Milli məsələlərimizin vaxtımı?
Страница 1 из 2
I
Biz elə sanırız ki, hər millətin mətbuatı o millətin ən parlaq güzgüsüdür ki, oraya baxdıqca insan üstündə olan ləkələri, çirkinlikləri -qüsurları qaldırmağa və özünü daha təmiz, daha gözəl etməyə çalışır.
Halbuki bizim öz milli güzgümüzə baxdıqca orada bizdən artıq özgələri, özgələrin fikir və işlərini görürüz. O dərəcədə ki, bir avropalı, xeyr, xeyr, bir rus vətəndaşımız istəsə ki, Rusiya türklərinin ictimai-siyasi ehtiyac və əməllərini bilsin mümkün deyildir… Bizi bizim mətbuatla bilmək istəyən vətəndaşlarımız orda bizdən ziyada özlərini, özgələrini görüb şəksiz, təəccüb edəcəkdir.
Madam ki, Rusiyada 25-30 milyon türk var, bunların ictimai-siyasi idealları olması da təbiidir. Burasını danmaq deyil, sükutla keçmək belə həm milləti, həm də hökuməti aldatmaqdır. Müdara hər vaxt çirkindir. Bunu istər Hafiz bəyənsin, istərsə də indiki bəzi yazıçılarımız.
Bəli, biz Rusiya türklərinin özümüzə görə ictimai-siyasi arzularımız var. Bu arzuları böyük və qəbul olunmayacaq bir şey sanmayınız! Biz artıq bir zad istəmiriz. İstədiyimiz budur ki, bizə də insanlıq hüququ verilsin. Biz də Rusiyanın hüquqlu təbəəsi cərgəsinə keçəlim. Ögey övlad yerində tutulmuyalım. Hökumətin ümumi qanunundan din və millət seçkiliyi olmasın, xüsusiyyəti-milliyyəmizə etina edilsin.
Ürəyimizdəkini nə üçün gizlədəlim: hüquqsuzluğumuz üzündən idareyi-ruhaniyyələrimiz milli məktəblərimiz, dilimiz, milli xeyiratımız, vəqflərimiz ağlanacaq bir halətdə olarsa, bu idarələrin, bu əmlələrin fikir və tərbiyəsi altında yaşayan cəmiyyət əcəba, nə halda olar?
Təkrar edirəm, ikiüzlülüyə hacət yox: ehtiyacımızı, dərdimizi açıqdan-açığa söylüyəlim. Yaralarımızın üstünü basdırmıyalım. Lazım gəlsə, ta dərinlərinə qədər açıb göstərəlim.
Millət ehtiyacının “millət camesi”nin minbərləri olan mətbuat səhifələrində müzakirə edəlim. İstədiklərimizi hökumətə olmasa da, adil hökumətin ədalətli qanununun vazeyi olan mütərəqqi rus sinfinə olsun bildirəlim.
Bu yol ilə həm millət öz yarasının qeydinə ən əvvəl özü qalmağa alışar, həm də hökumətin işi – verəcəyi əlacın təsiri qolaylandırılmış olar.
Bunun üçün ən əvvəl müdaranı, o yalançı və zərərli politikanı buraxalım. Hökumətimiz osmanlı türk hökuməti ilə dava edir, öz təbəəsi olan türklərlə yox. Həm öylə bir təbəə ki, imdi deyil, yüz illərcə öz sədaqətini, öz vəfapərəst adətini sözlə deyil, yeri gələndə qan və qılınc ilə də bildirmiş və bildirməkdədir. Bizim kimi safürəkli bir millətə xəyanət isnad etməyin özü xəyanətdir, cinayətdir. Bu halda milli məsələlərimiz müzakirəsinin vaxtı deyil demək nə deməkdir? Böylə sözlərlə öz-özümüzdən şübhələndiyimizi göstərmiş olmazmıyız? Bu isə qaş qayırarkən göz çıxarmaq deyilmi? Hələ bir surətdə ki, məhəlli idarəmizin başçısı – namestnikimiz “ehtiyaclarınızı bildiriniz” deyir və bunu bizdən istəyir. Daha düşünməyin, müdaranın nə mənası var? Namestnikimizin o tərəqqipərəst arzusundan imdi bir aydan artıqdır ki, keçir. Əcəba, ruhani rəislərimiz nə kimi layihə və qərardad hazırlayırlar? Əcəba, müşavirə məclisini harada quracaqlar? Yoxsa bu fürsət və zamanıdamı itirəcəklər?
II
Deyirlər, həm də camaat xadimliyi minbərindən deyirlər ki: “Milli məsələlərimizin mətbuat səhifələrində müzakirəyə lüzumu yox. Bizə lazım olan məsələlərə 9-10 il əvvəl Nijni yığıncağında baxılmışdır…”
Daha yaxşı ki, millət başçılarımız bizim üçün zəhmət çəkib milli məsələlərimizi hazırlamışlar, bizə gözəl yol açmışlar. Ancaq o zamanın müsaidəsizliyinə görə məsələlərin nələrdən ibarət olduğu mətbuat səhifələrində açıqca müzakirə edilə bilmədi. Camaatımızın, hətta ziyalılarımızın çoxu da yığıncağın qərardadından xəbərsiz qaldı. İmdi isə əvvəlki müsaidəsizlik bir dərəcəyə qədər götürüldü. Hazır namestnikimizin özü bizdən öz ehtiyaclarımızın bildirilməsini istəyir. Buna görə ehtiyaclarımız müzakirəsinin ən yaxşı vaxtı elə bu vaxtdır. Bizim üçün hər cəhətcə ən gözəl fürsətdir. Bizim milli məsələlərimizin nələrdən ibarət olduğunu, nə istədiyimizi bizimlə bərabər bəlkə mütərəqqi rus sinfi də bilmək istiyir. Elə bir vaxtdayız ki, bizim kimi hüquqsuz məzlumlar deyil, ən sahibi-ixtiyar ruslar belə daxili-idareyi daha mətin, daha hürr, daha mütərəqqi bir mərtəbəyə qaldırmaq, bununla hökuməti daha artıq gücləndirmək istəyirlər… İştə böylə bir olmasın gərək. Çünki biz istədiyimiz müzakirə ilə hökumətin ətəyini dartmaq, ümumi işlərə mane olmaq fikrində deyiliz. Biləks, başların qarışıq olduğu bir vaxtda daxili-idarəyə lazım olan rahatlıq vasitələrini həmin müzakirə ilə o qarışıq başlara bildirmək, yardım etmək istəyiriz. Bunda hər iki tərəf üçün xeyir və faydadan başqa bir şey yox.
Ehtiyaclarımız, əlbəttə, hökumətin qərarı ilə əmələ gələcəkdir. O halda istədiklərimizi, ehtiyaclarımızı nə üçün açıqca bildirmiyəlim.
Hökumət istədiklərimizi qəbul etməyəcəkmiş. Deyəlim ki, etməsin. Heç olmazsa mütərəqqi rus sinfi öz ürəklərində qəbul edərlər ki, dünyada heç bir şey birdən-birə olmaz. Əvvəlcə lazım olan səbəbləri, qafaları hazırlamalıyız, sonra işin hüsulunu gözləməliyiz. İmdiyə qədər mətbuatımızda hansı dərdlərimizi saydıq, hansı yaralarımızı ciddi yolda açdıq? Nə vaxt camaatımızı hazırladıq, nə vaxt “Bu da bizim ümumi fikrimizdir” – dedik.
Bizim dərdimizi bilmək istəməsələr belə biz gərək fürsət axtarıb vaxt-vaxt bildirəlim, qulaqları dolduralım. Bir vaxt olar, əlbəttə, zamanın, halın icabı ilə bu dərdlər qəbul olunar. Zamanımız özgə zamandır. Bizə ancaq çalışmaq, ən əvvəl öz camaatımızı tutacağımız işdən xəbərdar etmək, onu alışdırmaq lazımdır.
Hər millətdə özünün adətinə, aləminə, mühitinə görə birər xasiyyət var. Bilirəm, bizim camaat milli məsələlərimizi, ciddi məqalələri oxuyanda əsnər, yuxusu gələr, özünə ən lazım olan işlərdən qaçar. Hətta çox vaxt olur ki, öz xeyrinə çalışanları boğmaq, öz millət bağına axan su yollarını öz əli ilə kəsmək istər. Amma nerədə bir qoç döyün-dürməsini və ya qəzetdə tazə bir dava xəbərini eşitdimi, yuxuda da olsa qalxar, bütün düşüncəsini ona verər. Neyçün? Çünki öylə alışdırmışlar, öylə də alışmış.
Vaxtdır ki, camaatımızı yavaş-yavaş öz dərdlərinə, öz qeydlərinə qalmağa alışdıralım. öz yarasını, öz dərdini özü yaxşı etmək yolunu bilməyinin, yalnız təbibin əlacı ilə eyni ola biləcəyini qandıralım. Camaatımızın fikrini hər şeydən əvvəl öz dərdinə tərəf çevirəlim. İştə o çevirməyin ən yaxşı vaxtı isə bu vaxtdır.
III
Bir məmləkətdə, bir yurdda yaşayan müxtəlif millətlər ümumi vətənin xeyrinə əvvəl vaxt daha sağlam bir yol ilə çalışa bilirlər ki, o millətlərin arasında haqq və ixtiyarca təvafüt olmuya, onları bir-birlərindən uzaqlaşdıran səbəblər bulunmaya. Çünki millətlərin arasında ziddlik salıb həm tərəqqi və təməddünə mane və həm də hökumətin qüvvətlənməsinə əngəl olan səbəblərin birincisi “müsavat”sızlıqdır.
Vaxta ki, bir torpaq üstündə, bir hava altında qapıqonşu yaşayan iki millətin biri hüquqca üst tutulub, o birisi sıxıldı, o millətin arasında dostluq, yaxınlıq, o məmləkətdə rahatlıq olmaz. Nə təkim böylə də oldu.
Qafqazımızın son on il içindəki əsəfli halı bizə o acı həqiqəti öz gözlərimizlə göstərdi, müsavatsızlığın bəlasını çəkdirdi. Həmin bu müsavatsızlıq üzündən zühura gələn dəliliklər, cinayətlər biz Qafqaz millətlərinin üstünə silinməz tarixi ləkələr buraxdı. Bu ləkələrləbərabər, o qəmli illərin ən ağır həqarət zəncirləri isə yalnız bizim boynumuza taxıldı. Ən böyük və nüfuzlu hökumət adamı ağzından məşhur bir məruzədə: “Şükür Allaha, müsəlmanlar avamlıqları bərəkətindən qəflət yuxusunda yatırlar…” məzmunundakı fikir və üsul bizə göstərilən mərhəmətin əsası oldu.
Vaxt da keçdi, bizim səmtə varan soyuqlar çəkilən kimi oldu. İmdi Qafqazımızda ədalətli bir idarə qurulacağı nəvədini eşitdik. Umulur ki, ən əvvəl bizə tərəf imdad əli uzadılır. Çünki Qafqazda ən ziyada maarif ehtiyacı, hüquqsuzluq bəlası içində boğulan bizik. Umulur ki, bir əsrə yaxın qonşularımıza verilən haqq və müsaidə “bu gün” olsun bizdən əsirgənməz, bizə çox görünməz.
İnsaf edilsin: zamanın böylə bir vaxtda 30-40 milyon biz Rusiya türklərinin milli mədəniyyətimiz adına hansı bir idarəmiz, hansı bir təşkilatımız var? Qonşularımızın Eçmiədzindəki “Akademiya”lar, Tiflisdəki darülmüəlliminləri, geniş ixtiyarı, bol-bol milli məktəbləri qarşısında bizim nəyimiz var?
Ürəyində bir millət və tərəqqi məhəbbəti olan bir qafqazlı türk bir yol Tiflisin ən gözəl yerində beş desyatin torpaq yerində şəhərə zinət verən erməni darülmüəlliminin əzəmətli binasını görür, bu yolda buna müqabil Şəki, Şamaxı, Gəncə və qeyri mədrəsələrinin halını bayquş yuvalarına bənzəyən o viranələri görür də sükutmu edir?
Eçmiədzindəki “Akademiya”nın yetişdirdiyi işıqlı, bilikli, həmiyyətli erməni ruhaniləri qarşısında bizim Hacı Babaları, Molla Məsumları, Hacı Əfəndiləri görüb odlanmamaq mümkünmü?
Bu da rəva bir işdir ki, yan-yana yaşayan iki millətdən birinin sərixtiyarı göylərə çıxsın da, o biri xəcalətindən yerlərə keçsin.
Boş lovğalıqdan nə çıxar? Dininiz, Allah üçün dininiz. Milli mədəniyyətimiz adına insanca nəyimiz var? Müfti və şeyx idarələri altındakı məktəblərmi? Kaş heç olmayaydılar! Müfti və şeyxin özlərinin nə nüfuzları, nə ixtiyarları var ki, məktəbləri nə olsun?
Kitabxana.az · https://kitabxana.az/ru/works/nemanzade-milli-meselelerimizin-vaxtimi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
“Yeni irşad”ın 20-ci nömrəsində Gəncə şəhərindən H.Naseh imzalı bir məktub çap olunmuşdu. Cənab Nasehin orada yazdığı sözlərin hamısını başa düşmədim, çünki o dili mən oxumamışam. Ancaq zehnnən bunu anladım ki, Gəncədə müsəlman cavanlan rus dilində bir qəzet çıxartmaq istəyirlərmiş, Nasehin də xoşuna gəlmir ki, oxumuşlarımız öz müsəlman dilimizi qoyub rusca qəzet yazmaq istəyirlər. Çünki həqiqət, rus dilini baqqal Kərbelayi Əsədmi, əllaf Hacı Göyüşmü, yoxsa bəzzaz Səməb başa düşəcək Naseh belə yazır və belə başa düşür. Amma “Molla Nəsrəddin” özgə cür xəyal edir və özgə cür yazır, qulaq as, gör nə deyir?“Molla Nəsrəddin” deyir ki, əgər dünyada heç bir qəzet olmaya, ancaq yer üzündə bircə Naseh yazdığı dildə çap olunan qəzet ilə bir də Gəncədə rus dilində bir qəzet qala və bəzzaz Səmədimiz oxumaq üçün qəzet axtara və axırda gedib bu iki qəzetəni ala ki oxusun – o vədə and olsun Allaha, imama, peyğəmbərə, Kərbəlayı Sadığın canına ki, Naseh yazan qəzeti bəzzaz Səməd açıb üzüm büküb aparacaq evinə, amma rus dilində yazılan qəzeti yenə qənimət bilib ehtiyat üçün qoyacaq cibinə ve bəzzaz dükanında çitlərin üstündə yazılan açıq və aşkar rus hərflərinə aşina olmağı kifayət verəcək ki, bir qədər səy edib rus qəzetindən bir mətləb çıxartsın.
Mən kiməmHə, ey türk! İstər darıx, istərsə qarıx, yaxandan əl çəkən deyiləm. Sən hər şeyi öyrənmək istədiyin halda niyə bircə zadı – yəni özünü bilmək istəmirsən, niyə öz varlığından, öz vücudundan, öz soy və nəslindən xəbərin yox? Niyə sənə “Kimsən?” dedikləri vaxt həqiqi cavabında aciz qalırsan? Niyə sadəcə deyə bilmirsən ki,mən türkəm. Niyə deyə bilmirsən ki, şiəlikdən, sünnilikdən, babılıqdan əvvəl sən türk idin. İndi də türk-sən və bundan sonra da türk qalacaqsan?Zamanamızda, yəni din və əbudiyyətdən, cins və millətlərin hökm sürdüyü belə bir çağda insan öz soy və millətini tanımamaq, daha doğrusu, özünü bilməmək ən böyük günahlardan, silinməz ləkələrdən biridir. Lakin bu ləkə tezliklə gedən ləkəyə də bənzəmir. Bu ləkə yaman ləkədir. Bu ləkə surətində elə yılancıq (qanqrena) yarasıdır ki, millətimizin vücudunu, türklük varlığını yavaş-yavaş gəmirir, yox edir.Bu gün həm də kiçik millətlərin, xüsusilə məhkum millətlərin öz varlıqlarını, öz hüquqlarını saxlamaq iddiası ilə bu qədər qan tökülən bir vaxtda bizim özümüzü tanımamazlıq bəlası,dərin düşünülürsə, qarayaradan da, taun çibanından da daha acılı və daha zəhərlidir. Hər kəs öz millətini tanıyıb onun yolunda ağladığı, onun yolunda gözünü kor etdiyi böylə bir həngamədə biz öz millətimizi sevmək deyil, onun hətta quru adını da bilməyib ortada şaşıb qalmışız. Çoxdan çürümüş əqidələr, təriqətlər tiryəkisinin beynimizə verdiyi sərsəmliklə hərlənib durururuz.
Dərdimiz və DərmanımızŞükür Xudaya! Qədim cəhalət dövrlərində deyiliz. Adətən qeyri, lakin ümumi istiqbala xeyirli olan fikirlər, təşəbbüslər qədimdə olduğu kimi birdən-birə söndürülmür. Bunlara daha günahkar fikir, şeytan işi deyilmir. Bİr çox vaxt zəhmətlərlə meydana gətirilən ali təşəbbüslər, işlər boş, quru sözlər ilə rədd edilmir. “Şöleyi heqiqet müsalimeyi-əfkardan zühur edər” qaydası ortaya qoyulur. Arzuyi maarif, fikri üxuvət ve insaniyyət dairələri yavaş-yavaş irəli gedir. Bu dairələr durğun suya atılan bir daşın ətrafında peyda olan dairələr kimi bir-birlərindən getdikcə artıq böyüyür. Yenə şükür xudaya ki, ən birinci bəxşeyişi-ilahi olan (əql) sayəsində əzəmət və qüdrəti-ilahiyyeyi-fikri bəşərinyetdiyi dərəcədə anlamaq və übudiyyətə insanca layiq olmaq üçün keyfiyyəti-xilqət, əsrari-təbiyyat tədqiq və təmin olunur.Ən həqir bir otan, nəbatin surəti-təkəvvünündən cənabı heqqınəzəmət və səmadaniyyəti təqdir olunur. “Hər vərəqəş dəftər ist mərifeti-gerdikar ilə “olsa istedad arifi-qabil idraki-vəhy… həqq irsalma hər zərrədir bir Cəbrayıl hikmətlərinin boş yerə söylənilmədiyi anlaşılır, zühura gələn hər məxluqat və mövcudun mütləq bir səbəb ve hikməti-ilahiyyəyə müvafiq bir surətdə xəlq buyurulduğu sirri bilinir, heqq-təala təbiətin təsir ve ıqtizasını bir səbəbi-xilqət olaraq bəxş buyurduğu fəhm edilir.
ŞəkidənBəzi şəhərlərdə üsuli-cədid məktəblərindəki şagirdanın əksəri məktəbdən çıxdıqdan sonra daha böyük məktəblərə, ya ki mədrəsələrə girməyib, ya ki girəməyib babalarının əski sənəti ile iktifa edirlər. Məlumati-elmiyyə və fənniyyələri az olduğundan nə baba sənətlərini tərəqqi etdirə bilirlər, ne de yeni ve müfid bir iş tuta bilirlər. Bu hallar mülahizə olunub qeyrilerə bir nümunə olmaq üzərə Şəki məktəbində bu ildən etibarən senaet şöbəsi təsis olunacaqdır. İbtidai halda şagirdlərə ipək qurdu, ya ki böcəyi xüsusda əməli və nəzəri dərs veriləcəkdir. İşbu təşəbbüs cənab qazının və camaatın hümmətindən meydana gəldiyi irəlidə məktəbimizdə səbilərə bir qaç dürlü iş gösteriləcəyinə kafidir.Müəllim Nemanzadə
Стихи других поэтов
Və nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
CananımınFələk rəğminə bir nəzərGörsəm üzün cananımın,
Eyləmə çox qəmzə, naz, bəsdir, aman, ey gözəlEyləmə çox qəmzə, naz, bəsdir, aman, ey gözəl,Alma əlimdən mənim tabü təvan, ey gözəl,
Gəraylı: Könlüm istər görəm yarıKönlüm istər görəm yarı,Üç gündə bir, beş gündə bir,