Ömrümün ən dərdli, qəmli çağında
Könül rübabımı çalmaq istədim.
Ey böyük ustadım, səninlə bir dəm
Baş-başa yalqızca qalmaq istədim.

Təsəllim olmuşdur əşarın sənin,
İlham çeşməsindən sular içmişəm.
Dilimdə ən böyük şüarın sənin;
Mən ömür yolumu belə keçmişəm,
Ali nəcabətin olub şahidi.

Dözümü, səbri səndən almışam,
Sənin ki, amalın çox böyük idi,
Böyük amalına sadiq qalmışam.
Səni düşünmüşəm yalqız qalanda,
Köməyimə badi-səba gəlibdir.
Səni dərk eləyib anladıqca mən,
Ömrümə bir yeni məna gəlibdir.
İnsanı pak edir, büllurlaşdırır.

O incik qəlbindən qopan hər fəğan,
Sənin əşarınla mənim gözümdə
Elə bil nurlara bürünür cahan.
Ömrüm boyu sənə səcdə qılmışam,
Səni qibləgahım, qibləm bilmişəm.
Gülüb, ağlamışam misralarınla,
Sənin varlığınla, sənin varınla,
Eşqin zəncirini səndən almışam,
Boynuma könüllü alıb salmışam.

Bir ömür əsirin olub qalmışam,
Mükafatım sənə sədaqətimdir.
Arzum, ilhamımdır, məhəbbətimdir.
Eşqin iztirabı səndən töhfədir,
O, sevmək fənnini bizə öyrədir.

Hərcayi sevdalar dünyada nədir?!
Böyük sədaqətin açarı səndə,
İsməti, ölçüsü, vüqarı səndə...
Bircə sualım var sənə, ustadım,
Qoy bədnam olmasın dünyada adım.

Məhəbbət, bilirəm sənə yardandı,
Bəs bu dərya səbrin sənin hardandı?!
Necə dözə bildin acı hicrana?!

Çox imtahan etdi səni zamana.
Düşdün yar yolunda yüz möhnətə sən,
Tapındın bir eşqə, həqiqətə sən...
Sənə sonsuz cəfa verəni sevdin,
Ayrılıq gülünü dərəni sevdin.
Daima firqətlə, hicranla yandın,
Eşqə bir abidə yaradıb qoydun,
Nə cəfadan, nə də ələmdən doydun.

Nəcib ürəyinin söndü atəşi,
Yandırdın dünyada sevda günəşi,
Eşqin iztirabı dastana döndü,
Məhəbbət bir böyük cahana döndü...

Yaşadı ayları, illəri aşdı,
Gəzdi könüllərdə, eldə dolaşdı.
Eşqə bir abidə ucaltdı əlin,
Sədaqət timsalı olan gözəlin.

İncə çiçək kimi əsdi ruzgarda,
Can verdi, məhv oldu bir son baharda.
Böyük məhəbbətə eşq olsun, ustad,
Sən verdin, sən verdin əbədi qanad.

Sənət zirvəsinə qaldırdın onu,
Əngin üfüqlərə daldırdın onu.
Qartal qanadınla göylərdə süzdün,
Eşqin cəfasına sən necə dözdün?!

Bəlayi-eşq ilə oldun bəxtiyar,
Yarın əlindəydi hökmü ixtiyar,
Eşqin ələmiylə biqərar oldun,
Gözəllik mülkündə tacidar oldun.
Sən bu dərya səbri hardan götürdün?
Əsrdən-əsrə necə ötürdün?


Qürbətmi vermişdi bu böyük qəmi...
Ağladın, ağlatdın bütün aləmi.
Dünyada ən qəmli diyar qürbətdir,
Qürbətdə yandıran səni firqətdir.
Qürbətdə açılmaz könlü insanın,
Ən qəmli yeridir qürbət dünyanın,
Çağırmaz bir əziz, doğma səs səni.

Qızdırmaz bir isti, xoş nəfəs səni.
Qürbətin uzundur qəmli dastanı
İçindən yandırar qürbət insanı.
Qürbətmi ağlatdı səni, ustadım?
Sənin qəmlərini içdim, doymadım.
Sən məğrur yaşadın dünyada, ustad!
Əymədin zalıma məğrur başını...
Sənin ürəyindən qopanda fəryad.

Aşiqlər gözünün sildi yaşını...
Səni hər kəs munis, qəmküsar bildi,
Dərdinə çarəni səndə aradı.
Yaz bulanıq axan suların üstə
Söyüdlər saçını töküb daradı...
Bir məğrur eşq ilə çırpdı ürəyin,
Yüz yerdən yüz yara aldınsa da sən,
Sənə asan gəldi kasıblıq yükü,
Sənə yüngül gəldi minnət yükündən.
Şair ləyaqəti yaşadı səndə
İnsan vüqarıyla verdi əl-ələ.
Sən şair adının ülviyyətini
Bir şan-şöhrət üçün vermədin yelə.


Məcnun istəmədi eşqi cəfasız
– Eşqimi yaşadan hicrandır, – dedi.
– Ağır möhnətlərə qərq edən məni

Yalnız sevgim deyil, dövrandır, – dedi.
Eşq vüsal ilə yaşaya bilməz.
Eşqə hicran gərək, firqət gərəkdir.
Eşqin möhnətiylə çırpınan ürək
Dünyada əbədi döyünəcəkdir...


O pərişan saçlı, sözü gileyli
Könlünün səsiylə danışdı Leyli:
– Eşqin vüsal ilə açar çiçəyi
Aşiqsiz neyləyər könül sevməyi?!
Olsaydı azacıq ixtiyar məndə,
Düşə bilməsəydim mən bu kəməndə,
Bu qızıl qəfəsdən uça bilsəydim,
Zindan qapısını aça bilsəydim,
Bir asudə nəfəs ala bilsəydim,
Eşqin ümmanına dala bilsəydim.
Doyunca udsaydım çəmən ətrini,
Duysaydım güllərin o xoş ətrini,
Məhəbbətim mənə mehrab olardı,
Nə də bu çəkdiyim əzab olardı...


İşığa boylanan çiçəkdi Leyli,
O, həyat aşiqi-gerçəkdi Leyli.
Həyatda nə şöhrət, nə şan istədi,
Demədi illərlə gəlsin səadət,
Ömründə bəxtiyar bir an istədi.
O, sevmək, sevilmək haqqı dilədi.
Daha bilmədi ki, qadın kölədi
Alınıb-satılan bir maldı gözəl,
Canlı varlıq deyil, xəyaldı gözəl.
Azad məhəbbətə yox ixtiyarı,
Hər yandan bağlıdır, bağlı yolları.


Ustadım, gecədir, ayrılaq gərək,
Ölsəm də, qalsam da qəlbimdə varsan.
Hələ ki, məhəbbət yaşar dünyada,
Sevən ürəklərdə bir ilk baharsan.


Gecədir, ulduzlar bir-bir çəkilir,
Sanki göydən qopub, yerə tökülür.
Dan yeri sökülür, açılır səhər,
Qalxır pərdə-pərdə doğma nəğmələr.
İndi başqa aləm, başqa dövrandır,
İndi nəğmələr də əlvan-əlvandır.
Məhəbbət, sədaqət indi qoşadır,
Sevən ürəkləri onlar yaşadır,
Aşiqlər köksündə vurduqca ürək,
Eşq səni özünə tanrı biləcək.


Dünyanın amansız bir qanunu var,
Nə qədər yaşasa yox olur insan.
Yalnız günəş kimi parlaq arzular,
Yox olub dünyadan köçməz heç zaman.
Sənin ülvi qəlbin, pak əməllərin
Nə qədər ürəyə işıq salıbdır.
Sənin hər möhnətin, hər dərdi-sərin
Eşqə bir abidə olub qalıbdır.
Eşqin qüdrətinə artdıqca inam,
Gözəllik nuriylə parlayar dünyam.
Bir yanı toy-bayram, bir yanı yaslı,
Bir yanı nur çiçək, bir yanı paslı
Dünyada nəsillər yaşadıqca, bil,
Sevginin cövhəri məhv olan deyil.

Hələ döyündükcə insan ürəyi,
Yaşadır sevgini onun diləyi...
Böyük məhəbbəti yaşadır zaman.
Nə qəm, illər keçir, ömür yarıdır...
Sevən ürəklərdə məşəltək yanan
Füzuli eşqinin alovlarıdır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви