən.
Bir dəfə axirət
Gününə vardım,
Dirildim son dəfə
Ölmək üçün mən.

Nənən də ordadır,
Baban da orda,
Ananla birgəsən —
Bu səadətdir.
Gözümə görünmür
Qış da, bahar da,
Tənhalıq ən böyük
Bir fəlakətdir.

Ayrılıq yaşında
Qalıbdır yaşın,
Biz ömür sürmüşük
Necə dövrandır.
Xanım, Gülüş bacın,
Arzu qardaşın
Şükür ki, Allahdan
Pak ərməğandır.

Sən mənim dördillik
Qonağım oldun,
Gec gəlib tez gedən
Sehirsən, sirsən,
Məni gözləməkdən
Bəlkə yoruldun?
Cənnət qapısında
Keşik çəkirsən.

Baxışında kədər,
Gözlərində nəm,
Deyirsən: atamı
Haçan görərəm?

Sən «ata» çağırıb
Köçdün dünyadan,
Gecikdi görüşə
Vəfasız atan!

Çalıram qırılmış
Simsiz tarımı,
Haçan bir bulaqdan
Su içərik biz?
Tanrım bağışlasa
Günahlarımı
Tezliklə cənnətdə
Görüşərik biz.

Heç fikir eyləmə
Az qalıb daha,
Şükürlər deyərəm
O gün Allaha!

2. Anam Pəri xanım

Gətirdin dünyaya
Sən neçin məni?
Qara tellərini
Erkən ağ hördün.
Doğdunmu əzablar
Çəkməkçin məni
Özün məndən böyük
Əzablar gördün!
Beş oğul gətirdin
Cahana, anam,
Təkcə sonbeşiklə
Qaldın bərabər.
Üz tutdun Allaha
Qəlbində inam:
Mini bir eyləyən,
Biri min eylər!

İnsan zəhər uddu,
Qəmlər yedi də,
Mərd atam Ələkbər
Köçdü dünyadan.
Dayım Qəzənfər də
Otuz yeddidə
Köksündə güllələr
Köçdü dünyadan.

Bir nəvən doğuldu —
Atam adında,
Sevincdən sığmadım
Dörd il cahana.
Fəqət, uçdu nəvən
Quş qanadında
Bu gün yanındadır
Cənnətdə, ana!

Yanına gəldi ki,
Sonra gəlinin,
Azalsın kədərin,
Azalsın qəmin.

İnsan girovudur
Qara günahın,
Tale saxlamasın
Kölgədə məni.
Ulu mərhəməti —
Qadir Allahın
Sizə tez çatdırdı
Bəlkə də məni.

3. Ömür yoldaşım Gülarə

Çəkdim yer üzünün
Əzabını mən
Qara rəngdə gördüm
Sabahlarımı.
Yazdım «Qəm dəftəri»
Kitabını mən,
Dedim: Bəlkə yudum
Günahlarımı.

Könüldə atəş var,
Ürəkdə ah var,
Onların önündə
Səcdəyə əyil!
Fəqət sonra bildim
Elə günah var,
Su ilə, tövbəylə
Yuyulan deyil!

— Ay Nəbi, sözümü
Sənə deyirəm,
Yox Ələkbər nuru,
Lalə çırağı!
Mən məgər xəstəyəm?
Mən dərd çəkirəm:
Çox erkən itirdim
İki uşağı.
— Yox, sənin həyatda
Bir nəslin vardır,
Dünyaya övladlar
Gətirmisən sən.
Hərəsi bir uca
Məğrur çinardır
Onları igid tək
Yetirmisən sən.

Sözü Ələkbərin
Orda bal dadır,
Lalə qızcığaz da
Qucağındadır.

Arzum var,
Günahlar
Bağışlanarsa,
Cənnət kölgəsindən
Qoşa keçərik.
Uludur insanın
İnamı varsa:
Biz kövsər suyundan
Birgə içərik.

4. Atam Kəbleyi Ələkbər

Anam danışırdı
Uzaq keçmişdən!
— Atan Kərbəlaya
Piyada gedib.
Doyunca o, səni heç görməmişdən
Sanıb ki, əbədi həyata gedib.

Atam adlarayaq
Dərə, təpə, düz,
Altı ay yol keçib gecəbəgündüz.
Dövran verdi mənə
Qartal qanadı,
Atam çağırırdı
Haraya çatdım.
Doğma Ələkbərin yetim övladı
Mən üçcə saata oraya çatdım.

Başımız üstünə
Od töküb zaman,
Anamda ata tək
Qüdrət və mərdlik.
Atam mən uşaqkən
Köçüb dünyadan
Düşünüb haçansa
Görüşəcəyik.

Axdı gözlərimdən
Yaş gilə-gilə,
Dedim ki, nə əziz
Yerdə görüşdük.
Gümüş barmaqlıqlar
Hərarətilə
Elə bir son qoyub dərdə, öpüşdük.

Nurani bir qoca
Yanaşdı mənə,
Elə bil burdaydı Xırdalan kəndi.
Məni həsrət ilə basdı köksünə
Bəyaz saqqalında yaş gilələndi,
Gözümdə al-qızıl lalələr bitdi,
Tanrı bu xəyaldı, ya həqiqətdi?

Bir ata ömrünü
Uzadım deyə,
İki ata ömrü yaşamışam mən.
Sənətdə öz sözüm, öz adım deyə,
Əsrin dərd yükünü daşımışam mən.

Erkən başı üstdə
Şimşək çaxsa da,
Qeyrəti illərdən illərə çatdı.
Onu çinar kimi tufan yıxsa da
Təzədən göyərib qol-budaq atdı.
Yaşamadım ancaq yaşamaq üçün,
Yaşadım atama oxşamaq üçün.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов